IQNA

Malayziyanın İslam turizmi üzrə qlobal indeksdə liderliyini qoruması

23:11 - July 22, 2026
Xəbər sayı: 3500819
İQNA – Malayziya ardıcıl olaraq neçənci ildir ki, "Mastercard-CrescentRating Qlobal Müsəlman Səyahət İndeksi 2025"-də siyahının başında yer alaraq, dünyanın ən yaxşı halal turizm məkanı kimi mövqeyini möhkəmləndirdi.

“İQNA”-nın "Okaz News" qəzetinə istinadla verdiyi məlumata görə, Malayziya "Mastercard-CrescentRating Qlobal Müsəlman Səyahət İndeksi 2025"-in nəticələrinə əsasən, müsəlman səyyahlar üçün ən yaxşı turizm məkanı olaraq birinci yerini qoruyub saxlayıb.

Bu reytinq Malayziyanın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin turistləri üçün cəlbediciliyini daha da artırıb. Belə ki, bu turistlər halal turizm prinsiplərinə uyğun, ailəvi şərait, mədəni müxtəliflik və yüksək keyfiyyətli xidmətlərlə müşayiət olunan səyahətlər axtarışındadırlar.

Malayziya halal restoranlar, namaz qılmaq üçün yerlərə asan çıxış, məşhur qonaqpərvərlik və qabaqcıl turizm infrastrukturu ilə müsəlmanlar üçün ən populyar səyahət məkanlarından biri kimi öz yerini möhkəmləndirib.

Malayziyanın Dubaydakı Turizm Ofisinin direktoru Məhəmməd Fəxrəddin Hatmən Malayziyanın müsəlman turizm məkanları siyahısında zirvədə olmasına işarə edərək deyib: "Bu uğur Malayziyanın Körfəz Əməkdaşlıq Şurası ölkələrinin turistləri üçün asan, təhlükəsiz və xoş bir təcrübə təqdim etməyə sadiqliyini göstərir".

O əlavə edib: "Halal turizm imkanları və qonaqpərvərliklə yanaşı, Malayziya mədəni festivallar və tarixi şəhərlərdən tutmuş təmiz təbiətə, ailəvi əyləncə mərkəzlərinə və yerli mədəniyyətlərlə tanışlığa qədər geniş çeşidli turizm təcrübələrini turistlərin ixtiyarına verir".

Hatmən bildirib ki, Malayziya ərəb ölkələrindən daha çox turisti qəbul etməyə hazırdır ki, onlar il boyu bu ölkənin müxtəlif görməli yerlərini ziyarət etsinlər və səyahətlərindən yadda qalan xatirələr toplasınlar.

Turistlər Malayziyaya səyahət edərkən Saravak yüksəkliklərinin sərin təbiətindən, Pənangın tarixi küçələrindən, Kuala-Lumpurun ailəvi əyləncə mərkəzlərindən, eləcə də ölkənin tropik çimərlikləri və adalarından zövq ala bilərlər.

4365363

captcha