Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslam.az-a istinadla verdiyi məlumatına göre, Hər kəs Allahın Ramazan orucu tutanlara vəd etdiyi nemətlərdən müəyyən pay sahibi olduğuna, hansısa bir savab qazandığına inanır. Yaxşı, bəs bu qazananları, əldə edilənləri necə qoruyub saxlayaq? Axı bir ay ərzində zəncirlənən şeytan ordusu tam mütəşəkkil şəkildə möminlərin üzərinə yeriməkdədir. Ən birinci məqsəd isə elə Ramazan ab-havasını aradan aparmaq, qazandıqlarımızı əlimizdən almaqdır. Bəs nə edək, hansı universal vasitədən istifadə edək məğlub duruma düşməmək üçün? Bu sualla islam.az ilahiyyatçı, “Fatimeyi-Zəhra” məscidinin axundu Hacı Ramil Bədəlova müraciət edib.
Necə edək ki, Ramazanda qazandıqlarımızı itirməyək? Dinin məntiqi belədir ki, hər hansı əməli etmək, hansısa ruhiyyəni qazanmaq onu qoruyub saxlamaqdan daha asandır. Onu qoruyub saxlamaq üçün də insan gərək özünə hər an diqqət etsin, özünü nəzarətdə saxlasın. İnsanın özünü nəzarətdə saxlaması üçün isə gərək o heç zaman unutmasın ki, onu nəzarətdə saxlayan var Allah! İnsan hər an yadında saxlamalıdır ki, Allahın hüzurunda dayanıb. Allahın hüzurunda isə mütləq diqqətli olmaq lazımdır. Digər tərəfədn isə, insan 1 ay əziyyətlərə qatlaşıb. Bu ay ərzində əldə etdiklərini də heç olmasa növbəti Ramazana qədər qoruyub saxlamalıdır. Bunu saxlamaq üçünsə insan maksimal şəkildə günahlardan çəkinməlidir.