“İQNA”-nın “əl-Yəvmus-Sabi”ə istinadla verdiyi xəbərə görə, Misirin vəqflər naziri Usamə əl-Əzhəri, 5 sentyabr tarixində Braziliyada keçirilmiş beynəlxalq Quran tilavəti müsabiqəsində birinciliyi əldə edən Nazirliyin nümayəndəsi Məhəmməd Əhməd Fəthullah Əhmədi təbrik edib.
Nazir bəyanatında bu misirli qarini alqışlayaraq vurğulayıb ki, o, bu yarışmada Misirin layiqli təmsilçisi olub.
Əl-Əzhəri Məhəmməd Əhməd və digər Vəqflər Nazirliyinin qarilərindən Quran və xeyir işlər sahəsində rəqabət yolunu davam etdirməyi istəyib.
O, qeyd edib ki, Misir hələ də “tilavət ölkəsi” olaraq qalır və məlahətli Quran səsləri ilə dünyanın hər yerində insanların diqqətini cəlb edir.
Nazir həmçinin Misir Vəqflər Nazirliyinin Quran istedadlarını dəstəklədiyini vurğulayaraq bildirib: “Bu dəstəklər Misirin dini və Qurani mövqeyinə layiq böyük qarilərin yeni nəslini yetişdirməkdə təsirli olur”.
Usamə əl-Əzhəri sonda Braziliya müsabiqəsində əldə etdiyi uğura görə Məhəmməd Əhməd Fəthullah Əhmədin rəsmi mərasimdə təltif ediləcəyini elan edib.
Qeyd edək ki, BRİKS (BRICS) Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, BƏƏ, İran, İndoneziya, Boliviya və Nigeriyanın üzv olduğu bir hökumətlərarası təşkilatdır.
BRİKS ölkələrinin müsəlman dini liderlərinin ikinci görüşü və “Mənəvi İpək Yolu” adlı altıncı beynəlxalq konfrans 4–5 sentyabr 2025-ci il tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilib. Bu iki tədbirlə eyni vaxtda beynəlxalq Quran tilavəti müsabiqəsi də təşkil olunub və bu yarışmada İran İslam Respublikasının görkəmli qarisi Hamid Şakərnejad iştirak edib.
İranı bu iclasda İslam Əlaqələri və Mədəniyyət Təşkilatının sədri höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi İmanipur təmsil edib.
İclasda BRİKS-ə üzv 10 ölkənin müsəlman dini liderləri iştirak edib və yekunda dünya miqyasında ən mühüm məsələlərlə bağlı rəsmi mövqelərini əks etdirən bəyanat qəbul olunub.
4303813