IQNA

Kubanın yeganə məscidinin sanksiyaların çətin şəraitindəki rolu

12:49 - July 04, 2026
Xəbər sayı: 3500663
İQNA – Kubadakı yeganə məscidin müsəlmanları ABŞ-ın ağır sanksiyalarına baxmayaraq, bu məkanı İslam təlimlərinin təbliğatı və bir araya gəlmə mərkəzinə çeviriblər.

"İQNA", "New Arab"a istinadən xəbər verir ki, Havanadakı Abdullah məscidi (Mezquita Abdallah) Kubanın yeganə məscididir. Məscidin hazırkı binası əvvəllər antik avtomobillər muzeyi olub. 2015-ci ildə hökumətin təsdiqindən sonra bina məscidə çevrilərək qapıları ictimaiyyətin üzünə açılıb. Bu məscid müstəmləkə dövrü memarlığı üslubunda, kubşəkilli bir mərtəbəli binadır və daxili divarları Quran ayələri ilə bəzədilib.

Ənam Hüseyn yazdığı hesabatda məscidə səfərindən bəhs edib. O yazır: “Məscidə çatanda ərəbcə danışacağımı gözləmirdim. Cümə namazından əvvəl bir neçə amerikalı müsəlman Abdullah məscidinə gələrək Atlanta məscidlərindən birinin hədiyyəsi olan İspan dilində Quran tərcümələri, canamazlar, halal vitaminlər, reseptsiz satılan dərmanlar və günəş enerjisi ilə işləyən enerji toplayıcıları ilə dolu bağlamaları təhvil verdilər.”

Bu səfər Kubanın sanksiyaların güclənməsi səbəbindən dərin enerji və iqtisadi böhranla üzləşdiyi bir vaxtda baş verib. Yanacaq çatışmazlığı, elektrik enerjisinin kəsilməsi, ABŞ-ın sanksiyalarının artması və iqtisadi təzyiq ölkə daxilində gündəlik həyatı daha da çətinləşdirib.

Qadınlar üçün ayrılmış bölmənin arxasında Türkiyənin TİKA təşkilatına məxsus səkkiz karton qutu divarın kənarında düzülmüşdü. Qutuların üzərində “Türk xalqının qəlbindən Kuba xalqına” yazılmışdı.

Biz gələndə iki kişi qapının ağzında oturmuşdu. Hər ikisi Qəzzadan olan fələstinli qaçqın idi. Oturub ərəb və ispan dillərinin qarışığı ilə söhbət etdik. Adının çəkilməsini istəməyən yaşlı kişi İsrailin Qəzzaya hücumlarının şiddətlənməsi səbəbindən bu mühasirədə olan bölgəni tərk edib Panamaya köçdüyünü bildirdi. O, sonradan 1989-cu ildə ABŞ-ın hücumu səbəbindən Panamadan ayrılıb.

Onun tibbi təhsili var, lakin mənə çox narahat olduğunu dedi. Onun sözlərinə görə, narahatlığı ailəsinin bir çox üzvünün orada olduğu bir vaxtda İsrailin Qəzzada törətdiyi davamlı soyqırımı izləməkdən irəli gəlirdi. Cümə namazından əvvəl o, gətirdiyimiz çantaların içində sakitləşdirici dərmanların olub-olmadığını soruşdu.

ABŞ-ın Kubada adətən “el bloqueo” (mühasirə) kimi tanınan sanksiyaları səbəbindən sakitləşdirici dərmanlara, eləcə də bir çox digər dərman vasitələrinə əli çatmaq çətindir. Tərkibində Amerika xammalı olan və ya ABŞ sanksiyaları altındakı şirkətlər tərəfindən istehsal olunan dərmanların Kubaya gətirilməsi çətin və ya qeyri-mümkündür.

Namaz üçün insanların gəlişi ilə məscid yavaş-yavaş doldu. Dünyanın bir çox məscidində olduğu kimi, uşaqlar anaları oturmağı xahiş edərkən ibadət zalında qaçırdılar.

Qadınlar bölməsində gənc kubalı müsəlman qadın Hiba ilə tanış oldum. O, mühasirə səbəbindən hicaba, əbaya (uzun geyim), canamaza və halal qidalara çıxışın nə qədər çətin olmasından danışdı. O dedi ki, bütün kubalı müsəlman qadınların bu imkanları əldə etmək imkanı yoxdur.

