IQNA

9:36 - October 31, 2019
Xəbər sayı: 3486060
rəbiül-əvvəl ayının 17-si – əziz İslam Peygəmbərinin (s), aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları günüdür.

Bismilləhir-Rahmənir-Rahim!

Əziz və dəyərli həmvətənlərimizin nəzərinə çatdırırıq ki, rəbiül-əvvəl ayının 17-si – əziz İslam Peygəmbərinin (s), aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları günüdür.

Şükürlər olsun ki, bu mövludlar münasibətilə artıq on üçüncü dəfədir Vətənimizdə mübarək bir ənənənin yaşanması baş verir. Böyük məmnuniyyətlə bildiririk ki, 13-cü dəfədir ki, elmi-intellektual yarışa – "Mövlud Olimpiadası"na start verilir.

XIII "Mövlud Olimpiadası" – əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və "Vəhdət həftəsi"münasibətilə keçirilir.

 

Builki olimpiadanın qaydalarını nəzərinizə çatdırırıq:

- XIII Mövlud Olimpiadasının suallarının Ustad Ayətullah Möhsin Qəraətinin Quran təfsirinin (“Nur” təfsiri) 1-ci cildindən tərtib edilməsi nəzərdə tutulmuşdur.

XIII Mövlud Olimpiadasına düşəcək suallar birinci cildin hamısını deyil, yalnız ikinci hissəsini (Qurani-Kərimin ikinci cüzünə aid hissəsini) əhatə edəcəkdir.

 

- Mövlud Olimpiadasında iştirak etmək üçün, buraya keçid edərək, iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, e-mail ünvanını) bildirmək lazımdır.

- Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddəti 2019-cu il noyabr ayının 13-ü, saat 23.00-a qədərdir.

 

Və sonda bir daha üzümüzə gələn mübarək mövludlar münasibətilə Sizləri təbrik edərək, Mövlud Olimpiadasındakı yarışlarda Sizə uğurlar arzulayırıq.

 

Xatırlatmaq istərdik ki, ilk "Mövlud Olimpiadası" 2008-ci ildə baş tutmuşdur. Yarışa qatılan 117 olimpiada iştirakçısından ən çox xal toplayan Kərimli Namiq "Mövlud Olimpiadası"nın qalibi elan edildi. Aynur Məmmədova və Emin Yasinov isə müvafiq olaraq 2-ci və 3-cü yeri bölüşdürmüşdürlər.

 

2009-cu ildə II "Mövlud Olimpiadası"nda artıq 135 nəfər iştirak etmişdir. İkinci olimpiadanın nəticələrinə görə Allahverdi Nəcibə xanım və Yusifova Kəmalə xanım 49 xal toplayaraq, 2-3-cü yerləri bölüşdürmüşlər. Abbasova Leyla xanım isə hər 3 mərhələnin ümumi nəticəsinə görə 50 xal toplamaqla, olimpiadanın qalibi olmuşdur.

 

2010-cu ildə III "Mövlud Olimpiadası" 189 nəfərin iştirakı ilə keçirilmişdir. Üçüncü olimpiadanın qalibi - Mətləb Həmzəyev son turda ən çox xal toplamaqla 1-ci yerə çıxmışdır, Aydın Cümşüdov ümumi 56 xal toplamaqla 2-ci yeri tutmuşdur, 3-cü, 4-cü və 5-ci yerləri isə müvafiq olaraq İlmar Əliyev (52 xal), Azər Quliyev (46 xal), Rəna Həsənova (45 xal) bölüşdürmüşlər.

 

2011-ci ildə isə IV "Mövlud Olimpiadası" 300-dən artıq insanın iştirakı ilə keçirilmişdir. Bu yarışda 61 xal yığmış Salman Nəcəfov 1-ci yerə layiq görüldü. 2-ci yerə 59 xal toplamaqla İsmayıl Süleymanov çıxdı. 3-cü, 4-cü və 5-ci yerləri isə Bahadır Muradov, Xəqani Səfərov və Pərviz Həmidov bölüşdürmüşlər.

 

2012-ci ildə yüzlərlə insanın qoşulduğu V "Mövlud Olimpiadası"nda Aydın Cümşüdov 1-ci, Bahadır Muradov 2-ci və Fərid Mikiyev 3-cü yerə layiq görüldü.

 

2013-cü ildə VI "Mövlud Olimpiadası"nda 71 bal toplamış Masiyeva Leyla xanım I yeri tutmaqla Olimpiadanın qalibi olmuşdur. II yeri ƏIiyev Coşqun, III yeri isə İsayeva Mədinə xanım tutmuşlar.

 

2014-cü ildə VII "Mövlud Olimpiadası"nda finala çıxmış 43 iştirakçıdan 14-ü son turda önəmli nəticələr göstərmiş və xüsusi diplomlarla təltif olunmuşlar. İştirakçılardan daha 3 nəfəri 20 bal, 2-si isə 21 bal toplamışdır. Beləliklə, öncəki turların nəticələri nəzərə alınaraq, sözügedən müsabiqə iştirakçıları aşağıdakı yerləri tutublar: V yer - İsayeva Mədinə xanım; IV yer – Mirzəxanova Günel xanım; III yer – Cəfərli Orxan; II yer - ƏIiyev Coşqun. Allahverdi Xədicə xanım I yeri tutmaqla VII "Mövlud Olimpiadası"nın qalibi olmuşdur.

 

2015-ci ildə VIII "Mövlud olimpiadası"nda final mərhələyə çıxmış 46 iştirakçıdan 20 nəfəri finala çıxdığına görə fəxri fərmanla təltif edilib. 11 nəfər 19-22 bal toplamaqla önəmli nəticəyə görə təltif olunub. 4 nəfər 23 bal, 5 nəfər isə 24 bal toplamaqla çox önəmli nəticəyə görə təltif olunub.

24 xal yığmış Mütəllimova Rəna xanım öncəki turların göstəricilərini nəzərə almaqla V yeri, Nadiroğlu Taleh isə IV yeri qazanıblar.

Olimpiadanın 3 iştirakçısı isə 25 mümkün xaldan 25-ni də toplamışdır. Lakin, öncəki turlanın nəticələrinə görə, III yeri – İsmayılova Rəna xanım, II yeri - Cəfərli Orxan və I yeri – Allahverdi Xədicə xanım tutmaqla VIII "Mövlud olimpiadası"nın qalibi olub.

 

2015-ci ilin dekabrında IX "Mövlud olimpiadası"nda son mərhələyə çıxmış 75 iştirakçı finala çıxdığına görə təltifnaməyə layiq görülmüşdür. 52 nəfər isə 20-26 bal toplamaqla önəmli nəticəyə görə təltif olunmuşdur.

Olimpiadanın iştirakçılarından 3-ü 28 mümkün xaldan 27-ni toplamışdır. Lakin, öncəki turlanın nəticələrinə görə,

III – IV yer – Allahverdiyeva Mədinə xanım və İsmayılova Rəna xanım arasında bölünmüşdür.

II yeri - İsmayılova Gülsüm xanım tutmuşdur.

Mütəllimova Rəna xanım isə 28 mümkün xaldan 28-ni toplamaqla I yeri tutmuş və IX "Mövlud Olimpiadası"nın qalibi olmuşdur.

 

2016-cı ildə X “Mövlud olimpiadası”nda qeydiyyatdan keşmiş 203 nəfərdən 28 nəfər iştirakçı final mərhələyə çıxmışlar. Finala çıxmış 15 nəfər iştirakçı 19 xal toplamaqla önəmli nəticəyə görə təltif olunmuşdur.

Allahverdi Xədicə xanım və Qasımbəyli Nərgiz xanım Final mərhələsində 24 xal toplamışlar. Amma, öncəki mərhələlərin nəticələrini nəzərə alaraq, Allahverdi Xədicə xanım 62 xalla III yeri, Qasımbəyli Nərgiz xanım 70 xalla II yeri tutmuşdur.

Final mərhələsində 26 xal toplamış (cəmi 75 xal) İsmayılova Gülsüm xanım I yeri tutmaqla X "Mövlud Olimpiadası"nın qalibi olmuşdur.

 

2017-ci ildə XI “Mövlud olimpiadası”nda qeydiyyatdan keşmiş 140-a qədər iştirakçıdan 51 iştirakçı üçüncü - Final mərhələsinə keçmək imkanı qazanıb.

Final mərhələsində bir iştirakçı maksimum mümkün 27 bal, 3 nəfər isə 25 toplamışdır. Lakin, öncəki turların nəticələrini nəzərə alaraq Əliyeva Leyla xanım 72 xalla IV nəticə, Həsənova Zeynəb xanım 76 xalla III nəticə, İsmayılova Gülsüm xanım 78 xalla II nəticəni göstərmişdir.

İsmayılova Rəna xanım 79 xal toplamaqla XI Mövlud Olimpiadasının qalibi olmuşdur.

 

2018-ci ildə XII "Mövlud Olimpiadası"nda qeydiyyatdan keçən 110-a qədər iştirakçının içərisindən lazımi keçid xalını yığan 37 iştirakçı üçüncü – Final mərhələsinə keçmək imkanını qazanmışdı.

Final mərhələsində bir iştirakçı iştirakçılar arasında ən yüksək balı - 24 bal, 4 nəfər isə 23 bal toplamışdır. Lakin, öncəki turların nəticələrini nəzərə alaraq, yerlər belə bölünmüşdür:

- İsmayılov Asif 64 xalla V nəticə,

- Nəzərov Tural 65 xalla IV nəticə,

- Allahverdiyeva Mədinə xanım 67 xalla III nəticə,

- İsmayılova Rəna xanım 67 xalla II nəticəni göstərmişdir.

- Nəzərova Şəbnəm xanım maksimum xal toplamaqla XII Mövlud Olimpiadasının qalibi olmuşdur.

 

Bəli, şükürlər olsun ki, artıq 13-cü dəfədir Vətənimizdə bu mübarək ənənə yaşanır!

 

 

Təşkilat Komitəsi

 

 

Kitabın elektron versiyasını buradan yükləyin:

 

nur_tefsiri-1-ci_cild_2-ci_cuz.doc [714 Kb] (yükləmələr: 46)

 

 

 

 

Ayətullah Möhsin Qəraətinin

 

Quran təfsiri

 

(“Nur” təfsiri)

 

 

 

 

NUR TƏFSİRİ

 

BİRİNCİ CİLD

 

MÜƏLLİF: Möhsün Qəraəti

 

TƏRCÜMƏ EDƏN: Hacı Arzu

 

 

 

 

 

 

 

 

 

İKİNCİ CÜZ

“Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir”

(“Bəqərə” surəsi, 142)

Nöqtələr

◘ Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərindən Həzrət Peyğəmbər və müsəlmanlar besətdən sonrakı on üç il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar üzü Kəbəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər etiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rükət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kəbəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer “qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.[1]

Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!

Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.

◘ Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kəbəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir.

 

Bildirişlər

  1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
  2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha etiraz səfehlik nişanəsidir.
  3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
  4. Sual vermək qəbahət deyil. Amma etiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
  5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
  6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bəzilərinin hidayətinə səbəb olmuşdu.

 

“Beləcə, Biz sizi orta bir ümmət qərar verdik ki, siz xalqa şahid olasınız, Peyğəmbər isə sizə. Əvvəlcə üz tutduğun qiblədən səni ona görə döndərdik ki, peyğəmbərə itaət edənləri cahiliyyətə qayıdanlardan seçək. Şübhəsiz ki, bu (qiblənin dəyişilməsi), Allahın hidayət etdiyi kəslərdən başqalarına çətin oldu. Allah heç vaxt sizin imanınızı zaya çıxarmaz. Çünki Allah xalqa rəhim və mehribandır”.

(“Bəqərə” surəsi, 143)

 

Nöqtələr

◘ Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə Həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən BeytülMüqəddəsə üz tuturdular. Amma Kəbə bu iki tərəfin arasında yerləşirdi. Quran bu mövzuya işarə ilə buyurur ki, biz Kəbəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.

Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət təbiri haqqında bəziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.

Amma bəzi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət təbiri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:

  1. Quran orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.
  2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.
  3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.

Rəvayətlərdə oxuyuruq ki, orta ümmət məsum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Quranda işarə olunur.[2] Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan möminlər dedikdə məsum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər.[3]

İsmət (paklıq) və ədalət onları etibarlı etmişdir.

İmam Sadiq (ə) buyurmuşdur: “Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə məsum imamlardan ibarətdir.

Sual oluna bilər ki, nə üçün Allah bəzilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Quran hətta bir nəfəri də ümmət sayır.3

Qiblənin dəyişmə fəlsəfəsi:

◘ Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bəzilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.

Uyğun məsələ ilə bağlı Quran bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.

◘ Bu ayədə namaz əvəzinə iman sözü işlənmişdir. Bu isə namazın böyük əhəmiyyət və məqamını göstərir, onun bütün imanla bərabər olduğunu önə çəkir.

Bildirişlər

  1. İlahi övliyalar bizim əməllərimizə nəzarət edirlər.

Bəli, bəzi insanların elə bir tutumu var ki, bütün əməlləri görüb tarix boyu insanların maraqlarından xəbərdar olurlar.

  1. Qiyamətdə silsilə mərtəbələr var. Qiyamət məhkəməsi elə qurulmuşdur ki, əvvəlcə xalqın işinə imamlar şəhadət verir, sonra isə peyğəmbərlər imamlara şahid olurlar.
  2. İmtahan dəyişməz ilahi qanundur Allah bəzən Öz əmrlərini dəyişməklə xalqı imtahana çəkər.
  3. Dini göstərişlərə itaət inkişaf və kamillik mayası, itaətsizlik isə bir növ irticadır.
  4. Allahın əmrindən savay istiqamət, rəng, zaman, məkan və digər xüsusi şivələrə adət etməyin. İnsan bir şeyə adət etdikdə, həmin adətin ziddinə olan ilahi göstərişdən boyun qaçırmağa meyilli olur.
  5. Adi insanlar üçün təslim məqamı ağırdır. Yalnız Allahın xüsusi hidayətinə nail olmuş insanlar həmin məqama çata bilir.
  6. Hər hansı qanun və göstəriş əvvəlki dövrə aid olmur. Əgər bu gün qibləni dəyişmək əmri gəlmişsə, əvvəlki namazlar doğrudur və bu gündən başlayaraq başqa tərəfə üz tutmalıyıq.
  7. İstər təkvini, istər təşrii dəyişikliyin hamısı Allahın rəhmətindəndir.

 

“(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan.

İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü MəscidülHərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil”.

(“Bəqərə” surəsi, 144)

 

Nöqtələr

◘ Bu ayə Həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır.

Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişməsi Allahın Öz peyğəmbərinə vədi idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kəbəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.[4]

◘ Həzrət Peyğəmbərin (s) Kəbənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tənələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kəbəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kəbəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.

Bildirişlər

  1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
  2. Allah insanların istəklərindən agahdır.
  3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
  4. Peyğəmbər (s) Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O, öz intizarını baxışı ilə bildirir.
  5. Allah Öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı – Peyğəmbərin (s) razılığıdır.
  6. Quran həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
  7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. “Şətr” səmt deməkdir. Yəni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kəbəyə tutmaq zəruri deyil.

“(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bəziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan”.

(“Bəqərə” surəsi, 145)

 

Nöqtələr

◘ Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.

◘ Quranın Peyğəmbərə (s) xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.

Bildirişlər

  1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
  2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.
  3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
  4. Alimlərin azğınlığı çox təhlükəlidir.
  5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
  6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
  7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
  8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
  9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
  10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.

 

“(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu

gizlədirlər”.

(“Bəqərə” surəsi, 146)

 

Nöqtələr

◘ Quranda bu həqiqət dəfələrlə təkrarlanmışdır ki, kitab əhli Tövrat və İncilin verdiyi müjdəyə görə İslam peyğəmbərinin zühurunu gözləyirdilər. Son peyğəmbərin xüsusiyyətləri onlara elə açıqlanmışdır ki, onu öz övladları tək tanıyırdılar. Amma bütün bunlara baxmayaraq, onlardan bir dəstəsi həqiqəti gizləyirdi. Quranın digər bir yerində buyurulur: “Onlar nəinki peyğəmbərlərdən, hətta onun təşkil etdiyi cəmiyyət və yardımçılarından da xəbərdar idilər. Ayədə oxuyuruq: “Məhəmməd Allahın rəsuludur və onunla olanlar kafirlər qarşısında sərt, öz aralarında mehribandırlar. Onları daim rüku və səcdə halında görərsən. Onlar daim Allahın fəzlini və razılığını istəyirlər. Onların əlaməti üzlərindəki səcdə əsərindən görünür. Bu onların Tövrat və İncildəki vəsfləridir.[5]

◘ Quran kitab əhlinin İslam peyğəmbərini tanımasını atanın öz oğlunu tanımasına bənzədir. Atanın öz oğlu ilə tanışlığı isə ən üstün tanışlıqlarıdır. Çünki bu tanışlıq təvəllüd zamanından, hətta ondan da qabaq formalaşır. Bu tanışlıq intizarla müşayiət olunur. Bu tanışlıqda şəkkə yer yoxdur.

◘ Elmi gizlətmək ən böyük günahdır. Quran elmi gizlədənlər haqqında buyurur: “Allah və bütün mələklər, ins və cin, hər bir şüurlu varlıq həmişəlik onlara lənət və nifrin oxuyur.[6] Bəli, həqiqəti gizləmək öz övladını gizləmək kimidir. Əlbəttə ki, dünya ləzzətlərinə xatir atanın öz övladını inkar etməsi böyük namərdlikdir!

 

Bildirişlər

  1. İnsanda həqiqətpərəstlik ruhiyyəsi olmasa, elm təklikdə kifayət etmir. Yəhudilər Allahın rəsulunu dərindən tanıdıqları halda yenə də onu qəbul etmədilər.
  2. Hətta düşmənlərə münasibətdə də insafı gözləyək. Quran bütün kitab əhlini həqiqəti pərdələyən kimi tanıtdırmır.

 

“Haqq (o şeydir ki,) sənin Rəbbinin tərəfindəndir. Belə isə, heç vaxt tərəddüd edənlərdən olma”.

(“Bəqərə” surəsi, 147)

 

Bildirişlər

  1. Haqq, Allahın nəhayətsiz elm mənbəyindən qaynaqlanır.
  2. Vəhy və rəvayət yolu ilə sübuta yetən ilahi göstərişlər və fərmanlar mübahisə mövzusu deyil.
  3. Rəhbər qətiyyətli və gördüyü işə əmin olmalıdır, xüsusilə qanunu dəyişəndə və ya bir adəti əvəz edəndə!

 

 

“Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir”.

(“Bəqərə” surəsi, 148)

 


Nöqtələr

◘ “Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü “üsul”, “şivə” kimi mənalandırsaq, ayənin mənası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu məna “İsra” surəsinin 84-cü ayəsinin mənasına oxşayır.

◘ Bəzi təfsirçilər “ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mənası belə olur: Hər kəsin Allah tərəfindən təyin olunmuş qibləsi var.

◘ Xeyir işdə önə keçmək onun dəyərini artırır. Quranda xeyir iş müxtəlif formalarda təbir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: “Onlar yaxşılıqda sürət götürürlər.”[7]

◘ Bəzi rəvayətlərdə uyğun ayə haqqında deyilir: “Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”[8]

Bildirişlər

  1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
  2. Mənasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
  3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
  4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.

 

“(Ey peyğəmbər,) haradan (səfər məqsədi ilə) xaric oldunsa (namaz zamanı) üzünü Məscidül-Hərama doğru çevir. Bu göstəriş sənin Rəbbinin tərəfindən olan haqq göstərişdir. Allah etdiyiniz əməllərdən xəbərsiz deyildir”.

(“Bəqərə” surəsi, 149)

 

Nöqtələr

◘ Əvvəlki ayələrdə Məscidül-Hərama diqət müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Bu ayədə isə belə buyurulur: “Səfərdə olarkən də namaz vaxtı üzünüzü Məscidül-Hərama tutun.

“(Ey peyğəmbər,) Haradan xaric oldunsa (namaz vaxtı) üzünü Məscidül-Hərama döndər. (Siz müsəlmanlar da) harada olsanız (evdə və ya səfərdə), üzünüzü ona tutun. Belə ki, sitəmkarlar istisna olmaqla, xalq üçün sizə qarşı mübahisə imkanı olmasın. Belə isə, onlardan yox, Məndən qorxun. (Bilin ki, qiblənin dəyişməsi səbəbi) Öz nemətimi sizə tamamlamağımdır. Bəlkə siz hidayət olasınız”.

(“Bəqərə” surəsi, 150)

 

Nöqtələr

◘ Qiblənin dəyişmə məsələsinin müxtəlif ayələrdə təkrarlanması onun əhəmiyyətini göstərir. Bundan əlavə, bu mövzu ilə bağlı hər bir ayədə yeni bir məsələ də bəyan olunmuşdur. Məsələn, bu ayədə Allah MəscidülHərama üz tutmaq göstərişindən sonra buyurur: “Bu ona görədir ki, camaat peyğəmbərin və müsəlmanların əleyhinə bəhanə tapmasınlar. Kitab əhli yaxşı bilirdi ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılır. Əgər həzrət Peyğəmbər (s) belə etməsəydi, onlar irad tutardılar ki, əvvəlki səmavi kitablarda zikr olunmuş xüsusiyyətlər İslam peyğəmbərində yoxdur. Ya da müsəlmanlara istehza edərdilər ki, onların müstəqil qibləsi yoxdur və yəhudilərin qibləsinə üz tuturlar.

Əlbəttə, bu irad təkcə yəhudilər tərəfindən irəli sürülmürdü. Müşriklər də onların yolunu davam etdirib deyirdilər: Əgər Məhəmməd İbrahim ayinlərinə diqqətlidirsə, nə üçün İbrahimin tikdiyi evə üz tutmur? Münafiqlər də öz növbəsində sakit dayanmayıb qiblənin dəyişmə məsələsində xırdaçılığa varır və deyirdilər: Peyğəmbərdə sabit rəy yoxdur. Hər halda, Allah təkid və təkrarla müsəlmanları hansısa mövzunun qəbuluna və sabitqədəmliyə hazırlayırdı. Xatırladılırdı ki, dəlil axtaranlar sizdə nöqsan tapmayacaq. Amma haqgizlədən zalımlar öz bəhanələrindən əl çəkməyəcəklər. Siz onlara etina etməməli, onlardan qorxmamalı, yalnız Allahdan qorxmalısınız.

◘ Qiblə tövhid nişanəsi və tövhidin izharıdır. Qiblə müsəlmanlığın simvoludur. “Nəhcül-bəlağə”də Kəbə bayraq, yəni İslamın aşkar nişanəsi kimi yad edilir. Bütpərəstlər və ulduzpərəstlər dua zamanı üzlərini bütə, ulduza və aya tuturdular. Amma İslam bütün bunların yerində Allah evini qərar verdi. Qibləyə üz tutmaq diqqətin Allaha yönəldilməsi nişanəsidir.

Rəvayətdə oxuyuruq: Peyğəmbər (s) adətən üzüqibləyə oturardı. Tövsiyə etmişlər ki, üzüqibləyə yatın, üzüqibləyə oturun. Hətta üzüqibləyə oturmaq ibadət sayılmışdır. Qiblənin xüsusi yeri və hörməti vardır. Bəzi əməllər zamanı ona diqqət vacibdir. Məsələn, vacib namazlar üzüqibləyə qılınmalıdır. Heyvanın kəsilməsi, meyitin dəfni üzüqibləyə yerinə yetirilməlidir. Ayaqyolunda üzüqibləyə və ya arxası qibləyə oturmaq haramdır.

Deyilənlərdən əlavə, qiblə müsəlmanların vəhdət və birlik amilidir. Əgər yuxarıdan yer kürəsinə, müsəlmanlara nəzər salsaq, görərik ki, onlar gündə beş dəfə xüsusi nəzm-nizamla üzüqibləyə dayanırlar. Kəbə ilahi hərəkatların və inqilabların qərargahı və hazırlıq məkanıdır. Həzrət İbrahim, həzrət Məhəmməddən (s) başlamış iman Hüseyn (ə), gələcəkdə isə həzrət Mehdiyədək (ə) bütün ilahi insanlar öz hərəkatlarına Kəbə ətrafından başlamışlar (və başlayacaqlar). Kəbənin əzəməti haqqında təkcə bunu demək yetər ki, müsəlmanlar “qiblə əhli” adlandırılırlar.

◘ Allah Təala qiblənin dəyişmə əhvalatı haqqında buyurur: “Qiblənin dəyişməsi onun üçündür ki, gələcəkdə Öz nemətimi sizin üçün tamamlayam. Yəni sizin istiqlalınız və Kəbəyə diqqətiniz gələcəkdə nemətlərin tamamlanması zəminəsidir.”

Bu əhvalat hicri 2-ci ildə Mədinədə baş verdi. Hicri 8-ci ildə də Allah Məkkənin fəthi münasibəti ilə nemətlərin tamamlanması məsələsinə işarə etdi.[9] Yəni bu qələbənin səbəbi odur ki, Allah gələcəkdə sizə olan nemətlərini tamamlasın. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər iki ayədə nemətlərin tamamlanması “müzare” (gələcək zaman) formada bəyan olunmuşdur. Bu isə hadisələrin gələcəkdə baş verəcəyini göstərir. Amma hicri 10-cu ildə hiccətül-vidadan qayıdarkən “Maidə” surəsinin ĞədireXumda nazil olmuş üçüncü ayəsində belə buyurulur: “Bu gün Öz nemətimi sizin üçün tamamladım.” Bundan qabaq isə məsum rəhbər tanıtdırılmışdı.

Maraqlıdır ki, Allah xalqın qibləyə üz tutmasını nemətlərin tamamlanmasında birinci, Məkkənin fəthini isə növbəti addım kimi tanıtdırır. İlahi rəhbərin təyini və tanıtdırılması isə nemətlərin tamamlanmasında son addımdır. Xatırlatmaq lazımdır ki, qiblənin dəyişməsində, eləcə də rəhbərin təyinində “onlardan qorxmayın, Məndən qorxun” buyurulur. Çünki hər iki halda qarşı tərəfin müqaviməti, bəhanəçiliyi, şayiəbazlığı gözlənilir.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey Əli! Xalqa öz cəhətini itirməməsi üçün nişanə və bayraq olaraq qərar verilmiş Kəbə necədirsə, sən də ümmət arasında eləsən!”[10] Digər bir hədisdə isə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Biz ilahi Kəbə və qibləyik.”[11]

 

Bildirişlər

  1. Müsəlmanlar düşmən üçün bəhanə olacaq işlərdən çəkinməlidirlər.
  2. Başqalarının hakimiyyətinə etiraz və azadlığın əldə olunması bir dəyərdir.
  3. Qiblənin dəyişməsi kitab əhlinin, müşriklərin və münafiqlərin yersiz irad və bəhanələrini aradan qaldırdı.
  4. Müsəlmanlar üçün ən böyük təhlükə xarici düşmənlər yox, təqvasızlıqdır.
  5. Müsəlmanlar üçün xüsusi qiblənin təyini onlara olan nemətlərin tamamlanması zəminəsidir.
  6. Qiblənin təyini və Məscidül-Hərama doğru namaz qılınması möminlərin hidayət zəminəsidir.
  7. Hidayətin mərhələləri vardır. Ayədə hidayət olmuş müsəlmanlara müraciət edilsə də, məqsəd növbəti üstün mərhələlərə yol açmaqdır.

 

 

“Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət təlim etsin və bilmədiklərinizi sizə öyrətsin”.

(“Bəqərə” surəsi, 151)

 

Nöqtələr

◘ “Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. “Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.

◘ İslam peyğəmbərinin besəti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlara oxusun!”[12] İslam peyğəmbəri buyurmuşdur: “Mən atam İbrahimin duasının qəbuluyam.”

Bildirişlər

  1. Xalqın özündən olan, onların arasında fəaliyyət göstərən və onların dilində danışan rəhbər müvəffəqdir.
  2. Təzkiyə (paklama) təlimdən irəlidir.
  3. Dini təlim əsasdır. Digər təlimlər ondan sonra gəlir.
  4. İnsan bir çox həqiqətlərlə tanış olmaq üçün vəhyə ehtiyaclıdır. Ayədəki təbirlərdən məlum olur ki, əgər peyğəmbərlər olmasaydı, insan gələcəklə bağlı bir çox məsələlərdən xəbərsiz qalardı.

 

“Məni yada salın ki, sizi yada salım. Mənim üçün şükür edin və küfrə yol verməyin”

(“Bəqərə” surəsi, 152)

 

Nöqtələr

◘ Allah bəzi ayələrdə buyurur: “Nemətlərimi yad edin.”[13] Bu ayədə isə

“Məni zikr edin” buyurulmuşdur. Bunun səbəbi insanların mərifət və tanışlıq dərəcələridir. Allahın zikri şükür üçün zəmindir və ona görə də ilahi zikr şükürdən öndə gəlir. Bu ayə Allahın Öz bəndəsinə olan sonsuz lütfündən danışır. Cəhalət, fəqirlik, fəna kimi xüsusiyyətlərə malik olan insan elə bir lütfə çatmışdır ki, qəni, əbədi, əziz olan Allah ona belə buyurur: “Məni yad et ki, səni yad edim.” Məgər bizim Onu yada salmağımızın nə dəyəri var? Məgər Onu yada salmağımız özü bizə olan tövfiq deyilmi?

◘ Allah təkcə dillə yada salınmır. Allahı ürəkdən, qəlbdən yad etmək lazımdır. Gerçək yada salma, zikr odur ki, bu halda günaha yol verilməyə və günahdan əl götürülə. Allah zikrinin ən üstün növü isə namazdır.[14]

◘ Şükür özü də Allah zikrinin nümunələrindəndir. Amma onun zikrlə yanaşı adının ayrıca çəkilməsi diqqəti cəlb edir və bu, şükrün əhəmiyyətindən danışır.

◘ Allah insanla müamilə edir və insanın heç bir işi qiymətləndirilməmiş qalmır. 3

◘ İmam Baqir (ə) bu ayə haqqında danışarkən bildirir ki, Allah zikrinin növlərindən biri həzrət Zəhranın (s) təsbihatıdır. Bu təsbihat otuz dörd dəfə “Allahu əkbər”, otuz üç dəfə “Əlhəmdulillah”, otuz üç dəfə “Sübhənallah” deyilməsindən ibarətdir.[15] ◘ İlahi zikrin maneələri:

a)                      Şeytan; Bu barədə Quranda buyurulur: “Şeytan onları Allah zikrindən

ayırdı.”[16]

b)                      Çoxluq tələbi və rəqabətlər ; Quranda oxuyuruq: “Çoxluq tələbi sizin

başınızı qatdı.”6

v) Arzu və xəyallar; Quranda buyurulur: “Arzu onların başını qatdı.”7

◘ Allah zikrinin təsirləri: İlahi nemətlərin yada salınması Allaha mərifət və şükür rəmzidir; Onun sonsuz qüdrətinin xatırlanması Ona təvəkkül rəmzidir; Onun elm və agahlığının zikri bizim həya və təqva rəmzimizdir; Onun lütflərinin xatırlanması Ona məhəbbət rəmzidir; Onun ədalətinin yada salınması Ondan qorxu rəmzidir; Onun yardımlarının xatırlanması Ona ümid rəmzidir.

Bildirişlər

  1. Allah insana şəxsiyyət əta edir və onun məqamını uca bir məqama qaldıraraq buyurur: “Sən məni xatırla, Mən də səni xatırlayım.
  2. Allahın lütfü daim onu zikr edənlərə şamildir.
  3. Allah və Onun nemətlərinin zikri şükür və təşəkkür zəminəsidir. Necə ki, Allah zikrindən uzaqlıq küfr mayasıdır.

 

“Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir”.

(“Bəqərə” surəsi, 153)

 

Nöqtələr

◘ Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: “Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.

Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyriməhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.

◘ İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.

◘ Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.[17]

◘ Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rükət namaz qılardı.[18] Bu üsula Əbu Əli Sina da əməl etmişdir.

◘ Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.[19]

Bildirişlər

  1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. [20]
  2. Namaz lingdir, yük deyildir.
  3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.
  4. Allah hər yerdə, hər kəslə olsa da,[21] Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.

 

“Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız”

(“Bəqərə” surəsi, 154)

 

Nöqtələr

◘ Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı.

Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi “filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.[22] Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında “Ali-İmran” surəsində danışılacaqdır, inşallah!

◘ Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.

Bildirişlər

  1. Məhdud dünya baxışlarını Allaha iman və Onun buyuruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.
  2. Çətin vəzifə etiqadi köməyə və zərərlərin aradan qaldırılmasına ehtiyaclıdır. Bəli, diriliyini bilən insan şəhadətə üz tutur.
  3. Şəhadət yalnız Allah yolunda olduqda dəyərlidir.
  4. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.
  5. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.
  6. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir.

 

“Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver”

(“Bəqərə” surəsi, 155)

 

Nöqtələr

◘ Allah Təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.

◘ Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əvvəlki iki ayədə bu yol göstərilmişdir.

◘ Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil. Mümkündür ki:

a)                      Hərə bir şeylə sınağa çəkilsin;

b)                      Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;

v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.

◘ Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.”[23]

Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq: “Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”2 ◘ Allah səbirlilərə bir sıra lütflər etmişdir:

Məhəbbət[24]; qələbə4; behişt5; saysız-hesabsız mükafat1; müjdə2.

◘ [25]İlahi sınaqdan çıxmağın bir neçə yolu var: a) Səbir və müqavimət;

b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;

v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.

İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda, buyurdu: “Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.”[26]

Bildirişlər

  1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.
  2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.
  3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.

 

“(Səbirlilər) o kəslərdir ki, onlara bir müsibət üz verdikdə deyirlər:

“Biz hamımız Allahınıq və Ona doğru qayıdarıq”

(“Bəqərə” surəsi, 156)

 

Nöqtələr

◘ Səbirlilər özlərini satmaq və başqalarına sığınmaq əvəzində yalnız Allaha pənah aparırlar. Onların nəzərincə, bütün dünya dərs sinifi, sınaq meydanıdır və burada inkişaf etməliyik. Dünya dayanacaq, yuxu, işrət yeri deyil. Çətinlikləri Allahın qəzəbi kimi qəbul etmək olmaz. Çətinliklərin səbəbi odur ki, daha sürətli hərəkət etmək üçün ayağımızın altı yansın. Bu baxımdan acılıqlarda da bir şirinlik var. Çünki bu çətinliklərin ardınca istedadların çiçəklənməsi və ilahi mükafatlardan bəhrələnmə gəlir.

◘ Onun tərəfindən olan müsibətlər həqiqi malikin öz mülkü üzərindəki işdir. Allahın həkim və rəhim olduğunu, öz bəndəliyini, əvvəllər bir şey olmadığını, hətta müəyyən mərhələlərdən sonra da zikrə ləyaqətsizliyini anlayan insan[27] qəbul edər ki, Allahın ixtiyarında olsun. Bu həqiqətləri bilən insan xatırlayır ki, Allah onu cansız cisimdən bitkiyə, bitkidən heyvana, heyvaniyyətdən insaniyyətə sövq etdirmiş, uyğun çətinlikləri onun inkişafı üçün qərarlaşdırmışdır. Biz buğda dənəsini əzməklə una çevirdiyimiz, yandırmaqla çörəyə döndərdiyimiz kimi, çətinliklər də insanı kamal mərtəbəsinə ucaldır.

◘ Səbirlilərin şüarı “inna lillahi və inna iləyhi raciun” şüarıdır. Hədislərdə də tövsiyə olunur ki, çətinlik zamanı bu cümləni oxuyaq.[28] Çətinliklər zamanı bu cümləni demək və Allahı xatırlamaq bir sıra təsirlərə malikdir; insanı küframiz və şikayətli sözlərdən uzaqlaşdırır; insan üçün təsəlli və həmdərdlikdir; şeytani vəsvəsələrə mane olur; haqq əqidənin izharıdır; başqaları üçün dərs və nümunədir.

◘ Qarşıya çıxan müsibətə münasibətdə insanlar bir neçə qismə bölünür:

a)                      Kimi haray-həşir qoparır[29];

b)                      Kimi səbirli, dözümlüdür[30];

a) Kimi də səbirli olmaqdan əlavə şükür edəndir.[31]

Bu          sayaq   rəftarlar           insanın            müsibətlərdən agahlıq dərəcəsinin nişanələridir. Necə ki, istiotu körpə uşaq yeyə bilmir, gənc adam onun acısına dözür, yaşlılar isə pul verib onu alır.

 

 

 

Bildirişlər

1.Səbrin kökü Allaha və axirətə iman, eləcə də əvəz veriləcəyinə ümiddir.

 

“Onlar üçün onların Rəbbi tərəfindən salam və rəhmətlər var və onlardır hidayət yetişənlər”

(“Bəqərə” surəsi, 157)

Nöqtələr

◘ “Salavat” sözü nemət və mərhəmətə daxil olmaq mənası verən kökdəndir.5

◘ Allah çətinlikləri səbir və müqavimətlə qarşılayan möminlərə Öü salam göndərir. Amma rifah içində yaşayıb zəkat ödəyən möminlərə peyğəmbərin salam göndərməsini göstəriş verir.[32]

Bildirişlər

1.Allah səbir əhlini Öz xüsusi rəhmətinə qərq edir.

  1. Səbirlilərin Allah tərəfindən təşviq olunması bizə öyrədir ki, isar, səbir və mücahidə əhlinin cəmiyyətdə xüsusi kəramət və ehtiramı olmalıdır.
  2. Təşviq rübubiyyət şəni və tərbiyə zərurətidir.
  3. Səbir əhlinin hidayət edilməsi qəti və aşkardır. Quranda bir çox insanların hidayəti sadəcə arzu olunsa da, səbir əhlinin hidayəti qəti bəyan olunur.
  4. Hidayətin mərhələləri vardır. “İnna lillahi və inna iləyhi raciun” deyənlər mömin və hidayət edilmiş olsalar da, səbir və Allahın salamından sonra daha üstün mərhələlərə nail olurlar.

 

“Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Ona görə də Allah evinin həcc və ya ümrəsini yerinə yetirən kəs Səfa və Mərvə arasında təvaf edə bilər və bunun eybi yoxdur. (Vacib işlərdən əlavə) hər kəs könüllü olaraq xeyir bir iş görsə, həqiqətən, Allah təşəkkür edən və biləndir”

(“Bəqərə” surəsi, 158)

Nöqtələr

◘ “Şəair” xüsusi əməllərin nişanələri mənasını daşıyan “şəirə” sözünün cəm formasıdır. Allahın ibadət üçün müəyyənləşdirdiyi əlamətlər

“şəairəllah” adlandırılmışdır.[33]

◘ Səfa və Mərvə Məscidül-Həramın kənarındakı iki dağın adıdır. Bu dağlar arasında təqribən 428 metr məsafə vardır. Onlar üzbəüz yerləşmişdir və hazırda örtülü xiyaban şəklindədir. Allah evinin ziyarətçiləri üçün bu iki dağ arasında yeddi dəfə hərəkət etmək vacibdir. Bu iş həzrət İbrahimin fədakar zövcəsi Hacərin xatirəsinin yad edilməsidir. Hacər öz körpəsi İsmail üçün su əldə etmək məqsədi ilə bu iki dağın arasında yeddi dəfə iztirab və nigarançılıqla hərəkət etmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Yer üzündə bu iki dağ arasındakı məkandan üstün yer yoxdur. Çünki istənilən bir təkəbbürlü şəxs həmin məkanda başı-ayağı açıq, kəfənə bürünmüş şəkildə, heç bir imtiyaza və əlamətə malik olmadan hərəkət edir. Bəzən qaçır, bəzən isə yeriyir. Bu xatirələrdən əlavə Səfa dağı İslam peyğəmbərinin dəvətini, Məkkə kafirlərinin tövhidə necə dəvət olunduğunu və onların bundan necə imtina etdiyini yada salır.[34]

◘ Cahiliyyət dövründə müşriklər Səfa dağının başına Usaf, Mərvə dağının başına isə Nailə adlı bütlər bərkitmişdilər. Dağlar arasında səy (qaçış) zamanı bu iki bütə təbərrük olaraq toxunardılar. Bütpərəstlərin bu hərəkəti səbəbindən müsəlmanlar Səfa və Mərvə arasında səydən ikrah duyur və düşünürdülər ki, vaxtı ilə bu dağların üzərində bütlərin qoyulması bu günkü səy üçün bir maneədir. Yuxarıdakı ayə nazil oldu və bəyan edildi ki, Səfa və Mərvə ilahi nişanələrdir. Nadan insanların bu iki dağa hörmətsizliyi onlardan kənarlaşmaq üçün əsas ola bilməz.2

◘ Bəzən həcc və ümrə azan və iqamə kimi yanaşı xatırlanır. Bəzən ümrə əməlləri ayrıca yerinə yetirilir. Ümrədə beş əməl vacibdir: Ehram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında səy, saçı və ya dırnağı qısaltmaq. Həccin bundan başqa da əməlləri vardır ki, məqamı çatanda həmin əməllərə nəzər salacağıq. Hər halda Səfa və Mərvə arasında səy həm ümrəyə, həm də həccə aiddir.

◘ Səfa və Mərvənin müşahidəsi tarix səhnəsində iştirakdır. Bu müşahidə vasitəsi ilə təsəvvürün yerini təsdiq, zehniyyətin yerini eyniyyət tutur. Səfa və Mərvədə ilahi məktəb fəaliyyətdədir. Bu məktəbdə Allahın iradəsi çeşidli fərqlərə malik insanları eyni bir libasda, eyni bir cəhətdə toplayır. Bu bir peyğəmbərşünaslıq məktəbidir. Bu məktəb öyrədir ki, həzrət İbrahim - bu ilahi peyğəmbər ilahi göstərişi yerinə yetirmək üçün öz zövcəsi və övladını susuz səhrada necə tənha qoydu. Burada həm də insanşünaslıq dərsi öyrədilir. Öyrədilir ki, insan bir neçə anda əbədi əsərləri qalacaq əməllər yerinə yetirə bilər. Səfa və Mərvə arasındakı səy öyrədir ki, hamı birlikdə hərəkət etsə, cəmiyyətdə ilahi ruh təcəlla edər. Səfa və Mərvə arasında səy öyrədir ki, təkəbbürü bir kənara qoyub başqaları ilə çiyin-çiyinə hərəkət etmək lazımdır. Bu dərslərdən aydın olur ki, Allah adını canlandırmaq yolunda qadın və uşağın da payı vardır.

◘ Əvvəlki ayələrdə bəla və sınaqdan danışıldı. Bu ayədə isə Hacər, onun övladı, bu uşağın atası və digər müsəlmanların sınağından söhbət açılır. İlahi və ixlaslı işin əsəri o qədər yüksəlir ki, bütün peyğəmbər və övliyalar İbrahimin zövcəsi Hacərə təqlid etməli olurlar. İstisnasız olaraq bütün müsəlmanlar kəfənə bürünərək Hacər tək tövşüyə-tövşüyə həmin məsafəni yeddi dəfə qət edirlər. Allahın bu göstərişi onun Hacərə təşəkkürüdür.

◘ Səfa və Mərvə arasında səy vacib olsa da, “eybi yoxdur” ifadəsi ilə bu yerin bir zaman müşriklərin əlində olmasından yaranan nigarançılıqlar aradan qaldırılır.

◘ Təvaf dairəvi hərəkət deyil. Eyni bir nöqtədən başlayaraq yenidən həmin yerə qayıdışa təvaf deyilir. Bu hərəkət həm dairəvi, həm də düzxətli ola bilər. Ona görə Kəbə ətrafındakı dairəvi hərəkət də təvaf adlanır,[35] Səfa və Mərvə arasındakı düzxətli hərəkət də.

Bildirişlər

  1. Allahın bəzi məkan və zamanlara xüsusi diqqəti onların ilahi nişanə sayılmasına səbəb olur.
  2. İnsanın niyyəti işlərə dəyər verir. Müşriklər bütlərə toxunmaq üçün səy etdikləri halda, müsəlmanlar Allah razılığı üçün bu işi görürlər. İslamda buyurulur: “Allahın razılığı üçün səy edin.”
  3. Əgər haqq mərkəzləri hansısa qruplar tərəfindən xürafatla bulaşdırılarsa, həmin mərkəzdən əl götürmək yox, orada iştirakla uyğun çirkabı aradan qaldırmaq lazımdır. Müəyyən yollarla azğın qrupların əli həmin mərkəzlərdən qoparılmalıdır.
  4. İbadət aşiqanə və könüllü olmalıdır.
  5. Allah Öz bəndələrinin ibadəti müqabilində təşəkkür edir. Bu təbir Allahın Öz bəndələrinə ən böyük lütfüdür.

 

“O kəslər ki, Kitabda xalqa bəyanla nazil etdiyimiz aşkar dəlil və hidayət vasitələrini gizləyirlər, Allah onlara lənət edər və bütün lənət edənlər onlara lənət oxuyar”.

(“Bəqərə” surəsi, 159)

 

Nöqtələr

◘ Hazırkı ayə yəhudi və məsihi alimlərini nəzərdə tutsa da, “gizlədirlər” təbirinin işləndiyi zaman bu işin bütün ört-basdır edənlərə aid olduğunu göstərir. Necə ki, Allahın neməti də əbədi davam edəcək.

◘ Haqqı gizlətməyin də müxtəlif formaları ola bilər. Haqq bəzən susmaqla, həqiqətin bəyan edilməməsi ilə, bəzən də yanlış yozum və xalqın başını başqa işlərə qatmaqla pərdələnir. Başı qatılmış xalq isə əsil məsələlərdən xəbərsiz qalır. Bəzən isə möminlər və din qardaşlarının eyblərini gizləmək vacib və ya müstəhəb olur.

◘ Gizlətmə günahı çox vaxt alimlərə aid olur. “Ali-İmran” surəsinin 187ci ayəsində buyurulur ki, Allah həqiqətin xalqa bəyan olunması haqqında kitab əhlindən əhd almışdır. Rəvayətdə isə belə bildirilir ki, qiyamət günü haqqı gizlədənlərin ağzına cilov taxılacaq.

Bildirişlər

  1. Etiqadi zülm ən pis zülmdür. Belə bir zülm Allahın və Onun yaratdıqlarının lənətinə gəlir.
  2. İstər möcüzə və dəlil olsun, istərsə də tövsiyə və nəsihət, haqqı gizlətmək qadağandır. [36]
  3. Haqqı gizlətmək ən böyük günahdır. Çünki belə bir günah xalqın doğru yolu tapmasına, gələcək nəsillərin azğınlıqdan qorunmasına mane olur.
  4. Haqqın gizlədilməsi Allahın dininə və xalqın hidayət haqqına zülmdür. Ona görə də haqqı gizlədənlərə Allah və insanlar lənət oxuyur.
  5. Xalqın nifrin və lənəti çox təsirlidir. Xalqın bu nifrətindən pis işlərin qarşısının alınması üçün istifadə edilməlidir.

 

“İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam”.

(“Bəqərə” surəsi, 160)

 

Nöqtələr

◘ Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahibinə qaytarılmasıdır. Burada da həqiqəti gizlətməklə elm dünyasına, düşüncə və nəsillərə xəyanət etmiş kəs yalnız həmin həqiqətləri açmaqla günahını yuya bilər.

◘ Allah şeytana buyurdu: “Mənim lənətimə gələsən.”2 Növbəti ayədə isə haqqı gizlədənlərə lənət oxunur. Demək, haqqı gizlədənlər də şeytanla bir cərgədə dayanır.

Bildirişlər

1.Allah xatakarlar üçün bütün şəraitlərdə tövbə və geri qayıdış yolu qoymuşdur.

  1. Dini həqiqətlərin gizlədilməsi fəsaddır. Ona görə də tövbə edənə islah və nöqsanların aradan qaldırılması əmri verilmişdir.
  2. Hər bir günahın tövbəsi onun özünə uyğundur. Haqqı gizlətməyin tövbəsi həqiqətin bəyanıdır.
  3. Hədə və məzəmmət məqamında haqqı gizlədənlər lənətlənirsə, mehribanlıq məqamında “ənə”, “təvvab”, “rəhim” kimi sözlərlə əks münasibət bildirilir. Allah bildirir ki, O Öz xüsusi mehribanlığı ilə bağışlanma yolu qoymuşdur.
  4. Fərd və cəmiyyətin tərbiyəsində günahkarın hədələnməsi və saleh əməl sahibinin müjdələnməsi iki mühüm əsasdır.
  5. İlahi lütfün tövbə edənlərə şamil olunması daimi, qəti, və məhəbbətamizdir.

 

“Şübhəsiz, kafir olub küfr halında dünyadan gedənlər Allahın, mələklərin, xalqın hamısının lənətinə gələcəkdir”

(“Bəqərə” surəsi, 161)

 

 

 

“(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər”.

(“Bəqərə” surəsi, 162)

 

Nöqtələr

◘ Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır.

Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bəs bütün xalqın lənəti dedikdə nə nəzərdə tutulur?

Cavab: Söhbət dünya və axirətdə lənətdən gedir. Dünyada kafir olub kafirlərlə dostluq edənlər axirətdə lənətə düçar olasıdır.[37]

◘ İlahi övliyaların istəklərindən və dualarından biri dünyadan müsəlman getməkdir. Belə bir istəklə Yusif öz Allahına müraciət edir.[38] Həzrət İbrahim və Yaqub öz övladlarına tapşırırlar ki, yalnız müsəlman, Allaha təslim olmuş halda ölsünlər.2

Bildirişlər

  1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.
  2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?
  3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.

 

 

“Sizin məbudunuz yeganə Allahdır. Ondan başqa məbud yoxdur.

O, rəhman və rəhimdir”.

(“Bəqərə” surəsi, 163)

“Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün ardbaard gəlməsində, xalqa xeyir yetirmək üçün dəryada hərəkət edən gəmilərdə, Allahın göydən nazil edib onun vasitəsi ilə ölü torpağı diriltməsində, müxtəlif canlıları onda yaymasında, küləklərin yolunun dəyişməsində, göy və yer arasında bağlı buludlarda düşünən insanlar üçün nişanələr var”.

(“Bəqərə” surəsi, 164)

 

Nöqtələr

◘ Təbiət ünsürləri arasındakı bağlılıq, bu aləmə hakim olan qanunlar yeganə Allahın hakimiyyət, qüdrət və iradəsindən danışır. Yalnız bir hissəsinə bəşəriyyətin əli çatmış səmaların yaranışı və onun daimi genişlənməsi,3 istehkam,1 səmanın yeddi təbəqəsi,2 hakim nizam,3 mütənasiblik[39][40], onlar arasındakı əlaqə və sütunsuzluq[41], onların hifzi[42], ulduzların öz orbitində hərəkəti və hər birinin fasiləsi yeganə və həkim olan Allahın qüdrət nişanələridir.

 

◘ “Riyah” sözü külək mənasını verən “rih” sözündəndir. Amma Quranda “rih” sözü qəhr və əzab sözü ilə yanaşı işlənmişdir.[43] “Riyah” sözü isə daim yağış və ilahi lütf sözləri ilə yanaşıdır. Hədisdə oxuyuruq: Nə vaxt külək əsirdisə, həzrət Peyğəmbər (s) buyururdu: “Pərvərdigara! Bu küləyi əzab “rihi” yox, rəhmət “riyahı” qərar ver.[44]

Bildirişlər

1.Təbiəti tanımaq Allahı, Onun qüdrətini, hikmətini, birliyini tanımaq üçün allahşünaslıq yollarındandır.

2 Allahın oxşarı yoxdur və O, mürəkkəb tərkibə malik deyildir.

  1. Həm təbiət, həm də insanın yaratdıqları ondandır.
  2. Varlıq aləmindəki hər bir mövcud Allahın təbiətdəki ayələrindəndir.
  3. Yalnız aqillər varlıq aləminə baxmaqla allahşünaslıq dərsi öyrənirlər.

 

“Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir”.

(“Bəqərə” surəsi, 165)

Nöqtələr

◘ İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədəki “dunillah” və “əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”[45] Ədəbi baxımdan “yuhibbunəhum” sözündəki “hum” hissəsi əşya yox, insanı bildirir.

◘ Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.

Bildirişlər

1.Allahdan qeyrisinə pərəstiş və məhəbbət qadağandır.

  1. Hisslər etiqadlarla bağlı olmalıdır.
  2. Bəziləri nə qədər ki, pərdələr qaldırılmayıb və qiyaməti müşahidə etmirlər, öz yol və düşüncələrinin puçluğunu anlamırlar.
  3. Ətrafı cəzb etməkdə qüdrət və güc təsirli amildir. Belədirsə, Allahdan qeyrisinə meyil etməyin.

 

“Əzab müşahidə edildiyi və aradakı bağlar qırıldığı vaxt (küfr) başçıları öz ardıcıllarından zara gələrlər”.

(“Bəqərə” surəsi, 166)

 

Nöqtələr

◘ Diqqətli olaq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalım hakimlər və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizim imkanlarımız hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb, ardıcıllarından zara gəlirlər.

Bildirişlər

  1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyası və ya düşmənliyə çevriləsidir.
  2. Məhəbbət itaət zəminəsidir.
  3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.
  4. Bağlılıq və məhəbbətlərin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.

 

 

“(Həmin vaxt) ardıcıllar deyərlər: “Kaş ki, növbəti dəfə də olaydı

(dünyaya qayıdaydıq) ki, bu başçılardan kənarlaşaydıq. Necə ki, onlar (bu gün) bizdən uzaqlaşırlar.” Beləcə, Allah onların həsrət mayası olan əməllərini özlərinə göstərir. Heç vaxt cəhənnəm atəşindən çıxası

deyillər”.

(“Bəqərə” surəsi, 167)

Nöqtələr

◘ Rəvayətlərin buyurduğuna görə, qiyamətdə çoxsaylı səhnələr və dayanacaqlar var. Onlardan bəzilərində dodaqlara sükut möhürü vurular. Onlar yalnız həsrətli baxışlarla bir-birini süzər və ağlayarlar. Bəzi hallarda bir-birlərindən yardım diləyər, bəzi səhnələrdə fəryad çəkib bir-birlərinə nifrin yağdırarlar. Ayədə oxuyuruq ki, küfr ardıcılları da öz rəhbərlərinə bağlılıq və eşqə görə çox peşman olarlar. Amma artıq iş işdən keçmiş olar və qəlbdə həsrətdən başqa bir şey olmaz. Onlar dillərində deyərlər: Əgər növbəti dəfə qayıtsaq, heç vaxt onlara üz tutmarıq. Bu qədər vəfasız olan və bu gün bizdən uzaqlaşan kəslərdən - dünyaya qayıtsaq - uzaq gəzərik. Onlar həsrət çəkirlər. Amma həsrətlə iş aşmır.

◘ Bir çox ayələrdə “xülud” sözü əzab haqqında işlədilmişdir. Bəziləri isə bu sözün “uzun müddət” mənasını daşıdığını bildirirlər. Amma bu ayədəki “və mahum bixaricinə minənnar” cümləsindən aydın olur ki, “xülud” uzun müddət yox, əbədiyyət mənasındadır.

◘ Rəvayətlərdə günahkarların qiyamət həsrəti haqqında nümunələr nəzərə çarpır. Məsələn, bəziləri öz varisləri üçün xeyli var-dövlət qoyub, həyatları gedişində xeyir iş görmürlər. Qiyamət günü məlum olur ki, həmin vardövlətdən yaxşı işə xərcləyən varis savabı da özü əldə etmişdir. Varis pis iş gördükdə isə irs qoyan bu günaha şərik olur.[46] Həsrətin digər bir nümunəsi Əli ibn Əbu-Talibin (ə) rəhbərlik və vilayətini qəbul etməmiş ibadət edənlərin həsrətidir.[47]

◘ İnsanın azadlığı var. Əgər belə olmasaydı peşmanlığa, həsrətə, yeni qərar qəbul edilməsinə imkan olmazdı. Peşmanlıq və həsrət onu göstərir ki, başqa cür də hərəkət edə bilərdik. Yeni bir qərar onu göstərir ki, insan öz iradə və ixtiyarı ilə düzgün saydığı yolu seçə bilər.

Bildirişlər

  1. Zalım hakimləri (tağutları) boşlayaq. Nə qədər ki, onlar bizi qiyamətdə atmayıblar, gəlin biz onları dünyada ataq.
  2. Qiyamətdə insanın haqqı görən gözü açılır və o öz işlərinin həsrətini çəkir.
  3. Geri qayıtmaq arzu edilsə də, geriyə yol yoxdur.

 

“Ey xalq, yer üzündəki halal və pak şeylərdən yeyin və şeytanın addımlarına tabe olmayın. Həqiqətən, o, sizin aşkar düşməninizdir”.

(“Bəqərə” surəsi, 168)

 

Nöqtələr

◘ İslam insanları daim pak və halal nemətlərdən istifadəyə çağırır. Eləcə də, müqəddəs dinimiz hər növ rahiblik və yersiz zahidliklə mübarizə aparır. Ona görə də qeyri-sağlam qidalar şeytandan sayılır.[48] İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunmuşdur ki, bəzi ərəb tayfaları öz məhsullarının və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.

◘ İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal və haram qidaların və içkilərin xalqa tanıtdırılmasıdır.

◘ Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt bəyan edilmişdir.

Məsələn, bu ayədə buyurulur: “Halal və pak nemətlərdən yeyin...” Başqa bir ayədə isə “Yeyin və için” əmrinin ardınca “fəsad törətməyin” şərti qoyulur.[49] Digər bir ayədə isə “Yeyin və için, amma israf etməyin” əmr olunur.2 Başqa bir ayədə isə “Yeyin və yedirin” buyurulur.3

◘ “Təfsiri-bürhan” kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik, tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: “Bu, şeytan addımlarındandır.”

Bildirişlər

  1. Məsrəf, istifadə zamanı iki əsas şərt var: Həmin şeyin halal və pak

(xoşagəlimli) olması

  1. İslam bəzi riyazətlər (pəhrizlər) ilə müxalifdir.
  2. Haram buyurulmuş, eləcə də, çirkin şeylərdən istifadə şeytana tabeçilikdir.
  3. Bəşərin təbii ehtiyacları şeytanın azğınlıq və qələbəsi üçün zəmindir. Təbii ehtiyacları təmin edərkən büdrəmələrə diqqətli olmaq lazımdır.
  4. Şeytan insanı addım-addım azdırır. İlk addımdan ehtiyatlı olmaq lazımdır.
  5. Şeytan xalqı çaşdırmaq üçün müxtəlif yollarla meydana girir.
  6. Xalqı haramdan istifadəyə məcbur edib, halal nemətləri onların əlindən almaq şeytanın aşkar düşmənçiliklərindəndir.

 

(“Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir”.

(“Bəqərə” surəsi, 169)

 

Nöqtələr

◘ “Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu dəfə də əli boşda qaldıqda ən aşağı mərhələdəki ibadətlərə çağırır ki, insan uca məqamlardan məhrum olsun.

◘ Şeytanın əmri onun vəsvəsələrindən ibarətdir. O insanın azadlığını əlindən alıb, onu günaha məcbur edə bilməz.

◘ Şeytanın əmrinə təslimçilik bizim zəifliyimizi göstərir. Zəif insan şeytanın vəsvəsələrini özünə ağa kimi qəbul edir.[50] İlahi övliyalar isə elə bir məqama çatmışlar ki, şeytan onlara nüfuz edə bilmir.2

Bildirişlər

  1. Şeytanın düşmənçilik əlamətləri Allaha qarşı günah və iftiraya sövq edən vəsvəsələrdir.
  2. Şeytan həm günaha batmaq əmri verir, həm də onu ört-basdır etmək yolunu göstərir. Pislik və günaha əmr Allaha qarşı həmin iftira və günah göstərişi və bu göstərişə don geydirilməsidir.

3 Elmə malik olmadan dini hökmlər haqqında fikir yürütmək və fitva haramdır.

4. Hətta şəkk-şübhə məqamında da bir şeyi Allaha aid etmək olmaz. İndi özünüz qiymətləndirin ki, hansısa sözü bilərəkdən Allaha aid etmək nə deməkdir! Ona görə də Quranın təfsiri və hökmlərin bəyanında diqqətli olmaq lazımdır.

 

“O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik."

Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?”

(“Bəqərə” surəsi, 170)

 

Nöqtələr

◘ Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir.

◘ Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sahibi olublar, nə də peyğəmbərləri qəbul ediblər.

◘ İlahi hidayət bütün əsr və zamanlarda mövcud olmuşdur. Quranda buyurulur ki, onların babaları hidayəti, doğru yolu qəbul etmirdilər. Bu ayədən məlum olur ki, ilahi hidayət hər bir zaman olmuşdur, lakin insanlar haqqın səsini qəbul etməmişlər. Həzrət Əli (ə) “Nəhcül-bəlağə” də buyurmuşdur: “Yer üzü heç vaxt səmavi rəhbərsiz qalmır. (Bu rəhbər) istər aşkar, istər məxfi şəkildə xalqı Allahın yoluna dəvət edir.”[51]

Bildirişlər

  1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.
  2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.
  3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.
  4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.
  5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.
  6. Ağıl bizi vəhyə itaətə sövq edir.

 

“Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər”.

