“Məkkə News”-un verdiyi xəbərə görə, müsabiqənin bağlanış mərasimi şənbə axşamı, sentyabrın 29-da Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin təşəbbüsü ilə Yohannesburqda yerləşən “Sandouto” Konqres Mərkəzində keçirilib. Tədbirdə yüksək vəzifəli şəxslər, ölkələrin səfirləri, diplomatlar və İslam təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mərasim yerli və beynəlxalq media tərəfindən geniş işıqlandırılıb, Səudiyyə rəsmiləri çıxış edərək ölkənin Qurani-Kərim sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıblar.
Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad naziri şeyx Əbdüllətif bin Əbdüləziz Al Şeyxin çıxışını Nazirliyin müavini Əvad bin Səbti əl-Ənizi səsləndirib. O, bildirib ki, Səudiyyə həm beynəlxalq, həm də daxili miqyasda Quran hifzi müsabiqələri təşkil edir, Qurani-Kərimin müxtəlif dillərə tərcüməsi üçün “Kral Fəhd Quran Nəşri Mərkəzi”ni, Hədis-i Nəbəvi elmləri üçün isə “Kral Salman Mərkəzi”ni təsis edib.
O, Qurani-Kərimin İslam ümmətinin izzət və ucalıq mənbəyi olduğunu vurğulayaraq, iştirakçılardan Qurana bağlı qalmağı, onun təlimlərinə əməl etməyi və anlayışını ifratçılıq və fanatizmdən uzaq düzgün şəkildə dərk etməyi istəyib.
Qeyd edək ki, Cənubi Afrikada keçirilən Quran və Hədisi Nəbəvi hifzi üzrə final mərhələsi sentyabrın 27-si, cümə axşamından start götürüb və ona Cənubi Afrikanın 29 ölkəsindən 44 iştirakçı qatılıb.
Müsabiqədə 12 nəfər qalib elan olunub: onlardan 9 nəfəri Qurani-Kərimin tam hifzi, 10 cüz və 5 cüz hifzi üzrə, 3 nəfəri isə Hədisi Nəbəvi hifzi üzrə birinci yerləri tutublar.
Yekunda müxtəlif nominasiyalar üzrə qaliblərə ümumilikdə 300 min Səudiyyə rialı məbləğində mükafat təqdim olunub.
4306381