Hiba dedi: “Əba və ya canamaz tapılanda çox baha olur. Biz pulumuzu yeməyə xərcləməyə üstünlük veririk, həm də çalışırıq ki, onun halal olmasına və ya yeyə biləcəyimiz bir şey olmasına əmin olaq.”

Hiba üçün bu çatışmazlıq onun cəmiyyət qarşısındakı məsuliyyətini də formalaşdırıb. O, digər müsəlman üzvlər arasında maarifləndirmə işi aparmağa çalışdığını və cəmiyyətdə ən çox ehtiyacı olan bacılar, həmçinin əlverişsiz şəraitdə yaşayan uşaqlar üçün geyim topladığını bildirdi.

Hazırda o, kubalı müsəlman qadınlara dəstək olmaq üçün ianə toplayır. Onun sözlərinə görə, fələstinli müsəlmanlar tez-tez cəmiyyətin ən həssas təbəqəsinə yardım üçün sədəqə göndərirlər.

Hiba dedi: “Ölkəmizdə vəziyyət çətin olduğu üçün həmrəyliyimizi göstərməli olduğumuzu hiss edirəm.” O, cəmiyyətin bəzi yaşlı üzvlərinin bəzən yaşamaq üçün kifayət qədər vəsaitə malik olmadığını qeyd etdi.

O, sözlərinə belə davam etdi: “Bir müsəlman kimi, əgər nəsə etməsəm və ya bir şəkildə kömək etməsəm, özümü rahat hiss etmirəm. Çox şeyim yoxdur, amma kubalı bir müsəlman qadın kimi cəmiyyətim üçün faydalı olmağa çalışıram.”

Hibanın İslama gedən yolu məscidə gəlməzdən çox əvvəl başlayıb. Katolik ailəsində böyüyən Hiba uşaqlıqdan ağlında üç sualın olduğunu dedi: Həqiqi Tanrı kimdir? Həyatdakı məqsədimiz nədir? Biz haradan gəlmişik və nədən yaradılmışıq?

O dedi: "Səkkiz yaşım olanda bu suallar beynimdə təkrarlanırdı."

O, cavabı Müqəddəs Kitabda və Kubanın yerli dinlərində axtarsa da, onu qane edəcək bir cavab tapa bilmədiyini deyir. O, 18 və ya 19 yaşlarında aqnostisizmə (bilinməzçiliyə) yönəldiyini bildirdi.

2023-cü ilin oktyabrında, Fələstinlə bağlı xəbərlərin bütün dünyada yayıldığı bir vaxtda Hiba öz universitetində keçirilən Fələstinə dəstək yürüşündə iştirak etdi. İnsan kütləsinin arasında hicablı fələstinli və ərəb qadınları gördü və onların niyə hicab taxdıqlarını soruşdu. Sinif yoldaşlarından biri ona dedi ki, onlar müsəlmandırlar və İslam dininə etiqad edirlər.

Hiba yürüşdən sonra bildirdi ki, bir insan olaraq ehtiyac duyduğu üçün Fələstin davasını müdafiə etməyə başlayıb.

Bir müddət sonra o, İslam haqqında mütaliəyə başladı və Kubada təhsil alan, onunla məlumat paylaşan fələstinli və suriyalı tibb tələbələri ilə əlaqə qurdu. O dedi ki, İslam haqqında oxuduğu bir kitab, 11 illik axtarışında heç kimin cavab verə bilmədiyi suallara bir saatdan az müddətdə cavab tapmasına kömək etdi.

O, 2023-cü ilin dekabrında İslamı onlayn şəkildə qəbul etdi, daha sonra isə 2024-cü il martın 9-da, Ramazan ayından bir gün əvvəl, Abdullah məscidində müsəlman icmasının qarşısında təkrar kəlimeyi-şəhadət gətirdi.

Məsciddə söhbət etdiyim iştirakçıların çoxu yeni müsəlman olanlar idi. Onları İslam dininə nəyin cəlb etdiyini soruşduqda, bir çoxu mühasirə altında olan fələstinli insanların göstərdiyi dözümlülüyə işarə etdilər.

Havanada yerləşən və ELAM kimi tanınan Latın Amerikası Tibb Məktəbində yüzlərlə fələstinli tibb tələbəsi təhsil alır. Bu məktəb 1999-cu ildə Fidel Kastro tərəfindən dünyanın hər yerindən olan həkimlərin pulsuz təhsil alması üçün təsis edilib.

4361447

Teqlər: kuba ، məscid ، sanksiya ، amerika
captcha