(“Bəqərə” surəsi, 171)

 

Nöqtələr

◘ Dua – “yaxından çağırma”, “nida” uzaqdan çağırma mənasını bildirir.

◘ Bu ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üçün səsləyən şəxsə bənzəyir. Amma bu fəryadı dərk etmirlər. Çünki onların gözləri və qəlbləri bağlanmışdır və əslində lal, kar, kordurlar.

Bildirişlər

  1. Göz, qulaq və dil o zaman faydalı olur ki, düşüncəyə müqəddimə olsun. Yoxsa elə heyvanların da gözü və qulağı var.
  2. Yalnız düşüncə ilə yanaşı sorğu, dinləmə və görmə tanıma yoludur.
  3. Haqqın dəvəti qarşısında biganəlik göstərənlərdə beş çirkin sifət var. Heyvanlıq, korluq, karlıq, lallıq, ağılsızlıq.

 

“Ey iman gətirənlər! Sizə ruzi edilmiş pak nemətlərdən yeyin,

Allaha şükür edin. Əgər yalnız Ona pərəstiş edirsinizsə!”

(“Bəqərə” surəsi, 172)

 

Nöqtələr

◘ Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah belə buyurmuşdur: “İnsanları Mən yaradıram, amma onlar başqasına pərəstiş edir. Mən onlara ruzi verirəm, amma onlar başqasına təşəkkür edirlər.”[52]

◘ Quran insana bir işi qadağan etmək istədikdə, əvvəlcə bu işin mübah (halal) yolunu göstərir, sonra qadağan edir. Növbəti ayədə hansısa qida qadağan olunmazdan qabaq hazırkı ayədə halal yollar açıqlanılır. ◘ Şükrün mərhələləri var. Şükür bəzən dil, bəzən isə əməllə gerçəkləşir. Həqiqi şükür odur ki, nemətlər Allahın müəyyənləşdirdiyi yolda sərf olunsun.

◘ Təbii nemətlərin yaradılmasında əsas məqsəd möminlərdir. Əvvəlki üç ayədə buyuruldu: “Ey xalq! Yer üzündə olanlardan yeyin.” Bu ayədə isə belə buyurulur: “Ey möminlər! Sizə ruzi etdiyimiz könüləyatan nemətlərdən yeyin.” Bu ayələr arasındakı fərq rəmzi ola bilər. Əsas məqsəd ruzinin möminlərə çatdırılmasının önə çəkilməsidir. Amma başqaları da möminlərlə yanaşı bu nemətlərdən faydalanırlar. Necə ki, bağban bağı suvararkən onun məqsədi qanqal və tikanların yox, gül və ağacların faydalanmasıdır.

◘ Hər bir insandan xüsusi tələblər var. Adi insanlardan intizar budur ki, yedikdən sonra günah, şeytani vəsvəsələr və fəsad ardınca getməsinlər.2 Amma iman əhlindən tələb olunur ki, yedikdən sonra saleh əməl ardınca gedib şükür etsinlər.[53]

Bildirişlər

  1. Özünütərbiyə, zöhd, təqva nemətlərdən bəhrələnmə ilə zidd deyil.
  2. İslam məktəbində maddiyyat mənəviyyatın müqəddiməsidir.
  3. İslam qidalanmada sağlamlıq məsələlərinə diqqətlidir.
  4. Xalqın dolanışığını təmin etməmiş və onlara məhəbbət göstərməmiş onlardan umacağınız olmasın.
  5. Şükür – Allahpərəstlik və xalis tövhid nişanəsidir. Əgər insan ruzini öz çalışmaqlarının, sərmayəsinin, bacarığının nəticəsi bilsə, bu işdə Allahın rolunu nəzərdən qaçırar və Ona şükürdən məhrum qalar.
  6. Şükür ibadətin aşkar nümunəsidir.
  7. Allaha şükür vacibdir.
  8. Allahpərəst insan Allahın halal etdiyini özbaşına haram saymır.

 

“Həqiqətən, Allah (qeyri-şəri yolla) ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma çarəsiz qalan şəxs həddi aşmadan, ehtiyacı qədərində yesə, onun üçün günah yoxdur. Həqiqətən, Allah bağışlayan və mehribandır”.

(“Bəqərə” surəsi, 173)

 

Nöqtələr

◘ Əvvəlki ayənin ardınca buyuruldu ki, Allahın halal buyurduqlarını özbaşına haram saymayın. Allah yalnız ölmüş hevanı, qanı, donuz ətini və - cahiliyyət dövründəki kimi - Allahdan qeyrilərinin adı ilə kəsilənləri haram etmişdir.

◘ İmam Sadiq (ə) buyurmuşdur: “Ölmüş heyvan əti bədəni zəiflədir, nəsil artımını qət edir, qəfil ölümə səbəb olur. Qanı içmək qəlbin daşlaşması və qəsavət səbəbidir”.[54]

◘ Tibbi araşdırmalara əsasən, donuz əti iki təhlükəli parazitin törədicisidir. Bəzi ölkələrdə hətta sağlamlıq baxımından donuz əti qadağan olunmuşdur. Həzrət İsanın İncilində də günahkarlar donuza oxşadılmışdır.

◘ Əlbəttə ki, yaşamaq üçün heç bir qida tapmayan insan çarəsiz qaldıqda haram qidalardan istifadə edə bilər. Amma bu işdə ifrata varmaq, həddi aşmaq olmaz. Yəni yalnız ölümdən yaxa qurtarmaq üçün zəruri həddə qədər istifadə etmək mümkündür. Haram qidalardan ləzzət məqsədi ilə istifadə olunması qadağandır. İstisna şəkildə verilmiş bu icazə Allahın lütf və mehribançılığına əsaslanır. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir insan zəruri bir vəziyyətdə bilərəkdən haram qidalardan istifadə etməyib ölsə, kafir kimi ölmüşdür.”[55]

◘ Haram qidaların dörddən çox olduğunu nəzərə alsaq, hazırkı ayədə “innəma” kəlməsini cahiliyyət dövrünün qadağalarına aid olduğu qənaətinə gələrik.

◘ İstisna hallara aid qaydalar təkcə qidalarla bağlı deyil. Qarşıya çıxan istənilən bir məsələdə belə yüngülləşdirmələr var. İmam Sadiqdən (ə) soruşurlar ki, əgər həkim xəstəyə istirahət və yatmaq göstərişi vermişdirsə, namaz necə olsun? İmam bu ayəni oxuyur və buyurur: “Namazı yatdığı

yerdə qılsın”[56]

◘ İslam hökmləri məsləhətə əsaslanır. Əgər əvvəlki ayədə qidalanma paklığa əsaslanaraq mübah sayılırdısa, bu ayədə pak olmayanların haramlığı bildirilir.

◘ İlahi qadağalar yalnız tibbi məsələlərə əsaslanmır. Məsələn, ölmüş heyvan ətinin və qanın haram buyrulmasında məqsəd bəzən etiqadi məsələlərə hörmətdir. Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan ətinin qadağası kimi qadağalar şirki aradan qaldırmaq üçündür. Bəzən bir şəxsin süfrəsindən çəkinməyimizin səbəbi onun gigiyenik qaydalara riayət etməməsi olur. Bəzən isə bir şəxsdən uzaqlaşmaq məqsədi ilə onun süfrəsində əyləşmirik.

Bildirişlər

  1. İslam qidalanma məsələlərinə kamil diqqət yetirir. Zərərli və haram qidalar haqqında təkrar-təkrar xəbərdarlıq olunur.
  2. Nəyisə haram buyurmaq yalnız Allahın ixtiyarındadır.
  3. Heyvanları zibh edərkən (kəsərkən) Allaha diqqət və Onun adının çəkilməsi zəruridir. Bunun səbəbi heç bir işdə tövhid xəttindən çıxmamaq və şirklə, bütpərəstliklə mübarizə aparmaqdır.
  4. Yalnız insanın məcbur olduğu istisna hallarda hökm dəyişir. İnsanın özünü qəsdən belə bir vəziyyətə salması caiz deyil. “Uzturr” qeyri-məlum formada işlənmişdir.
  5. İslam heç bir mərhələdə maneə ilə qarşılaşmayan ictimai bir dindir. Fövqəladə vəziyyətlərdə istənilən vəzifə dəyişə bilir.
  6. Qanun tənzimləyənlər tənzimləmə zamanı xüsusi şərtləri nəzərə almalıdırlar.
  7. Məcburi şəraitlərdən sui-istifadə etməyin.

 

“Allahın kitabdan nazil etdiyini gizləyənlər və bunun müqabilində kiçik əvəz alanlar öz qarınlarına yalnız od tökürlər. Allah qiyamət günü onlarla danışmaz, onları təmizləməz. Onlar üçün dərdli əzab vardır”.

(“Bəqərə” surəsi, 174)

 

Nöqtələr

◘ Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması ilə bir tutdular. Onların həqiqəti gizlətməkdə məqsədləri bu idi ki, bir neçə gün öz kürsülərində çox otursunlar və daha çox hədiyyə əldə etsinlər. Amma onlar qazandıqları böyük günahın müqabilində çox az qazanc əldə edirdilər. Bu qazanc qarınlarına doldurduqları oddan başqa bir şey deyildi. Necə ki, digər bir ayədə yetimlərin malını yemək od yeməyə oxşadılır.[57]

Allah qiyamət günü möminlərlə ünsiyyətdə olduğu halda haqqı gizlədən bu insanlarla xoş danışmaz. Bu danışıq fəzada dalğalar yaranması, ilham və qəlb dili vasitəsi ilə gerçəkləşər. Bütün yaxşı insanlar həmin gün “Kəlimullah” olarlar.

◘ Əvvəlki ayədə donuz əti və ölmüş heyvan ətinin qadağan olunmasının ardınca bağışlanmadan danışılır. Bu ayədə isə haqqı gizlətməyin qadağan olması və əqidə ilə bağlı günahlar haqqında söhbət açıldıqdan sonra danışıq əhvalı daha da sərtləşir və bağışlanma məsələsinə toxunulmur. Bəlkə də növbəti ayədə bu hədələr daha da şiddətlənsin.

◘ Haqqın gizlədilməsi təkcə İslam peyğəmbərinin risaləti ilə bağlı deyil. Həzrət Peyğəmbərin (s) həqiqi canişinləri barəsində də həqiqəti gizlədənlər belə bir əzaba düçar olasıdır. Öz təfsir və tarix kitablarında Qədire-Xum əhvalatı həqiqətlərini ört-basdır edib ayələri təhrifə məruz qoyanlar, xalqı məsum imamlardan yayındırıb başqalarına üz tutmağa sövq edənlər haqqı gizlədənlər cərgəsindədirlər.

Bildirişlər

1.Alimlər üçün ən böyük təhlükə dünyapərəstlikdir.

  1. Dini istənilən bir qiymətə satmaq zərərdir. Çünki səmavi kitabların həqiqəti və maarifi bütün mənafelərdən üstündür.
  2. Haram qidalar od şəklində təcəssüm edər.
  3. Hər bir əşyanın batini bir surəti var və qiyamət günü həmin batini surət aşkar olar.
  4. Cəza günaha mütənasib olmalıdır. Dünyada haqqı xalqdan gizlədənlər qiyamətdə Allah kəlamını eşitmək ləzzətindən məhrum qalarlar.
  5. Qiyamət əzabları həm cismə, həm də ruha aiddir.

 

“Onlar (haqqı gizlədənlər) o kəslərdir ki, hidayəti vermək bahasına azğınlığı, bağışlanma əvəzinə əzabı aldılar. Doğrusu, Allahın əzabına nə qədər də dözümlüdürlər?”

(“Bəqərə” surəsi, 175)

 

Nöqtələr

◘ Haqqı gizlətmə günahına görə ardbaard səkkiz hədə sadalanmışdır. Bu hədələrdən beşi əvvəlki, ikisi hazırkı, biri isə növbəti ayədədir. Bəlkə də heç bir günaha görə ardıcıl şəkildə səkkiz hədə bəyan edilməmişdir.

◘ Haqqı gizlətmə səbəbləri çoxdur. Bu günahın qürur, yersiz dini təəssüb, mövqeyi hifz etmək, iradə zəifliyi, şücaətsizlik, darbaxışlılıq, biganələrin sifarişi, var-dövlətin hifzi kimi səbəbləri ola bilər.

◘ Haqqı gizlətməyin tövbəsi təkcə tövbə demək və ağlamaqdan ibarət deyil. Bu günahdan tövbə edərkən gizlədilmiş həqiqətləri açıqlamaq zəruridir. Əlbəttə ki, bir şəxsin həyatı təhlükə qarşısında olduqda və ya hər hansı fəsad ehtimal edildikdə haqqı gizlətməyin eybi yoxdur. Məsələn, pisliklərin yayılması üçün insanın öz günahını və ya xalqın günahını gizlətməsi caizdir.

Bildirişlər

  1. Alimlər üçün xüsusi günahlardan biri haqqın gizlədilməsidir.
  2. Səmavi kitabın bəyanında ilahi hidayət və bağışlanma, bu həqiqətlərin gizlədilməsində isə zəlalət var.
  3. Dini satmağın və haqqı gizlətməyin ardınca ən ağır əzablar gəlir. Quranda yalnız bu dəstə haqqında “İlahi əzaba necə də dözümlüdürlər” cümləsi işlədilmişdir.

 

“Bu (əzabın) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq nazil etmişdir. Əlbəttə, o kəslər ki, kitabda ixtilaf etdilər, daim dərin çəkişmə içindədirlər”.

(“Bəqərə” surəsi, 176)

 

Nöqtələr

◘ Dini həqiqətləri gizlədənlərə münasibətdə bir bu qədər hədə və əzab vədinin bəyan olunmasının səbəbi odur ki, Allah Təala səmavi kitabı çox aydın və səlis şəkildə, dəlillərə istinad edərək nazil etmiş, beləliklə də şəkkşübhəyə yer qalmamışdır. Bununla belə, insanların bir qismi öz şəxsi mənafelərini qorumaq üçün müxtəlif yozumlara və təhriflərə əl atmış, səmavi kitabın anlaşılmasında ixtilaf yaratmışlar. Onların məqsədi suyu bulandırıb balıq tutmaqdır. Allah bu zümrə haqqında buyurur: “Onlar didişmə və nifaq içindədirlər.”

◘ Həqiqəti gizlətmə yollarından biri də ixtilaf yaratmaqdır. Əvvəlki üç ayədə bəyan olunan hədələr haqqı gizlədənlərə ünvanlanmışdı. Bu ayədə, “gizlədənlər çəkişmədədir” əvəzinə “kitabda ixtilaf edənlər çəkişmədədir” buyurulmuşdur. Bu təbirlərdən aydın olur ki, haqqı gizlədənlər elə özləri ixtilaf edənlərdir. Çünki ixtilafa aludə mühitdə xalqın başını qatıb həqiqətləri gizlətmək olur.

Bildirişlər

  1. Dini və məzhəbi ixtilafların mənşəyi səmavi kitab yox, alimlərdir.
  2. Həqiqətlərin gizlədilməsi nifaqa, parçalanmaya və didişməyə səbəb olur.

 

“Yaxşı iş o deyil ki, (namaz zamanı) üzünüzü şərqə və ya qərbə tutasınız. Yaxşı əməl sahibi o kəsdir ki, Allaha, qiyamət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirib, malına əlaqəsi olduğu halda onu qohumlara, yetimlərə, biçarələrə, yolda qalmışlara, dilənçilərə versin və qulların azad olunmasında xərcləsin, namaz qılıb zəkat versin. Onlar o kəslərdir ki, peyman bağladıqda əhdlərinə vəfa edər, o kəslərdir ki, çətinliklər, məhrumiyyətlər, xəstəliklər qarşısında, döyüş meydanında sabitqədəm olar və o kəslərdir ki, doğru danışarlar. Və onlar həmin təqvalılardırlar”.

(“Bəqərə” surəsi, 177)

 

Nöqtələr

◘ “Birr” sözü yaxşılıq mənasındadır. Yüksək həddə xeyir əməl sahibi olanlara “birr” deyilir. “Birr” o insanlardır ki, bütün vücudları yaxşılıqdır. ◘ “Bəsa”nın kökü “bus” olub fəqirlik, çətinlik mənasını verir. Bu çətinlik insana xaricdən gələn çətinlikdir. “Zərra” xəstəlik mənasındadır. Bu isə insana daxildən sıxıntı gətirir. “Hiynəl-bəs” savaş və cihad zamanı deməkdir.

◘ 144-cü ayədə oxuduğumuz qiblənin dəyişmə macərasından sonra söz qiblə və onun dəyişməsi haqındadır. Ayədə buyurulur: “Nə üçün Allaha və qiyamətə iman, xeyir işlərin görülməsindən ibarət olan dini dəyərləri qoyub mübahisəli mövzular ardınca gəzirsiniz?

◘ Bu ayə Quranın ən ümumi ayəsidir. Çünki bu ayədə mühüm etiqadi, əməli və əxlaqi üsul bəyan olunmuşdur. “Təfsiri-əl-mizan”da həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bu ayəyə əməl edən kəsin imanı kamildir.”

Bu ayə üç hissədə – iman, əməl və əxlaqda on beş bəyənilmiş sifət bəyan etmişdir. İman hissəsində Allaha, mələklərə, peyğəmbərlərə, qiyamətə və səmavi kitaba iman məsələsinə işarə olunmuşdur. Əməl hissəsində namaz kimi ibadi, zəkat kimi iqtisadi, qul azad olunması kimi ictimai, savaş meydanında səbir kimi hərbi, çətinliklərə səbir kimi ruhi məsələlər qeyd olunmuşdur. Əxlaqi hissədə əhdə vəfa, qəlbi maddiyyata təslim etməmək, fəqirlərə rəhm kimi məsələlərə toxunulmuşdur.

◘ Allaha iman haqq qarşısında xüzu və tağut qarşısında təslim olmamaq səbəbidir. Qiyamətə iman insanın baxışını dərinləşdirir, səyini artırır. Mələklərin vücuduna iman mücərrəd nizama inamın nişanəsidir. Peyğəmbərlərə iman vəhyə, tarix boyu hidayət cərəyanına imandır. Bu həm də insanın dünyada proqramsız olmamasına dəlildir. İnfaq qarşılıqlı yardım, bir növ dostluq, namaz Allahla birbaşa bağlılıq, zəkat məhrumların çətinliklərinin həlli proqramı, əhdə vəfa əlaqələrin möhkəmləndirilməsi,

səbir insanların sınaqdan keçməsi amilidir.[58]

◘ “Atəl-malə əla hubbihi” cümləsi üç cür mənalandırılmışdır: a) Sevdiyi halda həmin malı başqalarına vermək;

b) Allah sevgisi əsasında mal vermək;

v) Fəqirə sevgi əsasında mal vermək.

◘ Səbir bütün kamilliklərin anasıdır. Quran behiştə çatmaq yolu kimi səbiri tanıtdırır. Onlara göstərdikləri səbir müqabilində uca məqam verilər.”2 Mələklər behişt əhlinə deyərlər: Salam olsun sizə ki, səbir göstərdiniz.”[59] İlahi rəhbərlər haqqında isə belə buyurulur: Onları səbirlərinə xatir rəhbər qərar verdik. Onlar bizim əmrimizlə hidayət edərlər.”[60]

Dini maarifi tanıtdırmaq məqsədi ilə bu ayədəki təbirlərə oxşar təbirlər rəvayətlərdə də nəql olunmuşdur:

– Ağıllı o kəs deyil ki, xeyiri şərdən ayırsın. Ağıllı o kəsdir ki, iki şər arasında xeyiri seçsin.”[61]

– Elm çox oxumaqla əldə olunmur. Həqiqi elm qəlblərə şölələnmiş ilahi nurdur.[62]

– Böyüklük zahiri bərbəzəkdə yox, aramlıq və vüqardadır.”[63]

– Səxavətli o kəs deyil ki, yeri gəldi-gəlmədi infaq etsin. Səxavətli o kəsdir ki, harada Allahın razılığı varsa, orada infaq etsin.”[64]

– İbadət çox namaz qılmaq və çox oruc tutmaqla ölçülmür. İbadət Allah və onun əsərləri haqqında düşünməkdir.”[65]

– Haqq rəhbərdən məhrum olan kəs ata-anasını itirmiş yetim kimidir.”[66]

◘ Təqva kamilliyinə çatmaq üçün həm vacib, həm də vacib olmayan infaq lazımdır. Bəziləri imkansızlara kömək etdikləri halda vacib haqları ödəmirlər. Bəziləri isə xüms və zəkat ödəyir, amma fəqirlərə biganə yanaşırlar. Bu ayədə o şəxs həqiqi mömin sayılır ki, həm vacib, həm də müstəhəb haqları yerinə yetirsin.

Rəvayətdə         oxuyuruq:       “Varlıların       mülkündə        zəkatdan          əlavə    də məhrumların haqqı var.”[67] Başqa bir rəvayətdə oxuyuruq: “Qonşusu ac olduğu halda özü tox yatan kəs Allaha və qiyamətə inanmır.”[68]

Bildirişlər

  1. Dinin mahiyyəti əvəzində zahir ardınca getməyin. Əsil hədəflərdən uzaq düşməyin.
  2. Peyğəmbərlərin və səmavi kitabların vəzifələrindən biri xalqların (pis) mədəniyyətini dəyişməkdir.
  3. Məfhumları anlamaq yox, onlara əməl etmək mühümdür. “Birr” kəlməsi yaxşılığı bildirir. Amma bu kəlməni bilmək yox, onu həyata keçirmək dəyərlidir.
  4. İman əməldən öndə gəlir.
  5. İman bütün peyğəmbərlər və mələklərə lazımdır.
  6. Xalqla əlaqə ilə yanaşı, Allahla bağlılıq, çətinliklər zamanı ictimai həmrəylik mühümdür.
  7. Bütün yaxşı işlər Allaha iman sayəsində formalaşır.
  8. İnfaqda İslamın məqsədi yalnız acları doyurmaq yox, həm də mal sahiblərinin qəlbindən dünya sevgisini çıxarmaqdır.
  9. Xeyir əməl sahibləri öz var-dövlətlərini Allah yolunda həvəslə infaq edirlər.
  10. Fəqirlərə, yetimlərə və yaxınlarınıza öz əlinizlə infaq edin.
  11. İnfaqda insana yaxın ehtiyaclılar başqalarından irəlidir.
  12. Fəqir, miskin, yolda qalmış və qohum olmasa da, əl açanı rədd etməyin. Ayədə “sailin” sözü müstəqil formada bəyan olunmuşdur.
  13. Cihadda iştirak etmədən iman, namaz və zəkat kamilləşmir.
  14. İmanlı olduğunu iddia edənlər çoxdur, amma həqiqi möminlər dinin bütün göstərişlərinə əməl edirlər və onlar çox azdırlar.
  15. Dini vəzifələrə əməl, ictimai məsuliyyətlərin yerinə yetirilməsi sədaqət nişanəsidir.
  16. Əməli əqidəsini təsdiq edən kəs təqvalıdır.

 

“Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır”.

(“Bəqərə” surəsi, 178)

 

Nöqtələr

◘ “Qisas” davam mənası verən “qəss” sözündəndir. Ona görə də davamlı və ardıcıl əhvalata qissə deyilir. Qatil cəzalanadək qətlin ardınca getmək qisas adlanır.

◘ Bütün cəmiyyətlərdə bilərəkdən və ya bilməyərəkdən qətllər baş verir. İslam kimi kamil bir din belə hadisələr müqabilində ədalətli və məntiqi proqrama malik olmalıdır. Yalnız dəqiq münasibətlə bu hadisələrin təkrarlanmasının, eləcə də, yersiz intiqamların, sui-istifadələrin qarşısını almaq olar. Düzgün münasibət göstərildikdə qatillər cürətlənməz, məzlumun qanı hədərə getməz. İslamdan qabaq cahiliyyət dövründə bir nəfərin qətli səbəbindən bütöv bir qəbilə qana bələşər, uzun-uzadı savaşlar gedərdi. İslam bu ayədə bəyan olunmuş göstərişlə həm xalqın qanının qorunmasını, həm tərəflərin razılığını, həm də hədlərə riayəti nəzərdə tutur. Əlbəttə ki, qisas qanunu bağışlanmaya yer qoymadan ilahi hökm deyil. Bu qanun mal sahiblərinin haqqını təmin edir və onlar diyə almaqla və ya diyəsiz haqlarından keçə bilərlər.

Sual: Nə üçün qisas qanununda cinslər nəzərə alınır? Nə üçün qatil kişi, qətlə yetirilən qadın olduqda kişidən qisas alınmır?

Cavab: Qadın və kişinin qətlə yetirilməsi ilahi, insani və axirət cəzası baxımından eynidir. Fərq isə dünyəvi cəzalardadır. Bu fərqi doğuran səbəb kişilərin, adətən, ailə başçısı olmasıdır. Onların qətli bütün ailəyə iqtisadi zərbədir. Qanun qadının ailə təminatçısı olması kimi nadir hallara yox, ümumi vəziyyətə əsaslanır.

Bildirişlər

  1. Dini hökmlərin gerçəkləşməsi üçün dini hökumət lazımdır. Qüdrət və hakimiyyət olmadan qisas qanununun icrası mümkünsüzdür.
  2. Qisas qanununda bərabərlik və ədalət üsulu diqqət mərkəzindədir.
  3. Qətiyyət və ülfət (mərhəmət) birlikdə zəruridir.
  4. İslami hüquqlar islami əxlaqdan təcrid olunmamışdır.
  5. İslam yəhudilər kimi qisası yeganə çıxış yolu bilmir, məsihilər kimi ən yaxşı yol bağışlamaqı saymır. İslam bu məsələni daha dərindən və əhatəli nəzərdən keçirir, qisas, qan bahası və bağışlama kimi tədbirləri bəyan edir.
  6. Qatilin bağışlanmasının, qisasın qan bahası ilə əvəz olunmasının caizliyi sizin tərbiyəniz üçündür.
  7. İlahi hədlərə təcavüz və onlardan sui-istifadə qadağandır.
  8. Qanunu yüngülləşdirdikdə sui-istifadənin qarşısını alın.

 

“Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Bəlkə siz təqva yolunu tutasınız”.

(“Bəqərə” surəsi, 179)

 

Nöqtələr

◘ Ayədə sanki qisas hökmü ilə bağlı ziyalınümalar tərəfindən irəli sürülmüş iradlara cavab verilir. Quranda buyurulur: “Qisas hökmü bəşər cəmiyyəti üçün həyat təminatçısıdır. Qisas şəxsi münasibət və intiqam deyil. Qisas ictimai təhlükəsizliyin təminatçısıdır. Cəmiyyətdə təcavüzkardan qisas alınmasa, ədalət və əmniyyət aradan gedər. Belə bir cəmiyyətin sanki həyatı yoxdur, o ölüdür. Necə ki, tibdə, əkinçilikdə və heyvandarlıqda insanın, bitkinin və heyvanın həyat şərti mikrobların və bəlaların aradan götürülməsidir.

Əgər qatilin psixoloji baxımdan gərgin vəziyyətdə olduğunu əsas gətirib onu azad etsək, onu növbəti cinayətlərə cəsarətləndirmiş olarıq. Çünki heç bir cinayətkar psixoloji baxımdan aram vəziyyətdə cinayətə əl atmır. Əgər psixoloji sarsıntı əsas götürülərsə, onda bütün cinayətkarlar azad edilməlidir. Belə olsa bütün cəmiyyət savaş meydanına çevrilər və həyəcanlanmış insanlar bir-birlərini qətlə yetirərlər. Elə düşünməyin ki, bugünkü dünyamız məhəbbət dünyası, qisas qanunu isə sərtlikdir. Qisas qanununu bəşər haqlarına zidd saymaq olmaz. İslam qisas hökmü ilə yanaşı bağışlamaq və qan bahası almaq haqqı da vermişdir. Belə bir münasibət də düzgün deyil ki, günahkarlardan qisas almaq əvəzinə, onlardan zindanlarda iqtisadi inkişaf üçün istifadə edilməlidir. Belə bir proqram ictimai asayişi təmin etmir. Əsas məsələ insanlıq məqamı və ədalətli cəmiyyətdir. Bu gün təhlükə dolu və istehsal gücü hər gün artan dünyanı alqışlamaq olmaz, xüsusi ilə belə bir inkişaf məhbus edilmiş cinayətkar ünsürlərin əli ilə həyata keçərsə!

◘ Qisas qanunu ədalətin, əmniyyətin və cəmiyyətin diriliyinin zəmanətçisi olduğundan ayənin sonunda buyurulur: Bu qanunun icrası başqa qətllərin qarşısını alır.

◘ Həyat bir neçə növdür:

1.Təbii həyat; məsələn, baharda yağışdan sonra torpağın oyanması.[69]

  1. Mənəvi həyat; məsələn, xalqın həyat amili olan peyğəmbər dəvəti.[70]
  2. Şəhidlər üçün olan bərzəx həyatı[71];
  3. Hamı üçün olan axirət həyatı4;
  4. Təhlükəsizlik və ədalət sayəsində qorunan ictimai həyat.

Bildirişlər

  1. Ədalətin icrası cəmiyyətin həyatının təminatçısıdır.
  2. Həlimlik və sərtlikdə tarazlıq gözlənilməlidir. Rəhman və rəhim olan Allah qisası həyat rəmzi sayır.
  3. Təhlükəli ünsürün aradan götürülməsi ağıla uyğun bir əsasdır.
  4. Mühakimə yürütməyə tələsməyin. Səthi bir baxışla qisas yaxşı görünməyə də bilər. Amma dərin düşüncə ilə araşdırsanız, görərsiniz ki, qisas həyat rəmzidir.
  5. Təqva və günahdan uzaqlıq istər ibadi, istərsə də hüquqi-dini hökmlərin fəlsəfəsidir.
  6. Qisas insanları qətlin təkrarından uzaqlaşdırır.

 

“Sizin üçün müəyyənləşdirilib ki, birinizin ölümü çatdıqda ondan bir mal qalmış olarsa, bəyənilmiş şəkildə ata-anası və yaxınlarına vəsiyyət etsin. Bu, təqvalıların üzərində olan bir haqdır”.

(“Bəqərə” surəsi, 180)

 

Nöqtələr

◘ Bəziləri elə düşünürlər ki, insan vəsiyyət etdikdə tez ölür. Hansı ki, vəsiyyət bir növ uzaqgörənlikdir. “Ölüm zamanı vəsiyyət edin” buyuruğunda məqsəd budur ki, ölüm axır fürsətdir. Əslində isə insan ölümündən neçə illər qabaq vəsiyyət edə bilər.

◘ Bəziləri vəsiyyət edilməsini vacib saymışlar. Amma “müttəqilər üzərində olan bir haqdır” cümləsindən məlum olur ki, bu əməl müstəhəbdir. Əks təqdirdə “müttəqilər” əvəzində "möminlər" kəlməsi işlənərdi.

◘ Bu şərif ayədə “mal” kəlməsi əvəzinə “xeyir” kəlməsindən istifadə olunmuşdur. Bununla nəzərə çatdırılır ki, var-dövlət xeyir və yaxşılıq mayasıdır. İslamda tənqid olunan isə haram mal və ya var-dövlətə ifrat bağlılıqdır. Pislənilən isə var-dövlətin fərdi və ictimai kamilliklərdən üstün tutulması, ya da mal əldə olunması üçün xalqın istismarıdır.

◘ Vəsiyyət layiqli, ağılyana olmalıdır. Vəsiyyətdə kinə, intiqama, yersiz mehr-məhəbbətə yol vermək olmaz. İrsdən yalnız bəzi yaxınlar və müəyyən miqdarda bəhrələndiyindən İslam göstəriş verir ki, qohumlar arasında irsdən məhrum olanlar varsa və ya kiməsə irs payı düşürsə, vəsiyyətlə həmin adamların payını artırmaq yaxşıdır. Amma vəsiyyətdə ədaləti gözləməyən, zülmə yol verən insan böyük günah etmişdir.[72]

Rəvayətlərdə nəql olunur ki, bir şəxs körpə uşaqları olduğu halda bütün mülkünü Allah yolunda bağışladı. Həzrət Peyğəmbər (s) bu hadisədən xəbər tutub soruşdu ki, "həmin şəxs öləndə nə etdiniz?" Dedilər ki, "onu dəfn etdik." Həzrət buyurdu: “Əgər mənə əvvəlcədən desəydiniz, onun müsəlman qəbristanlığında dəfninə icazə verməzdim. Çünki bu şəxs bir bu qədər övladı olduğu halda onlar üçün heç bir şey qoymamış, varını-yoxunu Allah yolunda vermişdir.”[73]

◘ Vəsiyyət dəqiq bir işdir. Bu işdə (Allah eləməmiş) diqqətsizliyə yol verilsə, sonradan fitnə və narahatlıq yaranar. Qeyri-dəqiq vəsiyyət səbəbindən bir sıra xeyir işlər məhv olar. Həzrət peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bəzən altmış il ibadət etmiş şəxs vəsiyyətini ədalətlə tənzimləmədiyindən cəhənnəmə gedər.”[74]

◘ Vəsiyyət onu göstərir ki, insanın malikliyi hətta onun ölümündən sonra da var-yoxunun bir hissəsi üzərində davam edir.

İnsan öz var-yoxunun üçdə birini vəsiyyət edə bilər. Əgər bir şəxs bu həddi aşmaq istəyirsə, öz vərəsələrindən icazə almalıdır. Necə vəsiyyət etməyi öyrənmək üçün ilahi övliyalar, şəhidlər və alimlərin vəsiyyətlərini oxumaq yaxşı olar.

◘ Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir şəxs başqa birinin vəsiyyətini yerinə yetirəcəyini öhdəsinə götürsə, amma sonradan heç bir üzrü olmadan bu işi boynundan atsa, onun heç bir əməli qəbul olunmaz. Göylə yer arasındakı bütün mələklər ona lənət edər. Bu şəxs daim Allahın qəzəbindədir. Onun dediyi “Ya Rəbb” sözünə bir lənət göndərilər. Onun əvvəlki bütün yaxşı işlərinin savabı vəsiyyət edənin naməsinə yazılar.”2 Vəsiyyətin təsir və bərəkətləri:

  1. Vəsiyyət diqqət və hesab-kitablı olmaq nişanəsidir.
  2. Vəsiyyət başqalarının hüquqlarına hörmət əlamətidir.
  3. Vəsiyyət yaddan çıxarılmış xeyir işlərin görülməsi və ölümdən sonra saleh əməlin davamıdır.
  4. Vəsiyyət iqtisadi boşluqların doldurulması və mülkün tarazlaşdırılmasıdır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs dünyadan vəsiyyət edib gedərsə, sanki şəhid olaraq ölmüşdür.”3

◘ Valideyn və yaxınlar üçün vəsiyyət məhəbbətin təravətlənməsi, bir növ qədirdanlıq amilidir. Ona görə də vəsiyyət ayəsinin əvvəlində valideyn yada salınır. Vəsiyyət elə tənzimlənməlidir ki, onlara irs payından əlavə də nə isə çatsın. Bu da ehsanın nümunələrindəndir. Vəsiyyətin növləri:

  1. 1. Vacib: Məsələn, Allah haqqının, xalqın haqqının, qəza namazının və digər ibadətlərin, xüms və zəkat kimi vacib haqların, borcların yerinə yetirilməsi haqqında vəsiyyət;
  2. 2. Müstəhəb: Məsələn, xeyriyyə işləri üçün vəsiyyət;
  3. 3. Mübah: Məsələn, övladlara peşə, geyim, qida haqqında vəsiyyət;
  4. 4. Məkruh: Məsələn, qəbir üzərində məqbərə tikilməsi haqqında

vəsiyyət;

  1. 5. Haram: Məsələn, fəsad mərkəzlərinin yaradılması, azdırıcı kitabların nəşri haqqında vəsiyyət.

Bildirişlər

  1. Ölüm insanın dünya həyatına son qoysa da, vəsiyyət kimi işlər onun əməl naməsini açıq saxlayır.
  2. Mal və sərvət düzgün yolda sərf edilərsə, xeyirdir.
  3. Vəsiyyətdə irsdən əlavə, valideyn və yaxınlar üçün pay ayrılmalıdır.
  4. Vəsiyyət cəmiyyətdə bəyənilmiş adət əsasında olmalıdır.
  5. Vəsiyyətin tərk olunması başqalarının haqlarına münasibətdə təqvasızlıq növüdür.

 

“Hər kəs onu (vəsiyyəti) eşitdikdən sonra dəyişsə, bunun günahı yalnız onu dəyişənlərin öhdəsinədir. Həqiqətən, Allah eşidən və

biləndir”.

(“Bəqərə” surəsi, 181)

 

Nöqtələr

◘ Bu ayə vəsiyyəti dəyişmək istəyənlərə bir xəbərdarlıqdır. Əgər bir şəxs vəsiyyətin mətnindən xəbərdar olduqdan sonra onun icrasında dəyişikliklərə yol verərsə, bu dəyişiklik həmin ləyaqətsiz işi görənin boynunadır. Vəsiyyət edən isə etdiyi vəsiyyət əsasında əvəz alır. Məsələn, bir şəxs vəsiyyət edir ki, yüz fəqirə yardım edilsin. Vəsiyyəti icra edənlər buna əməl etməsələr, bu halda vəsiyyət edən şəxs yüz fəqirə yardımın savabını alır. Vəsiyyətdən xəbər tutmadan fəqirlər üçün vəsiyyət olunmuş payı alanlar üçün də günah yoxdur. Bu işdə yeganə günahkar vəsiyyəti dəyişib, fəqirin payını başqalarına verənlərdir. Elələri bilməlidirlər ki, Allah eşidən və biləndir, xəyanətlərinin cavabını dünya və axirətdə alacaqlar.

◘ Hədisdə oxuyuruq: “Vəsiyyət yəhudi və məsihilərin xeyrinə də olsa, onu dəyişməyin.”[75]

Bildirişlər

  1. Başqalarının hər hansı vəsiyyəti dəyişməsi haramdır.
  2. Mülkiyyət haqqı hətta insanın ölümündən sonra da möhtərəmdir.

Vəsiyyəti dəyişməyə kimsənin haqqı yoxdur.

  1. Bilərəkdən, qərəzlə edilən günah təhlükəlidir.
  2. Vəsiyyət edərkən şahid tutmaq lazımdır.
  3. Başqaları vəsiyyəti yerinə yetirməsələr də, vəsiyyət edənlər əvəz alırlar.
  4. İnsanın Allah hüzurunda olduğuna inanması təqvanın və vəsiyyəti dəyişməməyin ən üstün amilidir.

 

“Hər kəs vəsiyyət edənin səhvindən və günahından qorxsa və onların arasında islah aparsa, günahkar olmaz. Həqiqətən, Allah bağışlayan və mehribandır”.

(“Bəqərə” surəsi, 182)

 

Nöqtələr

◘ “Məcməül-bəyan” təfsirinin müəllifi “cənəf” sözünü büdrəməyə xəbərsiz meyil mənasında, “ism” sözünü isə bilərəkdən günah mənasında açıqlamışdır.

◘ Bu barədə qadağan olan məsələ düzgün vəsiyyətlərin dəyişdirilməsidir. Amma bir vəsiyyət fitnə səbəbidirsə və ya dini ölçülərə ziddirsə, onu dəyişməyin eybi yoxdur. Əgər bir şəxs öz var-dövlətinin üçdə birindən çoxunu vəsiyyət edərsə, bu miqdarı azaltmaq olar. Əgər vəsiyyət edilən işlər günahdırsa, vəsiyyəti dəyişməyin eybi yoxdur. Vəsiyyət fitnə-fəsad yaradırsa, İslam hakiminin razılığı ilə bu vəsiyyəti dəyişmək mümkündür. Bütün hallarda İslam üçün çıxılmaz vəziyyət yoxdur. Bütün əməllərin nəticəsi təqva olduğundan, təqvaya zidd bütün işləri islah etmək olar.

Bildirişlər

1. “Əhəmm” və “mühümm” (əhəmiyyətli və ən əhəmiyyətli) məsələlərinə diqqətli olmaq lazımdır. Vəsiyyətə hörmət mühümdür. Amma fitnəni aradan qaldırmaq və müsəlmanların işlərini islah etmək daha mühümdür.

2. Vəsiyyətin dəyişməsi fitnəni aradan qaldırmağa və islaha əsaslanmalıdır.

 

“Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizin üçün də vacib edildi. Bəlkə təqvalı olasınız”.

(“Bəqərə” surəsi, 183)

 

Nöqtələr

◘ Təqva günahdan çəkinmək mənasını bildirir. Əksər günahlar qəzəb və şəhvət kimi iki kökdən qaynaqlanır. Oruc bu iki meylin (qərizə) qarşısını alır. Ona görə də oruc vasitəsi ilə fəsad azalır, təqva isə yüksəlir.i

◘ Quran təfsirçilərinin və alimlərinin nəzərincə, “ey iman gətirənlər” xitabı ilə başlayan ayələr Mədinədə nazil olmuşdur və Mədinə ayələrindən sayılır. Oruc hökmü də cihad, zəkat hökmləri kimi (hicri) ikinci ildə verilmişdir.

 

◘ Orucun təsir və bərəkətləri:

Təqva və allahpərəstlik orucun zahirdə və batindəki mühüm əsərləridir. Oruc yeganə gizli ibadətdir. Namazı, həcci, cihadı, zəkatı, xümsü xalq görür. Orucu izləmək isə mümkünsüzdür. Oruc insan iradəsini möhkəmləndirir. Bir ay müddətində yemək-içməkdən, bir çox nəfs istəklərindən kənarlaşan insan xalqın malına və namusuna münasibətdə özünə nəzarət edə bilir. Oruc mərhəmət hisslərinin güclənməsinə səbəb olur. Bir ay müddətində aclığı dadan insan yoxsulluq içində yaşayanların dərdinə şərik olur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc səbrin yarısıdır.”[76] Adi insanların orucu yemək-içməkdən və yaxınlıqdan çəkinməkdir. Orucu bəyənilmiş şəkildə tutanlar isə orucu batil edən şeylərdən çəkinməklə yanaşı, böyüklü-kiçikli digər günahlardan da uzaqlaşırlar. Allahın xas bəndələri isə nəinki orucu pozan işləri görmür və günahdan çəkinir, hətta qəlblərini Allah zikrindən xali etmirlər.[77] Oruc insanı mələklərə oxşadır. O, eynən mələklər tək yeyib-içmir, şəhvətdən uzaq olur.[78]

◘ Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Ramazan ayında Allaha görə oruc tutsa, bütün günahları bağışlanar”[79] Qüdsi bir hədisdə nəql olunur ki, Allah Təala buyurmuşdur: "Oruc Mənim üçündür və Mən onun əvəzini verərəm."[80]

Oruc o qədər əhəmiyyətlidir ki, rəvayətlərdə bir çox ibadətlərin savabı orucun savabı ilə müqayisə olunur.6 Oruc əvvəlki ümmətlər üçün də vacib olmuşdur. Amma ramazan ayının orucu peyğəmbərlərə məxsusdur. Belə bir oruc bütün İslam ümməti üçün də vacib edilmişdir.[81] Nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Hər bir şeyin zəkatı var və bədənlərin də zəkatı orucdur.”[82]

Bildirişlər

  1. Gözəl müraciət sözün qəbulunda təsirli bir addımdır.

“Məcməul-bəyanda” belə bir hədis nəql olunur: “Ey iman gətirənlər” xitabının ləzzəti orucun çətinliyini asanlaşdırır. Valideynlər istəsələr ki, övladları onların sözünə qulaq assın, onlara gözəl şəkildə müraciət etməlidirlər.

  1. Çətin göstərişləri asan göstərmək təbliğ şivələrindəndir. Bu ayədə buyurulur: "Oruc göstərişi təkcə siz müsəlmanlara aid deyil." Bütün əvvəlki ümmətlər üçün olan bir göstəriş təkcə bir ümmət üçün olan göstərişdən asandır.
  2. Quranda bir çox hökmlərin fəlsəfəsi, eləcə də orucun fəlsəfəsi bəyan olunmuşdur. Xalq gördüyü işin nəticəsini bildikdə daha həvəslə çalışır.

 

“Bir neçə sayı müəyyən gün, (sizin üçün oruc qərar verildi.) Amma hansınız xəstə və ya səfərdə olsa, digər günlər həmin sayda (oruc tutsun). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) kəffarə verməli, miskini doyurmalıdırlar. Hər kəs öz meyli ilə çox yaxşılıq etsə, onun üçün daha yaxşıdır. Amma əgər (orucun əsərlərini) bilsəniz, (anlayarsınız ki,) oruc tutmaq sizin üçün yaxşıdır. (Heç vaxt orucunu üzürlü səbəbdən yeyənlərə qibtə etməzsiniz)”.

(“Bəqərə” surəsi, 184)

 

Nöqtələr

◘ Ərəb dili qrammatikasında “ifal” babının mənalarından biri "aradan götürülmə"dir. Məsələn, lallıq mənasını verən “ucmə” sözü “ifal” babında “icam” olur. Bu söz lallığın aradan getməsini bildirir. Bu ayədəki “yutiqunə” sözü də güc-qüvvənin götrülməsini bildirir.

◘ Allah əmrinə təslimçilik bir dəyərdir. Əgər oruc tutmaq əmr olunursa oruc tutmalıyıq, əgər iftar etmək hökm olunursa orucumuzu açmalıyıq.

“Məcməul-bəyanda” nəql olunur: Peyğəmbərin səhabələrindən bir dəstəsi hətta səfərdə də oruc tutur və öz oruclarını açmaq istəmirdilər.

Həzrət Peyğəmbər (s) onları günahda suçladı. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxs səfərdə oruc tutsa, mən onun cənazəsinə namaz qılmaram.” “Təfsiri-Qurtubi”də də nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) Ramazan ayı Mədinədən Məkkəyə səfər edərkən yolda su istədi. O, su qabını əlinə götürdü ki, xalq bunu görsün. Hamı bunu müşahidə etdikdən sonra həzrət su içdi.

İstənilən halda müsafir və ya xəstə insan oruc tutarsa, bu oruc batildir və onun qəzasını yerinə yetirmək lazımdır.[83] İmam Sadiq (ə) buyurmuşdur:

“Hətta körpəsinin süd əmməsindən və ya bətnindəki körpədən nigaran olarsa, orucunu iftar etməlidir. Bu, Allahın lütf nişanəsidir.”2

Bildirişlər

  1. İslamın istənilən bir şəraitdə, istənilən bir fərd üçün münasib qanunları var. Bu ayədə müsafirlərin, xəstələrin və qocaların hökmü bəyan olunmuşdur.
  2. Şərait hökmün, təsirlərin və mənafelərin fəlsəfəsini biryolluq aradan aparmamalıdır. Əgər xəstə və ya müsafir şəxs bir şəraitdə oruc tuta bilmirsə, başqa bir vaxt həmin orucun qəzasını yerinə yetirməlidir. Orucun faydasından biryolluq məhrum qalmaq olmaz.
  3. Səfər məqsədi öz-özlüyündə oruca mane olmur. Orucu pozmaq üçün səfərə çıxmaq zəruridir.
  4. Orucun qəzalarının xüsusi vaxtı yoxdur.
  5. Qüvvə vəzifə şərtidir.
  6. Fəqirlərin yedirdilməsi əhkam mətnində yerləşdirilmişdir.
  7. Yalnız həvəslə yerinə yetirilən ibadətlər inkişaf və Allaha yaxınlıq səbəbidir.
  8. İlahi göstərişlər ən aşağı hədləri hamıya vacib etmişdir. Yuxarı dərəcələr isə insanın öz ixtiyarındadır. Ayədə bir acı doyurmaq vacib, birdən artığını yedirtmək isə müstəhəb əməl ünvanı ilə insanın ixtiyarında qoyulmuşdur.
  9. İlahi göstərişlərin yerinə yetirilməsinin Allaha yox, insana aid müsbət təsirləri var.

 

“Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız”.

(“Bəqərə” surəsi, 185)

 

Nöqtələr

◘ “Ramazan” sözü yandırmaq mənasını verən “rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.

◘ Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. Qədr gecəsi də bu aydadır. “Təfsiri-Bürhanda” həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: Bütün səmavi kitablar ramazan ayında nazil olmuşdur. Ramazan ayı Allahın ən üstün ayıdır.” Həzrət Peyğəmbər (s) şəban ayının axırıncı cümə günü Ramazan ayının əzəməti haqqında müfəssəl bir xütbə oxumuşdur. Bu xütbə bəzi təfsir və rəvayət kitablarında nəql edilmişdir.[84] “Səhifeye-Səccadiyyədə” də imam Səccadın (ə) Ramazan ayının sona yetməsi ilə bağlı qəlb alovlandıran bir münacatı vardır.

◘ İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaq üstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə “qaideyi-la hərəc” adı ilə məşhurdur.

 

Ramazan ayı – İlahi qonaqlıq ayıdır.

◘ Ramazan ayında möminlər “ya əyyuhəlləzinə amənu kutibə ələykumussiyam” dəvətnaməsi ilə ilahi qonaqlığa çağırılmışlar. Bu qonaqlığın xüsusiyyətləri vardır:

  1. Süfrə sahibi Allahdır. O, qonaqları Özü şəxsən dəvət etmişdir.
  2. Qəbul vasitəsi Qədr gecəsi Quranın nazil olması, mələklərin enməsi, duaların qəbulu, ruhların lətafəti və cəhənnəmdən uzaqlıqdır.
  3. Qəbul zamanı Ramazan ayıdır. Rəvayətlərin bildirdiyinə görə, onun əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.
  4. Qədr gecəsi qəbul belədir ki, həmin gecə qonaqların bir illik ehtiyacı təmin olunur. Mələklərin nazil olması ilə Qədr gecəsində yer üzü zinətlənir.
  5. Bu ayın qidası ruhi qidadır və mənəvi təkamül üçün bu qida zəruridir. Bu qonaqlığın qida lütfü Quran ayələridir. Ramazan ayında tilavət olmuş bir ayə digər aylarda bütün Quranı oxumağa bərabərdir.

Bu qonaqlığın dünyəvi qonaqlıqlara heç bir oxşarı yoxdur. Bu qonaqlıqda alim, qəni, xaliq, əbədi, əziz, cəlil Allah cahil, fəqir, fani, yaranmış və zəlil insanları süfrə ətrafına toplayır. O buyurur: “Mən sizin dualarınızı qəbul edər və Ramazan ayında çəkdiyiniz hər nəfəs üçün bir təsbih mükafat əta edərəm”. (Peyğəmbərin Şəban xütbəsindəki axırıncı cümləsindən.)

 

Qonaqlığın ədəbləri:

◘ “Vəsailuş-şiə”də oruc tutan şəxsin əxlaqı haqqında geniş bir rəvayətdə oxuyuruq: “Oruc şəxs yalandan, günahdan, yersiz mübahisədən, həsəddən, qeybətdən, haqqa qarşı çıxmaqdan, söyüşdən, danlaqdan, qəzəbdən, tənədən, zülm və xalqa əziyyətdən, qəflətdən, günahkarlarla ünsiyyətdən, söz gəzdirməkdən, haram yeməkdən uzaq olsun. Namaz, səbir və sədaqətə, Qiyamətin xatırlanmasına xüsusi diqqət yetirsin”[85]

Bu qonaqlıqda iştirakın şərti təkcə aclığa dözüm deyil. Hədisdə nəql olunmuşdur: Səmavi rəhbərlərin itaətindən çıxan, ailə və şəxsi məsələlərdə zövcəsi ilə pis rəftar edən, onun şəri istəklərini yerinə yetirməyən, valideynini narazı salan kəsin orucu qəbul deyil. Belə şəxs İlahi ziyafətin şərtlərini yerinə yetirməmişdir.

◘ Oruc bədəndən çöküntü maddələri çıxarmaq kimi tibbi faydaya malik olsa da, səhər oyanmaq, ruhun lətafəti, bu ayda duaların qəbulu başqa bir aləmdir. Əsil məhrum o şəxsdir ki, bütün bu xeyir və bərəkətlərdən məhrum qalsın.

Bildirişlər

  1. Ramazanı dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.
  2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.
  3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.
  4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.
  5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.
  6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.
  7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.
  8. Qəza orucu üzürlü günlərin sayı qədər olmalıdır.
  9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.
  10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.

 

 

“Əgər bəndələrim səndən Mənim haqqımda soruşsalar, (de ki,) həqiqətən, Mən yaxınam. Mənə üz tutanın duasını Məni çağırdığı vaxt cavablandırıram. Belə isi, Mənim dəvətimi qəbul etməli və Mənə iman gətirməlidirlər. Bəlkə yetkinləşələr”.

(“Bəqərə” surəsi, 186)

 

Nöqtələr

◘ Bəziləri Allahın Rəsulundan soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.

◘ Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün altı dəfə “Özüm” təbirini işlədir: Əgər bəndələrim Özüm haqqımda söruşsalar, onlara de ki, Mən Özüm onlara yaxınam. Əgər Məni çağırsalar, Özüm onların duasını qəbul edərəm. Belə ki, Özümə iman gətirsinlər və Öz dəvətimi qəbul etsinlər...

Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.

Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.[86] bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edir.[87] Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.

◘ Quranda dua haqqında sifarişlər vardır. O cümlədən:

  1. Dua və istək xalisanə olmalıdır.[88]
  2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.[89]
  3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.[90]
  4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.[91]
  5. Dua gizlincə oxunmalıdır.2

◘ “Üsuli-Kafi”də duanın əhəmiyyəti, rolu, qaydaları barədə, dua zamanı diqqət, israr və istəklərin zikri haqqında, cəm halda dua və duanın qəbul

olmasına iman barədə yüzlərlə hədis nəql olunmuşdur.[92]

 

Sual: Nə üçün bəzən dualarımız qəbul olmur?

Cavab: Dualarımızın qəbul olmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. “Təfsiri-Əl-Mizan”da oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: “Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”

Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.

“Üsuli-Kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.

◘ Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.

◘ Dua ayəsinin oruc ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, Allah ayı ilə dua arasında yaxınlıq çoxdur.

Sual: Əgər Allahın işləri qanuna, sabit amil və sünnətlərə əsaslanırsa, duanın nə faydası var?

Cavab: Müsafirin namaz və orucu vətənində olan insanın namaz və orucundan fərqləndiyi kimi, dua edənin də halı Allahdan xəbərsiz insanın halından fərqlənir. Allahın lütfü birinciyə yox, ikinciyə aiddir. Bəli, dua və Allahla söhbət insanın tutumunu artırır. Necə ki, Allah övliyalarına təvəssül və onların ziyarəti insanın şəraitini dəyişir. Uşaq atası ilə olduqda təklikdə olduğu vaxtdan daha çox məhəbbət görür. Beləcə, dua, ziyarət və təvəssül şəraiti dəyişir. Amma bu o demək deyil ki, dua Allahın qəti qanunlarını gücdən salır.

 

Bildirişlər

  1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurmuşdur:

“Mən yaxınam”. (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)

  1. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.
  2. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. “Ucibu” davam nişanəsidir.
  3. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.
  4. Dua imanla yanaşı olduqda qəbul edilir.
  5. Dua inkişaf və hidayət vasitəsidir.

 

“Bir-birinizin malını öz aranızda haqsız yerə yeməyin. Xalqın malını günah yolla yemək üçün varınızı hakimlərə, qazılara boşlamayın. Bir halda ki, özünüz bilirsiniz (ki, xilaf edirsiniz)”.

(“Bəqərə” surəsi, 188)

 

 

Nöqtələr

◘ “Tudlu” qabı quyuya buraxmaq, boşlamaq mənasını verir. Bu ayədə qazıya rüşvət verilməsi də ona oxşadılmışdır. “Əmvalun-nas” dedikdə isə həm ümumi, həm də xüsusi mal nəzərdə tutulur. Rüşvət xalqın qeyri-mali haqqının alınması üçün veriləndə də qadağandır.

Rüşvət

Rüşvət bir çox ictimai fəsadlara malik böyük günahlardandır. Ədalətsizlik, zəif təbəqənin ümidsizliyi, zorlularının cürətlənməsi, hakim və qazilərin fəsadı, qarşılıqlı etimadın puça çıxması rüşvətdən doğan fəsadlardandır.

Bu mənfi əsərlər nəzərə alınmaqla rəvayətlərdə rüşvət ciddi şəkildə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) Həzrət Əliyə xitabən buyurmuşdur: “Ey Əli, ölmüş heyvanı satmaqdan əldə olunan qazanc, it, şərab, zina, rüşvət eynidir və haramdır.”[93] Eləcə də, həzrət Əli (ə) “Maidə” surəsinin qırx ikinci ayəsi ilə bağlı buyurmuşdur: “Rüşvətxor o kəslərdir ki, xalqın çətinliyini həll edib, bunun müqabilində hədiyyə alırlar.”[94] İmam Sadiq (ə) rüşvəti Allaha qarşı küfr həddində tanıtdırır. Həzrət Peyğəmbər (s) rüşvəti verənə, onu alana və vasitəçilik edənə lənət edərək buyurdu:

“Rüşvət sahibinə behişt qoxusu çatmaz.”

Digər bir hədisdə oxuyuruq: “Xalqın çətinliklərinə münasibətdə biganə olan hakimdən Allah Öz lütfünü pərdələyər. Xalqın işini görmək üçün hədiyyə qəbul etsə zəncirlənər, əgər rüşvət alsa müşrik olar.”[95]

Həzrət Əli (ə) rüşvət alan şəxsi vilayət haqqından məhrum sayır.4

Həzrət (ə) digər bir yerdə buyurmuşdur: “Bütün rüşvət alanlar qorxuya, iztiraba və nigarançılığa düçar oldular”.[96]

◘ Bəziləri öz işlərinə don geyindirmək üçün rüşvətə min bir ad qoyurlar. Kimi onu hədiyyə, kimi də zəhmət haqqı kimi qəbul edir. Əşəs ibn Qeys adlı bir şəxs hədiyyə adı ilə həzrət Əliyə (ə) halva gətirmişdi. O ümid edirdi ki, bu yolla məhkəmədə İmam (ə) onun xeyrinə qərar çıxara. İmam buyurdu: “And olsun Allaha! Əgər yeddi iqlimi mənə bağışlasan ki, arpa qabığını haqsız yerə qarışqanın ağzından alım, bu iş olmayacaq.”6

◘ Bir şəxs İslam peyğəmbərinə dedi: “Mən müəyyən işlərin məsuliyyətini daşıyıram. Xalq isə mənim üçün hədiyyələr gətirir. Bu məsələyə münasibətiniz necədir?!” Həzrət onun cavabında buyurdu: “Necə olur ki, bizim işçilərə hədiyyə gətirilir?! Əgər onlar evdə otursaydılar, onlara hədiyyə verilərdimi?!”[97]

Bildirişlər

  1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır.
  2. Cəmiyyət vahid bir bədən kimidir.
  3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz.
  4. İslam xalqı öz mallarının sahibi bilir.
  5. Bilərəkdən azğınlıq təhlükəlidir.

 

“Səndən ayın hilalları (onların hikməti) haqqında soruşurlar. De ki, bunun səbəbi xalqın vaxtları və həcc zamanını tanımasıdır. (Ey peyğəmbər, onlara de,) yaxşılıq o deyil ki, (həcc ehramı halında) evlərə arxadan daxil olasınız. Yaxşılıq odur ki, təqva yolunu tutasınız və qapılardan daxil olasınız. Allahdan qorxun. Bəlkə nicat tapasınız”.

(“Bəqərə” surəsi, 189)

Nöqtələr

◘ “Miqat” sözünün cəm forması olan “məvaqit” sözü konkret bir iş üçün müəyyən olunmuş zaman və ya məkana deyilir.

◘ Bu ayədə peyğəmbərə ayla bağlı ünvanlanan suala cavab verilərkən bəzi nöqtələrə işarə olunur. Həmin nöqtələri birlikdə araşdıraq: Ey peyğəmbər! Ayın müxtəlif cilvələrinin faydaları haqqında soruşanlara de ki, ayda baş verən dəyişikliklər xalq üçün vaxtı tanımaq, ümumi və təbii təqvim vasitəsidir. İslamın imtiyazlarından biri budur ki, öz proqramını təbii, ümumi və xərcsiz miqyaslar üzərində qurmuşdur. Məsələn, kürr suyun miqdarının təyini üçün qarış götürülmüşdür. Namaz vaxtının təyinində günəşin tülusu, qürubu və batması vasitədir. Ramazan ayının və həcc dövrünün başlayıb sona çatma vaxtı ay vasitəsi ilə müəyyənləşdirilir. Ayın müxtəlif şəkilləri ümumi təqvim rolunu oynayır və hamının ixtiyarındadır.

Təqvim və tarixə ehtiyac ictimai həyatın zərurətlərindəndir. Bu təqvimin ən üstün cəhəti odur ki, istər savadlı, istər savadsız şəxs harada olur olsun, bir baxışla zəruri vaxtı təyin edə bilir. Sonra buyurulur: Yaxşılıq onda deyil ki, ehram halında qapını qoyub evin arxasından mənzilə daxil oluna. Ehram halında evə arxadan daxil olmaq xürafatdır.

