IQNA

Livan parlamentinin üzvü: Təkcə atəşkəs elan etmək kifayət deyil

11:43 - April 28, 2026
Xəbər sayı: 3500241
İQNA – Livan parlamentinin deputatı ölkədə davam edən hücumlar və insanların didərgin düşməsi fonunda bildirib ki, təkcə atəşkəsin elan olunması kifayət etmir; qətllərin dayandırılması, İsrail qüvvələrinin geri çəkilməsi və məcburi köçkünlərin qayıdışı əsas prioritet olmalıdır.

“İQNA”-nın “ən-Nəşrə”-yə istinadən verdiyi xəbərə görə, Livan parlamentinin “İnkişaf və Azadlıq” fraksiyasının üzvü Əli Həsən Xəlil deyib: “Düşmənin planlı şəkildə həyata keçirdiyi qətllər və evlərin dağıdılması dərhal dayandırılmalıdır. Sadəcə atəşkəs elan etmək kifayət deyil.”

O, İsrail rejiminin Livana hücumlarının davam etməsinə və insanların yenidən didərgin düşməsinə işarə edərək bildirib: “Bu gün baş verən yeni dalğa köçkünlük Livanın bütün daxili vəziyyətinə ağır təsir göstərəcək.”

Deputat vurğulayıb: “Livan təzyiq taktikasına alışıb və heç vaxt düşmənə təslim olmayıb. Bizim mövqeyimiz tam aydındır: prioritet – atəşkəsin təmin edilməsi, İsrail qüvvələrinin cənub kəndlərindən çıxması, köçkünlərin geri qayıtması, yenidənqurma və Livan əsirlərinin azad edilməsidir.”

Əli Həsən Xəlil əlavə edib ki, hazırda ən mühüm məsələ Livan daxilində vahid mövqenin qorunması, milli diskursun gücləndirilməsi və vətəndaş sülhünün saxlanmasıdır.

O, dünən verdiyi açıqlamada Livanla İsrail arasında birbaşa danışıqlarda iştirak etmədiklərini də qeyd etmişdi: “Biz heç bir halda birbaşa danışıqlarda tərəf deyilik. Hizbullah atəşkəs razılaşmasına sadiq qaldığını bildirib və onu pozmayıb. Heç bir qırmızı və ya sarı xətt yoxdur; Cənubi Livanın bütün əraziləri – sonuncu sərhəd nöqtəsinə qədər – Livanın bir hissəsidir və biz bu torpağın hər metrini geri almaq üçün bütün səylərimizi göstərəcəyik.”

4348850

Teqlər: livan ، parlament ، atəşkəs ، israil
captcha