IQNA

İmam Cavadın (ə) həyatına qısa bir baxış

11:15 - July 10, 2021
Xəbər sayı: 3490244
Zil-Qəzə ayının son gecəsi, yəni İyul ayının 10-u, imam Cavadın (ə) şəhadət gecəsidir və bu münasibətlə oxucularımıza təsliyət deyir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq.

Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə), hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur.

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.” (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.)

İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır.
İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi. Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər. Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi.
Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi.
İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü. Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi. (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.)
 
İmam Cavadın (ə) övladları
 
İmam Cavad (ə) Məmun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı:
Oğlanlar: 1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran;
Qızlar: 1. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh.446.)
 
Şeyx Müfid isə özünün “İrşad” kitabında imam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.

İmam Cavadın (ə) şəhadəti

Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti (ə) Mədinədən Bağdada gətizdirir.

İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları səhv fətva verdiklərinə görə rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsil xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq, onun haqq olduğuna qəti bir sübut olmuşdur".
Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim, onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü.

Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.

İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. (“Üsuli-kafi”, c.1, səh.492.)

İmam Cavadın (ə) fəziləti bibisinin dilindən
İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi:
"Həzrətin (ə) dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb, tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan»". /iqna

 

captcha