İQNA – Misirdə Peyğəmbərin (s) mövludu münasibətilə “Vulidəl-Huda: Hidayət doğuldu” adlı media kampaniyasına “Əzhər Podcast” platforması vasitəsilə start veriləcək.
“İQNA”-nın “Sədyul-Bələd”ə istinadən verdiyi xəbərə görə, bu kampaniya Peyğəmbərə (s) sevgi və ehtiramın ifadəsini maarifləndirici məzmunla birləşdirir. Kampaniya çərçivəsində Allah Rəsulunun (s) həyatının müxtəlif istiqamətləri, onun yüksək əxlaqi xüsusiyyətləri və hidayət yolundakı səyləri izah edilir.
Kampaniyada səhabələrin qoruyub saxladığı Peyğəmbər (s) fəzilətlərinə toxunularaq onun İslam ümmətinin düşüncəsində, qəlbində və tarixində formalaşan parlaq obrazı ön plana çıxarılır.
“Vulidəl-Huda” kampaniyası həmçinin nəti və Peyğəmbəri (s) mədh edən şeirlərin ümmətin Allah Rəsuluna (s) və onun sünnəsinə sevgisini ifadə etməkdəki yerinə diqqət çəkir. Burada mədhiyyə ənənəsinin Peyğəmbərin (s) hidayət mesajlarının nəsildən-nəslə ötürülməsindəki rolundan da bəhs edilir.
Əl-Əzhərin alimləri və ədəbiyyat xadimləri, o cümlədən Həsən əş-Şafei, əs-Seyyid Bilat, Məhəmməd əl-Cundi, Həsən əl-Qəsəbi, mərhum Mahmud Tövfiq Səd, Fəthi Hicazi və şair Əla Canib kampaniyanın müxtəlif bölümlərində iştirak edirlər.
“Vulidəl-Huda” elmi və mənəvi məzmun təqdim etmək, Peyğəmbərin (s) fəzilətlərinin gözəlliklərini işıqlandırmaq məqsədi daşıyır. Kampaniya Allah Rəsuluna (s) sevgini daha da dərinləşdirməklə yanaşı, onun həyat və sünnəsini, eləcə də əsrlər boyu göstərdiyi sivilizasion təsiri izah edəcək.
Kampaniyanın məzmununun “Əzhər Podcast”ın rəsmi platformalarında yayımlanması nəzərdə tutulur.
Qeyd edək ki, Əl-Əzhərin Media Mərkəzi “Əzhər Podcast”ı “Apple Podcasts”, “Spotify”, “Deezer” və “Anghami” kimi bir sıra qlobal platformalarda, həmçinin YouTube və Facebookda istifadəyə verib.
4370258