IQNA

Əxbari alimlərləri ilə tanışlıq - 4

Molla Abdullah Tuni (vf. 1071 hq)

11:34 - March 03, 2016
Xəbər sayı: 3480250
Tehran, 03.03.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

İQNA - (Beynəlxalq Quran Xəbər Agentliyi): Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi…

Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

Molla Abdullah Tuni (vf. 1071 hq)

Fazil Tuni adı ilə məşhur olan Molla Abdullah ibn Məhəmməd Tuni Büşrəvi Xorasani bəzi alimlər tərəfindən "əxbari” adlandırılmışdır. O, mərhum Şeyx Hürr Amuli (vf. 1104 hq) müasir və Molla Xəlil Qəzvini (vf. 1089 hq) ilə dost olmuşdur.

Fazil Tuni bir müddət İsfahanda dini hövzə oxumuş, sonra Məşhədə gedərək orada məskunlaşmışdır... İraqdakı İmamları (ə) ziyarətə gedərkən İranın Kermanşah şəhərində vəfat etmiş və elə orada da dəfn edilmişdir.

Fazil Tuninin "hədisçi”liyə (əxbarilik) ya "üsul”iliyə (müəyyən qanun və qaydalar əsasında ictihad etmək və əqli dəlillərə söykənərək dini hökmlərin əldə edilməsi) daha çox meyilli olması haqqında alimlər ixtilaf ediblər. Bəziləri deyiblər ki, o, üsul alimlərindən və müctəhid olubdur. Bəziləri də onu "əxbari fəqihi”adlandırıblar. Bu ixtilafın səbəbi isə onun verdiyi fətvalardır. Çünki onun fikrincə şər`i və dini hökmləri əldə etmək üçün həm "üsul elmi”nə, həm rical elmi və ravilərin tərcümeyi-halını öyrənməyə ehtiyac vardır. Bu fikirdə olan adamı necə əxbari saymaq olar? Amma digər tərəfdən də onun bəzi rəyləri "əxbarilik” ilə uyğundur. Necə ki, "əqli” hökmün "şəriət” hökmü ilə "mülazimə”sində (yəni sağlam əqlin hökmünü şəriət də təsdiq edərmi ya etməzmi) şəkk edir. Həmçinin "müxalifət”, "ğayət”, "şərt”, "sifət” və "ədəd” kimi məfhumları şər`i hökmlərdə "höccət” bilmir... Əxbarilər kimi ölü müctəhiddən təqlid etməyi doğru sayır.

Bütün bunlar göstərir ki, o əslində öz müstəqil bir metodu olan fəqih olmuşdur ki, bəzi rəyləri əxbariliyə və bəzi rəyləri də üsuliliyə uyğundur və əlbəttə ki, onu öz xüsusi metdodologiyası olan müctəhid adlandırmaq olar.

Bəzi alimlər də onun əxbariliyə meyilli olduğunu vurğulayır və deyirlər ki, Fazil Tuni sadəcə bir çox məsələlərdə əxbarilərlə razılaşmayıb.

Məsələn əxbarilər "icma”nı "höccət” saymır, amma Fazil Tuni "icma”nı höccət sayır.

Həmçinin əxbarilərin əksinə olaraq hədisi "səhih + müvəssəq + həsən + zəif”ə bölür və "səhihlik əlamətlərinə bürünməmiş vahid xəbəri” höccət bilmir.

Habelə Quranın zahirini hədis olmadan da höccət sayır, halbuki əxbarilər Quranın zahirini belə hədis olmadan höccət saymırlar.

Həmçinin "4 kitab”ın (kafi, əl-fəqih, təhzib və istibsar) hədislərinin hamısını gözüyumulu səhih saymır, baxmayaraq ki, müəyyən şərtlərlə 4 kitabı ümumilikdə höccət sayır.

Əxbarilərin çoxunun əksinə olaraq ki, Cümə namazını "böyük ğeybət” dövründə vacib bilirlər, o, haram bilir və bu barədə bir kitabça da yazmışdır.

Fazil Tuninin mühüm əsərləri:

1). Əl-Vafiyətu fi üsulil-fiqh - (əqli məsələlər, o cümlədən ictihad və təqlid məsələsində mühüm mövzuları əhatə edir). Seyyid Cavad Amuli (vf. 1226 hq), Seyyid Mehdi Bəhrul-Ülum (vf. 1212), Vəhid Behbəhani (vf. 1205 hq), Sədrud-din Məhəmməd Həmədani, Seyyid Möhsin Ərəci (vf. 1227) və Seyyid Həsən Hüseyni kimi böyük alimlər bu kitaba şərh yazıblar.

2). əl-Fehrest li-Təhzibil-Əhkam liş-Şeyx ət-Tusi.

Hazırladı: Mirməhəmməd Bəşir


captcha