IQNA

Tavus övladları (Ali- Tavus)

9:37 - February 08, 2018
Xəbər sayı: 3482746
Seyid Tavusun şəxsi kitabxanasında 1500-dən çox kitab olmuşdur. Bu kitablardan istifadə edərək 100 civarında kitab təlif etmişdir ki, bunlardan 50 civarında dua, ziyarət və ibadi əməllər barəsindədir.

Tavus övladları (Ali- Tavus)İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "t.me/mirmehemmedbesir" teleqram kanalına istinadla verdiyi xəbərə görə, şiələrin altıncı imamı, məsum rəhbəri və “Cəfəri məzhəbi”nin başçısı Həzrət İmam Cəfər Sadiq ibn Məhəmmədbaqirin (ə) öz əmiuşaqları və sülalələrindən olan DAVUD adlı süd qardaşı var idi. Sonralar Davudun nəslindən olan bir seyyid Mədinə şəhərində hüsni-camal və kamalı ilə məşhurlaşdı. Seyyidin adı Əbu Abdullah Məhəmməd ibn İshaq idi. O, əxlaq, əməl, kamal və camalda o qədər gözəl idi ki, hamı onu gözəllikdə hamını heyran qoyan Tovuzquşunun adı ilə “Seyyid Tavus” çağırırdı. Bu kamal və camal səbəb oldu ki, onun nəslindən olanlar da bu adla çağırılsınlar. Amma bu ləqəbin dünya şöhrəti qazanması Seyyid Məhəmməd ibn İshaqın yeddinci nəsil övladlarının vasitəsilə həyata keçdi. Belə ki, 6-cı əsrin sonları və 7-ci əsrin əvvəllərində şiələrin iki məşhur alimi bu ailədə birləşdi. Şeyx Tusinin (vf.460 hq) qız nəvəsindən olan Seyyid Musa, şiələrin digər böyük alimi Vərram ibn Əbi Fürasın (vf. 605 hq) qızı ilə evləndi. Bu mübarək evlilikdən iki böyük alim dünyaya göz açdı:

Seyid Rəziyuddin Əli ibn Musa ibn Cəfər ibn Tavus Hilli (589 – 664 hq)

Seyid Cəmaluddin Əhməd ibn Musa ibn Cəfər ibn Tavus Hilli (vf. 673 hq)

Bu iki qardaş, yəni Seyyid Əli və Seyid Əhməd və Seyid Əhmədin oğlu Seyid Qiyasuddin Əbdülkərim ibn Əhməd (648 – 693 hq) “Seyyid ibn Tavus” adı ilə məşhurdurlar. Amma harada “Seyyid Tavus” və ya “Seyyid ibn Tavus” və ya “İbn Tavus” qeyidsiz yazılırsa, məqsəd bu qardaşların ən məşhuru Seyid Rəziyuddin Əli ibn Tavusdur.

Seyid Rəziyuddin Əli ibn Musa ibn Cəfər ibn Tavus Hilli (589 – 664 hq) öz dua kitabları ilə məşhurdur. O, cəddi Şeyx Tusinin “Misbahul-Mütəhəccid” kitabına dua, ziyarət və ibadi əməlləri ehtiva edən “əl-muhimmat vət-tətimmat” adlı 8 cildlik kitabı tamamlayıcı olaraq yazmışdır ki, bu kitab özü hazırda səkkiz hissəyə bölünərək 8 ayrı adla (“İqbalul-Ə`mal”, “Fəlahus-Sail” və s...) çap edilir. O, həm də Kərbəla müsibətindən bəhs edən məşhur “Lühuf” kitabının müəllifidir.

Seyid Rəziyuddin Əli ibn Musa ibn Cəfər ibn Tavus Hillinin öz dediyinə görə, şəxsi kitabxanasında 70 cildi dua barədə olmaqla, 1500-dən çox qədim kitab olmuşdur. Bu kitablardan istifadə edərək 100 civarında kitab təlif etmişdir ki, bunlardan 50 civarında dua, ziyarət və ibadi əməllər barəsindədir.

Seyid vaxta və vəsaitə qənaət etmək üçün dua kitablarında sənədlərini ixtisara salsa da bu kitablar daima şiə alimləri tərəfindən mötəbər hesab edilibdir. Alimlərimiz “İqbalul-Ə`mal” kitabı barədə deyirlər ki, Seyyid bu kitabı yazmaqla bizə böyük lütf edib və minnət qoymuş olub.

Seyyid “İqbal” kitabını ömürünün sonlarında, yəni 60 yaşında ikən, 650 hq.dən 656-cı ilə qədər yazaraq tamamlayıb. Bu kitabda ilin 12 ayının hər gününün duaları və ibadətləri yer almışdır ki, Şeyx Abbas Qumi də “Məfatih”də əsasən bu kitabdan istifadə etmişdir.

Qeyd edim ki, Seyid Rəziyuddin Əli ibn Musa ibn Cəfər ibn Tavus Hilli öz dövründə “ələvilər”in “nəqib”i, yəni “seyyid”lərin bütün siyasi, ictami və iqtisadi işlərində və eləcə də məhkəmə məsələlərində başbiləni və hakimləri olmuşdur. 

Mirməhəmməd Bəşir       

 

Teqlər: iqna ، tavus ، tovuzquşu ، seyyid tavus ، dua ، dua kitabı
captcha