IQNA

10:51 - August 10, 2026
Xəbər sayı: 3500932

23 ölkədən gələn ümrə zəvvarlarının Mədinədəki Quran çapı kompleksinə ziyarəti

İQNA – Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşəbbüsü ilə 23 Avropa və Asiya ölkəsindən olan ümrə zəvvarları Mədinədəki Kral Fəhd adına Quranın Çapı və Nəşri Kompleksini ziyarət ediblər.

“İQNA”-nın "spa"-ya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən həyata keçirilən "İki Müqəddəs Məscidin Xadimi"nin ümrə və ziyarət proqramında iştirak edən zəvvarların ikinci qrupu, avqustun 8-də Mədinədə qaldıqları müddətdə nəzərdə tutulmuş mədəni proqram çərçivəsində Kral Fəhd adına Quran Kompleksinə baş çəkiblər.

23 Avropa və Asiya ölkəsindən olan 250 zəvvar kompleksin müxtəlif bölmələri ilə tanış olub, Quranın çap mərhələləri, çapda istifadə olunan müasir texnologiyalar, həmçinin yoxlama və təsdiq prosesləri haqqında məlumat əldə ediblər.

Onlara kompleksin Qurana xidmət sahəsindəki fəaliyyəti, Quranın çap olunması, vəhyin mənalarının 80-dən çox dilə tərcümə edilməsi və kompleksin nəşrlərinin dünyanın müxtəlif dillərində yayılması barədə ətraflı məlumat verilib.

Ziyarətin sonunda zəvvarlara Kral Fəhd adına Quran Kompleksi tərəfindən çap olunmuş Quran nüsxələri və onun müxtəlif dillərdə tərcümələri hədiyyə edilib.

Qonaqlar Quran çapında müasir texnologiyalardan istifadə olunmasını və çapın müxtəlif mərhələlərindəki dəqiqliyi yüksək qiymətləndirib, Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin zəvvarlar üçün xüsusi mədəni proqramlar təşkil etməsini alqışlayıblar.

Qeyd edək ki, Mədinədə yerləşən Kral Fəhd adına Quranın Çapı Kompleksi 30 oktyabr 1984-cü ildə fəaliyyətə başlayıb və təqribən dörd onillik fəaliyyətdən sonra bu gün dünyanın ən böyük Quran çapı mərkəzinə çevrilib.

Bu müəssisə Səudiyyə Ərəbistanındakı ən mühüm müasir mədəni və dini mərkəzlərdən biridir və Quranın müxtəlif qiraətlərlə düzgün nüsxələrinin çapı və bütün dünyada, xüsusən də İslam ölkələrində yayılmasında mühüm rol oynayır.

4368818

captcha