IQNA

Mübahisədən uzaq olun!

Evdəki dava-dalaşda əsl günahkar kimdir?

14:55 - October 03, 2015
Xəbər sayı: 3377888
Peyğəmbərimiz (s) buyurub: “Ərinə əziyyət verən arvad əgər bütün ömrü boyu namaz qılıb, oruc tutsa belə, Allah-Taala onun orucunu, namazını və heç bir xeyir əməlini qəbul etməyəcəkdir. O vaxta qədər ki, ərinə həyat yolunda köməkçi ola və onu özündən razı edə. Əlbəttə. arvadına əziyyət edən kişini də bu cəza gözləyir.”


“... Əziz ruhani qardaşım, salam... Bir az da mənim tələbkar, umacaqlı və ... arvadımı nəsihət etməyinizi istəyirəm. Allah-Taala mənə nəsib etdiyi bu arvadı heç kəsə qismət etməsin ki, dünya və axirəti başına uçacaqdır... Nə qədər çalışıb, işləyib, zəhmət çəkirəm ki, onu və uşaqlarımı firavan dolandırım, onların rifahı yaxşı olsun və məndən razı qalsınlar, amma arvad bunları gözdə bilmir və həmişə şikayətçidir. Bu qədər işin, zəhmətin qarşısında təşəkkür yerinə deyir ki, bunlardan mənə nə dəxli var, vəzifəni yerinə yetirmisən... Uşaqların üçün etmisən... ya istəyirdin bunu da etməyəsən?...”.



Yaxşı, bu mənim vəzifəmdirsə, onun vəzifəsi nədir? Deyirəm, ay xanım! Axı mən də adamam, adam kimi yaşamaq istəyirəm. Mən də istəyirəm ki, işdən evə qayıdanda evi səliqəli, gözəl görüm. Məni də xoş dillə, gülər üzlə qarşılasınlar ki, yorğunluğumu unudum...



O, tez cavab verir ki, məgər sənin evinə nökərçiliyə gəlmişəm?!... Əlimdən gələn təmizlik budur...”.



Cavab: Əhli-beytin (ə) hədislərində vardır ki, Qiyamət günü ən çox peşmançılıq çəkənlər o kəslər olacaq ki, haqq söz deyirlər, camaatı ədalətə çağırılar, lakin əməl məqamında dediklərinin əksinə əməl edirlər. Öncə sizdən – arvadınızdan ki, bu qədər şikayətçisiniz -  soruşuram: Arvadınıza sizə göstərdiyi xidmətə görə minnətdarlıq bildirib, təşəkkür edirsiniz? Siz də onun kimi tələbkar, umucaqlı və həris deyilsiniz ki? Siz də onun zəhmətini onun üçün bir vəzifə bilirsiniz, yoxsa bunu onun mehriban və səmimiyyətli olması kimi dəyərləndirirsiniz? Siz onun göstərə bildiyi xidmətiylə kifayətlənirsiniz, yoxsa bacarmadığı işləri də ondan tələb edirsiniz?



Mən bu sualların cavabını bilmirəm, amma kaş ki, arvadınız da sizin əxlaq və rəftarınız haqqında mənə bir məktub yazardı... Çünki adətən, günah ikitərəfli olur. Amma daha yaxşı olardı ki, siz də öz rəftar və əxlaqınız barəsində bir az düşünəsiniz. Bəlkə kimin daha haqlı olduğunu  o zaman anlayasınız. Özünüz Allah-Taala qarşısında öz səhvlərinizi düzəldəsiniz. Əgər belə etsəniz, arxayın olun ki, ailədəki əxlaqi və iqtisadi problemləriniz öz həllini tapacaqdır. Mühüm budur ki, siz onu sevdiyinizi, ona qiymət, dəyər verdiyinizi, onun qədrini bildiyinizi öz əməllərinizlə sübut edəsiniz və bunları ona öz əməlinizlə öyrədəsiniz. Əgər siz belə etsəniz, onda o da çalışacaqdır ki, həm sizin və həm də Allah-Taalanın razılığını əldə etsin.



