IQNA

Bosniya və Herseqovinada 17-ci Quran müsabiqəsinin keçirilməsi

10:15 - September 09, 2025
Xəbər sayı: 3498833
İQNA -Bosniya və Herseqovinada 17-ci ümumrespublika Qurani-Kərim hifz və tilavət müsabiqəsi bu ölkənin İslam Şeyxliyi (Müsəlmanların İşləri İdarəsi) tərəfindən Sarayevoda təşkil olunub.

“Əl-Rayə” xəbər agentliyinin məlumatına görə, bu müsabiqə şənbə günü Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yerləşən “Qazi Xüsrev bəy” kitabxanasında başlayıb və iki gün davam edib.

Bosniya və Herseqovina Alimlər Heyətinin Dini İşlər İdarəsi, İslam Şeyxliyinə bağlı qurum olaraq, bu yarışmanın təşkilatçısı olub. Həmçinin Qətər Vəqf və İslam İşləri Nazirliyinin “Şeyx Casim bin Məhəmməd bin Sani” Qurani-Kərim Müsabiqələri Komitəsinin üzvləri və nümayəndələri də tədbirin keçirilməsində əməkdaşlıq ediblər.

Bosniya və Herseqovinanın baş müftisi, İslam Şeyxliyinin rəhbəri Şeyx Hüseyn Kavazoviç açılış mərasimində çıxış edərək vurğulayıb: “Qurani-Kərim yalnız oxumaq üçün kitab deyil; o, həyat yolu, tükənməz hidayət, bilik və əxlaqi dəyərlər mənbəyidir”.

Daha sonra Qətər heyətinin nümayəndəsi Seyid Əhməd bin Şahin əl-Ğanim çıxış edərək bildirib: “Bu müsabiqə Avropa qitəsində bir Quran minarəsidir və qardaşlıq mesajı daşıyır. O, həmçinin Qətər dövlətinin dünyada Qurani-Kərim layihələrini, hifz, tilavət və təfəkkür müsabiqələrini dəstəkləmək istiqamətindəki səylərini nümayiş etdirdiyini qeyd edib.

Bosniya və Herseqovina Alimlər Heyətinin Dini İşlər İdarəsinin müdiri Mansur Malkiç isə çıxışında deyib: “Bu müsabiqə iki il əvvəl, koronavirus səbəbi ilə bir neçə illik fasilədən sonra bərpa olundu. Məqsəd isə Bosniyada Qurani-Kərim hifz və tilavətinin mövqeyini gücləndirmək, gəncləri və yeniyetmələri yarışa təşviq etmək, beynəlxalq Qurani-Kərim müsabiqələrinə hazırlıq üçün təcrübə mübadiləsini təmin etməkdir”.

Məlumata görə, mərasimdə Bosniya və Herseqovina Qurani-Kərim müsabiqəsinin dəstəkçiləri və müşahidəçiləri təltif olunub. Həmçinin yeni nəsillər arasında Qurani-Kərimin hifz mədəniyyətinin yayılmasına diqqət göstərmək məqsədilə Sarayevodakı “Qazi Xüsrev bəy” dini məktəbinin birinci sinif şagirdlərinə Qurani-Kərim nüsxələri paylanıb.

4303979

captcha