IQNA

"Cümə" məscidinin dini icması Qüds günü münasibətilə geniş tədbir keçirdi

13:51 - September 04, 2010
Xəbər sayı: 1987011
Beynəlxalq şöbə: Azərbaycan Respublikası İçərişəhər "Cümə" məscidinin dini icması Qüds günü münasibətilə geniş tədbir keçirdi
İQNA Quran Xəbər Agentliyi: Mübarək Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds Günü kimi keçirilir. Yer kürəsinin ən müxtəlif ərazilərində yaşayan azadlıqsevər insanlar bu tarixlə əlaqədar olaraq, geniş tədbirlər keçirirlər. Qüds günü - bütün işğal olunmuş ərazilərlə həmrəyliyi təcəssüm etdirir.
Azərbaycan Respublikası İçərişəhər "Cümə" məscidinin dini icmasının təşəbbüsü ilə Bakıda Beynəlxalq Qüds Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində Qarabağın ermənilər tərəfindən işğalına, Fələstinə və Livana qarşı İsrail rejiminin cinayətlərinə, habelə, qanlı 20 yanvar faciəsinə həsr edilmiş foto-sərgi təşkil edilmişdir. Burada eləcə də daşnak və sionist cinayətlərini ifşa edən video-təqdimat və slayd-şou da düzənlənmişdir. Tədbirdə İsrail rejimi hərbçilərinin blokadada olan Qəzza üçün dinc humanitar aksiya həyata keçirən "Azadlıq Donanması"na qarşı yol verdiyi bəşəri cinayət də öz əksini tapmışdır. Tədbirin mərkəzi yerlərindən biri də daşnak quldur dəstələrindən Vətən torpaqlarını müdafiə edərkən həyatını qurban vermiş Azərbaycanın Milli Qəhrəmanı Şəhid Seyyid Mübariz İbrahimovun qəhrəmanlığına həsr olunmuşdur.
Tədbirdə çıxış edənlər, Beynəlxalq Qüds gününün keçirilməsinin məqsədlərindən və bu tarixin istər Azərbaycan xalqının, istər Fələstin xalqının, istərsə də dünyanın hər bir yerində təcavüzə məruz qalmış bütün insanların haqq mübarizəsinə dəstək üçün əhəmiyyətindən danışmışlar.
İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında Qüds Gününün dərin fəlsəfəsinə işarə etmiş və daşnakların, sionistlərin təcavüzünə bütün istiqamətlərdə həmrəylik əsasında müqavimət göstərməyin əhəmiyyətini vurğulamışdır. Bu sırada, informasiya sahəsində mübarizəyə xüsusi vurğu edilmişdir. "Qüds günü - İslam günüdür" - böyük ariflərimizin bu qısa, lakin son dərəcə mənalı düsturu ilə Hacı İlqar keçirilən tarixin dərin fəlsəfəsinə diqqət çəkmişdir. O, ümmətin hər bir üzvünün davam edən təcavüzə sinə gərmək baxımından daşıdığı məsuliyyətdən danışmışdır. Günümüzün faşizminə qarşı mübarizədə sistemli və ardıcıl fəaliyyətin mühümlüyünə də diqqət edilmişdir.
Qeyd edək ki, tədbirdə 1000-dən artıq insan iştirak etmişdir.

captcha