Siyasi və ictimai şöbə: Azərbaycanın paytaxtı Bakıda "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi, "Nərgiz" qadınlar cəmiyyətinin təşkilatçılığı ilə Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadəti münasibətilə böyük və möhtəşəm tədbir keçirilib.
İQNA Quran agentliyinin İslam-Azeri.az internet qəzetinə istinadən məlumatına əsasən, Tədbirdə çox sayda möminələr iştirak ediblər. Məclisi qareyi-Quran Günər Novruzova Quran ayələrinin tilavətilə açıb .
Sonra tədbirin aparıcısı Ülkər Səlimova qonaqları salamlayaraq tədbiri açıq elan edib və sözü "Nərgiz" Qadınlar Cəmiyyətinin direktoru Səidə Səmədovaya verib. Səidə xanım gələnləri salamlayaraq, onlara mərasimə qatıldıqlarına görə təşəkkür edib, Azərbaycan xalqının əsrlər boyu Allaha, Qurana və Əhli-Beytə bəslədiyi məhəbbətdən danışıb. O, həmçinin Fatimeyi Zəhra(s.ə)nın şəhadət günləri olan "Əyyamı Fatimə"yə, Mərərrəm ayına olduğu kimi ehtiramla yanaşaraq bu günlərdə şadyanalıqdan uzaq matəm günləri kimi qeyd etməyə çağırıb.
Tədbirin davamında xanımlardan ibarət "Bətul" ilahilər qrupu Xanım Fatimeyi Zəhra (s.ə.) barədə "Ya Zəhra" adlı qəmli mahnı səsləndirib.
Daha sonra səhnəyə dəvət olunan Mehparə Səmədova və Xədicə müəllimə, Xanım Fatimeyi-Zəhra (s.ə.) və Quranda onun barəsində nazil olan ayələr, hədislər və təfsiri haqqında söz açıblar, İslam peyğəmbərinin əziz qızına edilən zülmlərdən danışıblar.
"Xediceyi Kubra" ilahilər qrupu da, Xanım Fatimeyi Zəhra (s.ə.) barədə hazırladıqları hüznlü mahnı səsləndirib.
Sonra Əhli-beyt rövzəxanları Sənubər xanım və Rəna xanım qəzəl və rövzələr oxuyublar.
Ardıca "Xədiceyi Kubra" qrupunun bədii rəhbəri Günel Kövsərin ifasinda şeir tədbir iştirakçılarının könlünü oxşayıb.
Daha sonra "Bətul" ilahilər qrupunun Xanım Fatimeyi-Zəhra (s.ə.)ya həsr olunmuş növbəti ifaları olub.
Tədbirin rəsmi hissəsi Fərəc duası ilə yekunlaşıb.