IQNA

Pasxa bayramı mesajında Papa: Dünya zorakılıq qarşısında biganə qalmamalıdır

20:36 - April 08, 2026
Xəbər sayı: 3500105
İQNA – Katoliklərin lideri ilk Pasxa bayramı mesajında, Yaxın Şərqdə müharibənin şiddətlənməsi fonunda, zorakılıqlara son qoyulması və dialoqun başlanması çağırışı edərək xəbərdarlıq etdi ki, dünyanın müharibələrə biganəliyi insanları şər qarşısında aciz qoyur.

“İQNA”-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bazar günü Müqəddəs Pyotr meydanında səsləndirdiyi ilk Pasxa mesajında bir daha dünyada sülh və dialoqun zəruriliyini vurğulayıb və davam edən zorakılıqları sərt şəkildə pisləyib.

O, bu sözləri Yaxın Şərqdə müharibənin, xüsusilə də ABŞ və İsrail rejiminin İrana qarşı son təcavüzkar hücumlarının, bu dini mərasimin üzərinə ağır kölgə saldığı bir vaxtda səsləndirib.

Papa on minlərlə xristianın qarşısında belə deyib: “Bu bayram günündə biz hər cür qarşıdurma, hökmranlıq və güc istəklərini kənara qoymalı və Tanrıdan müharibələrdən əziyyət çəkən, nifrət və biganəliklə üzləşən dünyaya öz sülhünü bəxş etməsini diləməliyik.”

O, həmçinin dünyanın hazırkı vəziyyətinə toxunaraq əlavə edib: “Biganəlik və nifrət bizi şər qarşısında gücsüz edir.”

Vatikanın rəhbəri, ABŞ-da doğulan ilk papa kimi, son həftələrdə müharibə və sülh mövzusunda daha açıq mövqelər sərgiləyib.

Onun Pasxa mesajı İsrail rejiminin Livana yeni hücumları barədə xəbərlərin yayıldığı və Trampın da öz münaqişəçi yanaşmasını davam etdirərək İranı daha sərt addımlarla hədələdiyi bir vaxtda səsləndirilib.

Papa çıxışının başqa bir hissəsində vurğulayıb: “Əllərində silah olanlar onu yerə qoysunlar və müharibə başlatmaq gücünə sahib olanlar zorla deyil, dialoq yolu ilə əldə edilən sülh yolunu seçsinlər.”

Bu açıqlamalar bölgədə qarşıdurmaların genişlənməsi və onun qlobal nəticələri ilə bağlı narahatlıqların artdığı bir şəraitdə səslənir.

4344605   

Teqlər: papa ، katolik ، zorakılıq ، dünya
captcha