İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) hicab.org-a istinadən verdiyi məlumatına görə, Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edərək diqqətli və təvazökar olmalıdır. Çoxlarımız namaz qılarkən on illər qabaq baş vermiş hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu yada salırıq. Allahın qarşısında dayanıb, ona diqqətsizlik göstərərək, başqa şeylər haqqında düşünmək necə də çirkindir! Allah-təala Qurani-məciddə bu xüsusiyyətin münafiqlərə aid olduğunu bildirir.
Necə ola bilər ki, insan böyük bir varlığın qarşısında dayandığı halda, tamamilə başqa şeylər haqqında düşünə?! Allah tərəfindən xəlq olunmuş, padşahlıq taxtına oturmuş bəndənin qarşısında diqqətlə dayanan insanın Allah qarşısındakı diqqətsizliyinə nə ad vermək olar?! Demək, insan öz Allahına hətta bir bəndə qədər də diqqət yetirmir!
Əgər biri ilə danışdığınız vaxt həmin şəxs üzünü yana döndərsə, sizə necə təsir edər? Bəli, Allah cisim deyil və Ondan üz çevirmək mümkünsüzdür. Amma Allaha diqqətsizlik qəlbə aid olan bir haldır. Namaza dayanıb başqa şeylər haqqında düşünən insan əslində Allahdan üz çevirmişdir.