“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə (VAQ) istinadən verdiyi məlumata görə, Kərbəla valisi Nəsıf əl-Xəttabi Ərbəin ziyarəti üçün təhlükəsizlik və xidmət planlarının müzakirəsi məqsədilə keçirilən illik konfransda çıxış edib. Əyalət şurası sədrinin müavini, Kərbəla əməliyyatlar komandiri, vilayət polis rəisi, Həşdi-Şəbinin Fəratı-Əvsət əməliyyatlar komandiri, müqəddəs ziyarətgahların nümayəndələri, eləcə də əyalətin təhlükəsizlik və xidmət idarələrinin rəhbərlərinin iştirak etdiyi bu konfransda o, bildirib: "Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planı bir sıra qabaqlayıcı tədbirlərlə artıq başlayıb və səhiyyə və xidmət proqramlarının yol xəritəsi də nəzərdən keçirilib".
Əl-Xəttabi əlavə edib: "Bu planlar bu gün deyil, çoxdan müzakirə edilmişdi. Biz ali təhlükəsizlik komandirləri, müqəddəs ziyarətgahların nümayəndələri və Baş nazirliyə bağlı xidmət komitəsi ilə mütəmadi olaraq görüşlər keçiririk".
O, sözlərinə belə davam edib: "Nəqliyyat sektoru rəsmiləri ilə görüşlərimiz oldu; yeni marşrutlar açdıq və Kərbəla əyalətinin müxtəlif istiqamətlərində yerləşən "Ya Hüseyn" yollarını genişləndirdik. Həmçinin zəvvarların nizamlanması və göndərilməsi üçün yeni meydanlar istifadəyə verdik".
Kərbəla valisi qeyd edib: "Bağdad-Kərbəla istiqamətində yeni küçələr də tamamlanıb. Kərbəla sakinləri artıq zəvvarları qarşılamağa və onlara xidmət göstərməyə hazırdırlar. Yerli sakinlərin göstərdiyi səylərlə yanaşı, həm yerli, həm də mərkəzi hökumətin imkanlarından da istifadə olunacaq".
O, Kərbəla əyalətinin bu il zəvvarların şəhərə daha tez daxil olacağını proqnozlaşdırdığını vurğulayıb.
4364796