IQNA

Dubayda “Hər evdə bir hafiz” təşəbbüsünün icrası

8:31 - April 23, 2026
Xəbər sayı: 3500209
İQNA – Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsi Qurani-Kərimin tədrisi və hifzi üçün vahid və inteqrasiya olunmuş bir sistem yaratmaq məqsədilə “Hər evdə bir hafiz” layihəsini istifadəyə verib.

“İQNA”-nın “əl-Bəyan” xəbər portalına istinadən verdiyi məlumata görə, Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsi bu təşəbbüsü Qurani-Kərimin öyrədilməsi və hifzi üçün vahid institusional çərçivə yaratmaq məqsədilə həyata keçirib.

Bu təşəbbüs cəmiyyət üzvlərinə Allahın kitabını çevik tədris yolları və vahid standartlar əsasında öyrənmək imkanı yaradır. Bununla ailənin Qurani dəyərlərin aşılanmasındakı rolunu gücləndirir və Dubayın öz kimliyinə bağlı, eyni zamanda gələcəyə açıq, bilik əsaslı cəmiyyət quruculuğunda qabaqcıl model kimi mövqeyini möhkəmləndirir. Bu strateji addım Dubay Əmirliyinin insan kapitalına sərmayə qoymaq və davamlı inkişafın əsası olan orijinal dəyərləri möhkəmləndirmək öhdəliyini əks etdirir.

Layihə əsas bir konsepsiyaya söykənir: hər evdə ən azı bir hafizin olması. Bu məqsəd Qurani tədris müəssisələrinin və mərkəzlərinin səylərinin vahid təşkilati çərçivədə, standartlaşdırılmış tədris meyarları əsasında birləşdirilməsi ilə həyata keçiriləcək. Bu, hifz nəticələrinin keyfiyyətinin yüksəlməsinə və Qurani proqramlara cəmiyyətin bütün təbəqələrinin çıxış imkanlarının genişlənməsinə töhfə verəcək.

Layihə 6 yaşdan yuxarı uşaqları, gəncləri, valideynləri, yaşlıları və əlilliyi olan şəxsləri əhatə edir. Bu isə təşəbbüsün hərtərəfli xarakterini və ailələrin bilik, dəyər və davranış baxımından Qurana bağlı bir nəslin formalaşmasında əsas hərəkətverici qüvvə kimi gücləndirilməsinə yönəldiyini göstərir.

Layihə üç əsas səviyyədən ibarət olan mütərəqqi tədris sistemi üzərində qurulub. Birinci mərhələ yeni başlayanlar üçün təlim və tilavətin düzəldilməsi, ikinci mərhələ hifz və təcvid, son mərhələ isə üstün hafizlər üçün qiraət və sənədləndirmə mərhələsidir.

Bu sistem Quran öyrənənlərin ehtiyaclarını qarşılayan tam bir tədris yolunu təmin edir və nəticələrin keyfiyyətini aydın və ölçülə bilən standartlara uyğun şəkildə artırır. Layihə həmçinin Dubay Əmirliyində hafizlərin dəqiq və yenilənən mərkəzi məlumat bazasının yaradılmasına kömək edəcək. Bu isə gələcək Qurani proqramların inkişafını dəstəkləyəcək, sosial təsirin ölçülməsi və əlaqədar idarə və mərkəzlər arasında inteqrasiyanın təmin olunması üçün aydın performans göstəriciləri təqdim edəcək. Nəticədə planlaşdırma və qərarvermə proseslərinin səmərəliliyi artacaq və göstərilən xidmətlərin keyfiyyəti yüksələcək.

Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin baş direktoru Əhməd Dəruviş əl-Mehiri vurğulayıb ki, “Hər evdə bir hafiz” layihəsi Dubayın insan kapitalına sərmayə qoymaq və dəyər–bilgi sistemini gücləndirmək vizyonunu əks etdirən strateji istiqamətdir.

Digər tərəfdən, İslam İşləri sektorunun müvəqqəti icraçı direktoru Əli Həsən əl-Mərzuqi bildirib ki, bu təşəbbüs tədris meyarlarının standartlaşdırılması və təsirin ölçülməsini dəstəkləyən dəqiq məlumat bazasının yaradılması yolu ilə hifz proqramlarının səmərəliliyini artırır və nəticələrin keyfiyyətini yüksəldir.

4347822

Teqlər: dubay ، quran ، hafiz ، təşəbbüs ، tədris
captcha