IQNA

15:17 - August 19, 2026
Xəbər sayı: 3500995

İspaniyanın Malaqa muzeyində səkkiz yüz illik Quranın saxlanılması

İQNA – İspaniyada müsəlmanların hakimiyyəti dövrünə aid səkkiz yüz illik bir Quran nüsxəsi bu ölkənin Malaqa muzeyində saxlanılır.

“İQNA”, "İslam City"yə istinadən xəbər verir ki, "Kutar əlyazmaları" (ispan dilində: Los manuscritos de Cútar) 2003-cü ildə Malaqa əyalətinin Kutar kəndində aşkar edilmiş İslam İspaniyasına aid üç sənədə işarə edir. Bir Quran nüsxəsi və iki digər kitabdan ibarət olan bu sənədlər 500 ildən çox köhnə bir evin divarının arxasında gizlədilmişdi. Sonrakı araşdırmalar göstərib ki, bu kitabları təxminən 1500-cü ildə Akuta kəndinin fəqihi və imamı Məhəmməd əl-Şiyar orada gizlədib.

Əl-Şiyar 1490-cı ildə Kutara gəlmişdi. Katoliklərin İspaniyanı yenidən fəth etməsindən sonra o, dinini dəyişmək və ya sürgün olunmaq seçimi ilə üzləşdi. İkinci yolu seçərək, bir gün geri qayıtmaq ümidi ilə kitabları divarın arxasında gizlətməyə qərar verdi. Lakin o, bu kitablara bir daha qovuşa bilmədi. Kitablar nəhayət, 28 iyun 2003-cü ildə işçilər evin hazırkı sahibinin evini təmir edərkən təsadüfən aşkar edildi.

Bu kitablar bərpa edilib və hazırda Malaqanın Dövlət Tarixi Arxivində saxlanılır. Kvadrat formalı bu Quranın tarixi Muvəhhidlər dövlətinə, yəni miladi təqvimi ilə XII və ya XIII əsrə gedib çıxır ki, bu da onu İspaniyanın ən qədim iki Quranından birinə çevirir. Digər iki kitab əl-Şiyar tərəfindən yazılmışdır və onun kənd fəqihi kimi fəaliyyəti, habelə 1492-ci ildə Qranadanın süqutu və 1494-cü ildə Malaqa zəlzələsi kimi müasir hadisələr haqqında qeydləri ehtiva edir. Bu kitabların çap nüsxələri Kutardakı Monfi muzeyində saxlanılır.

Birinci kitab "Ticarət" adlanır və əl-Şiyarın fəqih kimi ticarətlə bağlı hər hansı bir məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyi bir mənbə kitabı idi. Bu kitab rəsmi sənəd formaları, andnamələr, vərəsəlik hüququ, riyaziyyat, peyğəmbər ənənələri və nikahla bağlı hüquqi sualları ehtiva edir.

Məlumdur ki, fəqihlər o dövrdə yarımadada gizli qalan İslam hakimiyyətinə çıxış əldə edə bilirdilər. Məscidlərə edilən yardımların idarə olunması, nəzarəti və ərəb dilində notariat kontorunun faktiki inhisarı onların öhdəsində idi. Kağızdan hazırlanmış bu kitab dəri ilə cildlənib.

Əl-Şiyar ikinci kitabda öz həyatı və cəmiyyəti haqqında məlumatlar verir, lakin burada peyğəmbər duaları, xütbələr, hədislər və digər dini, eləcə də ezoterik (batini) mövzularda şeirlər də yer alıb. Bu kitab da dəri cildli kağızdan ibarətdir.

Üçüncü kitab isə əl-Şiyarın dövründə artıq bir əsrdən çox yaşı olan və XIV əsrə aid Quran nüsxəsidir. Kitab bir neçə rəng mürəkkəblə yazılıb və təəssüf ki, son bir neçə səhifəsinin olmaması səbəbindən natamamdır; lakin bu, onun böyük tarixi əhəmiyyəti qarşısında o qədər də vacib deyil. Əndəlus hökuməti bu nüsxələrin surətlərinin çıxarılması xərclərini qarşılayıb. Onlardan biri Mərakeş kralı VI Məhəmmədə hədiyyə edilib, digəri isə Kutardakı Monfi muzeyində saxlanılır.

Deyə bilərik ki, əl-Şiyarın arzusu çin olub, çünki onun itirilmiş kitabları, öz xatirələri və müasirlərinin hekayələri ilə birlikdə artıq hər kəsin istifadəsi üçün qorunub saxlanılır.

4370211

captcha