"İQNA"nın "Nun əl-Xəbəriyyə"yə istinadən verdiyi məlumata görə, X Beynəlxalq Ərbəin Ziyarəti Elmi Konfransı bu gün, cümə günü günortadan sonra İmam Hüseyn (ə) hərəminin həyətində rəsmi şəxslərin iştirakı ilə öz işinə start verib.
Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əbdüləmir əl-Qüreyşi "Nun" agentliyinə verdiyi müsahibədə bildirib: "Ərbəin ziyarəti əqidə, insan və sivilizasiya quruculuğu arasındakı əlaqə anlayışını yenidən müəyyənləşdirən, coğrafi və mədəni sərhədləri aşaraq bəşəriyyətin vicdanı üçün qlobal bir mesaja çevrilən müstəsna bir insani fenomendir."
O, tədqiqatçıları bu nəhəng hadisənin müxtəlif aspektlərini araşdıraraq onun uğur qazanma amillərini və qanunauyğunluqlarını izah etməyə, həmçinin elmi nailiyyətlərindən insanlığın və cəmiyyətin xidmətində istifadə etməyə çağırıb.
Konfransın artan templə irəlilədiyinə işarə edən əl-Qüreyşi deyib: "Ötən 9 dövr ərzində müxtəlif ölkələrdən 300-dən çox elmi və tədqiqatçı şəxsiyyət Beynəlxalq Ərbəin Ziyarəti Konfransında iştirak edib."
O əlavə edib: "Konfransın onuncu dövründə 290 elmi məqalə qəbul edilib, bu rəqəm doqquzuncu dövrdə 144 məqalə idi. Bu nəzərəçarpacaq artım, elmi ictimaiyyətin genişləndiyini və Ərbəin ziyarəti ilə bağlı tədqiqatlarda tədqiqatçıların iştirakının artdığını göstərir."
Kərbəla Araşdırmalar Mərkəzinin rəhbəri, həmçinin Mosul və Ənbar universitetlərinin professorlarının beşinci dövrdən bəri konfransda iştirakının davam etməsini Ərbəin haqqında akademik tədqiqatların miqyasının genişlənməsinin göstəricisi kimi qiymətləndirib və bunu bu sahədə elmi əməkdaşlıqların inkişafı kimi dəyərləndirib.
O, sonda bildirib: "Konfrans iştirakçıları Ərbəin ziyarətinin mənəvi, əxlaqi və insani dəyərlərinin İraqın Təhsil və Ali Təhsil nazirlikləri ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarına və dərsliklərə daxil edilməsini tövsiyə ediblər."
4368497