“İQNA”-nın “əl‑Muslimun həvləl‑aləm”ə istinadən verdiyi xəbərə görə, 94 yaşında dünyasını dəyişən əl‑Attas İslam maarifçiliyi və müasir İslam təhsili anlayışlarının dirçəldilməsində mühüm rol oynayıb.
Misirli jurnalist Məcdi Səid bu malayziyalı mütəfəkkirin elmi şəxsiyyəti haqqında yazıb:
“Onun əhəmiyyəti ondadır ki, tanınması britaniyalı məşhur müsəlman simalardan biri olan Yusif İslamın təsirli bir bəyanatı ilə başladı. Yusif İslam həmin bəyanatda Attasın elmin islamiləşdirilməsi sahəsindəki xidmətlərinə işarə etmişdi. Bu xidmətlər 1983‑cü ildə bir İslam məktəbinin yaradılmasına birbaşa ilham verdi. Onun 1977‑ci ildə Məkkədə keçirilən birinci dünya İslam təhsili konfransındakı məqalələri isə müasir tədris proqramlarının əsasını qoydu.”
Köklər və doğum: Hadrəmut–Cənub‑Şərqi Asiya mədəni əlaqəsi
Attas 1931‑ci ildə İndoneziyanın Yava adasında yerləşən Boqor şəhərində, Niderland işğalı dövründə dünyaya gəlib. O, əsrlər əvvəl Cənub‑Şərqi Asiyaya köç etmiş qədim Hadrəmutlu Ələvi nəslinə mənsub idi. Bu coğrafi və mədəni bağlılıq onun erkən şüurunun bir hissəsi olmuş və İslam irsi ilə müasir reallığı birləşdirən geniş dünyagörüşünün formalaşmasına kömək etmişdi.
Taleyin dönüşü: Hərbi xidmətdən fəlsəfə və təsəvvüfə
İkinci Dünya Müharibəsindən sonra orta təhsilini başa vuran Attas Malayziya ordusuna qoşuldu və zabit kimi təlim aldı. O, 1952–1955‑ci illərdə Britaniyada — Çesterdəki Eton Hall və Sandhirst Kral Hərbi Akademiyasında hərbi təhsil keçdi.
Lakin bu yol onun üçün yalnız keçici bir mərhələ oldu; tezliklə fəlsəfə və təsəvvüfə olan həqiqi marağı üstün gəldi və o, hərbi xidmətdən istefa verərək Malayya Universitetinə daxil oldu. Bu addım onun həyatında dönüş nöqtəsi sayılır.
Akademik inkişaf: Kanada və Britaniya arasında elmi yol
Attas 1962‑ci ildə Kanadadakı MakGill Universitetində İslam fəlsəfəsi üzrə magistr dərəcəsi aldı. Daha sonra 1965‑ci ildə Londondakı Şərq və Afrika Araşdırmaları Məktəbində doktorluq müdafiə etdi. Onun doktorluq işi malay sufi Hamzə Fansurinin həyatı və əsərlərinə həsr olunmuşdu. Bu tədqiqat malay sufi irsinə marağın yenidən canlanmasına və onun ümumi İslam düşüncə çərçivəsi ilə əlaqələndirilməsinə mühüm töhfə verdi.
Təşkilati xidmətlər: Malayziyada mədəni və dil kimliyinin möhkəmləndirilməsi
Malayziyaya qayıtdıqdan sonra Attas mühüm akademik vəzifələrdə çalışdı: Malay ədəbiyyatı şöbəsinin rəhbəri, Malayya Universitetinin İncəsənət fakültəsinin sədr müavini və daha sonra Malayziya Milli Universitetində müxtəlif vəzifələr.
O, malay dilinin mövqeyinin gücləndirilməsi və milli dil kimi təsbit edilməsində mühüm rol oynadı və Malay Dili, Ədəbiyyatı və Mədəniyyəti İnstitutunun direktoru oldu. Attas Malayziyanın mədəni kimliyinin formalaşmasında ən mühüm simalardan biri hesab olunur.
4343200