Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Deyerler.org-a istinadla xəbər verir ki, İraqın terrorla mübarizə komandirlərindən biri aprelin 15-də gecə baş verən bu hücumun Əl-Abar qəsəbəsində baş verdiyini və terrorçuların bu hücumda xlor qazı ehtiva edən minaatan və qumbaraatanlardan istifadə etdiyini bildirib.
Bu hücumda 7 mülki vətəndaşın zəhərli qazdan təsirlənməsi səbəbilə bölgədəki xəstəxanalara yerləşdirildiyi qeyd olunub.
Digər tərəfdən, Mosulun qərbinin üçdə ikisində nəzarəti təmin edən İraq qüvvələri, aprelin 16-da Havi Əl-Kənis məhəlləsinə daxil olmağı bacarıblar.
İraqın Birgə Əməliyyatlar Komandanlığından verilən açıqlamada, İraq silahlı qüvvələrinin Havi Əl-Kənis məhəlləsinə daxil olmaqla Mosulun qədim hissəsini mühasirəyə almağa nail olduğu qeyd olunub. İraq qüvvələrinin bölgəyə hücum üçün təlimat gözlədiyi bildirilib.
Açıqlamada İraq qüvvələrinin Mosulun "17 iyun" məhəlləsindəki İŞİD-in ən böyük bazası və mövqelərini lazerlə idarə olunan raketlə vurduğu qeyd olunub. Bundan başqa Mosulun qərbindəki 3 digər məhəlləsində də, İŞİD hədəflərinin məhv edilməsi ilə bağlı xəbərlər verilib.