IQNA

12:14 - April 13, 2017
Xəbər sayı: 3481533
Azərbaycan İslam Partiyası bu ölkədə məscid söküntüsünün yolverilməz olduğunu bəyan edir.

AİP məscidlərlə bağlı bəyanat yaydı

Paytaxtda daha iki məscidin sökülməsi ilə bağlı Azərbaycan İslam Partiyası etiraz bəyanatı yayıb. Partiyanın Mətbuat Xidmətindən "İslaminSesi”nə daxil olan bəyanatda deyilir.

"Bu gün Azərbaycan hökumətinin sözü ilə əməli arasında ziddiyyət özünü göstərməkdədir. İlimizin "İslam Həmrəyliyi ili" adlandırılmasına və dünyanın müsəlman ölkələrinin vəhdətə, həmrəyliyə çağırılması, Azərbaycanın həmin ölkə nümayəndələrini Bakıda gözlənilən İslam oyunlarına dəvətinə baxmayaraq ölkədə, onun paytaxtı Bakı şəhərində məscidlərin söküntüsünə rəvac verildi. Dindarların, namaz əhlinin, adi vətəndaşların, ümumən müsəlmanların etiraz və təpkisinə baxmayaraq, keçmiş "Sovetski" deyilən ərazidə qədim tarixi abidə hesab edilən, ibadət ocaqlarından biri artıq sökülmüş, "Hacı Cavad" məscidinin isə dağıdılmasına cəhdlər göstərilməkdədir.

Dindarların ölkə başçısına rəsmi müraciətinə baxmayaraq, ağır texnika Hacı Cavad məscidinin söküntüsünə cəlb edilmişdir. Azərbaycan İslam Partiyası ölkəmizdə məscid söküntüsünün yolverilməz olduğunu bəyan edir. Əhalisi müsəlmanlardan ibarət olan bir məntəqədə, ölkədə hər hansı bir şərt, hətta zərurət belə olsa Allah evinin dağıdılması heç bir halda, heç bir qövmə xeyir gətirməyəcək.

Biz İslam dinimizin təəssübkeşləri, müqəddəs dəyərlərimizin daşıyıcıları olaraq mövcud vəziyyəti qiymətləndirir, bu mənəvi böhranın dayandırılmasını vacib hesab edirik. İbadət ocaqları xalqımızın tarixi, mənəvi keçmişinin müqəddəs abidələridir. Kimliyindən asılı olmayaraq belə ocaqların söndürülməsi, dağıdılması heç bir müsəlmana, bütövlükdə Azərbaycana İslam dünyası qarşısında baş ucalığı gətirməz. Bu addım ölkəmizdə elan olunmuş "İslam Həmrəyliyi" şüarı və istəyi ilə daban-dabana ziddiyyət təşkil edir.

AİP olaraq əlaqədar təşkilatları və söküntüyə sərəncam verən dövlət qurumlarını bu addımdan çəkinməyə çağırırıq".

Azərbaycan İslam Partiyası

Ad:
E-poçt:
* Comment:
* captcha: