IQNA

İsrail rejiminin Yəmənə hücumunda 120-dən çox şəhid və yaralı var

8:24 - September 11, 2025
Xəbər sayı: 3498846
İQNA - Yəmən Səhiyyə Nazirliyi Səna və Cövf vilayətlərinə İsrail rejiminin hücumu nəticəsində 9 nəfərin şəhid olduğunu, 118 nəfərin isə yaralandığını açıqlayıb.

“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, Yəmən Səhiyyə Nazirliyi, çərşənbə günü bildirib ki, hücumların ilkin statistikasına əsasən 9 nəfər şəhid olub, 118 nəfər isə yaralanıb.

“Əl-Məsirə” telekanalının Cövfdəki müxbiri deyib ki, bu hücumda Əl-Həzmdə yerləşən qeydiyyat idarəsinin binası hədəf alınıb.

Eyni zamanda Yəmən xəbər agentliyi “Səba” da İsrail ordusunun Cövf vilayətindəki bir sıra bölgələri hava hücumu ilə vurduğunu bildirib.

Ənsarullah Media Mərkəzi isə xəbər verib ki, Səna vilayətində bir tibb mərkəzi və Cövf vilayətinin Həzm rayonunda yerləşən dövlət kompleksi İsrail rejiminin hücumuna məruz qalıb.

Bundan əvvəl Yəmən Ənsarullah hərəkatının hərbi sözçüsü Yəhya Səri “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib: “HHM qüvvələrimiz hazırda ölkəmizə hücum edən İsrail təyyarələri ilə qarşıdurmadadır”.

O həmçinin İsrail rejiminin raket buraxılış qurğularını hədəf aldıqları barədə iddialarını rədd edərək deyib: “İsrail hücumları yalnız mülki hədəfləri vurub”.

Ənsarullah hərbi sözçüsü əlavə edib ki, bu hücumlarda bir sıra jurnalistlər, vətəndaşlar və yoldan keçənlər şəhid olub və yaralanıblar.

O vurğulayıb ki, bu vəhşi hücum cavabsız və cəzasız qalmayacaq.

Yəmən Ali Siyasi Şurasının reaksiyası

“Əl-Məsirə”nin məlumatına görə, Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat İsrail rejiminin ölkə torpaqlarına hücumundan sonra verdiyi açıqlamada bildirib ki, sionistlərin vəhşi təcavüzü iflasa uğrayıb.

O sözlərinə belə davam edib: “Sionistlər tam hazır olsunlar, çünki Yəmənin cavabı mütləq veriləcək”.

Əl-Məşat vurğulayıb: “Sionistlər bizə daha böyük imkan yaratdılar ki, bütün gücümüzlə onlara cavab verək”.

HƏMAS-ın bəyanatı

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İsrail rejiminin Yəmən torpaqlarına vəhşi hücumlarını şiddətlə pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: “İsrail rejiminin Yəmən torpaqlarına vəhşi hücumu, nəticədə bir sıra dinc sakinlərin şəhid və yaralanması hadisəsini şiddətlə pisləyirik və bunu beynəlxalq hüququn açıq şəkildə pozulması, Yəmənin suverenliyinin tapdanması və işğalçı rejimin bölgədə artan vəhşiliyinin davamı hesab edirik”.

HƏMAS bu bəyanatda Yəmən xalqı ilə həmrəyliyini ifadə edib və Qəzzadakı Fələstin xalqını müdafiə etməkdə Yəmən xalqı, silahlı qüvvələri və Ənsarullahın göstərdiyi möhkəm duruş və fədakarlığı yüksək qiymətləndirib.

Sionist rejimin qırıcıları bir neçə saat öncə Yəməndə bəzi dövlət və media mərkəzlərini, eləcə də mülki infrastruktur obyektlərini hücumlarla hədəf alıb.

4304455

Teqlər: yəmən ، Ənsarullah ، israil ، şəhid
captcha