◘ Hər bir işin düzgün yolu var. Və iş öz təbii yolu ilə həyata keçməlidir. Hər bir iş üçün münasib vaxt, münasib üsul və münasib rəhbər lazımdır. Vaxt ay vasitəsi ilə Allah tərəfindən təyin olunduğu kimi, rəhbər də onun tərəfindən müəyyənləşdirilməlidir. Bu əsasla ayə belə mənalandırılır: Aydan vaxtı tanıma üçün istifadə edin. İşlərin icra yolunu öyrənmək üçün. Yolunuzu azmayın. Səadət və xoşbəxtliyin öz yolu var və bu yolla hərəkət edilməlidir. Zaman, yol və rəhbəri seçərkən Allahdan qorxun. Bəlkə nicat tapasınız... İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayədə məqsəd odur ki, hər bir iş öz yolu ilə görülsün.”[98] Məsum imamlar buyurmuşlar: “Biz Ali-

Məhəmməd (peyğəmbər ailəsi) Allahın qurtuluş qapılarıyıq.” Həzrət peyğəmbər buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”[99]

◘ Bu ayədəki “vətul-buyutə min əbvabiha” cümləsi iki “təqva” sözü arasında yerləşmişdir. Bu ardıcıllıq işlərin icrasında fövqəladə əhəmiyyət rəmzi ola bilər. Təqvası nöqsanlı olanlar getdikləri yolda büdrəyirlər.

◘ Ayə belə mənalandırıla bilər: De ki, bu ay zamanı tanımaq və dini işləri tənzimləmək üçündür. Amma ayın necə dəyişdiyini bilmək istəyirsinizsə, bunun da öz yolu var. Mütaliə edin, təhsil alın. Quran bu təbirlərlə bəyan edir ki, yaxşılıq əyri yolla getmək yox, hər bir işi öz yolu ilə görməkdir. Atmosfer dəyişiklikləri ilə tanışlıq bu sahədəki ehtiyacları təmin edir.

Bildirişlər

  1. Dəqiq proqram və vaxt bölümü üzrə səma cisimlərinin və ayın hərəkəti xalqın ibadət və işlərinin tənzimində təsirli ola bilər.
  2. Əgər təbiət, səma cisimləri dəqiq nizamlıdırsa və insanların öz işlərini nizama salmasında yardımçıdırsa, insafdan deyil ki, biz nizamsız, hesabkitabsız, özbaşına mövcudlar olaq.
  3. Suallara elə bir formada cavab verin ki, sual edən şəxs anlasın və ehtiyacı ödənsin.
  4. İslam cahil və xürafi adət-ənənələrlə mübarizə aparır.
  5. Ata-babaların xürafi adətlərindən yaxşılıq əldə etmək olmaz. Yaxşılığı vəhy və məsum rəhbərlərin göstərişləri çərçivəsində, eləcə də məntiqi üsullarla əldə etmək olar.
  6. Əgər bir yolu bağladınızsa, doğru yolu göstərin.
  7. Dini məfhumların dəyəri onların insanlarda təcəllasındadır. Yaxşılıq "təqvadır" yox, yaxşılıq "təqvalı olandır" buyurulur.
  8. Əyri yol getmək təqva deyil. Əgər ilahi övliyaların yolundan çıxsaq və getdiyimiz yolu təqva yolu adlandırsaq, şübhəsiz ki, azmışıq.
  9. Yanlış və məntiqsiz üsullar təqvaya ziddir.
  10. Vaxtın hifzi və işlərdə nizamın gözlənilməsi təqva və qurtuluş nümunəsidir.
  11. Təkamülün sonu qurtuluşdur. Bir çox göstərişlər təqvaya çatmaq üçündür. Bu ayədə isə təqva qurtuluşun müqəddiməsi kimi tanıtdırılır.

 

 

“Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Amma həddi aşmayın.

Allah həddi aşanları (təcavüzkarları) sevmir”.

(“Bəqərə” surəsi, 190)

 

Nöqtələr

◘ Bu ayədə təcavüzkarlarla mübarizənin zəruriliyi bildirilməklə yanaşı, xatırladılır ki, döyüş meydanında ilahi hədləri aşmaq, xəstələrə, qadınlara, uşaqlara, yaşlılara əziyyət vermək olmaz. Bəyan olunur ki, onları İslama dəvət etməmişdən qabaq silaha əl aparmayın, savaşa başlamayın. Bəşəri dəyərləri hətta savaş meydanında da gözləmək lazımdır.

◘ Bəzi sifətlər müəyyən şəraitdə öz dəyərini itirir. Məsələn, mərhəmət bir dəyərdir. Amma yırtıcı canavara mərhəmət qoyunlara qarşı zalımlıqdır. Elm də bir dəyərdir. Amma bəzən bilməmək özü dəyər olur. Məsələn, həzrət Peyğəmbər (s) hicrət etdiyi vaxt onun yerində yatan Əli (ə) öləcəyini və ya qalacağını bilmirdisə, bu bir dəyər idi. Əgər həmin yataqda yatanın ölməyəcəyi məlum olsaydı, adi adamlar da bu işi görərdi. Bir sözlə, əksər sifətlər şəraitdən asılı olaraq dəyər baxımından dəyişir. Ədalət yeganə sifətdir ki, hər zaman, hər yerdə, hamıya qarşı eyni dəyərə malikdir.

İslamda düşmənlə qarşılaşmaq üçün mərhələlər təyin olmuşdur: Etinasızlıq (bax: “Əhzab”, 48), üz çevirmək (bax: “Nisa”, 63), sərtlik (bax: “Tövbə”, 73), savaş (bax: “Bəqərə”, 190)

Müsəlmanlar özlərini və Allahın dinini müdafiə etmək üçün savaşırlar. Düşməninsə məqsədi Allah nurunu söndürməkdir. (bax: “Səff”, 8) Onların bir məqsədi də müsəlmanları təslim etməkdir. (bax: “Bəqərə”, 120)

 

 

 

Bildirişlər

  1. Qarşı tərəfə eynən onun kimi cavab vermək (“müqabilə və misal”) insanlıq haqqıdır. Əgər bir şəxs bizimlə savaşırsa, biz də onunla savaşırıq.
  2. İslamda savaş məqsədi su, torpaq, almaz, istismar və intiqam deyil. Məqsəd fəsadcıl ünsürləri aradan götürməklə, düşüncələri xürafatdan azad etməklə haqqın müdafiəsidir.
  3. Savaşda da ədaləti və haqqı gözləmək lazımdır. Quran “la tətədu” cümləsi ilə göstərişləri yerinə yetirərkən hədlərin pozulmamasını dəfələrlə sifariş etmişdir.
  4. Zülm-sitəm ilahi məhəbbət bağlarını qırır.
  5. Allaha yaxınlıq təkcə cəbhədə iştirakla yox, ədalətli savaşıb, haqlara riayət etməklə əldə olunur.
  6. Savaşda hədəf yalnız Allah olmalıdır. Nəfs istəklərinə, təəssüblərə, qənimətlərə, riyakarlığa uymamalıyıq.
  7. Hətta təbii haqların müdafiəsində də Allah unudulmamalıdır. Onlar sizə hücum etsələr də, siz müdafiə olunmalı, Allahın razılığı üçün çalışmalısınız.

 

“Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işgəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir”.

(“Bəqərə” surəsi, 191)

 

Nöqtələr

◘ Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işgəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işgəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.

Sual: Nə üçün işgəncə qətldən ağır sayılır?

Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşgəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.

Bildirişlər

  1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.
  2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.
  3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.
  4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.
  5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada “əhəmm” və “mühümm” məsələləri bəyan olunmuşdur.
  6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.

 

“Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır”.

(“Bəqərə” surəsi, 192)

 

Nöqtələr

◘ Müşriklər bağışlanmaq üçün nələri tərk etməlidirlər? İki ehtimal var: Savaş və fitnədən əl çəksinlər (əvvəlki ayəyə əsasən) və küfrdən əl götürsünlər. (Möminlərə məxsus ilahi bağışlanmanın əldə olunması dəlilinə əsasən.)

Bildirişlər

  1. Müsəlmanlar öz düşmənlərinin həqiqi atəşkəs təklifini qəbul etməlidirlər.
  2. İslam qayıdış yolunu hətta kafirlər üçün də açıq qoymuşdur.
  3. Əgər kafirlər fitnədən, savaşdan əl çəkib iman gətirsələr, onları keçmiş işlərinə görə məzəmmət etməyin.
  4. İnsan özü ilahi mərhəmət üçün zəmin yaratmalıdır.

 

“Fitnə (bütpərəstlik, əsarət) aradan qalxanadək onlarla savaşın və din yalnız Allahın olsun. Əgər (öz əyri işlərindən) əl çəksələr, (onlara əziyyət verməyin, çünki) əziyyət yalnız sitəmkarlara rəvadır”.

(“Bəqərə” surəsi, 193)

 

Nöqtələr

◘ Müharibə aparmaqda İslamın məqsədi ölkələri əsarətə almaq, qənimət ələ keçirmək və ya əvəz çıxmaq deyil. İslamda savaş və cihadın məqsədi şirk və küfr büsatının dağıdılmasıdır. Fitnə sözü şirk, küfür, sınaq, işgəncə mənalarında işlədilmişdir. Bu ayədə oxuyuruq: “Əgər müşriklər fitnədən, qətldən əl çəksələr, onlarla düşmənçilik və savaş olmayacaq... Çünki yalnız sitəmkarlar və təcavüzkarlarla hərbi dildə danışılmalıdır.

◘ “Udvan” təbiri düşmənlərə xatir işlədilmişdir. Yoxsa İslam əhli əziyyət əhli deyil. Məsələn, deyilir ki, pisliyin cavabı pislikdir. Pisliyə pisliklə cavab verilməsi ədalət olsa da, düşmənin əməlinə xatir bu əməl də pis adlandırılmışdır.

Bildirişlər

  1. İslamın savaşda məqsədi şirkin, fitnənin aradan qaldırılması, din və ilahi qanunların möhkəmlənməsidir.
  2. Yenidənqurmadan qabaq paklama gəlir. Əvvəlcə fitnə aradan qaldırılmalı, sonra ilahi din ortaya qoyulmalıdır. Əvvəl tağutun inkarı, sonra isə Allaha iman!
  3. Geri qayıdış və tövbə yolu kimsə üçün və heç bir şəraitdə bağlı deyil. Hətta ən qatı düşmən də yolunu dəyişsə, Allah onu bağışlayar.
  4. Əvvəlki ayədə kafirlərin günahlarının bağışlanması haqqında danışıldı. Bu ayədə isə xalqa tapşırılır ki, düşmən savaşdan əl çəkdiyi vaxt siz də savaşdan əl çəkin.

 

“Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlar kimi hərəkət etmək haqqına maliksiniz. Çünki) hörmətlər üçün də qisas var. Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin. Allahdan çəkinin. (Həddi aşmayın) və bilin ki, Allah pəhrizkarlarladır”.

(“Bəqərə” surəsi, 194)

 

Nöqtələr

◘ İslamdan qabaq ərəblər arasında dörd ayın xüsusi hörməti vardı. Bu aylarda savaş haram və qadağan idi. Bu aylardan üçü ardıcıl gələn zil-qədə, zil-hiccə və məhərrəm ayları idi. Digər bir ay isə rəcəb ayı idi. Hətta zilqədə ayının belə adlandırılmasının bir səbəbi kimi bu ayda savaşmayıb, oturmağın zəruri olduğu bildirilir.

İslam bu ənənəni qəbul etdi və ildə dörd aylıq atəşkəs elan etdi. Amma düşmən daim fürsətlərdən sui-istifadə etmək üçün pusqudadır. Onlar belə düşünə bilərdilər ki, müsəlmanlar bu ayları atəşkəs ayı saydıqlarından onlara hücum etmək münasib olsun. Ayədə buyuruldu: “Əgər müxaliflər bu dörd ayda hücum etsələr, siz də onlarla baş-başa gəlin, həmin aylarda onlarla savaşın. Haram ay qarşısında haram ay qərar verin. Çünki müsəlmanların qanının və İslam nizamının qorunmasının hörməti bu ayların hörmətindən çoxdur. Bu hörməti sındıranların hər birindən qisas alınmalıdır. Sonra külli bir qanun olaraq buyurulur: Hər kəs sizə təcavüz etdi, həmin miqdarda ona cavab verin. Təqvalı olmaq, qisasda həddi aşmamaq tapşırılır. Bilin ki, Allah təqvalılarladır.

◘ “Məcməul-bəyan”ın müəllifi bu ayə ilə bağlı deyir: “Bu ayəyə əsaslanaraq qəsb haqqında da nəticə çıxarmaq olar. Yəni qəsbkarın malından haqqı götürmək olar.”

Bildirişlər

  1. Bütün zaman kəsikləri eyni hörmətə malik deyil. Bəzi ayların hörməti xüsusi saxlanılmalıdır.
  2. İslamda çıxılmaz vəziyyət yoxdur. İslamın və müsəlmanların qorunması məkan və zamanların hörmətindən öndə gəlir.
  3. İslam təcavüz və əziyyət dini deyil. Amma başqalarının əziyyət və təcavüzünü qəbul etmir.
  4. Hətta düşmənlərlə də ədalətli rəftar edək.
  5. Qanunçuluq sistemi elə tənzimlənməlidir ki, müsəlmanlarda ümidsizlik, kafirlərdə cürət yaratmasın. “Müqabilə be misl”, yəni qarşı tərəfə eyni tərzdə cavab vermək belə bir əsasa malikdir.
  6. Hətta savaş zamanı da təqvaya riayət İslamın tərbiyə üsullarındandır.
  7. Əgər savaşda ədalət dairəsindən çıxmasaq, ilahi yardımlardan da faydalanacağıq. Elə düşünməyin ki, ədalət və təqva sizin qələbənizi təxirə salar.

 

 

“Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir”.

(“Bəqərə” surəsi, 195)

 

Nöqtələr

◘ Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır.

İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil.

◘ Bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.

Quran digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və peyğəmbərə buyrulmuşdur: “Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən.”[100] İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız.”[101]

◘ İnsan sevilmək istəyindədir. Quran insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."

Bildirişlər

  1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.
  2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.
  3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.
  4. Allahın sevimlisi olmaq ehsan üçün ən üstün təşviqdir.

 

“Həcc və ümrəni Allah üçün sona yetirin. Əgər sizin üçün (düşməndən qorxu, xəstəlik) kimi maneələr olsa, qurbanlıq üçün əliniz çatan şeydən (zibh edin və ehramdan xaric olun.) Qurbanlıq qurbangaha çatanadək başlarınızı qırxmayın və əgər bir şəxs xəstələndi və ya başında bir narahatlıq oldusa, oruc, sədəqə və ya qurbanlıq kimi bir kəffarə yerinə yetirsin. (Xəstəlik və düşməndən) amanda olduğunuz vaxt təməttö ümrə əvəzinə həcci başlayıb, əliniz çatan qurbanlıqdan (kəsin). Qurbanlıq tapmayan isə həcc zamanı üç gün, qayıtdıqdan sonra isə yeddi gün oruc tutsun. Bu on gün kamildir. (Əlbəttə,) bu (təməttö həcci), o kəs üçündür ki, Məscidül-Həramda (Məkkədə) sakin deyil. Allahdan çəkinin və bilin ki, Onun cəzası ağırdır”.

(“Bəqərə” surəsi, 196)

 

Nöqtələr

◘ Bu ayədə külli və cüzi şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür.

Həcc həzrət İbrahim tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim həzrət İbrahimin dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəsidir.

“Ümrə” ziyarət mənasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kəbənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. “Hədy” həcc qurbanlığının adıdır.

◘ Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır.

◘ Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır.

◘ Məsum imamlar “ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.”[102]

Bildirişlər

  1. Dini vəzifələri tam şəkildə yerinə yetirmək lazımdır. Həcc əməllərinə başladıqdan sonra onu yarımçıq qoymaq olmaz.
  2. Həcc əməllərində Allaha yaxınlıq və ibadət məqsədi olmalıdır. Gəzinti və səyahət məqsədi ilə həcc yerinə yetirmək olmaz.
  3. İslam hökmləri xalq üçün çətinlik yaratmır. Xəstə və xaricdən qorxusu olan insana həcc və ümrəni tamamlamaq vacib deyil.
  4. İbadətlərdə məkanın da öz payı var.
  5. Xəstəlik bir sıra hökmlərdə güzəştlərə səbəb olur. Amma hökmlər heç bir vəchlə öhdədən götürülmür. Ona görə də həcdə üzrü olanlar oruc, sədəqə və ya qurbanlıqla vəzifələrini yerinə yetirməlidirlər.
  6. Həcdə qurbanlığın vacib olma meyarı onun asan və yüngül olmasıdır.
  7. Ümrə və təməttö həcci hökmləri yalnız Məkkədə sakin olmayan hacılara aiddir. Məkkə sakinlərinin həcci isə başqa növdür.
  8. İlahi cəzalara diqqət təqva zəminəsi yaradır. İlahi təkliflərin yerinə yetirilməsi üçün təqva şərtdir.
  9. Bütün ilahi hökmlərin yerinə yetirilməsində təqvaya diqqət önə çəkilir.
  10. Həcc əməlləri İslamdan qabaq başqa formada olmuşdur. Ona görə də Quranda bu dəyişikliklərə işarə olunur.
  11. Həcc hökmlərində dəyişiklik edənlər üçün ağır cəza nəzərdə tutulur.

 

“(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zilqədə, zilhiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin”.

(“Bəqərə” surəsi, 197)

 

Nöqtələr

◘ “Rəfəs” yaxınlıq, “fusuq” yalan, söyüş, pis danışıq, “la vəllah” və “bəla vəllah” mənalarındadır.

◘ Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi şəvval, zilqədə və zilhiccə, həcc isə yalnız zilhiccə aylarında yerinə yetirilir.

Bildirişlər

  1. İslami ibadətlərdə zamanın mühüm rolu var.
  2. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kinküdurətlə bulaşdırmaq olmaz.
  3. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır.
  4. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır.
  5. Təqva – düşüncə nişanəsidir.

 

“(Həcc zamanı) Allahın fəzli (kəsb və ticarət) ardınca getməkdə sizin üçün günah yoxdur. Elə ki, Ərafatdan köç etdiniz, Məşərül-Həramda Allahı yad edin. Bundan qabaq azdığınız halda sizi hidayət etdiyindən Onu zikr edin”.

(“Bəqərə” surəsi, 198)

 

Nöqtələr

◘ Ərəfat Məkkənin iyirmi kilometrliyində yerləşən yerin adıdır. Zilhiccə ayının doqquzunda günortadan günbatanadək həmin yerdə qalmaq Allah evinin ziyarətçiləri üçün vacibdir. Əgər gün batmamış oradan çıxsalar, bir dəvə cərimə verməlidirlər. “Ərəfat” sözü mərifət sözündəndir və “tanıma yeri” mənasını verir. Həmin yerdə Adəm və Həvva bir-birlərini tanımış və günahlarını etiraf etmişlər. İmam Sadiq (ə) və imam Baqirin (ə) buyurduğuna görə, Cəbrail bu yerdə həzrət İbrahimə demişdir: “Vəzifələrini tanı və dərk et.[103]

Hədisdə oxuyuruq: Həzrət Mehdi (ə) hər il Ərəfatda olur. Ərəfat torpağı övliyaların ah və göz yaşlarına şahiddir. Rəvayətdə nəql olunur: Ərəfədə qürub vaxtı Allah ziyarətçilərin bütün günahlarını bağışlayar. İmam Hüseyn (ə) və imam Səccad (ə) tərəfindən Ərəfə gününün duaları nəql olunmuşdur.

(Ətraflı məlumat almaq üçün müəllifin “Həcc” kitabına müraciət edin.)

◘ İslamın kompleks din olması nişanələrindən biri də həcc ibadəti əməlləri ilə yanaşı, maddi ehtiyaclara da diqqət yetirilməsidir. Necə ki, “Cümə” surəsində cümə namazında iştirak göstərişi ilə yanaşı belə buyurulur: “Namaz başa çatdıqdan sonra maaş ardınca gedin”.[104]

Bəli, həcc ibadətlə yanaşı həm də iqtisadiyyatdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Həccin əsərlərindən biri dünyanın müxtəlif nöqtələrindən gəlmiş müsəlmanlardan cəmiyyət təşkil olunması və müxtəlif təcrübələrin mübadiləsidir. Həcc ticari və iqtisadi müamilələr yeridir.”[105]

Bildirişlər

  1. Birtərəfliklə mübarizə Quran proqramlarındandır. Bir qrup insan elə düşünürdü ki, din birtərəfli, həcc də quru bir ibadətdir. İslam belə bir münasibəti rədd edir.
  2. Halal qazanc ilahi fəzldir. Quran kəsb əvəzində fəzl sözünü işlədir: Halal qazanc ilahi fəzldir.
  3. Təlaş və tələb sizdən olsa da, ruzi Allahın fəzlidir.
  4. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.
  5. Ruzi verməkdə Allahın əli açıqdır. “Fəzl” sözü “nəkərə” formasında işlədilmişdir.
  6. Bütün ibadətlər göstərişlər əsasında yerinə yetirilməlidir.
  7. Bir tərəfdən İlahi yardımlara, digər tərəfdən keçmişdə baş vermiş günahlara diqqət insanın ilahi lütfə eşq və əlaqəsini artırır.
  8. Öz keçmişinizi unutmayın. Sizi hidayət edən Odur.

 

“Sonra xalqın köçdüyü yerdən köçün. Allahdan bağışlanmaq istəyin ki, Allah bağışlayan və mehribandır”.

(“Bəqərə” surəsi, 199)

 

Nöqtələr

◘ Bu ayədə xalqın birlikdə hərəkətinə göstəriş verildikdən sonra Məkkə əhalisinə xatırladılır ki, Hərəm əhli və ya qüreyşli olmaları onları fərqli hərəkətə sövq etdirməməlidir. Onlara özlərini böyük tutmamaq və ümumi xalq kimi olmaq göstərişi verilir.

Əslində həccin təsir və fəlsəfələrindən biri də puç imtiyazların kənara qoyulmasıdır. Orada insan geyimindən, ev-eşiyindən, ailəsindən keçib damla olur və dəryaya qatılır.

◘ Bu ayədə iki dəfə, ötən ayədə bir dəfə “ifazə” sözü işlədilmişdir. Bu söz birlikdə hərəkət mənasını verir. Ayələrdəki təkrarlardan görünür ki, birlikdə hərəkət ibadətlərin icrasından dəyərlidir.

◘ İstiğfar və zikr Ərəfat və Məşərin ən üstün əməlidir. Bu məkanlarda yalnız dayanmaq vacib olsa da, uyğun ayələrdə Allah Təala bizi Öz zikrinə, keçmiş günahların yada salınmasına və ötən günahlara görə bağışlanmaq üçün duaya çağırır. Axı Allah övliyalarının göz yaşı axıtdığı bir yerdə necə biganə olasan?

Bildirişlər

  1. İstənilən bir adla imtiyaz tələb etmək qadağandır.
  2. Toplum halda hərəkət dəyərlidir.
  3. Heç vaxt ümidsiz olmayaq. Keçmişimiz hər nədirsə, tövbə ilə ona çarə qılmaq mümkündür. Çünki Allah bağışlayan və mehribandır.

 

“Elə ki, öz həcc mərasimlərinizi yerinə yetirdiniz, Allahı yad edin. Necə ki, öz atalarınızı yad edirsiniz. Bəlkə daha artıq və daha yaxşı!

İnsanlardan bəziləri belə deyirlər: “Pərvərdigara! Bizə dünyada əta et!” Onların axirətdə bəhrələri yoxdur”.

(“Bəqərə” surəsi, 200)

 

Nöqtələr

◘ Məkkə əhlindən bir dəstəsi həcc mərasimi başa çatdıqdan sonra bir məhəllədə toplaşıb öz ata-babalarını xatırlayır və qürrələnirdilər. Quran göstəriş verir ki, ata-babalarınızla fəxr etmək əvəzinə Allahı yad edin.[106] Əmr olunur ki, Allahın nemətlərini və yardımlarını dilə gətirin və bu işdə ciddi olun.

◘ Bir şeyin xatırlanması onun insan düşüncəsinə hakim olması nişanəsidir. Ata-babalarını xatırlayıb onlarla iftixar edən kəs onların düşüncə və əqidəsini qəbul etmişdir. Bu cür xatırlamalar cəmiyyətdə cahil bir mədəniyyəti, əqidəni hakim edə bilər. Ona görə də həzrət Musa (ə) buyurmuşdur: “Mən Samirinin qızıl və dəyərli buzovunu yandırar, külünü dəryaya tökərəm. Çünki onlara tamaşa etmək şirk düşüncəsini insanlarda canlandırır.”

Bildirişlər

  1. Boş vaxtı proqramlaşdırmaq tərbiyəçinin vəzifələrindəndir.
  2. Allahın zikri kəmiyyət baxımından çox, keyfiyyət baxımından aşiqanə və xalisanə olmalıdır.
  3. Məsələlərə səthi yanaşmayaq. Bəziləri ən üstün zaman və məkanda yalnız maddi nemətlərə çatmaq üçün dua edirlər.

 

“(Amma) insanların bəziləri deyirlər: “Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru”.

(“Bəqərə” surəsi, 201)

 

Nöqtələr

◘ Xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. Əvvəlki ayədə bir qrup şəxsin istəyi dünyaya aid idi; onlar bunun xeyrinişərini düşünmürdülər. Bu ayədə isə ikinci qrupun istəyi “həsənədir”. Allahdan həm dünya, həm də axirətdə “həsənə” istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə “həsənə” olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.

Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır.[107] Həsənə isə bir neçə nümunə ilə məhdudlaşır.

◘ Qurani-məciddə 115 dəfə “dünya”, 115 dəfə “axirət” sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.

◘ Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.

 

 

 

Bildirişlər

  1. Dünya və axirət bir-birinə zidd deyil. Bir şərtlə ki, insan həsənə, yaxşılıq ardınca getsin.
  2. Hər cürə rifah pislənilmir. Əksinə, gözəl bir həyat bəyənilmişdir.
  3. Cəhənnəmin xüsusi hesabı var. Allahdan axirət xeyri istənilsə də, atəşdən nicat tapmaq üçün ayrıca dua edilir. (Məsələn, “Mücir” duasında yetmiş dəfəyə yaxın deyilir: “Pərvərdigara! Bizə cəhənnəm atəşindən nicat ver”.

 

“Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər”.

(“Bəqərə” surəsi, 202)

 

Nöqtələr

◘ Bəhrəyə ayədə “nəsib” deyilmişdir. Sanki insan üçün pay ayrılmışdır. Möminlər təkcə “Rəbbəna atina” duasından faydalanmırlar. Onlar öz təlaş və kəsblərindən də bəhrələnirlər. Bu bizə xəbərdarlıq edir ki, Allahın lütfü dua ilə yanaşı, çalışıb səy göstərənlərə aiddir.

Bildirişlər

  1. İnsan qiyamətdə yalnız bəzi işlərindən faydalanır. İnsan bir çox işləri Allaha yaxınlıq məqsədi ilə, xalis niyyətlə görmədiyindən qiyamətdə həmin işlərdən bəhrələnmir.
  2. Səy və təlaşsız heç bir bəhrə yoxdur.
  3. Dərhal verilən mükafat bir imtiyazdır. (Həzrət Əli (ə) buyurmuşdur: “Allah bütün xalqın hesabına birdəfəyə yetişər. Necə ki, bütün xalqa birdəfəyə ruzi verir”).

 

“Allahı müəyyənləşdirilmiş günlərdə (zilhiccə ayının on birinci, on ikinci və on üçüncü günlərində) yad edin. Hər kəs tələsib (Mina əməllərini) iki gündə yerinə yetirsə, onun üçün günah yoxdur və hər bir təqvalı şəxs təxirə salsa (əməlləri üç günə yerinə yetirsə) onun üçün günah yazılmır. Allahdan qorxun və bilin ki, siz Ona doğru məhşur olacaqsınız”.

(“Bəqərə” surəsi, 203)

 

Nöqtələr

◘ “Nurus-səqəleyn” təfsirində nəql olunmuş hədisdə tövsiyə olunmuşdur: Əvvəli bayram gününün günorta namazı, sonu on üçüncü günün sübh namazı olan on beş namazın ardınca bu dua oxunur: “Allah böyükdür, Allah böyükdür, Ondan başqa məbud yoxdur. Allah böyükdür, həmd-səna Ona məxsusdur. Allah böyükdür. O səbəbdən ki, bizi hidayət etdi. Allah böyükdür, o səbəbdən ki, dördayaqlıların ətindən bizə ruzi verdi.”

◘ Ayədə buyurulur: “Hər kəs Mina torpağından çıxmağa tələssə və on ikinci gün günortadan sonra çıxıb Məkkəyə getsə, onun üçün günah yoxdur. Eləcə də, on üçüncü gün Minada qalan üçün günah yazılmaz.

Bildirişlər

  1. Duaya zamanın təsiri var.
  2. Allah öz lütfü sayəsində xalq üçün yolu daraltmaz.
  3. İşin əsası təqvadır. Rəvayətlərin bildirdiyinə görə burada “təqva” deyilərkən ehram halında haramlardan uzaqlaşmaq nəzərdə tutulur.
  4. İstər zilhiccənin on ikinci günü tələsib Minadan çıxmaq, istərsə də təxirə salıb on üçüncü günədək orada qalmaq təqva ilə müşayiət olunmalıdır.

Tələsmək zirəkliyi göstərmək və ya başqa puç məqsədlə olsa, eləcə də, həmin yerdə artıq qalmaq özünü göstərmək və şöhrət məqsədi ilə bağlı baş versə, əməl puça çıxar.

  1. Müqəddəs iş və müqəddəs məkan təklikdə kafi deyil. İnsan özü də müqəddəs və təqvalı olmalıdır. Allah evinin ziyarətçilərinə münasibətdə iki dəfə təqva sözü yanaşı işlədilmişdir. Bu, şeytanın bütün yerlərdəki nüfuzunun nişanəsidir.
  2. Məada iman – təqvanın ən mühüm amilidir.

 

 

“Xalq arasında eləsi var ki, onun dünya həyatı haqqındakı danışığı səni təəccübləndirir. O, Allahı qəlbinə olan hər şey üçün şahid tutur, (halbuki) o, ən qatı düşmənlərdəndir”.

(“Bəqərə” surəsi, 204)

 

Nöqtələr

◘ “Ludd” sözü düşmənçilik mənasını verir. “Ələdd” isə qatı düşmənçilik edənə deyilir. “Xisam” sözü də düşmənçilik mənasındadır.

◘ Münafiqlər öz hiyləgər müqayisələri, rəqəmləri, ixtisasları, təcrübələri, zahirən elmi söhbətləri, şayiələri, hədələri, təbliğatları ilə yalnız bu maddi həyatda manevr qüdrətinə malikdirlər. Mənəviyyat meydanında, qeybi yardımlara, Allahın iradəsinə diqqətdə isə axsayırlar. Axirətdə də onların dilləri bağlı olacaq. Hətta onlara üzr istəmək icazəsi də verilməyəcək.

