“İQNA”, Londonun İmam Əli (ə) İnstitutunun saytına istinadən xəbər verir ki, höccətül-islam vəl-müslimin Seyid Mürtəza Kəşmiri deyib: “Hər kəs bu aya belə bir ruhiyyə ilə daxil olarsa, Ramazandan elə çıxar ki, qəlbi dəyişmiş, ruhu ucalmış və prioritetləri yenilənmiş olar.”
O, bu mübarək aya necə daxil olmaq lazım olduğunu izah edərək bildirib:
Birinci: Ramazan ayını mərifət və imanla qarşılamaq
Bu, Ramazan ayının mahiyyətini və Allah-Taalanın yanında onun dəyərini dərk etmək, eləcə də Allahın əbədi kitabını nazil etmək üçün seçdiyi ayı doğru tanımaq deməkdir. Qurani-Kərimdə buyurulur:
«Şəhrü Raməzənəlləzi unzilə fīhil-Quran, hudən linnas və bəyyinatin minəl-huda vəl-furqan»
Həmçinin Peyğəmbərdən (s) rəvayət olunub:
“Allahın ayı – bərəkət, rəhmət və bağışlanma ayı – sizə doğru yönəlmişdir.”
Deməli, Ramazan “Allahın ayı”dır və bu nisbət onun ucalığını və müqəddəsliyini göstərir. Bu səbəbdən rəvayətlərdə “Ramazan” sözünün “ay” kəlməsi əlavə edilmədən işlədilməməsi tövsiyə olunub; çünki o, Allahın adlarından biri sayılıb.
İkinci: Orucun məqsədini xatırlamaq
Oruc yalnız bədənən imsak üçün deyil, təqvanın hasil olması üçündür:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, bəlkə təqvalı olasınız.»
Bu səbəbdən Ramazan ayını imanla qarşılamaq mömini bu sualı verməyə sövq etməlidir:
Bu ayda özümün hansı xüsusiyyətimi dəyişmək istəyirəm?
Təqvanın hansı mərtəbəsinə çatmağı arzulayıram?
Üçüncü: Mənəvi və ruhi hazırlıq
Səmimi tövbə, qəlbin təmizlənməsi və paklanması Ramazanı qarşılamağın ən mühüm yollarındandır. Günahla ağırlaşmış bir qəlb bu ayın nurlarından faydalana bilməz. İmam Əli (ə) buyurub:
“Xoş o kəsin halına ki, ibadətini və duasını Allaha xalis edər.”
Buna görə mömin Ramazana kin-küdurətdən uzaq, keçmişinə görə peşman, islah niyyəti ilə dolu pak bir qəlblə daxil olmalıdır.
Dördüncü: Psixoloji hazırlıq və mənfi vərdişlərin tərk edilməsi
Psixoloji hazırlıq – nəfsi itaətə alışdırmaq, dünyəvi bağlılıqları azaltmaq, dili qorumağı məşq etmək, bihudə məşğuliyyətləri azaltmaq və Ramazandan əvvəl zikr və dualara alışmaq deməkdir.
Çünki Ramazan ayı insanın üzərinə elə gəlsə ki, o, hələ də öz vərdişlərinin əsiridir, bu ayı necə qarşılayıbsa, elə də başa vuracaq. Bu hədisin məzmunu da budur:
“Nə qədər oruc tutan var ki, orucundan ona yalnız aclıq və susuzluq qalar; nə qədər gecə ibadət edən var ki, namazından ona yalnız yuxusuzluq və əziyyət qalar.”
Beşinci: Əməli və ibadi hazırlıq
Bu hazırlıq balanslı və ölçülü bir ibadət proqramı ilə gerçəkləşir. Mömin Ramazana aydın bir planla daxil olmalıdır. Bu plan aşağıdakıları əhatə edə bilər:
- Qurani-Kərimin gündəlik oxunuşu – heç olmasa bir səhifə, amma təfəkkürlə
- Namazları vaxtında qılmağa ciddi riayət
- Dua və münacat üçün xüsusi zaman ayırmaq – xüsusilə Əhli-beyt (ə) duaları
- Bol-bol istiğfar və Məhəmməd və Ali-Məhəmmədə salavat göndərmək
İmam Sadiqdən (ə) nəql olunub: «Hər bir şeyin bir baharı vardır və Qurani-Kərimin baharı Ramazan ayıdır.»
