IQNA

10:55 - August 18, 2026
Xəbər sayı: 3500982

Səkkiz İslam ölkəsindən Təl-Əvivə Qəzzada sülhün qarşısını aldığına görə xəbərdarlıq

İQNA – Səkkiz İslam ölkəsinin xarici işlər naziri sionist rejimin Qəzzada müharibənin dayandırılması planının icrası ilə bağlı yol xəritəsini rədd etməsini pisləyərək, Təl-Əvivin müharibəni sona çatdırmaq və Qəzzada davamlı sülhə nail olmaq səylərinə mane olmaqda məsuliyyət daşıdığını bəyan ediblər.

"İQNA"nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri birgə bəyanatda sionist rejimin Qəzzada müharibənin dayandırılması planının icrasını tamamlamaq üçün yol xəritəsinə, eləcə də Fələstin dövlətinin qurulmasına qarşı çıxmasını qətiyyətlə pisləyiblər.

Onlar vurğulayıblar ki, Təl-Əvivin bu mövqeyi BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş Qəzzada müharibənin dayandırılması üçün hərtərəfli planın "birbaşa rədd edilməsi" deməkdir.

Bəyanatda qeyd olunub ki, sionist rejimin yol xəritəsini rədd etməsi bu planın icrasını təhlükə altına qoyur və ədalətli və davamlı sülhə nail olmaq üçün kollektiv səyləri kökündən sarsıdır.

Səkkiz ölkənin xarici işlər naziri həmçinin bəyan ediblər: "Bu rədd cavabı göstərir ki, İsrail hazırda Qəzzada və işğal olunmuş Fələstin ərazilərinin digər hissələrində sülhün bərqərar olması səylərinin qarşısını almaqda məsuliyyət daşıyır."

Bu ölkələrin xarici işlər nazirləri ABŞ-dan sionist rejimin yol xəritəsində nəzərdə tutulan öhdəliklərə və razılaşmalara tam riayət etməsini təmin etmək üçün bu prosesdə davamlı və fəal iştirak etməyi tələb ediblər.

Onlar xəbərdarlıq ediblər ki, Təl-Əvivin yol xəritəsini rədd etməsi ABŞ prezidenti Donald Trampın planının icrasından açıq şəkildə imtina etmək deməkdir və bu, ABŞ-ın müharibəni dayandırmaq və davamlı sülhə zəmin yaratmaq səylərini uğursuzluğa düçar edə bilər.

Bəyanatda vurğulanıb ki, Təl-Əviv bu planın rədd edilməsi, ona mane olunması, gecikdirilməsi və ya icra edilməməsindən irəli gələn nəticələrə görə "birbaşa və tam məsuliyyət" daşıyır.

Səkkiz ölkənin nazirləri həmçinin Qəzzadakı humanitar vəziyyətin yaxşılaşdırılması, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, eləcə də bölgənin yenidən qurulmasına zəmin yaratmaq üçün planın tam və təcili icrasını tələb ediblər.

Onlar öz müqəddəratını təyin etmək və Fələstin dövlətini qurmaq hüququna dəstəklərini bir daha ifadə edərək, birtərəfli addımlarla Fələstin dövlətinin qurulmasının qarşısını almaq üçün göstərilən hər hansı cəhdi rədd ediblər.

Bəyanatda deyilir ki, "ədalətli, davamlı və hərtərəfli sülhə" yalnız iki dövlətli həll yolu ilə, yəni paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri daxilində suveren və müstəqil Fələstin dövlətinin qurulması ilə nail olmaq mümkündür.

Bu ölkələr həmçinin "Sülh Heyəti"nin fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayaraq, bütün tərəfləri bu heyətin yol xəritəsini icra etmək və Trampın planının ikinci mərhələsini irəli aparmaq səylərinə dəstək verməyə çağırıblar.

Onlar Sülh Heyətindən də ABŞ-ın dəstəyi və fəal iştirakı ilə öz səlahiyyətləri çərçivəsində planın bütövlüyünü qorumaq və hər hansı tərəfin onun icrasına mane olmasının qarşısını almaq üçün "təcili və konkret addımlar" atmağı tələb ediblər.

4370206

captcha