Bildirişlər

  1. Münafiqlərin iti və ovsunlu sözləri sizi aldatmasın.
  2. Hər anda inanmayın.
  3. Yalan and münafiqlərin nüfuz yollarındandır. Düşmənlər həmişə müqəddəsliyə qarşı müqəddəslikdən, dinə qarşı dindən istifadə edirlər. Onlar Allaha and içməklə Allahın peyğəmbərinə xəyanət edirlər.
  4. Münafiqlər öz söhbətlərini dünyəvi məsələlər üzərində qururlar ki, başqalarını öz təsirləri altına sala bilsinlər.
  5. Allah öz peyğəmbərini qeybdən və başqalarının qəlbindən xəbərdar edir.
  6. Öz yalançılıqlarını bilənlər andlar və gözəl sözlərlə özlərini xalis və canıyanan göstərirlər.

 

“Əgər qüdrət və hökumətə çatsa, yer üzündə fəsad, əkin sahələrinin və nəslin məhvi üçün çalışar. Allah fəsadı dost tutmur”.

(“Bəqərə” surəsi, 205)

 

Nöqtələr

◘ “Təvəlla” sözünü iki cür mənalandırmaq olar: Birinci məna ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci məna üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: Əgər ilahi haqq və hidayətdən üz döndərdi və səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...”

◘ Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların fəsad dolu rəftarı qeyd edilir.

◘ Quran buyurur: “Əgər salehlər hökuməti ələ alsalar, namazı bərpa edər, zəkat ödəyər, əmr-be-məruf və nəhy-əz-munkər edərlər”.[108] Onlar bu vasitə ilə Allahla və cəmiyyətdəki məhrumlarla rabitələrini qoruyarlar. Amma əgər ləyaqətsiz bir şəxs qüdrətə çatsa, xalq üzərində hakimiyyəti əlinə alsa, öz nəfsinin tüğyanı, xəbərsizliyi, xarici təzyiqlər səbəbindən bütün cəmiyyəti özünə qurban edər. “Əl-Mizan”da qeyd olunduğu kimi, tarix şahiddir ki, bir çox müsəlmannümalar İslam və iman pərdəsi altda xalqa hakim olub əkinəcəkləri və nəsilləri məhv etdilər.

◘ Qanunları saxtalaşdırmaq, ideoloji müharibə və təbliğat, narkotik maddələr vasitəsi ilə iqtisadiyyatı və gənc nəsli məhv edənlər bu ayənin bariz nümunələridir.

◘ Sahələrin, əkinlərin məhvi, nəsillərin həlakı gələcək nəsillərin azğınlığa sövq edilməsi mənasındadır. Məraği və Fəxr Razi öz təfsirlərində ehtimal vermişlər ki, “hərs” qadınlara işarə ola bilər. Onlar buna “Bəqərə” surəsinin 223-cü ayəsini dəlil göstərmişlər. Onların fikrincə, “nəsil” sözü övladlara işarədir. Yəni zalım hakimlər (tağut) ailə nizamını və övladların tərbiyəsini məhv edirlər.

Bildirişlər

  1. Ləyaqətsiz bir şəxs əgər qüdrətə çatsa, hər şeyi fəsada sürükləyər.
  2. Ən böyük təhlükə iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir.

 

“Ona “Allahdan qorx” deyilən vaxt günah sayəsində əldə etdiyi qürur onu götürər. Cəhənnəm odu onun üçün kafidir. Və bu yer necə də pisdir!”

(“Bəqərə” surəsi, 206)

 

Bildirişlər

  1. Təkəbbür əhli heç vaxt başqalarının moizəsinə qulaq asmır. Tarixdə nəql olunub ki, Bəni-Üməyyə xəlifəsi Əbdül-Məlik Mərvan minbərdən Mədinə şəhərinə belə müraciət etdi: “And olsun Allaha, kim mənə təqvalı olmağı əmr etsə, boynunu vuracağam.”[109]
  2. Hakim öyüd-nəsihət qəbul edən şəxs olmalıdır.
  3. Günah lovğalıq, qürur və təkəbbür səbəbidir.
  4. Cəhənnəmə diqqət qüruru sındıran agahlıqdır.

 

“Xalq arasında elələri var ki, Allahın razılığını əldə etmək üçün canını verir. Allah Öz bəndələrinə qarşı mehribandır”.

(“Bəqərə” surəsi, 207)

 

Nöqtələr

◘ Yeddinci əsr sünni alimlərindən olan İbn Əbül-Hədid “Nəhcül-bəlağə”nin şərhində deyir: “Bütün təfsirçilər bildirirlər ki, “bu ayə hicrət zamanı Həzrət Peyğəmbərin (s) yerində yatmış Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur.

Bu mövzu o qədər məşhurdur ki, yalnız kafir və divanə olan şəxs onu inkar edər”.[110]

◘ Məkkə müşrikləri qərara gəldilər ki, İslam Peyğəmbərini (s) öldürmək üçün hər qəbilədən bir nəfər seçilsin. Onlar Bəni-Haşimin qan davasından qurtarmaq üçün bu işi cəm şəkildə görmək istəyirdilər. Həzrət Peyğəmbər (s) onların planından xəbər tutdu. İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) Məkkədən sağ-salamat çıxması üçün onun yerində yatdı. Ayə də onun şəninə nazil olmuşdu. (Bu həqiqəti etiraf etmiş böyük sünni alimlərinin adı Əllamə Əmininin “Əl-Ğədir” kitabında sadalanmışdır.)

◘ Həmin təhlükəli gecədə Həzrət Əli (ə) Peyğəmbərin (c) yerində yatdığı vaxt Allah Təala Cəbrail və Mikailə buyurdu: “Sizin hansınız o birinizə fəda olmağa hazırsınız?” Mələklərdən heç biri hazırlığını bildirmədi. Allah Təala buyurdu: “İndi baxın ki, Əli (ə) öz canını Allah Rəsulunun yolunda fəda etməyə necə hazırdır!”

◘ Bəzən bir yaxşı işi canlandırmaq və ya bir pis işi aradan qaldırmaq üçün canı fəda etmək lazım gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Hər kəs əmr-be-məruf və nəhy-əz-münkər yolunda öldürülsə, bu ayənin nəzərdə tutduğu şəxslərdəndir”3

Bildirişlər

  1. Münafiqin sözü gözəldir. O, insanı təəccübə gətirir. Möminin isə əməli dünyanı təəccübləndirir.
  2. İsar əhlinin xatirəsini diri saxlayın.
  3. Övliyalar yolunda ölüm bir dəyərdir.
  4. Ən böyük fayda odur ki, insan ən böyük matah olan canını öz xaliqinə fəda etsin. Özü də bu iş behişt, cəhənnəmdən qurtuluş yolunda yox, yalnız Allah razılığı üçün olsun.
  5. Allah yolunda təhlükəyə və canı fəda etməyə hazırlıq bu işin görülməsi kimidir. Ayənin nazil olma şəninə görə, burada o şəxs nəzərdə tutulur ki, hadisə baş verməmiş olsa da, o öz canını təhlükəyə atır.
  6. Ən böyük mükafat Allahın mərhəmətidir. Allah hər bir iş müqabilində əvəz müəyyənləşdirmişdir. Bu ayədə isə belə buyurulur: “Allah “rəufdur”.

 

“Ey iman gətirənlər! Hamınız sülhə və barışa gəlin. (Allaha mütləq təslim olun,) Şeytanın addımlarına tabe olmayın ki o, sizin aşkar düşməninizdir”.

(“Bəqərə” surəsi, 208)

 

Nöqtələr

◘ Quran aşağıdakı qruplarla sülhlə keçinməyi sifariş edir:

  1. Əziyyət verməyən müşriklərlə; “Sizinlə savaş fikrində olmayan və vətəninizə təcavüz etməyən kəslərlə xoşrəftarlı olun.”[111]
  2. Kitab əhli ilə; “Kitab əhlinə de ki, o şeylərdə ki, əqidəmiz eynidir, gəlin bir olaq.”[112]
  3. Digər müsəlmanlarla;[113]

◘ Əvvəlki bir neçə ayədə həcdə böyük ictimai-siyasi toplantı haqqında danışılarkən, buyurulmuşdu: “Orada günaha yol verməyin, pis danışmayın”. Demək, cəmiyyəti günahdan və pis danışıqdan pak saxlamaq olar. Həmişə belə olsa və təfriqə səbəbi olan şeytan addımlarından çəkinsək, necə də yaxşı olar!

◘ Çoxsaylı rəvayətlərdə dostluq məsum rəhbərə itaət kimi qeyd olunmuşdur.[114] Təbii ki, qalaya daxil olmaq salamatlıq və rahatlıq əldə etməkdir. Bundan da şirin hiss olarmı ki, insan ilahi, məsum, agah, qayğıkeş, bütün dəyər və kamilliklərdə üstün bir rəhbəri olduğunu hiss etsin?!

Bildirişlər

  1. Dostluq, salamatçılıq, təslim fəzasına yalnız iman sayəsində daxil olmaq mümkündür.
  2. Şəxsi səliqələri bir kənara qoyub, yalnız Allah qanunlarına təslim olaq.
  3. Sülh yaradılması bütün müsəlmanların vəzifəsidir.
  4. Şeytani vəsvəsələr insanı günaha məcbur etmir. İnsanın şeytanla mübarizə gücü var. Ona görə də insana tağuta itaət etməmək tapşırılır.
  5. Şeytan insanı addım-addım çaşdırır.
  6. Şeytanın çaşdırma yolları çoxdur.
  7. Şeytan sülh və vəhdətin düşmənidir. Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür.

 

“Əgər sizə aşkar dəlillər gəldikdən sonra büdrəməyə düçar olsanız, bilin ki, Allah əziz və həkimdir. (O Öz hikməti əsasında əməl edir və heç bir qüdrət Onun iradəsinin qarşısını ala bilmir)”.

(“Bəqərə” surəsi, 209)

 

Bildirişlər

  1. Allah höccəti tamamlayır, bəhanəyə yer qoymur.
  2. Bilərəkdən xilaf iş görənlər əzab intizarında olsunlar.
  3. Sizin təslim olmamağınızın Allahın izzətinə heç bir təsiri yoxdur.
    1. Allahın cəzası hikmət əsasındadır.

 

“Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir”.

(“Bəqərə” surəsi, 210)

 

Nöqtələr

◘ Peyğəmbərlərin (ə) dəvəti dəlil və möcüzə yolu ilə gerçəkləşir. Amma bəzən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümunəsi olaraq həzrət İsadan istənilmiş səmavi süfrəni (maidəni), həzrət Salehdən tələb olunan dəvəni göstərə bilərik. Əslində istədiyi möcüzə baş verən xalq dərhal itaət etməlidir. Əks təqdirdə onu Allahın qəzəbi bürüyəsidir. Əlbəttə, insanların möcüzə istəyi o vaxt gerçəkləşir ki, onların istəyi qeyri-mümkün olmasın. Məsələn, bir şəxs Allahı görmək istəsə, bu iş mahal olduğundan gerçəkləşəsi deyil. Belələrinə dərhal rədd cavabı verilir.

◘ Allahın yaranış və tərbiyə nizamı sizin istəyinizə əsaslanmır. Bəlkə də siz Allahın və mələklərin buludlar üzərində sizə gəlməsini istəyəsiniz. Kimi də arzu edə bilər ki, mələklər onunla danışsın. Amma bütün bu işlər mümkün deyildir.

Bildirişlər

  1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.
  2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.
  3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?

 

“Bəni-İsraildən soruş: Aşkar dəlillərdən onlara necə də çox verdik. Hər kəs onun sorağına gəldikdən sonra Allahın (hidayət) nemətini dəyişsə, (bilsin ki,) həqiqətən, Allahın əzabı şiddətlidir”.

(“Bəqərə” surəsi, 211)

 

Nöqtələr

◘ Rəvayətlərin bildirdiyinə görə, müxtəlif hadisələrlə müşayiət olunan ən yaxın tarixi hadisələrdən biri Bəni-İsrailin tarixçəsidir. Allah onlara Musa kimi rəhbər, möcüzələr və Öz lütflərini mərhəmət buyurdu. Allah onları Fironun əsarətindən qurtardı. Onların həyatının idarəsi üçün səmavi qanunlar göndərdi. Maddi baxımdan da rifahlı həyatla təmin olundular. Amma onların küfrü, nemətlərin dəyişməsi elə bir həddə çatdı ki, Harunu qoyub Samiriyə tabe oldular. Onlar Allaha pərəstiş etmək əvəzinə Samirinin buzovuna pərəstiş etməyə başladılar. Nəhayət, Allah onların haqqında qəti hökmünü verdi.[115] Belə rəftarları səbəbindən Allahın qəzəbinə düçar oldular.[116]

◘ Allahın sabit qanunlarından biri budur ki, istər müsəlman, istər qeyri müsəlman bir millət Allahın nemətlərini dəyişsələr, Onun qəzəbinə düçar olmalıdırlar. Necə ki, bu günkü dünyamızda elmi tərəqqidən mənfi yönümdə istifadə olunduğu üçün dünya oda çəkilmişdir.

Bildirişlər

  1. Tarixi araşdırma və ibrət götürmək zəruridir.
  2. Nemətlər məsuliyyət gətirir, tənbəllik isə cəza!

 

“Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki möminlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.”.

(“Bəqərə” surəsi, 212)

 

Nöqtələr

◘ Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və möminləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də möminlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar.

Bildirişlər

  1. Küfr insanın gözündə dünyanı cilvələndirir. Bəli, dünya o kəslər üçün cilvələnir ki, qiyamətin sonsuz lütf və nemətlərinə etiqadsızdırlar. Möminin nəzərində isə behişt dünya ilə müqayisəyə gəlməz!
  2. Dünyapərəstlik başqalarının təhqirinə və onlara istehza edilməsinə səbəb olur.
  3. Yoxsulların məsxərəyə qoyulması dünya əhlinin daimi səciyyəsidir.

(Felin gələcək zaman forması davam nişanəsidir.)

  1. Qiyamətdə üstünlük o möminlərə məxsusdur ki, kafirlərin zəhərli sözləri onların təqvasını sındıra bilməmişdir.
  2. Hesabsız ruzi ilahi ruhun nişanəsidir. Bu o demək deyil ki, Allah hesab çəkmir və ya bölgünü hikmətlə aparmır.

“İnsanlar (başlanğıcda) vahid ümmət və əlbir idilər. (Onların arasında çəkişmə yox idi. İxtilaflar sonradan meydana çıxdı.) Allah peyğəmbərləri müjdə gətirən və qorxudan qərar verdi. Onlara haqq olaraq səmavi kitab nazil etdi ki, xalq arasında ixtilaflı məsələlərdə hökm versinlər. Bu kitaba münasibətdə yalnız həmin kitab göndərilənlər müxaliflik etdilər. Bu da onlara aşkar dəlil gəldikdən sonra baş verdi. (Səbəb) aralarındakı həsəd idi. Allah iman gətirənləri Öz istəyi ilə ixtilaflı məsələlərin həqiqətinə hidayət etdi. (Amma imansızlar hələ də azğınlıq və ixtilafda qalmışlar.) Allah istədiyi kəsi doğru yola hidayət edər”.

(“Bəqərə” surəsi, 213)

 

Nöqtələr

◘ Bu ayədən məlum olur ki, insanlar ilk öncə sadə və bəsit bir həyat yaşamışlar. Amma zaman keçdikcə say çoxalmış, baxışlarda fərq və ixtilaflar meydana çıxmışdır. Bəzi rəvayətlərdə haqqında danışılan zaman, Nuhdan əvvəlki dövrə aid edilmişdir. Həmin vaxt xalq sadə və bəsit bir həyat tərzi yaşamışdır. Onlar qəflət içərisində ömür sürmüşlər.[117] Sonra insanlar təbii mənbələrdən faydalanmağa başlamış, biri o birini işə götürərək həmin şəxsin imkanlarından bəhrələnmişdir. Beləcə, ixtilaflar və təbəqələr meydana gəlmişdir. Mövcud ixtilafları həll edəsi möhkəm və ədalətli qanunlar ictimai həyatın zərurətlərindəndir. Allah Təala peyğəmbərləri ixtilafların həlli, çəkişmələrin aradan götürülməsi üçün məbus etdi. Bu məqsədlə səmavi kitablar nazil edildi. Amma bəziləri bilərəkdən, inadkarlıq səbəbindən peyğəmbərlərin müjdə və qorxutmasına qarşı müqavimət göstərib öz-özünə digər ixtilaflar yaratdılar. Amma Allah öz lütfü ilə hidayəti qəbul edənləri doğru yola yönəltdi. Həsəd və ya zülm səbəbindən haqqa qarşı çıxanlar isə öz cəzalarını almaq üçün özbaşına buraxıldılar.

◘ Quran insanları peyğəmbərlərin hakimliyi və ilahi qanunları qəbul etməməyə yönəldən inadkar ixtilafları tənqid edir. Bununla belə, nəhayətdə ədalətə təslimçiliklə sonuclanan ixtilafın eybi yoxdur. Belə bir ixtilaf ədaləti təmin edən tərəzinin bir-birinə zidd hərəkət edəndir və gözləri kimidir.

 

Bildirişlər

  1. Bəşəri qanunlar və mədəniyyətlər yer üzündəki problemləri həll etməyə qadir deyil. Çünki cəmiyyətdəki hər bir fərd öz istəyinə çatmaq arzusundadır. İxtilaflar ilahi qanunlar və peyğəmbərlərin hakimliyi ilə həll olunmalıdır. İlahi qanunlar təhrifdən, xətadan və nəfsə əsaslanan mühakimədən uzaqdır.
  2. İxtilafların ən yaxşı həll yolu məadı gücləndirməkdir. Peyğəmbərlər ixtilafların qarşısını almaq üçün müjdələrdən və qorxutmalardan istifadə etmişlər.
  3. Peyğəmbərlərin ümumi məqsədi eyni xətt üzrədir.
  4. Peyğəmbər mühakiməsi səmavi qanunlar çərçivəsindədir.
  5. Peyğəmbərlərin vəzifələrindən biri vəhdət yaradılması və təfriqələrin aradan qaldırılmasıdır.
  6. Bütün peyğəmbərlərin mühakiməsi eyni tərzdədir.
  7. Ən pis ixtilaf bilərəkdən yol verilən ixtilafdır. Həsəd və zülm səbəbindən ortaya çıxan ixtilaf necə də pisdir?!
  8. Möminlər arasında da ixtilaf olur. Amma ilahi hakimiyyət sayəsində bu ixtilaflar öz həllini tapır.
  9. İman xüsusi ilahi hidayətdən bəhrələnmə üçün zəmindir.
  10. Bütün fərdlərin hidayəti Allahın istəyindən asılı olsa da, Allahın istəyi hikmətə əsaslanır.
  11. Doğru yol (siratəl-müstəqim) ixtilaflara son qoyur.

 

“Keçmişdəkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onlar çətinliyə, sıxıntıya düçar olub elə alt-üst oldular ki, peyğəmbər və ona iman gətirib yanında olanlar dedilər: “Allahın yardımı nə vaxt olacaq?” Agah olun ki, Allahın yardımı yaxındadır”.

(“Bəqərə” surəsi, 214)

 

Nöqtələr

◘ “Bəsa” insana xaricdən hücum çəkən çətinliklərdir. Məsələn, savaş, oğruluq. “Zərra” isə xəstəlik, yara kimi daxili çətinliklərdir.

◘ Ayədə keçmişdəki möminlərin çətinliklər qarşısındakı dözümü yada salınır və müsəlmanlara təsəlli verilir. Çətin hadisələr ilahi sınaqdır. Mala və cana aid olan bəlalar hamısı insanın tərbiyəsi üçündür.

 

Hər bəlada əta var, görə bilsən, Bir səfa başlayır qurtaranda qəm. Hər əziyyət altda yatmış xəzinə, Baxsan gül görünər tikanlar sənə.

 

◘ Həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: Behişt çətinliklərlə hörülmüşdür.[118] Digər bir rəvayətdə belə nəql olunur: “Möminlər üçün dünya çətinlikləri elə bir mükafatdır ki, başqaları deyərlər: “Ey kaş, bu çətinliklər daha ağır halda bizim üçün olaydı.”[119] Bəli, çətinlik inkişaf, Allaha yaxınlıq amili və behiştə giriş yoludur.

 

◘ Duanın gec qəbul olunması sizi tərəddüdə salmasın. Allah dəfələrlə belə bir vəd vermişdir: Peyğəmbərlərə və Bizim bəndələrimizə hökmən yardım olunar.”[120] Başqa bir ayədə oxuyuruq: Allah yazmışdır ki, Mən və rəsullarım qalibik.”[121] Hər halda Allah qələbə vədi vermişdir. Müəyyən səbəblərdən vədlər təxirə düşə bilər. Amma bu təxir kimsəni tərəddüdə salmamalıdır.

Bildirişlər

  1. Heç bir çətinlik görmədən, yalnız iman səbəbindən behiştə getmək intizarı düzgün intizar deyil.
  2. Allahın sünnətində, qanunlarında heç bir dəyişiklik yoxdur. Bütün millətlər, ümmətlər və fərdlər sınaqdan keçməlidir.
  3. Başqalarının çətinliklərinə diqqət insan üçün təskinlik amilidir. Tarixdən ibrət götürün.
  4. Hazır olaq; ilahi sınaqlar bəzən o qədər çətin olur ki, hətta peyğəmbərlər də iztirab keçirir.
  5. Çətinliklər zamanı peyğəmbərlər xalqdan uzaqlaşmamışlar.
  6. Duanın qəbul olma şərtlərindən biri çarəsizlik və Allahdan qeyrisindən ümidi kəsməkdir.
  7. Çətinliklərdən rahatlıq tapmaq üçün Allahın yardımını yada salmalıyıq.
  8. Müqavimət ilahi yardımlardan faydalanmanın zəminəsidir.

 

“Səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, hər nəyi (istəyirsinizsə) infaq edin, ata-ananız, yaxınlarınız, yetimlər, miskinlər, yolda qalanlar üçün olsun. (Bilin ki,) gördüyünüz hər bir xeyir işdən, həqiqətən, Allah xəbərdardır”.

(“Bəqərə” surəsi, 215)

 

Nöqtələr

◘ Bu ayədə “xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.

◘ Hədisdə oxuyuruq: “Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”[122]

İnfaqda əhəm və mühüm qaydalarına riayət olunur, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınır.

◘ İnfaq beş növdür:

  1. Vacib infaq; məsələn: zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq nəfəqəsi.
  2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.
  3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.
  4. Məkruh infaq; məsələn qohumlar arasında ehtiyaclı olduğu halda başqalarına infaq.
  5. Mübah infaq. Başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəbdir.)

Bildirişlər

  1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır.

İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə hidayət buyursun.

  1. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.
  2. İnfaq böyük və kiçik işlərə şamil olunur.
  3. Var dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.
  4. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.
  5. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.
  6. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.
  7. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.
  8. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.
  9. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.
  10. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.
  11. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman – ən yaxşı təşviqdir.

 

“Sizə xoş gəlməsə də, sizin üçün cihad müəyyənləşdirildi. Çox olsun ki, xoşlamadığınız bir şey sizin xeyrinizə olsun. Çox olsun ki, bir şeydən xoşunuz gəlsin, halbuki onda sizə zərər və şər var. Allah (sizin xeyrinizi) bilir və siz bilmirsiniz”.

(“Bəqərə” surəsi, 216)

 

Nöqtələr

◘ “Kurh” sözü insanın öz daxilindən hiss etdiyi məşəqqət mənasını bildirir. Məsələn, savaşdan qorxu. Məsələn, “Fussilət” surəsinin on birinci ayəsindəki kimi məcburi bir hökm: “Göylərə və yerə dedik: Ya rəğbətlə, ya da ikrahla gəlin. Dedilər: biz rəğbətlə gəlirik”.

◘ Əvvəlki ayə mal verilməsinə aid idi. Bu ayədə isə canın verilməsindən danışılır.

◘ Savaşa qarşı ikrah doğuran şey ya rahattələblik ruhiyyəsidir, ya insana sevgi və başqalarına rəhmdir, ya da düşmənin daha güclü olmasıdır. Quran buyurur: Siz cihadın əsərlərini və nəticələrini bilmirsiniz. Diqqətiniz yalnız onun zahiri və maddi zərərlərinə yönəlmişdir. Halbuki Allah müxtəlif yönümlərdən işlərin bugünkü və sabahkı təsirindən və sirlərindən xəbərdardır.

◘ Savaş bütün çətinlikləri ilə yanaşı, müsbət təsirlərə və faydalara malikdir. O cümlədən, döyüş qabiliyyəti yüksəlir, düşmənin cəsarəti azalır, cəmiyyətdəki fərdlərdə məsuliyyət və fədakarlıq hissi yaranır, İslam və müsəlmanların qüdrət və izzəti dünyaya bəyan edilir, qeybi yardımlar nazil olur, Allahdan yardım ruhiyyəsi vücuda gəlir, ilahi əcr və savab əldə olunur, yaradıcılıq, ixtira, kəşf ruhiyyəsi dirçəlir.

Digər dinlərdə cihad məsələsi:

◘ Bu gün dünyadakı sülh təbliğatının əksinə olaraq, din yolunda cihad məsələsi bütün səmavi dinlərdə təsbit olunmuşdur və qəti zərurətdir.

◘ Tövratda oxuyuruq:

-  Şəhər sakinlərini qılıncla öldür və yüklərini götür.[123]

-  Onların hamısını öldür və rəhm etmə.[124]

-  Döyüş üçün meydana çıxdıqda düşməni çox görüb qorxma.[125]

-  Qardaşını, dostunu və qonşusunu öldürsün ki, buzovpərəstliyin kəffarəsi olsun.[126]

-  Musa cəmiyyəti döyüşə apardı və mühüm bir savaş baş verdi.[127]

◘ Məttanın İncilində oxuyuruq:

-  Güman etməyin ki, yer üzündə salamatlıq qoymağa gəldik. Gəlmədik ki, bir salamat qoyaq, yalnız qılıncı.[128]

-  Hər kəs canını qorusa həlak olar, hər kəs canını Mənə görə həlak etsə, onu əldə edər.[129]

Luqanın İncilində oxuyuruq: - Mənə tabe olmaq istəməyən düşmənləri burada hazır edib qarşımda qətlə yetirin (İncil, l. b. 19, c. 28)

-  Kimin qılıncı yoxdursa, libasını satıb qılınc alsın.8

◘ Quranın “Ali-İmran” (a. 147), “Maidə” (a. 24), “Bəqərə” (a. 246) surələrində ötən dinlərdə savaş və cihadın olmasından danışılır.

Bildirişlər

  1. Xeyir və şərin ölçüsü asanlıq və çətinlik, şəxsi meyillər deyil. Ölçü gerçək xeyirdir. Öz ehtimallarımıza istinad etməməliyik.
  2. Nəfsdən doğan ikrah və sevgi xeyir və şər nişanəsi deyil.
  3. Din yolunda savaş və cihad xeyir mayasıdır.
  4. Öz sonsuz elmi ilə bizə göstəriş verən Allahın fərmanına təslim olaq. Hətta həmin göstərişlərin dəlilini bilməsək də!

 

“(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, MəscidülHərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir"! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”

(“Bəqərə” surəsi, 217)

 

Nöqtələr

◘ “Fitnə” dedikdə şirk, işgəncə, imtahan, çətinlik başa düşülür.

◘ Şiə və sünni təfsirçilərindən nəql olunmuşdur: Həzrət Peyğəmbər (s) Abdullah ibn Cəhş adlı şəxsi səkkiz nəfərlə birlikdə bir məktubla kafir və müşriklərdən məlumat gətirmək üçün göndərmişdi. Amma görüşdə çaxnaşma baş vermiş və nəticədə qarşı tərəfin rəisi qətlə yetirilmişdi. Onlardan iki nəfəri əsir düşmüş və malları müsadirə edilmişdi.

Bu hadisə haram aylardan olan rəcəb ayında baş vermişdi. Amma həmin dəstə rəcəb ayının başlandığını bilməmiş və cəmadiüs-saninin axırı olduğunu güman etmişdilər. Hər halda bu savaş səhvən rəcəb ayının əvvəlində baş vermişdi. Kafirlər bu məsələni şişirdərək müsəlmanları haram aylara ehtiramsızlıqda suçlayırdılar.

Düşmənin bu təbliğatı qarşısında Quran cavab verir ki, bu savaş haram ayda baş versə də, bunun səbəbi müsəlmanların ayı səhv salması olmuşdur. Müşriklərin nəzərinə çatdırılırdı ki, onlar bu aylarda bilərəkdən günaha yol verirlər. Bunun isə günahı haram ayda bilmədən savaşa girməyin günahından çox idi. Əslində bir bu qədər rüsvayçılıq və günaha yol verən kafirlər müsəlmanlar üçün bu əməli səhv saymamalıdırlar.

◘ Mürtədlik əməlinin dünya cəzası islami faydalardan məhrumluqdur. Mürtədin cəzası həyat yoldaşından ayrılmaq, irsdən məhrum edilmə, müsəlmanlarla rabitələrin qırılması, İslam himayəsindən məhrum edilmə, nəhayət, qətldir.

Mürtədin axirət cəzası isə onun dünyadakı bütün yaxşı işlərinin puça çıxmasıdır.

Bildirişlər

  1. Şübhələrə münasib cavab verin.
  2. Məscidül-Həramın və onun əhlinin xüsusi hörməti var.
  3. Günahların əhəmiyyət dərəcəsinin təyini Allahın əlindədir.
  4. Əmin-amanlığı pozmaq qətldən də pisdir.
  5. Düşmənin arzuları, məqsədləri, səyləri ilə tanışlıq lazımdır.
  6. Düşmənin hücumu küfrə don geyindirib sizi rədd edə bilməz.
  7. Düşmən daim pusqudadır. O sizin öz dininizi rədd etməyinizi, küfrünüzü, ona arxa çevirməyinizi istəyir. Bundan başqa heç nə ilə razılaşası deyil. Onlar müvəqqəti qələbə sorağında deyildirlər. Onlar sizin əqidə və məktəbinizi büsbütün aradan götürmək istəyirlər.
  8. Dəyər ölçüsü xoş aqibətdir. Ola bilər ki, əvvəlcə İslamda olmuş şəxs dünyadan kafir getsin.
  9. Mürtədliyin dünya və axirət təsirləri var.
  10. Mürtədlik xeyir işləri puça çıxarır.
  11. İman və əqidənin dəyəri haqqında onu demək olar ki, iman getdikdə saleh əməl də puç olub gedir.

