IQNA

Qətərdə Quran xətmlərinin səsli kitabxanasının istifadəyə verilməsi

5:14 - March 15, 2026
Xəbər sayı: 3499927
İQNA – Qətərdə “İslam Veb” İslam şəbəkəsi mobil tətbiq formasında 50 kamil Quran xətmini əhatə edən səsli kitabxana istifadəyə verib.

“İQNA”-nın “Əş-Şərq”ə istinadən verdiyi xəbərə görə, “Doha al-Quran” adlı bu səsli kitabxana Qətər Vəqflər və İslam İşləri Nazirliyinin Təbliğ və Dini İrşad İdarəsinə bağlı “İslam Veb” şəbəkəsinin təşəbbüsü ilə Ramazan ayında istifadəyə verilib. Bu layihə gözəl tilavətləri bir tətbiqdə toplayan geniş və mövsümi bir proqramdır.

“Doha al-Quran” İslam dünyasının məşhur qari və tilavət ustalarının, Qətər məscidlərinin imamlarının, Məscidül-Həram və Məscidün-Nəbinin (s) qarilərinin, eləcə də digər tanınmış qarilərin səsləndirdiyi 50-dən çox tam Quran xətmini istifadəçilərə təqdim edir.

Bu tətbiq müxtəlif qiraət məktəblərinə aid yüksək səviyyəli tilavətləri dinləmək imkanı yaradır və oruc ayı boyunca Quranın müsəlman ailələrində daha güclü şəkildə mövcud olmasına kömək edir.

Tətbiqin digər imkanları arasında Quran elmləri ilə bağlı müxtəlif mövzular — təfsir, səbəbi-nüzul, təcvid, nasix və mənsux, Qurandakı az tanınan mövzular, məqalələr və fətvalar bölməsi də yer alır.

“Doha al-Quran” istifadəçilərə on qiraət (qiraət-i aşərə) və müxtəlif rəvayətlər üzrə elektron Quran səhifələrini çevirərək bu mövzularla elmi və dəqiq şəkildə tanış olmaq imkanı verir.

“İslam Veb” şəbəkəsi bildirib ki, bu tətbiqin istifadəyə verilməsi şəbəkənin media strategiyasının bir hissəsi olaraq, dinləyicilərin mənəvi və Qurani səviyyəsini yüksəltmək və onların ehtiyaclarına uyğun məzmun təqdim etmək məqsədi daşıyır. Bu təşəbbüs Mübarək Ramazan ayında Quran biliklərinin artırılması üçün mühüm bir fürsət yaradır.

4339764

captcha