IQNA

10:42 - August 10, 2026
Xəbər sayı: 3500930

Banqladeşli görmə qüsurlu yeniyetmənin Səudiyyə Ərəbistanındakı Quran müsabiqəsində iştirakı

İQNA – Mahmud Həsən Əşrəfi, Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən 46-cı Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsində iştirak edən banqladeşli görmə qüsurlu yeniyetmədir.

“İQNA”-nın Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, 18 yaşlı görmə qüsurlu Mahmud Həsən Əşrəfi Quranı böyük səylə və eşitmə yolu ilə əzbərləyib. O, Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən Məscidül-Həramda təşkil olunan "Kral Əbdüləziz" adına Beynəlxalq Quranın əzbərlənməsi, qiraəti və təfsiri müsabiqəsinin final mərhələsində iştirak edir.

Əşrəfi müsabiqənin üçüncü kateqoriyasında yarışır. O, Banqladeşdə ilkin mərhələlərdə iştirak edən 2000-ə yaxın kişi və qadın iştirakçı arasından seçilərək, Səudiyyə Ərəbistanındakı bu yarışa qatılmağa hüquq qazanan 20 nəfərlik siyahıya düşməyi bacarıb.

Anadangəlmə görmə qüsurlu olan Əşrəfi Quranı əzbərləməyə yeddi yaşında başlayıb. O, atasının dəstəyi ilə müxtəlif qarilərin tilavətlərinə qulaq asaraq və ayələri təkrarlayaraq üç il ərzində Quranın tam əzbərlənməsini başa vurub.

O, Məkkəyə və Məscidül-Hərama ilk dəfə səfər etməsindən duyduğu sevincini ifad edərək deyib: "Səudiyyə Ərəbistanına gəlmək və dünyanın ən nüfuzlu beynəlxalq Quran müsabiqələrindən birində iştirak etmək mənim çoxdankı arzum idi".

Əşrəfi vurğulayıb ki, görmə qüsuru onun Quranla olan yolunu davam etdirməsinə mane olmayıb və insan əzmkarlıqla çətinliklərin öhdəsindən gəlib arzularına çata bilər.

Qeyd edək ki, "Kral Əbdüləziz" adına 46-cı Beynəlxalq Quranın əzbərlənməsi, qiraəti və təfsiri müsabiqəsi ötən cümə axşamı Məkkədə başlayıb.

Avqustun 19-dək davam edəcək bu müsabiqədə 133 ölkədən ümumilikdə 334 kişi və qadın iştirakçı mübarizə aparır ki, bu da müsabiqə tarixində ən böyük iştirakçı sayıdır.

Müsabiqənin məqsədi "müsəlman gəncləri Quranı əzbərləməyə, anlamağa və onun üzərində düşünməyə təşviq etmək, eləcə də sağlam rəqabət mühiti yaratmaqdır".

Müsabiqə beş bölmədən ibarətdir və ümumi mükafat fondu 10 milyon 260 min Səudiyyə rialı təşkil edir ki, bu da müsabiqənin başladığı vaxtdan indiyədək olan ən yüksək məbləğdir.

4368841

captcha