Peyğəmbərimiz (s) buyurub: “Ərinə əziyyət verən arvad əgər bütün ömrü boyu namaz qılıb, oruc tutsa belə, Allah-Taala onun orucunu, namazını və heç bir xeyir əməlini qəbul etməyəcəkdir. O vaxta qədər ki, ərinə həyat yolunda köməkçi ola və onu özündən razı edə. Əlbəttə. arvadına əziyyət edən kişini də bu cəza gözləyir.”



Məktubun davamı:



“... Xanımım o qədər çox danışan və hazırcavabdır ki, dili qılıncdan da itidir.



Deyirəm ki, arvad, uşaqlarla yaxşı danış, söymə, çığırma, kobudluq etmə!



Deyir ki, mən buyam, istəyirdin əvvəldən xoş dillisini alardın!



Deyirəm ki, arvad, mən səndən razı deyiləm, arvad ərinə itaət etməlidir!



Deyir: “Guya mən səndən razıyam?! Sənin xəbərin yoxdur, zəmanə dəyişib, indi kişi arvadına itaət edir!”



Deyirəm ki, xanım, sənin əməllərin səni cəhənnəmlik edəcək!



Deyir: “Mən gedəcəm, sənə nə? Sən get cənnətə!”



Deyirəm ki, xanım, bu qədər diliuzunluq edib cavab qaytarma!



Deyir: “Bazardan alınan qoyun başının dili var, mənim olmasın?”



Siz deyin ki, mən başıma nə çarə qılım?  



Cavab: Əziz qardaşım! Əgər desəm ki, bu qədər dava-dalaş və mübahisə etməyin, söz güləşdirməyin, nə cavab verəcəksiniz? Əgər desəm ki, günahların bir azı da sizdədir, nə deyəcəksiniz? Bir halda görürsünüz ki, sizin bir sözünüzə iki cavab verir, bəs, nə üçün ikinci sözü deyirsiniz? Belə hallarda şeytan aralığa girib həm sizi, həm də onu qızışdırır. Hər ikiniz tərslik və inadkarlıq edirsiniz. Bu halda o, sizin heç bir sözünüzü qəbul etməyəcəkdir. Bu cür hallarda mübahisə və dava-dalaş etmək həya pərdəsini parçalayır, hörmət ortadan götürülür və artıq heç bir ümidə, məsləhətə yer qalmır. Belə vaxtlarda səbirli və hövsələli olmaq lazımdır. Atalar demişkən, o, od olsa, siz su olun. İmam Əli (ə) buyurmuşdur: “Həyatını mübahisə və dalaşmaqla keçirən adamın gecəsi gündüz olmayacaqdır.” Buna görə də həyat yoldaşınızda tərslik, inadkarlıq müşahidə etdiyiniz zaman heç nə deməyib sakit qalın, bir müddət Allah-Taalanın zikri ilə məşğul olun və bununla da şeytanı öz evinizdən qovub uzaqlaşdırın. Sonra münasib bir vaxtda fürsət tapıb ona mülayimlik və mehribanlıqla nəsihət edin. Öz səhvlərinizi də etiraf edib ondan üzr istəyin ki, bu iş onu da üzr istəməyə məcbur edəcəkdir. İşlərinizdə Allah-Taalanı və Quranı unutmayın və çalışın ki, həyatınızda insanlara həqiqi ülgü olan Əhli-beytin (ə) hədislərinə əməl edəsiniz.



Məktubu cavablandırdı: Əxlaq ustadı Höccətul-İslam vəl-Müslimin Seyid Əli Əkbər Hüseyni



Mənbə: Mirməhəmməd Bəşirin şəxsi bloqu 

Teqlər: ailə ، əxlaq ، arvad ، xanın ، ər
captcha