İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Pakistanın şiə icmasının üzvləri ötən cümə günü Paraçenarda törədilmiş və 75 nəfərin həyatına son qoymuş iki partlayışa etiraz olaraq keçirdikləri aksiyanı davam etdirirlər.
Aksiyaçılar sonra parlament binasının önündə piket keçiriblər. Onlar dövlətin Paraçenar hücumu amillərinə qarşı addım atmasını istəyiblər. Vəhdət Əlmuslimin Məclisi bu etiraz aksiyasının təşkilatçısı olub. Aksiyada məqsəd, dövlətin diqqətini şiələrin məqsədyönlü şəkildə qırğın edilmələrinə çəkmək olubdur.
Vəhdət Əlmuslimin Məclisinin üzvü Əsğər Əskəri deyib: Bizim əsas tələbimiz budur ki, terrorizm tam şəkildə aradan götürülsün. Dövlət Paraçenar əhalisinin təhlükəsizliyini təmin etməlidir. Bu məntəqənin əhalisi son aylarda dəfələrlə terror hücumları hədəfinə çevrilibdir.
Aksiyaçılardan bir qrupu dövləti şiə icmasının təhlükəsizliyini təmin etməkdən çəkinməkdə ittiham edib.
Bu şəxslərdən biri deyib: Rəsmilər bizim üçün təhlükəsizliyin təminində tamamilə aciz qalıblar. Dövlət bu hücumların amillərini tanıyır, amma onlara qarşı bir addım atmır.
Paraçenarda və Pakistanın digər şəhərlərində də hər gün oxşar aksiyalar keçirilir.
"Asiyanın cənubunda terrorizm” adlı internet portalında yayılmış məlumat göstərir ki, 2002-ci ildən bəri terror hücumları nəticəsində Pakistanda 2600-dən çox şiə müsəlman öldürülüb.
Bununla belə, "Ədvokeysi şiəsi” adlı qrup bu qənaətdədir ki, bu rəqəm elan olunmuş miqdardan qat-qat çox ola bilər.