 

“Həqiqətən iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihada qalxanlar Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır”.

(“Bəqərə” surəsi, 218)

 

 

 

 

Nöqtələr

◘ Əvvəlki ayənin davamı olan bu ayənin nazil olma şəni haqqında oxuyuruq: Hicrət və cihad etmiş, amma rəcəb ayını cəmadiül-axir ayı ilə səhv salmış və savaşa girmiş möminlər narahat olmasınlar. Çünki onların səhvləri bağışlanasıdır. Onların günah etmək məqsədləri olmamışdır.

◘ Əməlsiz ümid arzudan başqa bir şey deyil. Çünki “Kəhf” surəsinin son ayəsində belə buyurulur: “Hər kimin Allahla görüşə və yaxınlıq məqamına çatmağa ümidi varsa, xalis əməl yerinə yetirməlidir.” Bəli, “rəca” - gerçəkləşməsi üçün müqəddimə işləri görülən ümiddir. ◘ İlahi lütflərə ümidvarlıq üçün İslam zəminələr hazırlamışdır:

  1. Allahdan ümidsizlik kəbirə (böyük) günahlardandır.[130]
  2. Allah Təala buyurur: “Mən mömin bəndəmin gümanına baxıram. Əgər Mənə qarşı xoş gümandırsa, ona yaxşılıq yetirirəm.[131]
  3. Peyğəmbərlər və mələklər möminlər üçün dua edir və onların

bağışlanmasını diləyirlər.[132]

  1. İlahi mükafat qat-qat artıq olur.4
  2. Tövbə yolu açıqdır.[133]
  3. Möminin çətinlikləri onun günahlarının kəffarəsi sayılır.[134]
  4. Allah tövbəni qəbul edir və günahları savaba çevirir.7

Bildirişlər

  1. İman əməldən üstün rütbəyə malikdir.
  2. Allahın lütfünə ümid iman, hicrət və cihaddan asılıdır.
  3. Düşüncə və əməllərin əsası düzgün olsa, kiçik yanlışlıqlar bağışlanasıdır.
  4. Yaxşı işlərə yox, Allahın lütfünə ümid bağlayaq. Çünki pis aqibət, əməllərin puça çıxması, ibadətlərin qəbul edilməməsi təhlükəsi ömrümüzün sonunadək pusqudadır.
  5. Bəndə Allahın rəhmətinə ümidvar olduğundan Allah belə elan edir: “O, bağışlayan və mehribandır.”
  6. Hicrət və cihadı dəyərli edən, onların Allah yolunda baş verməsidir.
  7. Xalis möminlər və mühacirlər də Allahın rəhmət və bağışlanmasına ehtiyaclıdırlar.
  8. Allah yolunda mühacir və mücahidlərin xətalarını bağışlamaq lazımdır.

“Səndən şərab və qumar haqqında soruşurlar. De ki, bunlar iki böyük günahdır, (maddi) mənafeləri də var. (Amma) onların günahı faydalarından daha böyükdür. (Eləcə də) səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, əfvi (ehtiyacınızdan artığını). Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz”.

(“Bəqərə” surəsi, 219)

 

Nöqtələr

◘ “İsm” sözü insanı xeyir iş görməkdə süstləşdirən işə deyilir.

◘ Xalqın ilk sualı şərab və qumarın hökmü haqqındadır. “Xəmr” örtük mənasını verir. Ona görə də qadınların başlarına bağladıqları örtük “Ximar” adlanır. Şərab insanın tanıma qüvvəsini aldığı üçün onu “Xəmr” adlandırmışlar. Yəni şərab bir növ insanın ağlını örtür.

“Məysir” sözü asan mənasını verən “yəsr” sözündəndir. Çünki qumarda tərəflər bir-birlərinin pulunu asan yolla ələ keçirmək istəyirlər.

Ayədə bu adamlara belə cavab verilir: Şərab və qumar böyük günahlardandır. Onlarda hansısa fayda ola bilər. Necə ki, bəziləri üzüm əkmək, bəziləri şərab düzəltmək və satmaq, bəziləri qumarxana açmaq yolu ilə pul əldə edirlər. Amma bu iki işin zərəri onun faydası ilə müqayisəyə gəlməyəcək dərəcədə böyükdür. Elmi və əxlaqi kitablarda şərab və qumarın mənfi təsirləri haqqında ətraflı şəkildə danışılmışdır. “Təfsiri-nümunə”də şərab və qumarın mənfi təsirləri sadalanmışdır. Həmin qeydləri nəzərinizə çatdırırıq:

  1. Şərab və qumar ömrü qısaldır.
  2. Körpələrə mənfi təsir edir.
  3. Əxlaqi fəsadlar genişlənir, cinayətlərin sayı artır. Oğurluq, qətl, ağır xəsarət, yol qəza hadisələri bu günahların səbəbi kimi göstərilə bilər. Alimlərdən biri bildirir ki, əgər dövlətlər şərab istehsalı və satışını ikidə bir qədər azaltsalar, biz də xəstəxanaların yarısını bağlayarıq.

Qumar insanda ciddi həyəcanlar yaradır, əsəb xəstəliklərinə səbəb olur, qumar səbəbindən beyin və ürək zərbəyə məruz qalır, qəlb döyüntüləri artır, iştahasızlıq yaranır. Aparılan sorğulardan belə bir nəticə əldə olunur ki, dünyada baş vermiş cinayətlərin otuz faizi qumarın payına düşür. Qumar insanlarda halal zəhmətə olan marağı öldürür, işdən duyulan sevinci onların əlindən alır. Bir çox qeyri-İslami ölkələrdə qumar qadağan olunmuşdur. Məsələn, İngiltərədə 1953-cü, keçmiş Sovetlər İttifaqında 1954-cü, Almaniyada 1973-cü ildə qadağan edilmişdir.

◘ Ayədə verilən növbəti sual infaq haqqında idi. Soruşulurdu ki, nədən infaq etmək lazımdır? Ayədə suala belə cavab verilir: “Əfvi!” “Əfv” lüğətdə bağışlanma mənasından əlavə, orta həddə bağışlama, artıq miqdar, malın ən yaxşı hissəsi mənalarını da bildirir. Bu mənaların istənilən biri hazırkı ayəyə tətbiq oluna bilər. Ayədə “əfv” təbirinin bütün bu mənaları daşıması mümkündür. Yəni infaq etmək istədiyiniz vaxt həm orta həddi gözləyin, həm olanınızı bütünlüklə infaq etməyin, həm də malınızın yaxşısını infaq edin. Necə ki, Quranda buyurulur: “Sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa çatmayacaqsınız.”[135]

◘ Təfsirdə bildirilir ki, şərab tədricən qadağan edilmişdir. Çünki ərəblər sərxoşluğa çox meyilli idilər. Ona görə də Quran şərabı pilləli mərhələdə haram buyurmuşdur. Əvvəlcə bu ayə nazil olmuşdur: Üzümdən həm məstedici içki, həm də yaxşı ruzi əldə olunur.”2 Yəni şərab yaxşı ruzi deyil. Sonra isə bu ayə nazil olmuşdur: “Şərab və qumarın zərəri onların faydasından çoxdur.” Daha sonra şərab haqqında belə buyurulur: “Namaz vaxtı məst olmamalısınız.”3 Nəhayətdə isə şərab qəti və daimi şəkildə haram buyurulur: “Şərab və qumar... murdardır və şeytan əməllərindəndir.”[136]

Bildirişlər

  1. Həm şərab, həm də qumar fiziki və ruhi sağlamlığa ziddir və qəflət doğurur. Ona görə də bu iki şeyin adı Quranda yanaşı çəkilir.
  2. Düşüncənizi və əmin-amanlığınızı qoruyun. Şərabı qadağan etməklə ağıl və düşüncənizi, qumarı qadağan etməklə ruhi sağlamlığınızı və iqtisadi dayaqlarınızı hifz edin.
  3. Rəftarlarınızda insaflı olun. Başqalarının pisliyini gördüyünüz kimi yaxşılığını da görün. Ayədə şərab və qumarın faydalarına göz yumulmur. Mövzu elə bir şəkildə bəyan olunur ki, insan bu məsələlərə sağlam düşüncə ilə yanaşa bilsin.
  4. Haram şeylərdə hansısa faydalar da ola bilər.
  5. Dini qanunlara münasibətdə “əhəmm” və mühüm” məsələlərinə diqqətli olun.
  6. İlahi hökmlər verilərkən həm xeyir, həm də şər nəzərə alınmışdır.
  7. Dini hökmlərin fəlsəfəsi ilə tanışlıq onların qəbuluna doğru bir addımdır.
  8. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.

 

“(Düşünün) dünya və axirət haqqında. Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, əziz və həkimdir”.

(“Bəqərə” surəsi, 220)

 

Nöqtələr

◘ “Fiddünya vəl axirət” cümləsi iki şeydən birinə işarədir. Bu cümlə infaq məsələsinə aid ola bilər. Bu barədə əvvəlki ayədə danışılmışdır. Yəni sizin infaqınız dünya və axirət asayişiniz üçün olsun. Bütün malınızı xərcləməyin ki, dünyada əziyyətə düşəsiniz. Xəsislik də etməyin ki, axirət savabından məhrum olasınız.[137] Bu cümlə əvvəlki ayənin sonunda işarə olunmuş təfəkkürə də aid ola bilər. Yəni insan dünya və axirət məsələləri haqqında düşünsün və axirəti üçün bu dünyadan bir şey qazansın. İnsan yaranış, varlıq aləminin sirləri, hakim qanunlar haqqında düşünməli, məsələləri bacardığı qədər əql və düşüncə əsasında qəbul etməlidir. Hərçənd bir əqidənin qəbulu üçün bütün sirlərdən xəbərdar olmaq şərt deyil.2

◘ Təfsirlərdə bildirilir: “Nisa” surəsinin onuncu ayəsi nazil olanda və yetimin malının yeyilməsi od yeyilməsi ilə bir tutulanda, evində yetim olanlar narahat oldular. Bəziləri yetimləri evlərindən çıxardılar, bəziləri isə onların qab-qacağını ayırdılar. Belə ki, yetimlər və onlara himayədarlıq edənlər üçün çətinlik yarandı. Belələri həzrət Peyğəmbərin (s) hüzuruna gəlib yetimlərlə rəftar haqqında soruşurdular. Həzrət Peyğəmbər (s) onların suallarını belə cavablandırırdı: “Yetimlərin işlərini yoluna qoymaq onları uzaqlaşdırmaqdan üstündür. Malınızın onların malına qatılmaması üçün onları özünüzdən uzaqlaşdırıb, bu məsuliyyəti çiyninizdən atmamalısınız. Onlar sizin din qardaşlarınızdır. Onların malına tamah olmayan yerdə öz malınızı həmin mala qatmağın eybi yoxdur. Bilin ki, Allah fəsad əhlini islah əhlindən seçir.”

Bildirişlər

  1. Dünya və axirətə diqqətsiz olmayın, onlar haqqında düşünün.
  2. Yetimlərdən uzaqlaşmaq məsləhət deyil. Əksinə, xeyir və tamahsız bir niyyətlə onlarla yaxınlıq məsləhətdir.
  3. Yetimlərə istənilən cür kömək dəyərlidir. Ayədə islah sözü ümumi şəkildə işlədilmişdir. Burada həm maddi, həm elmi, həm əməli, həm tərbiyəvi, həm də dini islah nəzərdə tutulur.
  4. Yetimlər bizim nə qulumuzdur, nə övladımız. Onlar bizim kiçik qardaşlarımızdır və bizim özümüzdəndir.
  5. Bu işdə nə ifrat, nə də təfritə yol verin. İslah adı ilə yetimlərin malını yeməyin, fəsad qorxusundan onlardan uzaqlaşmayın. Allah islah əhlini fəsad əhlindən seçir.
  6. Allahın bizim düşüncə və niyyətlərimizdən xəbərdar olduğunu bilsək, fəsad və xilafa yol vermərik.
  7. İslamda gücdən yuxarı vəzifə yoxdur.
  8. Göstərişlərdəki asanlıq hikmətə əsaslanır.

 

“Nə qədər ki, iman gətirməyiblər, müşrik qadınlarla evlənməyin. İmanlı bir kəniz sizi heyran qoymuş müşrik qadından üstündür. Müşrik kişilərə - onlar iman gətirənədək - qız verməyin. İmanlı qul sizi heyran qoyan müşrik kişidən üstündür. Bu müşriklər (sizi) oda doğru dəvət edirlər. Halbuki Allah öz əmr və fərmanları ilə sizi behişt və bağışlanmaya doğru çağırır. O Öz ayələrini xalq üçün aydınlaşdırır ki, bəlkə dərk edələr”.

(“Bəqərə” surəsi, 221)

 

Nöqtələr

◘ Mömin olmayan insanlarla ailə qurmaq övladların və gələcək nəslin tərbiyəsində mənfi təsir qoya bilər. Hətta belə övladlar biganələrə casusluq da edə bilərlər. Ayə müsəlman olmayanlarla izdivac haqqında olsa da, insanın imanı üçün təhlükəli olan bütün ünsiyyətlər qadağan edilir.

Bildirişlər

  1. Müsəlmanlar kafirlərlə ailə bağlılığı yaratmaq haqqına malik deyillər.
  2. Təhlükəni aradan qaldırmaq mənfəət əldə etməkdən daha mühümdür. Müşriklərlə izdivac zamanı iki ehtimal önə gəlir: İzdivac nəticəsində müşrik iman gətirə bilər. Amma əksinə, mömin də müşrik ola bilər. Möminin müşrik olma təhlükəsi daha mühüm olduğundan İslam qarşı tərəf iman gətirənədək bu izdivacı qadağan edir.
  3. Ailə qurumunda tərəflərin imanı əsasdır. Kafirlərlə izdivac qadağandır.
  4. İzdivac zamanı qarşı tərəfin gözəlliyinə, var-dövlətinə, ictimai mövqeyinə aldanmayın.
  5. İctimai mövqe, var-dövlət, gözəllik imanın yerini doldura bilmir.
  6. İmanlı zəiflərə və məhrumlara üstünlük verib, onlarla evlənin.
  7. İzdivac dinə dəvət üçün vasitə ola bilər.
  8. Nəfsani meyillər din çərçivəsini aşmamalıdır və onlara nəzarət edilməlidir.
  9. Qul və kənizdə də olmuş olsa, iman dəyərlidir. Müşrik azad da olsa, süqut rəmzidir.
  10. Qızın izdivac məsələsində ataya xitab olunur ki, qızını müşrikə verməsin.
  11. Əvvəlcə iman, sonra izdivac! Düşünməyin ki, izdivacdan sonra imana gəlsinlər.
  12. Müşriklərin müsəlman cəmiyyətinin qəlbinə nüfuzunun qarşısını alın.

Belə izdivaclardan ortaya çıxası təhlükələri nəzərdən qaçırmayın.

  1. Pis həyat yoldaşı insanı cəhənnəmə apara bilər.
  2. İlahi göstərişlərə əməl – behiştə çatmaq yoludur.
  3. Bağışlanma Allahın tovfiqi və izni ilə mümkündür. Məsihilər bağışlanmanı öz böyüklərindən asılı bilirlərsə, müsəlmanlarda belə bir inanc yoxdur.
  4. İnsan həqiqəti fitri şəkildə dərk edir. Hökmlərin bəyanı isə yalnız xatırlatma üçündür.

 

“Yaxşılıq etmək, çəkinmək, xalq arasındakı islahla bağlı andlarınızda Allahı tutacaq qərar verməyin. Həqiqətən, Allah eşidən və biləndir”.

(“Bəqərə” surəsi, 224)

 

Nöqtələr

◘ Çoxsaylı təfsirlərdə, o cümlədən “Məcməül-bəyan”, “Ruhul-bəyan” kimi kitablarda bu ayənin nazil olma şəni haqqında deyilir ki, həzrət Peyğəmbərin yaxınlarından olan Abdullah ibn Rəvahənin kürəkəni və qızı arasında ixtilaf düşərkən Abdullah onların işinə qarışmamaq barədə and içdi. Ayə nazil oldu və bu sayaq andlar qadağan edildi. ◘ “Əymən” and mənası bildirən “yəmin” sözünün cəm formasıdır. “Urzət” sözü isə təhlükə astanasında olmaq mənasını verir.

◘ Əməlinizə don geyindirmək və məsuliyyətdən qaçmaq məqsədi ilə andı vasitə seçməyin. Harada gəldi, Allahın müqəddəs adına əl atmayın. Bu iş özü də bir növ ədəbsizlikdir. İmam Sadiq (ə) buyurmuşdur: “Nə doğrudan, nə də yalandan Allaha and içməyin.”[138]

Bildirişlər

  1. Allahın adı və müqəddəsliklərin hörməti saxlanılmalıdır.
  2. Yaxşı işlərin, xalqın islahının qarşısını andla almaq olmaz.
  3. Üstün dəyərlər və xeyir işlər yersiz bəhanələrlə tərk olunmamalıdır.
  4. Unutmayın ki, Allah danışıqlarınızı eşidir və danışmadıqlarınızı da bilir. Hər bir söz və düşüncənin hesabını aparın.

 

“Allah sizi məqsədsiz andlara görə cəzalandırmaz. Amma qəlblərinizin dərk etdiyi andlara görə cəzalandırılarsınız. Allah bağışlayan və həlimdir”.

(“Bəqərə” surəsi, 225)

 

Nöqtələr

◘ Diqqətsiz, əsəbi, düşüncəsiz halda və ya çoxdanışmaq və tələskənliklə içilən andların hüquqi qüvvəsi yoxdur. Yalnız adi halda, diqqətlə, xeyir işlər üçün Allahın müqəddəs adına içilən müqəddəs andların məsuliyyəti var. Belə andlar şərən icra olunmalıdır. Bu andları pozmaq haramdır. Pozulmuş andın kəffarəsi ya on fəqiri doyurmaq, ya onlara libas vermək, ya bir qul azad etmək, bütün bunlara imkan olmadıqda isə üç gün oruc tutmaqdır.[139]

Bildirişlər

  1. İnsanın məsuliyyəti onun iradə və seçiminə bağlıdır. Allah qeyri-adi vəziyyətdəki büdrəmələri insana bağışlayır.
  2. Savab və cəzanın meyarı işin səbəbi və niyyətidir.
  3. Allahın həlimlik və bağışlama cilvələrindən biri də bilməyərəkdən baş vermiş xətaların bağışlanmasıdır.

 

 

 

“Bütün namazların, xüsusi ilə orta namazın yerinə yetirilməsinə diqqətli olun və Allah üçün müti halda ayağa qalxın”.

(“Bəqərə” surəsi, 238)

 

Nöqtələr

◘ “Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şəninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir.

◘ Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqtisadi və hüquqi məsələləri insanı namaza diqqətsiz etməsin.

◘ Hər bir şeyin qorunması onun özünə münasib olmalıdır. Mal oğrudan, bədən mikrobdan, ruh hərislik, həsəd, təkəbbür kimi əxlaqi bəlalardan, övlad pis dostdan qorunmalıdır. Bəs namaz necə qorunur? Namazı hifz etmək üçün onun sirləri ilə tanışlıq, onu vaxtında və düzgün yerinə yetirmək, namazın hökm və qaydalarını öyrənmək, ibadət mərkəzlərini qorumaq və diqqətli olmaq lazımdır.

Hədisdə oxuyuruq: Namaz bəzilərinə deyər: “Məni zay etdin, Allah səni zay etsin.” Digər bir qrupa deyər: “Məni hifz etdin, Allah səni hifz etsin.”[140]

Bildirişlər

  1. Namaz davamlı şəkildə qılınmalıdır.
  2. Namazın hifzinə bütün xalq məsuldur.
  3. Namazı camaatla qılın.
  4. Harada səhlənkarlıq və qəflət daha çox hiss olunursa, orada daha çox diqqətli olmalıyıq.
  5. Namaz çox diqqətlə, sevinclə, mərifətlə və ixlasla qılınmalıdır.
  6. İnsan varlıq nizamı ilə həmahəng olmalıdır. Quran varlıq haqqında buyurur: “Göylərdə və yerdə olanlar bütünlüklə Onundur. Hamı Ona boyun əyir”.[141] Əgər insan boyun əyməzsə, varlıq aləmində başqa rəngdə görünər.
  7. Namazın dəyəri ondakı xüzu ilə ölçülür.

 

 

“Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi”.

(“Bəqərə” surəsi, 239)

 

Nöqtələr

◘ Quranda bəzən “səlat” yerinə “zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: “Allahın zikrinə tələsin”.

Başqa bir yerdə Allah Təala Həzrət Musaya (ə) buyurur: “Namaz qıl ki, Məni zikr edəsən”. Bu ayədə də məqsəd namazdır.

Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.

◘ Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.

Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bəzi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs İmam Kazimdən (ə) soruşdu: “Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa, nə edək?” Həzrət buyurdu: “Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın”.

Hətta arxanız qibləyə olsa da!”[142]

 

Bildirişlər

  1. Namaz heç bir halda insanın boynundan götürülmür.
  2. İslamda çətinlik və sıxıntı yoxdur. Bədəni aram saxlamağa, üzü qibləyə dayanmağa şərait olmadıqda və digər şərtlər ödənmədikdə, qayda əsasında namaz qılmaq vacib olmur.
  3. Namaz – nemətlərə şükürdür.
  4. İnsan bir çox bilmədiyi məsələləri təcrübədə əldə edə bilər. Bəzi məlumatlar isə yalnız və yalnız vəhy yolu ilə əldə oluna bilər.

 

 

 

“Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur.

Allah əziz və həkimdir”.

(“Bəqərə” surəsi, 240)

Nöqtələr

◘ Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yəni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.

Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yəni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.[143]

Bildirişlər

  1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
  2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
  3. Dul qadının gələcəyi təmin olunmalıdır.
  4. Qadın ər seçimində ağıllı, şəri və məsləhətli qərar çıxarmalıdır.
  5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.

 

“Minlərcə sayda olduqları halda ölüm qorxusundan öz evlərini qoyub qaçan kəsləri görmədinmi? Allah onlara buyurdu: “Ölün!”

(Onlar öldülər).

Sonra onları diriltdi (gələcəkdəkilərə ibrət olsun deyə).

Həqiqətən, Allah xalqa ehsan edir. Amma xalqın çoxu şükür etməz”.

(“Bəqərə” surəsi, 243)

 

Nöqtələr

◘ Bu ayənin nazil olma şəni haqqında deyilir ki, Şam vilayətinin şəhərlərindən birində yetmiş minlik bir cəmiyyət yaşayırdı. Qəfil taun xəstəliyi böyük bir sürətlə bu cəmiyyəti məhv etdi. Bu cəmiyyətin imkanlıları xəstəlikdən yaxa qurtarmaq fikri ilə şəhərdən çıxsalar da, Allah onları çıxdıqları biyabandaca həmin xəstəliklə məhv etdi.

Bəzi rəvayətlərdən məlum olur ki, şəhəri bürümüş xəstəlik cəza olaraq göndərilmişdir. Çünki həmin cəmiyyətdəki rəhbər xalqdan şəhərdən xaric olub cihada hazırlaşmasını istədikdə onlar müharibə ərazisində taun xəstəliyi olduğunu bəhanə gətirib savaşdan imtina etmişdilər. Allah da onları döyüşdən qaçmaq üçün bəhanə gətirdikləri bəlaya mübtəla etdi.

Bəzi təfsir və rəvayətlərdə bildirilir: Bəni-İsrail peyğəmbərlərindən olan Hezqil Nəbi həmin ərazidən ötərkən Allahdan bu insanların dirilməsini istədi. Allah onun duasını qəbul etdi və həmin insanlar yenidən həyata qayıtdılar. Əlbəttə ki, Allahın bu lütfü gələcək nəsillər üçün bir ibrət idi. İnsanlar bu barədə düşünməli və şükür etməlidirlər.

◘ “Əl-Mənar” təfsirinin müəllifi ayədəki ölüm və həyat ifadələrinin simvolik məna daşıdığını bildirmişdir. O, ölümü istiqlalın əldən verilməsi, həyatı isə yenidən istiqlal əldə olunması kimi təfsir etmişdir.

“Əl-Mizan” təfsirinin müəllifi isə bu baxışı tənqid edərək buyurur: Ayələrin zahirinə etiqad lazımdır. Əks təqdirdə Qurandakı bütün möcüzələr və xariqüladə işlər başqa mənalara yozulasıdır.

◘ Şükür təkcə dillə həyata keçmədiyindən və hər bir nemətin öz yerində istifadə edilməsi əsl şükür olduğundan insanların əksəriyyəti həqiqi şükür edən sayılmır.

◘ Əgər Quranda buyurulsaydı ki, “onların əksəri şükür edən deyil” biz ayəni həmin qövmə aid edə bilərdik. Amma Quranda “xalqın əksəri şükür edən deyil” - buyurulmuşdur. Bu isə bütün əsrlərdə bütün insanların həqiqi şükür edən olmamasını göstərir.

◘ Şiə etiqadına əsasən, qiyamətdən qabaq bir dəstə insanın yenidən dirilməsi, yəni rəcət həqiqətdir. Yüzlərlə hədislərdən əlavə, bu ayə kimi bir sıra ayələr də rəcət məsələsinin mümkünlüyünü göstərir.

Bildirişlər

  1. Tarixə nəzər salaq və ondan öyrənək.
  2. Tarixdən öyrənilən ən mühüm dərs tarixi şəxsiyyətlərin, qəbilələrin və məntəqələrin adı yox, yüksəliş və süqut amilləridir.
  3. Allahın iradəsi olan yerdən qaçmaq faydasızdır.
  4. Allah elə bu dünyada dəfələrlə ölüləri diriltmişdir.
  5. Eniş və yoxuş, ölüm və həyat - hər biri ilahi lütf və fəzlin nümunələridir.

“Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir”.

(“Bəqərə” surəsi, 244)

 

Nöqtələr

◘ Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.

Bildirişlər

  1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir.

İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.

  1. Allah yolunda savaş həyat nemətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.
  2. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.
  3. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.

 

﴿مَّنْ ذَاْ الذِيْ يـ قرضُْ اللهَ قـ رضًاْ حَسَناْ فـيضَِاعِفَهُْ لهُْ أ ضعَافاكَثيرَةً وَاللهُْ يـ قبضُْ .245 وََيـ بسُطُ وَإل يهْ تـ رجَعونَْ﴾

“Kimdir Allaha yaxşı bir borc verən ki, Allah da onun əvəzini neçə qat artırsın? Allah (bəndələrinin ruzisini) məhdudlaşdırar, genişləndirər. Siz Ona doğru qaytarılarsınız”.

(“Bəqərə” surəsi, 245)

 

Nöqtələr

◘ Müxtəlif təfsirlərdə bildirilmişdir ki, insanları cihada təşviq edən ötən ayənin ardınca gələn bu ayə möminləri infaq və borc verməyə rəğbətləndirir. Cəmiyyətin əmin-amanlığı və hifzi üçün cihad və xalisanə təlaşa ehtiyac olduğu kimi, məhrumların təmini və cihad vasitələrinin tədarükü üçün də maddi yardımlara ehtiyac var.

◘ Allaha borc vermək mövzusu Quranda yeddi dəfə zikr olunmuşdur. “Məcməul-bəyan” təfsirində qərzül-həsənə, yəni bəyənilmiş borca aid şərtlər bəyan olunmuşdur: Halal maldan olsun, sağlam maldan olsun, zəruri məsrəf üçün olsun, minnətsiz olsun, riyasız olsun, məxfi şəkildə olsun, eşq və isarla ödənsin, dərhal çatdırılsın, borc verən bu tövfiqə görə Allaha şükür etsin, borc alanın şəxsiyyəti qorunsun.

◘ “Qərz” sözü ərəb dilində kəsmək mənasını verir. Borc ona görə qərz adlandırılır ki, mal-mülkün bir hissəsi yenidən qaytarılmaq şərti ilə kəsilib başqasına verilir. “Bəst” sözü açılış və büsat mənasındadır. “Büsat” yer üzündə sərilmişə deyilər.

◘ Cihad bəzən əvvəlki ayələrdə buyurulduğu kimi canla olur, bəzən isə bu ayədə qeyd olunduğu kimi mal-mülklə.

◘ “Kəsir” sözünün “əzaf” sözü ilə yanaşı işlədilməsi böyük mükafata işarədir. “Yuzaifə” forması isə mübaliğə, artım rəmzidir.[144]

◘ “Allaha borc” təbiri qərzül-həsənə mükafatının Allahın öhdəsində olduğunu göstərir.

◘ Allaha borc verilməsi əmrinin müqabilində soruşulur ki, kimdir Allaha elə bir borc verən? Məqsəd, xalqın ikrah və məcburiyyət hiss etməməsidir. Əksinə, başqalarına rəğbət və istəklə borc verilsin. İnsanda mənfəət umacağı olduğundan Allah bu yolla insanı borc verməyə həvəsləndirir:

◘ Ayədə xalqa borc əvəzinə Allaha borc ifadəsi işlədilir. Bu sayaq təbir fəqirlərdə belə bir hiss yaradır ki, Allah Özünü onların yerinə qoymuşdur və bu onların qəlbindəki zəifliyi aradan qaldırır.

◘ Bütün vücudumuz və bütün olanlarımız Allaha məxsus olsa da, Allah bəzən Özünü müştəri, bəzən isə borc alan kimi tanıtdırır. Allah bununla bizi təşviq edir. Həzrət Əli (ə) buyurmuşdur: “Göylərin və yerin qüvvələri Allahındır. Borc ayəsi sizin imtahanınız üçündür.”[145]

◘ İmam Kazim (ə) buyurur: “Allaha borcun nümunələrindən biri məsum imama iqtisadi köməkdir.”[146]

◘ Ayədə sıxıntı və genişlənmə Allaha aid edilsə də, rəvayətlərdə belə oxuyuruq:

Hər kəs xalqa qarşı əliaçıq olsa, Allah da onun üçün genişləndirər. Hər kəs xalqa qarşı xəsislik etsə, Allah onu sıxıntıya salar.”

◘ Rəvayətlərdə qərzül-həsənənin mükafatı on səkkiz qat, sədəqənin mükafatı isə on qat göstərilir.3

◘ “Hər kəs xeyir iş gətirsə, ondan da yaxşısını əvəz alar,” ayəsi nazil olan zaman həzrət Peyğəmbər (s) Allahdan bu mükafatı artırmasını istədi. Belə bir ayə nazil oldu: On qat verilmiş olar.”4 Həzrət Peyğəmbər (s) bir dəfə də Allaha ağız açdı və hiss etdi ki, Allahın müəyyənləşdirdiyi artım saya gəlmir.”5

◘ Borc verənlərin mükafatı həm bu dünyada, həm də axirətə aiddir. Ayədən belə görünür ki, qiyamət hesabı dünya mükafatlarından ayrıdır.

