IQNA

Dubayda oruc tutanlara hörmət qaydaları üzrə bələdçi yayımlandı

4:05 - January 08, 2026
Xəbər sayı: 3499560
İQNA – Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsi mübarək Ramazan ayının başlanma tarixini elan etməklə yanaşı, oruc tutmayanlara – xüsusilə qeyri-müsəlmanlara – mühüm tövsiyələr verib və vurğulayıb ki, bu günlərdə İslam adət-ənənələrinə riayət etmək, xüsusilə ictimai yerlərdə, xüsusi əhəmiyyət daşıyır.

“İQNA”-nın “Gnews”-ə istinadən verdiyi xəbərə görə, Ramazan – İslam təqviminin doqquzuncu ayı – ənənəvi olaraq aypara hilalının çılpaq gözlə görünməsi ilə başlayır. 

Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin (IACAD) açıqlamasına görə, Ramazan ayının 2026-cı il fevralın 17-dən 19-na qədər başlaması gözlənilir və ilk günün böyük ehtimalla fevralın 19-u, cümə axşamı olacağı bildirilir. 

Bu idarənin açıqlamasına əsasən, oruc tutmayanlar orucluların yanında olduqları zaman xüsusi qaydaları bilməli və riayət etməlidirlər. Qeyri-müsəlmanlar üçün Ramazan ayının qaydaları belədir: 

1. İctimai yerlərdə yemək, içmək və siqaret çəkməmək 

Oruc saatlarında ictimai yerlərdə yemək yeməyin, su içməyin və siqaret çəkməyin. Bu qayda bütün ictimai və həmçinin özəl nəqliyyat vasitələrinə şamil olunur. Bu qanun, dinindən asılı olmayaraq, hər kəs üçün oruc tutanlara hörmət və diqqət nişanəsi olaraq tətbiq edilir. 

Restoranlar yerində və paket sifariş üçün açıq olacaq. Dubay bələdiyyəsi bütün restoranlara, kafelərə, nargilə məkanlarına və otellərə Ramazan boyunca səhər saat 4-də bağlanmağı, son sifarişlərin isə saat 3-də qəbul edilməsini tapşırıb. 

2. Bədənə yapışan və açıq-saçıq geyimlərdən çəkinmək 

Ziyarətçilər, xüsusilə Ramazan ayında, oruc tutanlara hörmət əlaməti olaraq bədənə yapışan və açıq-saçıq geyimlərdən çəkinməlidirlər. Bu, xüsusilə axşam saatlarında ticarət mərkəzlərinə, otellərə və restoranlara gedərkən vacibdir. Ümumi qayda olaraq, nazik, çox qısa, açıq yaxalı və dar geyimlərdən – xüsusilə şort, mini ətək və qolsuz köynəklərdən – uzaq durmaq lazımdır. 

3. İş qaydaları 

Şirkətlər qısaldılmış iş saatlarına hörmət etməli və bu çərçivədə fəaliyyət göstərməlidirlər, xüsusilə evdən işləyənlər üçün. Uzun iş gününü evdən işləyərkən keçirmək daha asan olsa da, qısaldılmış iş saatlarına riayət edilməlidir. 

4. Yemək və məşğuliyyət planlaşdırması 

Yemək və əyləncə planlarınızda çevik olun. Gün batmazdan bir saat əvvəl lazımsız səfərlərdən çəkinin, çünki bu vaxtda tıxaclar çoxalır və qəza halları artır. Həmin vaxtda şam yeməyi sifariş etməyin, çünki restoranların çoxu iftar hazırlığı ilə məşğul olur. 

5. İctimai yerlərdə sevgi nümayiş etdirməmək 

İctimai yerlərdə sevgi nümayişi ümumiyyətlə xoş qarşılanmır və Ramazan ayında bu daha da önəm qazanır. 

6. Ramazan bazarları və alış-veriş 

BƏƏ-də Ramazan ayının ən gözəl cəhətlərindən biri gecə bazarları və müvəqqəti yarmarkalardır. Bu bazarlar sosial tədbirlər üçün yaxşı fürsət yaradır. Burada yeməklər, ənənəvi suvenirlər, geniş alış-veriş imkanları və digər maraqlı şeylər təqdim olunur. 

7. Xeyirxah olun 

BƏƏ-də Ramazan ayında cəmiyyətin dəstəyi və səxavəti xüsusi vurğulanır. Xeyriyyə təşkilatları – o cümlədən BƏƏ Qızıl Aypara Cəmiyyəti və Xəlifə bin Zayed Əl Nəhyan Fondu – ölkə boyu pulsuz iftar çadırları qurur və hər gün müxtəlif təbəqələrdən olan insanlara yemək paylayır. 

Məscidlər mənəvi fəaliyyət mərkəzinə çevrilir, Quran tilavəti, mühazirələr və tədris proqramlarına ev sahibliyi edir. Eyni zamanda, İslam İşləri və Zəkat Baş İdarəsinin təşəbbüsləri zəkat – İslamın əsas sütunlarından biri – barədə maarifləndirməni artırır. 

4327519

captcha