İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanların bəziləri hazırda Həcc ayinlərini yerinə yetirmək üçün Vəhy diyarına yola düşüblər, bəziləri artıq Peyğəmbər (s) şəhərindədir və bəziləri də getmək üçün hazırlaşır.
Müqəddəs Mədinə şəhərində "Məscidun-Nəbəvi"nin qərb eyvanında nümayiş edilən Qurani-Kərim sərgisi bu il də hər ildə olduğu kimi hacılar tərəfindən maraqla qarşılanıb və hər gün bu sərgini çox sayda hacı ziyarət edir.
Sərgi Həcc mövsümündə Allah evinin ziyarətçiləri və hacılar üçün nümayiş edilir. Hacılar bu sərgidə müxtəlif qədim və nadir əlyazma Quran nüsxələri ilə tanış olurlar.
Sərgidə Qurani-Kərimin qədim və nadir əlyazma nüsxələri, hüsnxətt ilə yazılmış xəttatlıq nümunələri nümayiş olunur. Ziyarətçiləri bu əsərlərlə tanış etmək üçün sərgidə İngilis, Urdu, Fransız, İndoneziya, Türkiyə və Housa dillərində məlumat kitabçası vardır.
Sərginin keçirildiyi muzeyin müxtəlif bölmələri vardır ki, bunlardan birində sərgi barədə qısa sənədli videolar göstərilir. Videolarda Qurani-Kərimin nazil olma mərhələləri, ayə və surələrin nazil olması ardıcıllığı, ayə və surələrin fəziləti, Quranın ecazkarlığı, Quranın toplanması və Qiyamətədək təhrifdən qorunması barədə danışılır.
Bu sərgidə Qurani-Kərimin müxtəlif dövrlərə aid ən nəfis əlyazma nüsxələri və Kəbənin 140 il öncə toxunmuş pərdəsi də nümayiş olunur.
http://iqna.ir/fa/news/3735120