Altıncı: Qurani-Kərimlə ünsiyyət
Ramazan ayı Quran ayıdır və bu aya doğru şəkildə daxil olmaq, Qurani-Kərimi gündəlik həyatın mərkəzinə qoymaqla — oxumaqda, anlamaqda və əməl etməkdə — gerçəkləşir. Çünki Quran yalnız oxuyan insan istəmir; o, özündə daşıdığı ilahi dəyərləri şəxsiyyətində təcəssüm etdirən Quran insanı istəyir. Allah-Təala buyurur:
«Bu elə bir Kitabdır ki, Biz onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə zülmətlərdən nura çıxarasan — qüdrətli və həmdə layiq olan Allahın yoluna.»
Həmçinin buyurur:
«Məgər o, savadsızlar arasından elə bir Peyğəmbər göndərdi ki, onlara ayələrini oxusun, onları təmizləsin, onlara Kitabı və hikməti öyrətsin; halbuki onlar bundan əvvəl açıq-aydın azğınlıq içində idilər.»
Yeddinci: Sosial və əxlaqi hazırlıq
Ramazan ayını qarşılamağın təzahürlərindən biri başqalarına yaxşılıq etmək, qohum-əqrəba ilə əlaqəni möhkəmləndirmək, dul qadınlara və yetimlərə yardım göstərmək, möhtac möminlərin qəlbini sevindirmək üçün xeyir dairəsini genişləndirməkdir. Rəsulullah (s) buyurub:
«Fəqirlərə və ehtiyaclılarınıza sədəqə verin, böyüklərinizi ikram edin, balacalarınıza rəhm edin, qohumluq əlaqələrini qoruyun, dillərinizi (pislikdən) saxlayın və gözlərinizi harama baxmaqdan çəkinin… Ey insanlar! Hər kəs bu ayda oruclu bir möminə iftar verərsə, Allah yanında bir kölə azad etməyin savabını və keçmiş günahlarının bağışlanmasını qazanmış olar.»
Dedilər: Ey Allahın Rəsulu! Biz hamımız buna güc çatdıra bilmirik. Buyurdu:
«Özünüzü oddan qoruyun — yarım xurma ilə də olsa. Özünüzü oddan qoruyun — bir içim su ilə də olsa.»
Səkkizinci: Əxlaqın tərbiyəsi və davranışa nəzarət
Həqiqi oruc, bədən üzvlərinin orucudur:
— dilin qeybət və yalandan orucu,
— gözün haramdan orucu,
— qəlbin həsəd və təkəbbürdən orucu.
Hədisdə buyurulub:
«Oruc tutduğun zaman qulağın, gözün və dilin də oruc tutmalıdır.»
Bu səbəbdən bu qiymətli fürsəti İslamın əsl dəyərlərinə dair şüurumuzu dərinləşdirmək, hüquq və vəzifə mədəniyyətini gücləndirmək, əxlaq və davranışımızı yüksəltmək üçün qənimət bilməliyik ki, gizlində və aşkar şəkildə Allahdan qorxan, insanlarla Allahın razı olduğu şəkildə rəftar edən həqiqi müttəqilərdən olaq. Beləcə orucun uca məqsədini gerçəkləşdirərik:
«Bəlkə təqvalı olasınız.»
Dua
Ey Rəbbimiz! Ramazan ayı gəlib çatdı; Sən bu ayın orucunu bizə vacib etdin və Qurani-Kərimi bu ayda nazil etdin ki, insanlar üçün hidayət, açıq-aşkar dəlillər və haqqı batildən ayıran bir meyar olsun.
Ey Allah! Məhəmmədə və onun ailəsinə salavat göndər, bizi bu ayın orucunda müvəffəq et, onu bizdən qəbul et, bizi bu ayda salamat saxla və bu ayı bizdən salamat şəkildə qəbul et — Sənin tərəfindən asanlıq və əmin-amanlıqla. Həqiqətən, Sən hər şeyə qadirsən, ey mərhəmətlilərin ən mərhəmətlisi.
4334287