◘ Pislik təliminin və yanlış dərk etmənin qarşısı alınmalıdır. Əgər əvvəlki ayədə Allah xoş bir dillə borc istəyirsə, onun ardınca buyurur: “Nəbadə, yəhudilər kimi Allahın fəqirliyini düşünən olsun.[147] Eləcə də, bilməliyik ki, Allahın borc tələbi insanın inkişafı üçündür. Allah Özü hər nədən ehtiyacsızdır. Münafiqlər dedilər: Müsəlmanlara infaq etməyin, qoy peyğəmbərin ətrafından dağılsınlar... Quran onların cavabında buyurdu: Bu nə etiqaddır? Məgər bilmirlərmi ki, göylərin və yerin xəzinələri Allahın əlindədir?!7

Bildirişlər

  1. Allahın bəndələrinə yardım Allaha yardımdır.
  2. İnsanları xeyir işə həvəsləndirmək üçün təşviq lazımdır.
  3. Əgər rifah və sıxıntının Allahın əlində olduğuna inansaq, rahatca infaq edərik.
  4. Əgər bilsək ki, Allaha doğru qayıdacağıq və bütün verdiklərimizi geri alacağıq, rahatca infaq edərik.

 

“Bəni-İsrail böyüklərindən olan o dəstəni görmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: “Bizim üçün bir başçı seç, Allah yolunda savaşaq”. O, dedi: “Ehtimal edirsinizmi ki, əgər sizə savaş əmri verilsə, (itaətdən çıxıb) cihad etməyəcəksiniz?”. Dedilər: “Necə olar ki, Allah yolunda savaşmayaq? Bir halda ki, evlərimizdən və övladlarımızdan ayrılmışıq?” Elə ki, onlara savaş əmri verildi, kiçik bir hissəsi istisna olmaqla, boyun qaçırdılar. Allah zalımlardan xəbərdardır”.

(“Bəqərə” surəsi, 246)

 

Nöqtələr
◘ “Mələ” sözü heybəti gözləri və sinələri tutmuş böyüklər, ağalar mənasını bildirir.

◘ Bəni-İsrail Həzrət Musadan (ə) sonra qanunu pozmaq, rifah axtarmaq xatirinə yenidən zalım hakimlərin hökmü altına düşdü. Onlar öz azadlıqlarını və torpaqlarını əldən verdilər. Onlar avaralıqdan qurtarmaq və zalım hakimlərin boyunduruğundan xilas olmaq üçün mübarizə qərarına gəldilər. Öz peyğəmbərləri Eşmuyeldən Tağutla mübarizə üçün başçı istədilər. Bütün bu iddialarına baxmayaraq göstəriş verilən zaman əksəri döyüş meydanına arxa çevirib, əmrdən boyun qaçırdı.

Bildirişlər

  1. Müsəlmanlar Bəni-İsrailin tarixinə diqqətlə nəzər salmalı və ibrət götürməlidirlər.
  2. İlahi rəhbərin mövcudluğu pərakəndəliyin, avaralığın və zülmə təslimçiliyin qarşısını alır.
  3. Bəzi peyğəmbərlərin risaləti xalqın yalnız bir hissəsinə aid olmuşdur.
  4. Hərbi komandan səmavi rəhbər tərəfindən seçilməli və təyin olunmalıdır. Demək, din siyasətdən ayrı deyil.
  5. Müvəffəqiyyətli savaş üçün layiqli komandan lazımdır.
  6. Zalım hakimlərdən xilas olmaq üçün ilahi peyğəmbərlərə sığınmaq lazımdır.
  7. İslah təklifi verənlərdən öhdəçilik alınmalıdır.
  8. Rəhbər uzaqgörən olmalıdır. O, xalqın öz əhdini sındırması və məsuliyyətdən qaçmasını ehtimal etməlidir.
  9. Zülmdən yaxa qurtarmaq və vətənin müdafiəsi üçün aparılan cihad Allah yolunda cihaddır.
  10. Çətinliklərin meydana çıxması azadlıq hərəkatı səbəbidir.
  11. Mübarizə meydanı iddialı insanların qiymətləndirilmə vasitəsidir. Xoş olar, işdi məhək aləti gəlsə araya,

Qatqılı üzləri döndərməlidir ol qaraya.

  1. Əhdi pozanlar və əməlsiz şüarçılar zalımdırlar.
  2. Allah agahdırsa, bir bu qədər pərdələnmə nə üçündür?!

 

“Peyğəmbərləri onlara dedi: “Həqiqətən, Allah Talutu sizə hakimlik üçün məbus etmişdir.” Dedilər: “O bizə necə hakim ola bilər ki, biz ondan daha layiqli rəhbərik və ona çoxlu sərvət verilməyib?” Peyğəmbərləri dedi: “Allah onu sizin üçün seçmiş, elm və cisim gücünü artırmışdır. Allah öz mülkünü istədiyinə verər. Allahın (ehsanı) genişdir və O (bəndələrinin ləyaqətindən) xəbərdardır”.

(“Bəqərə” surəsi, 247)

 

Nöqtələr

◘ “Vasə” sözü Allahın ehtiyacsız olduğunu və istənilən bir bəxşişə qadir olduğunu bildirir.

◘ Bəni-İsrailin öz peyğəmbərlərinə savaşa rəhbərlik üçün hərbi komandan istəməsinə baxmayaraq, onların bu istəyinə cavab verildikdə bəhanə gətirib dedilər: Talut hara, hakimiyyət hara?” Məlum olur ki, Talut onlara hərbi komandan olmaqdan əlavə, hakim də təyin edilmişdir. Bəni-İsrail öz peyğəmbərlərindən savaş üçün başçı istəsə də, gənc, fəqir, adsız-sansız Talut başçı təyin olunduqda dedi: “Şöhrəti və sərvəti olmadığı halda, o bizə necə komandanlıq edər? Biz öz sərvətimiz və imkanlarımız baxımından ondan daha layiqik!”

Peyğəmbər onların bəhanələrini eşidib buyurdu: “Şübhəsiz ki, Allah onu sizin üçün seçmişdir. Və onun savaşa başçılıq üçün elmi, fiziki və digər imkanları vardır. Allah istədiyi kəsə ləyaqəti, gizli istedadları xatirinə başçılıq verər.

Bəli, Allahın bir nəzəri daşı cəvahirə döndərər. Onun baxışı bərəkətindən tikan gül olar, fəqir isə hakim! Məgər qoyunlarını itirmiş bir çoban hakimlik ləyaqətinə malikdirmi? Rəvayətdə deyilir: Talut itmiş qoyunları axtararaq şəhərə üz tutmuş bir çoban idi. O, peyğəmbərin xidmətinə gəldi. Allah Öz peyğəmbərinə vəhy etdi ki, bu çobanın başçılıq ləyaqəti var və onu xalqa təqdim etsin.

◘ Bəlkə də ayədəki “bəstətən fil-ilmi” cümləsi Talutun əhatəli elminə işarədir. Yəni o bir çox elmlərdə geniş məlumata malik olmuşdur.

Bildirişlər

  1. Peyğəmbərlər vəhy əsasında öz canişinlərini seçirlər.
  2. Allahın təyin etdiyi rəhbərlik xalqın xeyrinədir.
  3. Azadlıq və qurtuluş arzusundasınızsa, ilahi rəhbəri qəbul etməlisiniz.
  4. Peyğəmbərlər hərbi məsələlərə bilavasitə müdaxilə etmiş və hərbi komandanların təyinatı ilə məşğul olmuşlar.
  5. Ad-sansız və fəqir insanların gizli istedadlarından qəflətdə qalmayın.
  6. Həqiqi iman nişanəsi Allaha və Onun rəsuluna təslimçilikdir. Bəniİsrail öz yanlış düşüncəsi səbəbindən təslim olmadı.
  7. Bizim ilahi rəhbərlə rəftar qaydamız ilahi imtahanlardan biridir.
  8. İnsanın özünü üstün tutması məhkum edilir. (Necə ki, şeytan “Əraf” surəsinin on ikinci ayəsində “ənə xəyrun minhu” deməklə özünü üstün tutdu.)
  9. Ad-san, vəzifə, şəhərdə yaşamaq üstünlük nişanəsi deyil. Bu ayədə var-dövləti, vəzifəni üstünlük meyarı sayanlar tənqid olunmuşdur.
  10. İlahi seçim boş-boş şeylərə yox, ləyaqətə əsaslanır.
  11. Elmi və fiziki qüdrət qoşun başçılığının iki zəruri şərtidir.
  12. Elmi qüdrət fiziki qüdrətdən də mühümdür. Əvvəlcə elm, sonra cisim sözü gəlmişdir.
  13. Seçim zamanı daha elmli olmaq əsas məsələdir.
  14. Rəhbər, müdir öz işçilərinə diqqətlə yanaşmalı, işinin və seçiminin dəlillərini bəyan etməli, şübhələri aradan qaldırmalıdır. Onlar deməlidirlər ki, hansı işi görüb-görməmək öz haqlarıdır. Peyğəmbər Talutun seçim dəlili kimi onun elmi və cismi gücünü bəyan etdi.
  15. İlahi lütf nə fəqirlik və ad-sansızlıqdan, nə də sərvət və şöhrətdən asılıdır.
  16. Xalqın əksər etirazlarının səbəbi onların dar baxışlı və dar düşüncəli olmasıdır. Allahın elmi isə nəhayətsiz və qeyri-məhduddur.

 

“Peyğəmbərləri onlara dedi: “Onun hakimiyyət nişanəsi budur ki, sizə doğru tabut (sandıq) gələcək. Onda Allahınız tərəfindən bir aramlıq, Musa və Harun ailəsindən miras, yadigar var. Bir halda ki, onu mələklər daşıyır. Həqiqətən, bu mövzuda sizin üçün aşkar dəlil var. Əgər imanınız olsa!”.

(“Bəqərə” surəsi, 248)

 

Nöqtələr

◘ Yəhudilərin Talutun başçılığına əmin olması üçün peyğəmbərləri onlara dedi: “Talutun seçimində Allah tərəfindən bir nişanə olması üçün Bəniİsrailin müqəddəs sandığı onlara qaytarılar.” Ayədə həmin sandıq tabut kimi yad edilmişdir. Bu sandıq Musanın anasının öz körpəsini qoyduğu ağac qutu idi. O, Allahın əmri ilə bu sandığı suya atdı. Fironun məmurları sandığı götürüb, körpə ilə birlikdə onun yanına apardılar. Həmin sandıq hələ də Fironun sarayında qalırdı.

Musa peyğəmbərliyə çatdıqda Tövrat səhifələrini həmin sandıqda yerləşdirdi. Dünyasını dəyişərkən öz zirehini və digər əşyalarını da həmin sandığa qoyub, öz canişini Yuşə ibn Nuna tapşırdı. Bu müqəddəs sandıq əhd sandığı adı ilə məşhur oldu. O, Bəni-İsrailin ixtiyarında idi. Savaş zamanı onu qoşunun önündə aparırdılar. Amma zaman keçdikcə sandığın müqəddəsliyi azaldı. Sandıq oğurlandı və yalnız Talutun hakimliyi zamanında Allah mələklər vasitəsi ilə sandığı onlara qaytardı ki, aramlıq və əminlik səbəbi olsun.[148]

Bildirişlər

  1. Vasitələrlə də olmuş olsa, aramlığın qaynağı Allahdır.
  2. İnsan daim aramlığa ehtiyaclıdır. Xüsusi ilə də cihad meydanına gedən zaman. (Bu ayədə “səkinə” sözü düşüncə aramlığının əhəmiyyət və zəruriliyini göstərir.)
  3. İlahi rəhbərdə ilahi nişanə olmalıdır. Talutun Allah tərəfindən seçilməsinin təsdiqi üçün ilahi nişanə olmalı idi.
  4. Əgər Musanın bədəni və Tövrat lövhələri ilə təmasda olmuş sandıq və müqəddəs sakitləşdirici idisə, ilahi övliyaların qəbri üzərindəki sandıqları da müqəddəs saymaq Qurana zidd deyil.
  5. Peyğəmbərlərin əsərlərinin hifzi dəyərlidir və aramlıq səbəbi, təbərrükdür.

 

“Talut qoşunu özü ilə bayıra çıxaranda onlara dedi: “Allah sizi bir su axarı ilə imtahana çəkir. Hər kəs ondan içsə, məndən deyil. Hər kəs ondan – yalnız bir ovuc əliylə içməsi istisna olmaqla - içməsə, məndəndir. (Elə ki, su arxına çatdılar), az bir qismindən başqa hamı içdi. O və onun imanlı köməkçiləri arxı keçdikdən sonra (düşməni görüb) dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə savaşa gücümüz yoxdur.” Amma Allahla görüşəcəklərinə inananlar (qiyamət gününə iman gətirənlər) dedilər: “Çox olar ki, kiçik bir dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlsin. Allah səbirlilərlədir”.

(“Bəqərə” surəsi, 249)

 

Nöqtələr

◘ “Cunud” sözü qoşun mənasını daşıyan “cund” sözündəndir.

◘ Ayə susuzluq sınağı meydanından başı uca çıxa bilməmiş Bəniİsraildən olan bir dəstənin rədd olunmasını xəbər verir. Amma bu sınaqdan çıxan kiçik bir qrup üçün digər bir ruhi və mənəvi imtahan vardı. Onlar Calutun böyük qoşunu ilə qarşılaşdıqda dedilər: “Biz bu silahlı qoşunla üzüzə gəlmək gücündə deyilik.” Amma qiyamət gününə iman gətirənlər belə dedilər: “Qələbə Allahın əlindədir. Çox olmuşdur ki, Allahın izni ilə kiçik bir dəstə böyük bir qoşuna qalib gəlmişdir”.

◘ Sınağın bir mərhələsindən üzü ağ çıxmaq kifayət deyil. Bir çoxları müəyyən mərhələdə müvəffəq olsalar da, növbəti mərhələdə məğlub olurlar. Bu əhvalatda bir dəstə, təyin olunmuş rəhbəri onun fəqir olduğu üçün qəbul etmədi. Digər bir dəstə isə susuzluq sınağından çıxmadı. Başqa bir qrup isə düşmənlə rastlaşdıqda uğursuzluğa düçar oldu.

◘ Talut ilk öncə qoşunu özünə aid edib “mənim qoşunum” sözünü işlətmir. Qoşun böyük olub, onun komandanlığını qəbul etsə də, Talut onları sınaqdan keçirmədiyi üçün sadəcə “qoşun” kəlməsini işlədir. Sınaqdan keçirdikdən sonra bu qoşunu özünə aid bilir.

◘ İmam Baqir (ə) buyurmuşdur: “İşin sonunadək Taluta vəfalı olanların sayı 313 nəfər idi.[149]

◘ İki dəstənin mövqeyi aydındır: Kim sudan içmədisə özününküdür, hər kəs içdisə biganədir. Amma ovucla içənlər nə özününküdür, nə də biganə. Onları nə məyus, nə də lütfdən məhrum etmək lazımdır. Çünki burada nə “minni”, nə də “ləysə minni” sözləri işlədilmişdir.

◘ Əli dövlətin və xalqın malına çatdığı halda kəramət və zöhd göstərərək onun yanından keçən və tamahkarlığa yol verməyənlər “hizbullah”, yəni Allahın firqəsidirlər. Arxalarını mal toplamaqla möhkəmləndirənlər isə həqiqi möminlər deyildirlər.

Bildirişlər

  1. Hərbi komandanın vəzifələrindən biri öz döyüş dəstələrini tamaşaçıların gözü qabağında qoymamaqdır.
  2. Sınaq vasitələrindən biri də mövsümi, müvəqqəti qadağanlardır. Rahattələblik, çətinliklərə dözümsüzlük, müvəqqəti sıxıntılar qarşısında geriləmə cəngavərliklə bir araya sığan sifətlər deyil.
  3. Düşmənlə savaşdan qabaq təlimlər keçirilməlidir.
  4. Başçı faydasız qüvvələri kənarlaşdırmalıdır.
  5. Komandana təslimçilik müvəffəqiyyət rəmzidir.
  6. Zəruri ehtiyacların hesabı rifahlı yaşayış hesabından fərqlidir.
  7. İmtahan meydanından üzüağ çıxanlar azdır.
  8. İnqilabçı olmaq mühüm deyil, ən əsası inqilabçı qalmaqdır. Bu əhvalatda şüarçı çox idi. Amma imtahandan müvəffəq çıxanlar az oldu.
  9. Məad və ilahi vədlərə iman çətinliklər qarşısında dözüm qüvvəsini gücləndirir.
  10. İmanın dərəcələri vardır. Talutla olanların bir dəstəsi ona iman gətirsələr və su içməsələr də, iman dərəcəsinə görə fərqlənirdilər. Hər mömin mücahid deyil. Yalnız Allahla görüşə imanlı olanlar mücahiddirlər.

11.Düşmənin çoxluğu Allahın iradəsi qarşısında əhəmiyyətsiz bir şeydir.

  1. Keyfiyyətli qüvvə kəmiyyətli qüvvədən üstündür.
  2. Xalis mömin qələbəni Allahdan gözləyir.
  3. Səbirli və dözümlü müsəlmanlar düşmənin çoxsaylı olmasından qorxmamalıdırlar. Çünki Allah səbirlilərlədir.

 

“Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: “Pərvərdigara, bizə səbir və dözüm endir, qədəmlərimizi sabit və möhkəm et, bizi kafir qövmə qalib buyur””.

(“Bəqərə” surəsi, 250)

Bildirişlər

  1. Hər zaman, xüsusi ilə cəbhələrdə hərəkətlə müşayiət olunan dua zəruridir. Hərəkət yerinə dua etmək düzgün deyil.
  2. Səbir və qələbə bir-birinin şərtidir. Səbir nəticəsində qələbə əldə olunar.
  3. Öz dualarınızı “Rəbbəna”, yəni “ey Rəbbimiz” müraciəti ilə başlayın.
  4. Çətinliklər zamanı insanın böyük səbrə ehtiyacı var. “Əfriğ” firavan nüzul mənasındadır. “Səbrən” sözü “nəkərə” formasında işləndiyindən böyük səbir nişanəsidir.
  5. İmtahanlardan keçmək və onlardakı müvəffəqiyyət sizi qürrələndirməsin. Daim Allahdan yardım diləyin.
  6. Çalışmaq insanın vəzifəsidir. Qələbə isə Allahın əlindədir.
  7. Savaşda qələbə o zaman dəyərli olur ki, döyüşçülərin məqsədi haqqın batildən üstünlüyü olsun. Şəxsi üstünlük istəyi qələbəni dəyərsiz edir.

 

“Sonra onlar (Talut və köməkçiləri) Allahın izni ilə düşmən qoşununu məğlub etdilər. (Talutun köməkçilərindən olan şücaətli, mömin gənc) Davud Calutu öldürdü. Allah ona hökumət və hikmət əta etdi, istədiyindən ona öyrətdi. Əgər Allah xalqın bir hissəsini başqaları ilə dəf etməsə, hökmən yer üzünü fəsad bürüyər. Amma Allahın aləmlərə lütf və ehsanı var”.

(“Bəqərə” surəsi, 251)

 

Nöqtələr

◘ Rəvayətlərə görə, Davud həmin bu döyüşdəki şücaətinə görə peyğəmbərlik məqamına çatdı. Onun övladı Süleyman da ilahi peyğəmbərlərdən oldu.

◘ Rəvayətdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurdu: “Allah bir saleh müsəlmana görə onun yüz min qonşusunun üzərindən bəlanı uzaqlaşdırar”.

Sonra Həzrət (s) həmin ayəni oxumuşdur.[150]

◘ Ötən ayələrdən məlum olur ki, bir neçə şey qələbə amilidir: güclü və layiqli rəhbər, mömin ardıcıllar, təvəkkül, səbir və ardıcıllıq, ilahi məqsəd.

Bildirişlər

  1. Səy və cihad sizdən olsa da, düşmənin məğlubiyyəti Allahın əlindədir.
  2. Mücahidlərin xalisanə duaları qəbul olur.
  3. Parlaq istedad, ləyaqət, fədakarlıq və müsbət keçmiş olmasa, kimsə Allahın xüsusi lütfünə çatmaz.
  4. Cəbhə və cihadda qılıncın ağzı düşmən komandanlığına doğru olsun.
  5. Döyüşdə mərdanəlik göstərənlərin adını yaşadın.
  6. Düşmən rəhbərin məhvi onun qoşununun məhvinə bərabərdir.
  7. Təcavüzkar və zalımın qarşısında müqavimət göstərilməsə, fəsad yer üzünü bürüyəcək.
  8. Fəsad əhli ilə müharibə zəruridir. Zərərli ünsür aradan götürülməsə, başqa ünsürlər də həmin yola sövq ediləcək.
  9. İlahi iradə və fəzl təbii yollarla gerçəkləşir.
  10. Təcavüzkara qarşı cihad və müdafiə hökmü ilahi fəzldir.

 

“Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən”.

(“Bəqərə” surəsi, 252)

 

Nöqtələr

◘ Bu ayə ilə Quranın ikinci cüzü başa çatır. Sonda buyurulur ki, ötən ayələrdə xatırlanan hadisələr ibrət üçündür.

Minlərlə insanın bir anda ölümü və peyğəmbərin duası ilə onların yenidən dirilməsi, ad-sansız, amma ləyaqətli və bilikli gənc çobana rəhbərlik məqamının əta olunması, azsaylı dəstənin çoxsaylı düşmən dəstəsinə qalib gəlməsi, bir gəncin şücaəti və ona peyğəmbərlik məqamının verilməsi və bütün başqa nöqtələr ilahi ayələrin cilvəsi, İslam peyğəmbərinin (s) buyuruqlarının və risalətinin haqq olması nişanəsidir.

 

 


[1] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 136.

[2] “Tövbə”, 105.

[3] “Əhzab”, 33. 3 “Nəhl”, 120.

[4] “Təfsiri-Məcməül-bəyan”.

[5] “Fəth”, 29.

[6] “Bəqərə”, 159.

[7] “Ənbiya”, 90.

[8] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 139.

[9] “Fəth”, 2.

[10] “Bihar”, c. 22, s. 483.

[11] “Bihar”, c. 6, s. 211-303.

[12] “Bəqərə”, 129.

[13] “Bəqərə”, 40.

[14] “Taha”, 14. 3 “Bəqərə”, 40; “Mücadilə”, 11.

[15] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 140.

[16] “Mücadələ”, 19. 6 “Təkasur”, 1. 7 “Hicr”, 3.

[17] “Təfsiri-Ruhul-Məani”.

[18] “Təfsiri-safi”, c. 1, s. 111.

[19] “Təfsiri-Ətyabul-bəyan”, c. 2, s. 258.

[20] “Təfsiri-Rahnüma”.

[21] “Hədid”, 4.

[22] “Təfsiri-bəyan”.

[23] “Nəhcül-bəlağə”, xütbə. 143. 2 “Cinn”, 16.

[24] “Ali-İmran”, 146. 4 “Bəqərə”, 153. 5 “Furqan”, 75.

[25] “Zümər”, 10. 2 “Bəqərə”, 155.

[26] “Bihar”, c. 45, s. 46.

[27] “Məryəm”, 67; “İnsan”, 1.

[28] “Dürrül-Mənsur”, c. 1, s. 377.

[29] “Məaric”, 20.

[30] “Bəqərə”, 155.

[31] “Ziyarəte-Aşura”. 5 “Ğaşiyə”, 4.

[32] “Tövbə”, 103.

[33] “Təfsiri-Məcməül-bəyan”.

[34] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. 2 “Təfsiri-Tibyan”, c. 1, s. 44.

[35] “Həcc”, 29.

[36] “Təfsiri-Əl-mizan”. 2 “Sad”, 78.

[37] “Ə`raf”, 38.

[38] “Yusuf”, 101. 2 “Bəqərə”, 132. 3 “Zariat”, 47.

[39] “Nəbə”, 12. 2 “Mulk”.

[40] “Fussilət”, 12.

[41] “Rəd”, 2.

[42] “Ənbiya”, 32.

[43] “Haqqə”, 6.

[44] “Təfsiri-Sifvətut-Təfasir”, c. 1, s. 113.

[45] “Kafi”, c. 1, s. 374.

[46] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 151.

[47] “Bihar”, c. 27, s. 184.

[48] “Maidə”, 90.

[49] “Bəqərə”, 60. 2 “Ə`raf”, 31. 3 “Həcc”, 28.

[50] “Nəhl”, 100. 2 “Hicr”, 42.

[51] “Nəhcül-bəlağə”, hikmət. 147.

[52] “Təfsiri-Safi”. 2 “Bəqərə”, 168.

[53] “Mu`minun”, 51.

[54] “Vəsail”, c. 16, s. 310.

[55] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 130.

[56] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145.

[57] “Nisa”, 10.

[58] “Təfsiri-Məraği”. 2 “Furqan”, 75.

[59] “Rə`d”, 24.

[60] “Səcdə”, 24.

[61] "Bihar",c . 78, s. 6.

[62] "Bihar",c . 1, s. 225.

[63] "Bihar",c . 1, s. 106.

[64] "Bihar",c . 71, s. 352.

[65] "Bihar",c . 71, s. 325.

[66] "Bihar",c . 108, s. 171.

[67] “Təfsiri-Qurtubi”.

[68] “Kafi”, c. 2, s. 665.

[69] “Rum”, 50.

[70] “Ənfal”, 24.

[71] “Bəqərə”, 154. 4 “Bəqərə”, 28.

[72] “Səfinətül-bihar”.

[73] “Səfinətül-bihar”.

[74] Nəhcül-fəsahə, c. 626. 2 “Təfsiri-Ətyəbul-bəyan”. 3 “Vəsail”, c. 13, s. 252.

[75] “Təfsire-Nurus-səqəleyn”, c. 1, s. 159.

[76] “Təfsiri-Əl-Minar”.

[77] “Təfsiri-Ruhul-bəyan”.

[78] Sahibe-Cəvahir”, Ayətullah Cavadinin dilindən.

[79] “Təfsiri-Məraği”, c. 2, s. 69.

[80] “Təfsiri-Məraği”, c. 2, s. 69. 6 “Kafi”, c. 2, s. 100.

[81] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 136.

[82] “Bihar”, c. 69, s. 380.

[83] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 164. 2 “Təfsiri-Bürhan”, c. 1, s. 182.

[84] “Bihar”, c. 96, s. 356.

[85] “Vəsail”, c. 7, s. 119.

[86] Bax: “Bəqərə”, 116.

[87] Bax: “Ər-rəhman”, 29.

[88] Bax: “Ğafir”, 14.

[89] Bax: “Ə’raf”, 56.

[90] Bax: “Ənbiya”, 90.

[91] Bax: “Ə’raf”, 55. 2 Bax: “Məryəm”, 3.

[92] “Kafi”, c. 2, “Kitabud-dua”.

[93] “Bihar”, c. 77, s. 54.

[94] “Bihar”, c. 104, s. 273.

[95] “Vəsail”, c. 12, s. 63. 4 “Nəhcül-bəlağə” xütbə 131.

[96] “Nəhcül-fəsahə”, hikmət 2693. 6 “Nəhcül-bəlağə” xütbə 224.

[97] “Nəhcül-fəsahə” hikmət 539.

[98] “Təfsiri-Bürhan”, c. 1, s. 190.

[99] “Təfsiri-Məcməul-bəyan”, c. 2, s. 509.

[100] “İsra”, 29.

[101] “Bihar”, c. 93, s. 168.

[102] “Təfsiri-Nurus-Səqəleyn”, c. 3, s. 183.

[103] “Kafi”, c. 4, s. 207.

[104] “Cümə”, 10.

[105] “Vəsail”, c. 8, s. 9.

[106] “Təfsiri-“Məcməul-bəyan”, c. 2, s. 529; “Nurus-səqəleyn”, c. 1, s. 198.

[107] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 199.

[108] “Həcc”, 41.

[109] “Təfsiri-Əhsənul-hədis”, c. 1, s. 376.

[110] “Şərhe-nəhcül-bəlağə”, c. 13, s. 262. 3 “Təfsiri-Safi”, c. 1, s. 241.

[111] “Mumtəhinə”, 8.

[112] “Ali-İmran”, 64.

[113] Bax: “Bəqərə”, 208.

[114] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 205.

[115] Bax: “Bəqərə”, 47.

[116] Bax: “Bəqərə”, 61.

[117] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 209.

[118] “Təfsiri-Kaşif”, c. 1, s. 3109.

[119] “Təfsiri-minhacüs-sadiqin”, c.1, s. 552.

[120] “Saffat”, 172.

[121] “Mucadələ”, 21.

[122] “Bihar”, c. 77, s. 58.

[123] Tövrat, s. t. b. 13, c. 15.

[124] Tövrat, s. t. b. 7, c. 3.

[125] Tövrat, s. t. b. 20, c. 1.

[126] Tövrat, s. t. x. c. 36.

[127] Tövrat, s. ə. b. 31, c. 3.

[128] İncil, m. b. 10, c.7.

[129] İncil, m. b. 10, c.39. 8 İncil, l. b. 22, c. 36.

[130] Bax: “Zumər”, 53.

[131] “Kafi”, c. 2, s. 72.

[132] Bax: “Ğafir”, 7, “İbrahim, 41. 4 Bax: “Bəqərə”, 261.

[133] Bax: “Nisa”, 18.

[134] Bax: “Bihar”, c. 81, s. 176. 7 Bax: “Furqan”, 70.

[135] “Ali-İmran”, 92. 2 “Nəhl”, 67. 3 “Nisa”, 43.

[136] “Maidə”, 90.

[137] Mərhum Qumşeyinin tərcüməsi. 2 “Təfsiri-Əl-Mizan”.

[138] “Bihar”, c. 76, s. 47.

[139] Bax: “Maidə”, 89.

[140] “Kafi”, c.3, s. 268.

[141] “Rum”, 26.

[142] “Təfsiri-nümunə”, c. 2, s. 148; “Nurus-səqəleyn”, c. 2, s. 239.

[143] “Təfsiri-Ətyəbul-bəyan”.

[144] “Təfsiri-Ruhul-Məani”.

[145] “Nəhcül-bəlağə” x. 183.

[146] “Təfsiri-Ruhul-bəyan c. 1, s. 381. 3 “Bihar”, c. 100, s. 138. 4 Bax: “Nəml”,89; “Ən’am”, 160. 5 “Təfsiri-əl-Mizan”, c. 2, s. 310.

[147] “Ali-İmran”, 181. 7 “Münafiqun”, 7.

[148] Tövrat, “Səfəre-xuruc”, f. 37.

[149] “Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 251.

[150] “Təfsiri-Dürrül-mənsur”, c. 1, s. 764.

deyerler.org

Ad:
E-poçt:
* Comment: