İQNA Quran agentliyinin TREND agentliyinə istinadən məlumatına əsasən, Ramil Usubov deyib ki, Azərbaycanda qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur.
Nazir müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyinin daha yüksək olduğunu və onun azadlığına, tamhüquqlu vətəndaş olma haqqına real təminat verildiyini vurğulayıb.
"Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır", - Usubov deyib.
Nazirin sözlərinə görə, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz.
Onun sözlərinə görə, Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir.
Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur, Usubov bildirib. 739779