IQNA

Yəmən Ənsarullah hərəkatının lideri:

Dini təlimlərdən uzaqlaşmaq İslam ümmətinin zəifləməsinə səbəb olub

15:15 - February 15, 2026
Xəbər sayı: 3499748
İQNA – Seyid Əbdülməlik Bədrəddin əl-Husi bildirib ki, dini təlimlərdən və əsas məsuliyyətlərdən uzaqlaşmaq İslam ümmətinin zəifliyinə və zərbə almağa açıq vəziyyətə düşməsinə yol açıb.

“İQNA”-nın “Əl-Məsirə” xəbər portalına istinadən verdiyi məlumata görə, Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husi Ramazan ayını qarşılamağa hazırlıq münasibətilə etdiyi çıxışında deyib: “Mübarək Ramazan ayını qarşılamaya hazırlaşmaq insanın bu aya tam hazırlıqla daxil olmasına və onun böyük fürsətlərindən bəhrələnməsinə kömək edir. Müsəlmanlar Ramazan ayının müqəddəsliyini və onun böyük fəzilətini dərk edirlər, çünki bu ay Qurani-Kərimin nazil olduğu aydır.”

O, bəzi İslam ölkələrinin fəaliyyətini tənqid edərək vurğulayıb ki, bəzi rejimlər ümməti müdafiə etmək və təhdidlərin qarşısını almaq üçün Allah yolunda cihad kimi mühüm məsuliyyətləri prioritet siyahılarından çıxarıblar.

Onun sözlərinə görə, İslam ümmətinin rolu cihad, xeyrə çağırış, şərə qarşı durmaq, azğınlıq və zülmlə mübarizə ilə sıx bağlıdır. Lakin bəzi ölkələrdə bu anlayışlar rəsmi diskursdan tamamilə kənarlaşdırılıb.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi əlavə edib ki, bəzi cəmiyyətlərdə cihad, əmr be mə’ruf, nəhy əz-münkər və ədalətin bərpası barədə danışmaq belə məhdudiyyət və təzyiqlə qarşılaşır, hətta dini ədəbiyyatdan və media fəaliyyətlərindən çıxarılır.

O hesab edir ki, ədalətin və qəsdin bərpası ümməti zülmdən qorumaq üçün müqəddəs məsuliyyətlərdəndir.

Əl-Husi bildirib: “Düşmənlər yumşaq müharibə vasitəsilə ümmətin Allahın hidayəti və dini ilə olan bağını qırmağa çalışırlar ki, onların heç bir qoruyucu əlaqəsi qalmasın. Düşmənlərin müharibələri və fəsadları ümmətin bədbəxtliyi və ziyanı üçündür. İnsan tərbiyəvi nəzarətə ehtiyac duyur ki, mühitin təsirlərinə qarşı dayana bilsin. Bu gün bəşər cəmiyyətinin başlanğıcından bəri ən böyük fikri müharibə ilə üz-üzəyik. Düşmənlərə və şeytanın ardıcıllarına təslim olmaq və tabeçilik göstərmək İslam ümmətinin bugünkü vəziyyətinə geniş təsir edir və bunun kökü tərbiyə zəifliyi, məlumat və bəsirət çatışmazlığıdır.”

O, təslimçilik ruhiyyəsi və düşmənlərə bağlılığı da məhz tərbiyə zəifliyi və bəsirət çatışmazlığının nəticəsi kimi qiymətləndirib və İslam dünyasında dini təlimlərə qayıdışın, ümumi maarifin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Ənsarullah lideri çıxışının başqa bir hissəsində deyib: “Bəzi insanlar Qəzza və Livandakı mücahidlərə irad tutur, halbuki sionist rejim hələ də İslamın ən böyük müqəddəslərindən biri olan Məscidül-Əqsaya təcavüzünü davam etdirir. İsrail Fələstindəki İslam izlərini məhv etməyə çalışır, dağıntılar törədir və insanları didərgin salır. Düşmən İordan çayının qərb sahilini İsrailə birləşdirməyə və oradakı fələstinlilərin varlığını tamamilə aradan qaldırmağa çalışır və Oslo da daxil olmaqla bütün razılaşmaları açıq şəkildə pozur.”

Onun sözlərinə görə, sionist rejimin qərb sahilindəki addımları ekstremist qrupların fəaliyyətinin genişləndirilməsi, təzyiqlərin artırılması və təhlükəsizlik əməliyyatlarının şiddətlənməsini əhatə edir.

O, həmçinin Qəzza zolağındakı vəziyyətə toxunaraq, davam edən mühasirəni, humanitar şəraitin daha da ağırlaşmasını, hücumların davamını və bölgə əhalisinin geniş çətinliklərini tənqid edib.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi əlavə edib ki, fələstinli əsirlərlə rəftar və onlara qarşı sərt qanunların qəbul edilməsi də bu prosesin bir hissəsidir.

O, çıxışının başqa bir hissəsində Qəzzada “muzdurların” aktivləşdirilməsi barədə xəbərdarlıq edərək, bunu daxili təhlükəsizliyi pozacaq təhlükəli bir fenomen kimi dəyərləndirib.

Ənsarullah lideri vurğulayıb: “Sionist rejimi ABŞ-la birlikdə bütün xalqlara hökmranlıq etmək istəyir və diqqətini xüsusilə İran İslam Respublikasına yönəldib, çünki onların qarşısında duran ilk maneə odur. İranın mövqeyi güclü və möhkəmdir və (son hadisələrdən sonra) İran xalqının fəal iştirakı böyük əhəmiyyət daşıyır.

Azacıq insanlığı olan heç bir insan zorakılığın və hegemonluğun qəbul edilməsinə razı ola bilməz.”

Əl-Husi “Ceffri Epsteyn”in rüsvayçı dosyesinə də toxunaraq deyib: “Epsteyn sənədləri sionist şəbəkəsini rüsvay etdi. Bu sənədlər göstərdi ki, şeytani mərasimlərdə uşaqlara və azyaşlı qızlara qarşı ən dəhşətli cinayətlər törədilir. Epsteyn sənədlərinə xüsusi diqqət yetirilməlidir, çünki onlar sionizmin lider və rəhbərlər yetişdirdiyi yuvalardan birini ifşa etdi. Bu sənədlər siyasi elitanın rüsvayçı fəsadlarını üzə çıxardı. Epsteyn sənədləri düşmənlərin fəsad və azğınlıq yaratmaq səylərinə bir dəlildir.”

4334267

captcha