IQNA

Azərbaycanda dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb

15:04 - December 28, 2010
Xəbər sayı: 2054973
Beynəlxalq şöbə. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib
IQNA Quran Xəbər Agentliyi: Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. İQNA-nın APA-ya istinadən verdiyi məlumata görə, iclasda respublikanın sosial-siyasi həyatında qazanılmış uğurlar qeyd olunub, dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, İslam və qeyri-İslam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilib.
Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl aparılan müdrik din siyasətinin nəticəsi kimi dəyərləndirilib.
DQİDK sədri Hidayət Orucov hesabat ilində respublikada yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib.
Hesabat ilində dövlət başçı İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dini-tarixi abidələrimizin təmir və bərpası, yeni ibadət ocaqlarının tikintisi yüksək qiymətləndirilib. H. Orucov, həmçinin Heydər Əliyev Fondunun da tarixi-dini abidələrin təmiri və tikintisi ilə bağlı fəaliyyət proqramını davam etdirdiyini bildirib.
H. Orucov deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin, qanuna edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq, dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb: “Dini maarifçilik işinin əsas formalarından biri kimi şəhər və rayon icra hakimiyyətləri ilə təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində və başqa yerlərdə keçirilən seminar-treninqlər, təsisçisi olduğumuz qəzet və jurnalın, eləcə də digər çap məhsullarının əhali arasında yayılması, həmçinin digər qurumlarla birgə gerçəkləşdirilən qabaqlayıcı tədbirlər şübhəsiz ki, öz müsbət təsirini göstərib”.
Toplantı iştirakçılarının nəzərinə çatdırılıb ki, dövlət-din münasibətləri vətəndaşların vicdan azadlığının təmin olunmasının əsas tərkib hissəsi, dövlətin təhlükəsizliyinin və onun idarə olunmasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdən olduğundan Dövlət Komitəsinin bütün əməkdaşları, xüsusilə də bölgələrdə çalışan əməkdaşlar analitik müşahidələr aparmalı, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında həm nəzəri-metodoloji, həm də praktik iş formalarına əsaslanmalıdırlar. Xüsusilə qeyd edilib ki, ölkədəki dini durumun daim sağlam və sivil olması üçün respublika ərazisində fəaliyyət göstərən həm İslam, həm də qeyri-İslam dini icmaları ilə işgüzar münasibətlər ancaq hüquq müstəvisində qurulmalıdır.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Mərkəzi aparatının və bölgələr üzrə şöbələrinin müdirləri ölkəmizin din sferasında vəziyyətin sabit olduğunu vurğulayıblar. Respublikamızın bütün regionlarındakı dini durum müzakirə olunub və belə bir fikir səsləndirilib ki, hər dindar öncə ölkə vətəndaşıdır, onun sağlam mövqedən dini maarifləndirilməsi, vətəndaşlarımızda yad dini təsirlərə milli-mənəvi dəyərlərlə müqavimət göstərmək qabiliyyətinin aşılanması üçün yerlərdə işin obyektiv dini maarifçilik və sosioloji araşdırmalar mövqeyindən aparılması daim gücləndirilməlidir. Məhz bu format çərçivəsində əvvəlki illərlə müqayisədə bu il dini tədbirlərdə, xüsusilə Aşurada və digər mərasimlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub. Bütün bunlar göstərir ki, Dövlət Komitəsinin hər bir əməkdaşı, digər müvafiq qurumlar və din ictimaiyyəti vətəndaşların dini heysiyyəti ilə oynamaq fikrinə düşən qüvvələrin ifşa edilməsində, xalqın tapındığı milli-dini inanc yerlərinin, dini-tarixi mərasimlərin məkrli niyyətlərlə idarə olunmasının, cəmiyyət və şəriət qanunlarına zidd vərdişlərin qarşısının alınmasında öz səlahiyyətlərindən layiqincə istifadə etməlidirlər.
H. Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulayıb720514
captcha