IQNA

9:41 - October 31, 2019
Xəbər sayı: 3486061
Rəbiül-əvvəl ayının 17-si İslam Peygəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək mövludları günüdür. Bu mövludlar münasibəti və "Vəhdət" həftəsi ilə əlaqədar olaraq, gözəl bilik yarışmasına start verilir.

Bismilləhir-Rahmənir-Rahim!

Rəbiül-əvvəl ayının 17-si – əziz İslam Peygəmbərinin (s) – aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları günüdür. Bu mövludlar münasibətilə, habelə "Vəhdət" həftəsi ilə əlaqədar olaraq, gözəl bilik yarışmasına – IX "Uşaq Mövlud Olimpiadası"na start verilir.

Şükürlər olsun ki, artıq 9-cu dəfədir əziz balalar üçün elmi-intellektual yarışma keçirilir.

IX "Uşaq Mövlud Olimpiadası"nın qaydalarını nəzərinizə çatdırırıq:

 

IX Uşaq Mövlud Olimpiadasının suallarının "Qurani-Kərimin "Nümunə" təfsiri əsasında 170 sual-cavab" kitabından (bir hissəsindən) tərtib edilməsi nəzərdə tutulmuşdur.

 

- "Uşaq Mövlud Olimpiadası"nda II-VI sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. İstisnavi olaraq, sərbəst oxuyub-yaza bilən, sualları sərbəst qavrayaraq, cavab verə bilən I sinif şagirdləri də qeydiyyatdan keçə bilərlər.

 

Azərbaycan dilində təhsil almayan şagirdlərin valideynlərinin nəzərinə çatdırılır ki, "Uşaq Mövlud Olimpiadası"nda suallar yalnız latın qrafikası ilə təqdim edilir və uşağın məhz bu şəkildə qəbul edib, cavab verməsi lazımdır.

 

- "Uşaq Mövlud Olimpiadası"nda iştirak etmək üçün, buraya keçid edərək, burada iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, e-mail ünvanını) bildirmək lazımdır.

 

- "Uşaq Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddəti 2019-cu il noyabr ayının 13, saat 23.00-a qədərdir.

 

Sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək, IX "Uşaq Mövlud Olimpiadası" yarışlarında Sizə uğurlar arzulayırıq.

 

Qeyd. IX "Uşaq Mövlud Olimpiadası"nın iştirakçılarının hazırlaşmasını optimallaşdırmaq üçün, Təşkilat Komitəsi tərəfindən bilik yarışmasına düşə biləcək sualların tam siyahısı aşağıda təqdim edilir.

 

Təşkilat Komitəsi

 

 

 

Uşaq Mövlud Olimpiadasına hazırlaşanların nəzərinə!

 

Əziz uşaqlar və onlara metodik yardım edən hörmətli böyüklər!

Sualları araşdırarkən, bir mühüm məqama lütfən diqqət edin.

 

Belə ki, sualın mahiyyətini araşdırıb, buna uyğun cavabın hazırlanması mühümdür. Belə olan halda, cavab variantları arasında sualın mahiyyətinə uyğun gələn düzgün cavabı tapmaq çətinlik kəsb etməyəcəkdir.

 

 

 

 

 

IX Uşaq Mövlud Olimpiadasının sualları

 

(Olimpiadaya düşəcək suallar aşağıdakıların arasından seçiləcəkdir)

 

1. «Ənfal» surəsi, 65-ci ayədə buyurulur ki, "İçərinizdə ____ səbirli kişi olsa, min kafirə qalib gələr". Neçə nəfər?

2. İmam Rzadan (ə) nəql edilən buyuruşda müsəlmanların döyüşdən qaçması səbəbindən düşmənin hansı reaksiyasına işarə edilir?

3. Özünü kəndirlə Peyğəmbər (s) məscidinin sütununa bağlayan xəyanətkarın adı nə idi?

4. Xəyanətə görə özünü Peyğəmbər (s) məscidinin sütununa bağlayan tövbəkar, neçə müddət bu vəziyyətdə qaldı?

5. Səd ibn Məazın yəhudilərə tərəf gəlməsi mövzusunda xəyanət edən müsəlman barədə Peyğəmbərimizə (s) hansı ayədə xəbərdarlıq edildi?

6. Xümsün seyidlərə aid hissəsi necə adlanır?

7. «Tövbə» surəsində işarə edilən müqavilə ilə bağlı müşriklərə hansı müddətdə möhlət verilmişdir?

8. "Allahın məscidlərini yalnız ... Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər» ayəsi hansıdır?

9. Hədisdə buyurulur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah Təala behiştdə onun üçün ... ». Nə edər?

10. Yandırılmış Tövratı yenidən, qismən bərpa edən din başçısının adı nədir?

11. Həzrət İsa (ə) Qurani-Kərimdə necə tanıdılmışdır?

12. İmam Sadiq (ə) Həzrət Məhdinin (ə.f) zühuruna işarə edən ayənin təfsirində buyurur: "Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib...". Hansı ayənin?

13. Yığılıb xərclənməyən sərvət necə adlanır?

14. Həzrət Əlidən (ə) nəql edilən hədisdə, yığılıb xərclənməyən sərvətin həddi nə qədər göstərilib?

15. Həzrət Peyğəmbər (s) hansı əziz sahabə haqqında belə buyurmuşdur: «______ düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi»?

16. Xəlifə, Peyğəmbərimizin (s) ən doğru danışan səhabəsini haraya sürgün etdi?

17. «Torpağa sərilmiş miskin» ifadəsi Qurani-Kərimin hansə ayəsində gəlir?

18. İmam Sadiqdən (ə) nəql edilən hədisdə buyurulur ki, bu iş baş verərsə, bir nəfər də fəqir müsəlman qalmaz. Nə edilsə?

19. Çətinlik qarşısında döyüşdən yayınıb evinə dönən, sonra tövbə edərək Təbuka, Peyğəmbərin (s) yanına qayıdan müsəlmanın adı nə idi?

20. "...(hər bir surə) möminlərin imanını artırar..." buyuruşu Qurani-Kərimin hansı ayələrindədir?

21. «Günəşi ziyalı, Ayı nurlu ... edən məhz Odur» müddəası hansı ayədədir?

22. «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar» ayəsi hansıdır?

23. Həzrət Əli (ə) kimlər haqqında belə buyurur: «Əgər Allah onlar üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə ruhları bədənlərində qalmazdı»?

24. Parçalanmadan, tam halda iman gətirən qövm hansıdır?

25. «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruşu hansı ayədədir?

26. Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə _______ » . Davamında nə buyurulur?

27. İmam Sadiq (ə) həqiqi səadət barədə cəddi Həzrət Əlidən (ə) nəql edir: "Həqiqi səadət – ...". Hansıdır?

28. Peyğəmbərimizdən (s) nəql edilən hədisdə yuxunun neçə qisim olması buyurulur?

29. Həzrət Yusifin (ə) qardaşlarının dili ilə onların paxıllıqlarını bəyan edən ayə hansıdır?

30. İmam Əlidən (ə) nəql edilən hədisdə imanlı insanın gününün neçə hissəyə bölünməsi buyurulub?

31. Oğlu Yusifin qanlı köynəyini görən Yəqub, «Mənə, yalnız tükənməz, dözümlü səbir gərəkdir» deyə buyurur. Hansı ayədə?

32. Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə buyurulur ki, bir neçə dəstə insanı Allah Təala Öz ərşinin kölgəsində saxlayar (məcazi mənada). Neçə dəstəni?

33. «Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz» ayəsi hansıdır?

34. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə behiştin neçə qapısının olması buyurulur?

35. Qurani-Kərimdə Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri kimdir?

36. Buludla yer arasında yaranan şimşəklər necə adlanır?

37. «Göylərdə və yerdə kim varsa ... istər-istəməz Allaha səcdə edər» buyuruşu hansı ayədədir?

38. Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Əgər batil həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün ...". Nə olacaq?

39. «Buruc» surəsinin 22-ci ayəsində əsil kitab necə adlandırılmışdır?

40. İmam Baqirdən (ə) nəql edilən buyuruşda qeyd olunur ki, "Allahın günləri – İmam Mehdinin (ə.f) qiyam günü, rəcət günü və _______". Hansı gündür?

41. «...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et» ayəsi hansıdır?

42. İmam Kazimdən (ə) nəql edilən hədisdə Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu barədə buyurulur. Həmin kafir qonşunun mükafatı nə oldu?

43. Həzrət Əlidən (ə) uzun arzular barədə buyurulan hədisdə, belə arzuların hansı təhlükəli nəticəsinə işarə edilir?

44. «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq» ayəsi hansıdır?

45. Qurani-Kərimdə şeytanları (lən) qovan odlu axan ulduzlar necə adlandırılmışdır?

46. Cinlərin dilindən buyurulan: «Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da» ayəsi hansıdır?

 

 

 

 

 

Hazırlıq vəsaitininin suallar hazırlanan hissəsini bu qoşmadan yükləyin:

 

kitab_qurandan_170_sual_2-ci_hisse.doc [260.5 Kb] (yükləmələr: 7)

 

 

 

(Uşaq Mövlud Olimpiadasının suallarına cavab vermək üçün mənbə)

Qurani-Kərimin «Nümunə» təfsiri əsasında

 

Tərtib edən: Muhəmməd Azəri

 

 

 

Sual: Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?

 

Cavab: Yuxarıdakı suala Quran ayələri belə cavab verir:

«Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın»[22].

«İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr»[23].

«Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün kafirələrə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin»[24]. «Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur»[25].

«Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək fikirinə düşmüşdü. Hansı ki, Allah onların yardımçısı idi. Möminlər gərək Allaha təvəkkül etsinlər»[26].

«...Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir»[27].

Ayələrdən açıq-aşkar görünür ki, döyüşdən qaçmaq İslamda böyük günahlardan hesab olunur.

İmam Əli ibn Musa ər-Riza (ə) belə buyurur: «Allah Təala cihaddan qaçmağı ona görə haram buyurub ki, dində süstlüyə, Peyğəmbər və İmamların proqramlarının təhqirinə səbəb olur. Müsəlmanların döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir».

Həzrət Əli (ə) cihaddan qaçmağa münasibətini belə bildirir: «Heç zaman düşmən qoşununun qarşısından qaçmadım və kimsə meydanda mənimlə üz-üzə gəlmədi. Kim gəldisə, torpağı onun qanıyla sirab etdim»[28].

 

 

Sual: Özünü Peyğəmbər (s) məscidinin sütununa bağlayan kim idi?

 

Cavab: Təfsirçilərin fikirincə, «Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin»[29] ayəsi Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu Ləbabə kimdir?

İmam Sadiq (ə) buyurur ki, Həzrət Peyğəmbərin (s) göstərişi ilə Mədinə yəhudilərindən bir hissəsi itaətsizliklərinə görə, iyirmi bir gün mühasirədə saxlandılar. Nəhayət, sülh təklif etməyə məcbur oldular. Həzrət (s) onların xəyanətkarlığından şübhələnərək, Səd ibn Məaza tabe olmalarını istədi. Lakin yəhudilər, Əbu Ləbabənin hakim olmasını arzuladılar.

Peyğəmbər (s) bu təklifi qəbul edib, Əbu Ləbabəni onların yanına göndərdi. Söhbət zamanı yəhudilər Əbu Ləbabədən Səd ibn Məaz haqqında soruşdular. Əbu Ləbabə boğazına işarə edərək, Səd ibn Məazı qəbul etməyin onlar üçün ölümə bərabər olduğunu anlatdı.

Əbu Ləbabənin xəyanətindən Peyğəmbəri (s) agah edən ayə nazil oldu. Əbu Ləbabə hələ adı çəkilən məclisdən durmamış, şeytana uyaraq, xəyanət etdiyini anladı. Öz xəyanətindən peşman olmuş Əbu Ləbabə, özünü Peyğəmbər (s) məscidində kəndirlə sütuna bağlayıb, «Allah Təala tövbəmi qəbul etməsə, ölənədək ac və susuz qalacağam», dedi.

Yeddi gün, yeddi gecə bağlı vəziyyətdə qalan Əbu Ləbabə huşunu itirəndən sonra tövbəsi qəbul oldu. Həzrət Peyğəmbər (s) özü Əbu Ləbabəni sütundan açdı. Bütün var-yoxunu sədəqə vermək istəyən tövbəkara, «üçdə birini versən yetər» - deyə buyurdu.

 

 

Sual: Xümsün yarısının Bəni-Haşimə məxsus olması ayrı-seçkilik deyilmi?

 

Cavab: İslamda illik gəlirin ehtiyacdan artıq qalan xərclənmiş hissəsindən tutulan beşdə bir vergi xüms adlanır. İkinci bir vergi də vardır ki, konkret sahələri əhatə edir və zəkat adlanır.

Xüms hara xərclənə bilər? İslam hökmlərinə əsasən, xüms iki yerə bölünür: İslamın tədrisi ilə məşğul olanların və Bəni-Haşim nəslindən olan fəqirlərin ehtiyaclarının ödənilməsinə. Birinci hissə «beytül-mal», ikinci hissə isə «səhmi sadat» adlanır.

Bəziləri bu fikirdədirlər ki, xümsün yarısının Bəni-Haşimə, başqa sözlə, seyidlərə verilməsi ayrı-seçkilikdir. Mütləq ədalətə əsaslanan bir dində, doğrudanmı, ayrı-seçkilik mümkündür? Sözsüz ki, xüms barədə şübhələr məlumatsızlıqdan doğur.

Əvvəla, xümsün seyidlərə məxsus olan hissəsi, yalnız imanlı və fəqir seyidlərə verilə bilər. Bəzi avamların «novçası qızıldan olsa da, seyid xüms ala bilər» fikri kökündən yanlışdır.

İkincisi, seyid olmayanlar həm xüms, həm də zəkatdan istifadə edə bilərlərsə, seyidlərin zəkatdan istifadə etmək hüquqları yoxdur.

Üçüncüsü, seyidlərin ehtiyacı xümsün ikidə birindən azla ödənərsə, onların payının qalan hissəsini beytül-mala əlavə etmək olar.

 

 

Sual: Müqaviləni, peymanı birtərəfli qaydada pozmaq olarmı?

 

Cavab: İslamda əhdi-peymana, müqaviləyə vəfalı qalmağa fövqəladə əhəmiyyət verilmişdir. Hətta kafirlər və düşmənlərlə müqaviləyə vəfasızlıq, təkidlə pislənilmişdir. Bəs «Tövbə» surəsində müşriklərlə müqavilələrin birtərəfli qaydada ləğv olunması üçün verilmiş göstərişi necə qiymətləndirmək olar?

Uyğun surənin 7-ci və 8-ci ayələrindən aydın olur ki, bu müqavilələrə müşriklər elə əvvəlcədən etinasızlıq göstərirdilər.

Bir insana və ya bir millətə zorla qəbul etdirilmiş müqaviləni birtərəfli qaydada pozmaq heç də ədalətsizlik deyildir. Çünki zəifin məcbur edildiyi bir müqavilə, özü ədalətsizlik üzərində qurulmuşdur.

Müsəlmanların uyğun müqaviləni ləğv etməsi, qəfil zərbə məqsədi daşımamışdır. Müşriklərə dörd ay müddətində möhlət verilmiş, götür-qoy üçün imkan yaradılmışdır. Əgər həzrət Peyğəmbərin (s) bu işi insani üsullara əsaslanmasaydı, Rəsuləllah (s) bu dörd aylıq möhlətlə düşməni yuxudan oyatmazdı.

Demək, müşrüklərlə müqavilənin birtərəfli qaydada pozulması, bu müqavilənin ədalətsiz əsaslar üzərində qurulması idi. Bu ədalətsiz müqavilə istisna olmaqla, Peyğəmbər (s) Kitab əhli və sair tayfalarla bağladığı bütün müqavilələrə ömürünün sonunadək hörmətlə yanaşmışdır.

 

 

Sual: Haram pulla məscid tikmək olarmı?

 

Cavab: Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».

Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah Təala behiştdə onun üçün bina ucaldar».

Başqa bir hədisdə Həzrət (s) buyurur: «Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər»[30].

Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır.

Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir»[31].

 

 

Sual: Üzeyir kimdir?

 

Cavab: Qurani-Kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər»[32].

Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.

Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı hörmət mənasında verdiklərini iddia etsələr də, əslində, Allaha şərik qoşmuşdular.

İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda, ona nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular[33].

İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə yəhudilər arasında belə bir əqidə nəzərə çarpmasa da, Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, tarixi gerçəklikdir.

 

 

Sual: “Həzrət İsa (ə) Allahın oğludur” iddiasına nə cavab verilir?

 

Cavab: Müasir dövrümüzdə xristian dünyasının əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və onu «Allahın oğlu» adlandırırlar. İlkin İncildən köklü şəkildə fərqlənən bugünkü İncillərdə, İsanın (ə) Allahın həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-Kərimdə İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir.

Ümumiyyətlə, «ata Allah», «oğul Allah», hətta «ana Allah» kimi puç və əsassız inamlar, qədim hind və çin bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu barədə deyilir: «Onlar Allahı qoyub, alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir Tanrı yoxdur. Allah müşriklərin ona şərik qoşduğu bütlərdən uzaqdır».

Maraqlıdır ki, bir zaman Üzeyiri Allahın oğlu adlandıran yəhudilər, bu gün uyğun fikirin gülünclüyünü anlayıb, əvvəlki iddialarından əl çəkdikləri halda, xristianlar hələ də ruh yüksəkliyi ilə əvvəlki fikirlərində qalırlar. Hansı ki, müasir dövrdə şüurlu insanın Allahdan insan doğulması kimi cəfəngiyyata inanması qeyri-mümkündür. Bu, yalnız Allaha və Onun göstərişlərinə imansızlıq və itaətsizlikdən doğa bilər.

 

 

Sual: Əsrin İmamı Həzrət Mehdi (ə) nə zaman zühur edəcək?

 

Cavab: Dünyada zülmün ərşə dirənəcəyi bir zaman, ədalət müjdəli xilaskarın zühuru – əksər təkallahlı dinlərin inancıdır. İslam dinində bu xilaskarın on ikinci İmam Həzrət Mehdi (ə) olduğu bildirilir: «O, bir kəsdir ki, Öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər»[34].

Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün dinlərə qalib gələcəyini və bütün yer üzünə yayılacağını xəbər verirlər. Hər il Avropa, Amerika, Afrika və dünyanın müxtəlif nöqtələrində minlərlə insanın İslam dinini qəbul etməsi – deyilənlərə əyani sübutdur. Amma mötəbər hədislərə əsasən, İslam yalnız İmam Mehdinin (ə) zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir.

İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur: «Bu ayədə verilən vəd Muhəmməd (s) ailəsindən olan Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Muhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq»[35].

Eyni ayənin təfsirində İmam Sadiq (ə) buyurur: «Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq»[36].

Hədislərdə Həzrət Mehdinin (ə) zühur əlamətləri geniş şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur ərəfəsində dünyada küfr, sitəm, günah öz son həddinə çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında məlumat, yalnız Allah Təalanın ixtiyarındadır.

 

 

Sual: Var-dövlətin haram buyurulmuş «kənz həddi» necə müəyyən olunur?

 

Cavab: Tövbə surəsinin 34-cü ayəsində var-dövlət toplayanlar haqqında ümumi bir qanun zikr edilir: «Qızıl və gümüşü toplayıb gizləyənlər, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ». Ayədəki yığılıb xərclənməyən sərvət «kənz»dir.

Gümüş və qızılın meydana çıxması, ehtiyacından artıq məhsulu, mal-qarası və s. əmlakı olanlara qızıl və gümüş toplamaq şəraiti yaratdı. Əslində, pulun yaranma fəlsəfəsi, iqtisadi əməliyyatların sürətləndirilməsindən ibarət idi. Qızıl-gümüş pulun xəzinələrdə hərəkətsiz dayanması, həmin fəlsəfə ilə daban-dabana zidd idi.

Yuxarıda zikr edilən ayə, xəzinələrdə hərəkətsiz sərvətlərin toplanmasını qadağan etdi. Hərəkətsiz kapital yığımı, dünyadakı iqtisadi tarazlığı pozur, kasıb təbəqənin vəziyyətini daha da ağırlaşdırır. Demək kənz, insanların iqtisadi durumunu pisləşdirən ölü kapitaldır. Belə bir sual ortaya çıxır ki, hansı miqdarda ölü kapital kənz hesab edilir?

«Məcməül-bəyan»da nəql olunur ki, Həzrət Əli (ə) buyurmuşdur: «Dörd min dirhəmdən çox xəzinə kənzdir. İstər zəkatı verilə, istər verilməyə. Bundan az miqdarda sərvət yaşayış xərcliyi hesab olunur. Buna görə də, sərvət toplayanlar dərdli əzabla müjdələnmişdir».

 

 

Sual: Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?

 

Cavab: Üçüncü xəlifə Osmana tutulan mühim iradlardan biri, Həzrət Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzərin kimsəsiz səhra məntəqəsinə sürgün olunmasıdır. Əbuzər həmin şəxsdir ki, Həzrət Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: «Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi».

Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində Həzrət Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq».

Osmanın göstərişi ilə qəddar məmurların nəzarəti altında nəfəs dərmədən, gecə-gündüz yol gələn Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzə çölünə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.

 

 

Sual: Fəqirlə miskin arasında fərq varmı?

 

Cavab: Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki, dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu səbəbdən də, ağız açmağa məcburdur. Miskin sözünün lüğəti mənası, fəqirliyin təsirindən dayanmış kəsdir. Bu məna Qurani-Kərimdə də təsdiq olunur. «Bələd» surəsinin 16-cı ayəsində «torpağa sərilmiş miskin» ifadəsi ilə rastlaşırıq. Müxtəlif ayələrdə miskinin doyurulması haqqında verilən göstərişlər bir daha sübut edir ki, miskinlər hətta bir qarın çörəyə möhtac olan aclardır.

Hansı ki, fəqir dedikdə, maddi çətinliyə düşmüş, lakin heç zaman kimsəyə əl açmayan insanlar nəzərdə tutulmalıdır. Belə şəxslər haqqında «Bəqərə» surəsinin 273-cü ayəsində buyurulur: «Belə şəxslər həyalı olub, dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər».

İmam Sadiqdən (ə) fəqir və miskin haqqında soruşulanda, Həzrət (ə) belə buyurdu: «Fəqir – əl açmayan şəxsdir. Miskinin isə, halı ondan da ağır olduğu üçün xalqa əl açır»[37].

 

 

Sual: Zəkat nədir?

 

Cavab: İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. Həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri – zəkatdır.

Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır»[38]. Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: «Onların mallarından zəkat al»[39].

Lakin zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib edən, zəkat veriləcək şeyin miqdarının «nisab» deyilən həddə çatmasıdır. On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş, fitrə (bədənin zəkatı).

Məsələn, beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki yaşa girmiş dana, qırx qoyuna bir qoyun zəkat ödənilməlidir. Say artıqca, zəkatın miqdarı dəyişə bilər. Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz qoyundan biri zəkat verilir.

 

 

Sual: Çətin saatda şəkk-şübhənin çarəsi nədir?

 

Cavab: İnsanın Allah dərgahına yaxınlaşmasından, kamilliyə yetişməsindən narahat olan şeytanın ən qorxulu silahı – şəkk-şübhə yaratmaqdır. Allah, həqiqət, ədalət sevgisi ilə çırpınan ürəyi, yalnız bu yolla məbudundan döndərmək olar.

Bütün insanlar seçdikləri məqsədə doğru hərəkət zamanı çətinliklərlə üzləşirlər. Uyğun çətinliklər qarşısında yalnız qələbəyə inam hissi ilə dayanmaq olar. Şəkk-şübhəyə düşüb, haqq yolda olduğuna və bu yoldakı uğura inamını itirən insan, məhvə məhkumdur. Bəs çarə nədir? Təbuk döyüşünü yada salaq.

Təbuk döyüşündə üzücü çətinliklərlə qarşılaşan müsəlmanlardan bir hissəsi geri dönmək qərarına gəldilər. Peyğəmbərə (s) yaxın müsəlmanlardan olan Əbu Heysəmə də evə qayıdanlardan idi.

Bu hadisədən on gün keçmiş qabağında sərin su, ətrafında xoş rəftarlı arvadları bir kölgədə istirahət edən Əbu Heysəmə qəfildən dərin fikirə getdi. Düşündü ki, heç bir günahı olmayan Peyğəmbər (s) isti qumlar üstə, çiynində silah durduğu halda, onun bu kölgədə istirahət etməsi insafdan deyil. Cəld ayağa qalxıb, dəvəsinə minərək yola düşdü. Təbuka yaxınlaşan süvarini görən Həzrət Peyğəmbər (s) «Ey süvari, Əbu Heysəmə olsan, nə yaxşıdır», - deyə buyurdu və onun haqqında dua etdi.

Əbu Heysəmə münafiq deyildi. Sadəcə, süstlük ucbatından batilə meyil etmişdi. Amma ruhi hazırlığına görə, Allah Təala onun diqqətini həqiqətə yönəltdi. «Tövbə» surəsinin 117-ci ayəsində buyurulur: «Allah çətin saatda bir qisminin ürəyi dönmək üzrə ikən, Peyğəmbərə (s) onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi».

 

 

Sual: Quran riyakar insana necə təsir göstərir?

 

Cavab: Allah Təala buyurur: «...(hər bir surə) möminlərin imanını artırar, onlar sevinərlər. Qəlblərində mərəz olanların isə, çirkinliyi artar və onlar kafir olaraq ölərlər»[40].

Kafirlər «bu sizin hansınızın imanını artırır», - deyə Qurana olan etinasızlıqlarını büruzə verirdilər. Yuxarıdakı iki ayədən aydın olur ki, bir fərdin və ya bir cəmiyyətin islahı üçün təkcə göstərişlər və proqramlar kifayət deyildir. Əsas şərtlərdən biri, həmin göstərişlərin təsirli olması üçün hazırlıqdır.

Quran ayələri həyatverici yağış kimidir. Bu yağış, münbit torpağı yaşıl örtüyə bürüyür, şoranlığa təsirsiz qalır. Həqiqət aşiqləri ayələrə eşqlə dolu gözlə baxdığı halda, qəlbi çirkaba batanlar bu ayələri qara eynəklə süzür və öz küfrlərini, inadlarını daha da artırırlar.

Ayələrdə zikr edilən xəstə qəlb – xəstə ruh və ağıl mənasındadır. İnsanın əxlaqındakı nöqsanlar, bu xəstəliyin əsasını təşkil edir. Sağlam psixoloji durumda olan insanın çirkin əxlaqa malik olması qeyri-mümkündür. Ruhun xəstəliyi, cismin xəstəliyi kimi insan təbiətinə ziddir. Ona görə də, əxlaqın pozulması – əsil təbii yoldan büdrəmənin sübutudur. İndi aydın olur ki, nə üçün Quran ayələri bəzi insanlara müsbət təsir göstərmir. Belələri üçün bütöv bir Quran oxunsa belə, zərrəcə faydası yoxdur. Özündə Quran ayələrinə etinasızlıq görən insan Allaha sığınmalı, Ondan yardım diləməlidir.

 

 

Sual: «Ziya» və «nur» arasında fərq varmı?

 

Cavab: Qurani-Kərimdə rastlaşdığımız «Günəşi ziyalı, Ayı nurlu ... edən məhz Odur»[41] ayəsi «ziya» və «nur» kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu barədə rəylər müxtəlifdir. Bu iki kəlmə arasında fərq olduğunu qəbul etməyənlər olsa da, bir qrup alim bu fikirdədir ki, ziya – nurun mənbəsidir. Məsələn, Günəşin ziyasından nurlanan Ay, yalnız işığı əks etdirir.

Uyğun ayənin davamında «Ay üçün mənzillər təyin edən Odur» buyuruğu, əslində həmin dövr üçün elmi bir yenilik idi. O dövrdə elmə məlum deyildi ki, Ay hərəkətdə, Günəş isə nisbi sükunətdədir. Ay üçün mənzillər təyin olunması, artıq aşkar bir şəkildə Ayın hərəkətdə olduğunu bildirir.

 

 

Sual: Quran nə üçün möcüzə hesab olunur?

 

Musa peyğəmbərin (ə) dövründə sehrbazlıq, İsa peyğəmbərin (ə) dövründə təbabət olduqca güclü idi. Bu səbəbdən də, Allah Təala Musaya (ə) əjdahaya dönən əsa, İsaya (ə) ölülərin dirildilməsi kimi möcüzələr vermişdi. Həzrət Muhəmmədin (s) dövrü isə şeirin, söz sənətinin intibah dövrü idi. Belə bir dövrdə Həzrət Peyğəmbərin (s) ərəb ədəbi mühitini öz ecazı ilə heyrətə gətirən Quranla silahlandırılması – tam məntiqə uyğundur. Quran bu günədək dəyişikliyə məruz qalmamış yeganə İlahi kitabdır. Quran öz ecazı və məntiqi ilə bütün həqiqətsevər düşüncələri səcdəyə gətirir.

İslamın on dörd əsrlik tarixi boyu mütəmadi olaraq Quranın ilahi kitab olduğunu təsdiqləyən faktlar aşkarlanmışdır. Son dövrdə dini araşdırmalar mərkəzlərindən birində belə bir açıqlama verilmişdir ki, Quranı təşkil edən 6666 ayənin hər birinin nazil olduğu vaxta uyğun ölçüsü vardır. Başqa sözlə, hər bir ayə özündən əvvəl nazil olmuş ayədən uzun, özündən sonra nazil olmuş ayədən qısadır. Bu qanunauyğunluq mülahizələri ilə üst-üstə düşür. Məsələn, ən gec nazil olmuş böyük surə «Maidə» surəsinin ilk ayələri, əslində ilk illərdə nazil olmuşdur. Rəvayətə görə, Həzrət Peyğəmbərin (s) göstərişi ilə bu ayələr «Maidə» surəsində yerləşdirilmişdir. Ayələrin ölçüləri uyğun fikiri tam təsdiq edir. Qurani-Kərimdə ayələrinin belə bir ölçü ilə nazil olması, insan düşüncəsinin imkanlarından xaricdir.

 

 

Sual: Ruhi sakitlik necə əldə edilir?

 

Cavab: İnsanın psixoloji durumu – onun səadətini təmin edən ilkin amillərdəndir. Həyəcan, qorxu, qəzəb kimi ruhi təlatümlər xoşbəxtlik yolunda ciddi manielərdir.

Əsrimizin insanları uyğun ruhi sarsıntılardan əziyyət çəkir, çox vaxt çıxış yolu tapmaqda aciz qalırlar. Hansı ki, Öz bəndələrini əbədi səadət üçün yaratmış Allah Təala Qurani-Kərimdə səadət yolunu belə göstərir: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar»[42].

Başqa bir ayədə belə buyurulur: «Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər»[43].

Allahın dostları kimdir? Ayədə övliya adlandırılan bu şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs çırağa etinasızdır.

Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır. Dünya nemətlərinin əsarətindən azad olmuş övliyalar nə üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət Əli (ə) övliyalar haqqında buyurur: «Əgər Allah onlar üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə ruhları bədənlərində qalmazdı»[44].

Ruhi sarsıntılardan qurtarmaq üçün əyləncəyə, eyş-işrətə, musiqiyə, spirtli içkilərə, narkotikaya üz tutan və daha da dərin uçuruma yuvarlanan insanlar! «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».

 

 

Sual: Vaxtında iman gətirmiş qövm hansıdır?

 

Cavab: «Əzab gəlməkdə ikən, Yunisin qövmündən başqa iman gətirib imandan faydalanacaq əhali kimdir?! Yunisin ümməti iman gətirən zaman, onları rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət gün-güzəran verdik»[45].

Doğrudanmı, Yunisdən başqa bütün qalan peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır?

İslam Peyğəmbərinin (s) həyatından məlumdur ki, bu, belə deyildir. Yunisin qövmünü başqa qövmülərdən fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda iman gətirmişdir.

Tarixi mənbələrdə nəql olunur ki, bu qövm, indiki İraq ərazisinin qədim Neynəva məntəqəsində yaşayırmış. İlk əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis, bir abidin təklifi ilə onlara nifrin edir. Həmin qövmdən olan bir alim Yunisi məyus olmayıb, dua etməyə çağırsa da, o, qulaq asmayıb, bu qövmü tərk edir.

Yunis gedəndən sonra alim öz qövmünü bir yerə toplayıb, qarşıdakı əzabın nişanələrini onlara anladır. Nəhayət, həqiqəti anlayan qövm, alimin rəhbərliyi altında şəhərdən çıxıb, tövbə edərək dua edirlər. Onların səmimi qəlbdən etirafları əzabın qarşısını alır.

 

 

Sual: Doğrudanmı, İslam qılınc dinidir?

 

Cavab: «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-Kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah Təala Öz peyğəmbəri Həzrət Muhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!»[46].

Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur.

Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar.

Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.

Yuxarıda deyilənlərdən heç də bu nəticəni çıxarmaq olmaz ki, İslam özbaşınalıq tərəfdarıdır. İslam, əqidənin zorla qəbul edilməsinə tərəfdar olmadığı kimi, cəmiyyətdəki intizamsızlıqlara da tərəfdar deyil. Bir insanın əqidə seçməkdə azad olması o demək deyildir ki, o, öz istədiyi əqidəni cəmiyyətə qəbul etdirə bilər. Bir insan gizlində şərab içə bilirsə, bu, o demək deyildir ki, o sərxoş vəziyyətdə cəmiyyətə çıxıb, ictimai asayişi poza bilər.

Bəli, İslam azadlıq tərəfdarıdır. Amma elə bir azadlıq ki, bəşəriyyəti əbədi səadətə qovuşdura bilsin.

 

 

Sual: Həzrət Peyğəmbəri (s) qocaldan surə hansıdır?

 

Cavab: «Nurus-səqəleyn»də Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “«Hud» surəsi məni qocaltdı[47].

Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

İbn Abbas nəql edir: «Həzrət Peyğəmbər (s) üçün heç bir ayə «Sənə əmr edildiyi kimi istiqamətlən»[48] ayəsi qədər çətin gəlməmişdi».

Yaxınları Həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, Həzrət (s) «Hud» surəsini səbəb göstərdi[49].

Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: «Ətəyinizi kəmərinizə keçirin». Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı[50].

Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: «Sənə əmr edildiyi kimi istiqamətlən. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür»[51]. Birincisi, Həzrətin (s) istiqamətlənməsi, ikincisi, bu istiqamətin İlahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.

 

 

Sual: Dünya xoşbəxtliyində dinin rolu varmı?

 

Cavab: Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur.

Hansı ki, din, axirət evindən əvvəl dünya evini qorumaq üçündür. Həzrət Peyğəmbər (ə) öz qövmünə xitabən deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar»[52].

Yalanın, saxtakarlığın, oğurluğun, rüşvətxorluğun cəmiyyəti məhv etməsini kim inkar edə bilər?! Zülm və sitəmin bəşəriyyəti qara günə qoyduğunu kim inkar edə bilər?! Allaha etiqadlı, Peyğəmbər (s) göstərişlərinə əməl edən, insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?!

«Hud» surəsinin 3-cü ayəsindəki «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruğu bir daha təsdiq edir ki, din insanın əvvəlcə dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini nəzərdə tutur.

 

 

Sual: Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?

 

Cavab: Quran ayələrindən məlum olur ki, ruzi təkcə maddim nemətlərdən ibarət deyildir. Bu sözün lüğəti mənası «davamlı hədiyyə» deməkdir. Ruzi anlamı qida maddələri ilə yanaşı məskən, geyim, elm, düşüncə, iman kimi nemətləri də əhatə edir. «Ali-imran» surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər». Ayədən göründüyü kimi ruzi təkcə maddi yox, həm də mənəvi nemətləri ifadə edir. Bərzəx dünyasında maddi nemətlərin olmaması, buna bir sübutdur.

«Hud» surəsinin 6-cı ayəsində oxuyuruq: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin».

Keçmiş zamanlarda insanlar okean dərinliklərində canlıların olmasına inanmırdılar. Çünki 700 metr dərinlikdə canlı orqanizmləri qidalandıracaq bitkilər yaşaya bilməzdi. Əsli yaşıl təbiətdən götürülən əksər qidalar, okean dərinliklərinə hansı yolla çata bilərdi?! Günəş işığı olmadan həmin dərinlikdə otların cücərməsinin qeyr-mümkün olduğu şübhə doğurmur. Zaman ötdükcə okeanın dərinliyi tədqiq edildi və məlum oldu ki, uyğun dərinlikdə canlılar yaşayırmış. Sübuta yetirildi ki, günəş işığı okean səthində mikrobitkilər cücərdir. İlkin təkamül mərhələsini su səthində keçirən bu qidalar, sanki okean dibindəki süfrəyə ələnir. Demək, hansı şərait olmasından asılı olmayaraq, bütün canlılar təyin olunmuş ruzisinə çatır.

Bəs insan necə? İnsan çalışmadan, heç bir zəhmət çəkmədən təyin olunmuş ruzisini əldə edə bilərmi? Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə sənin axtarışındadır»[53].

Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur. Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş ruzisini əldə edə bilər. Bəs Həzrət Əlinin (ə) buyurduğu ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma insan oturub, təsadüflərin intizarında olmamalıdır.

 

 

Sual: Allah Təala Nuhun (ə) hansı duasını qəbul etmədi?

 

Cavab: İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-Kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək» - deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah Təala «zülm edənlər barədə Mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar», - deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir.

Nuhun (ə) gəmi düzəltdiyini görən tayfa, onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə), oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar»[54].

Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə (ə) buyurulur: «O, sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm»[55].

Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh (ə) da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah Təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.

 

 

Sual: Səadət nədir?

 

Cavab: Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!

Bu barədə Qurani-Kərimdə buyurulur: «Bədbəxt olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə, cənnətdə əbədi sakin olacaqlar»[56].

Səhərdən axşama mənən və cismən axtarışda olan insanın itkisi səadətdir. Amma insan çox vaxt anlamır ki, əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə, mənzilə çatası deyildir. Səadət bir mənzildir ki, onun ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə, səadəti təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.

İmam Sadiq (ə) cəddi Həzrət Əlidən (ə) belə nəql edir: «Həqiqi səadət – insan həyatının ən son mərhələsindəki səadətdir. Həqiqi bədbəxtlik isə, ömrün günah içində başa çatmasıdır»[57].

 

 

Sual: Qurani-Kərimdə nə üçün dastanlara yer verilib?

 

Cavab: Quran-Kərimin əhəmiyyətli bir hissəsi keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu İlahi Kitabla yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez rastlaşdıqları dastanlardan bəzən təəccüblənirlər. Amma məsələyə diqqətlə yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə qalmır.

Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir. Həzrət Əli (ə) buyurur: «Tarixin təcrübəsindən öyrənməklə, sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam»[58].

Tarix və dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin təsiri altında olur. Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir.

Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə yolunu seçmişdir.

 

 

Sual: Yuxuya inanmaq olarmı?

 

Cavab: Yuxu – istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?

Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf» surəsinin 36-cı ayəsində oxuyuruq: «(İki gənc, Yusif peyğəmbərə dedi:) «Gəl bu yuxunu bizə yoz». Yusif belə cavab verdi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Yuxu üç qisimdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir»[59].

İslam dinində təbiri caiz bilinən yuxu, yalnız İlahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.

 

 

Sual: Övladlardan birinə daha çox sevginin nəticəsi nədir?

 

Cavab: İslam dinində günah hesab edilən çirkin sifətlərdən biri həsəd, paxıllıqdır. Qəlbində həsəd tüğyan edən insanın ən yaxın adamını qətlə yetirməsi belə, mümkündür. Paxıl insan bir nemətdən məhrum olduqda, başqalarının da o nemətdən məhrum olması üçün çalışır. Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla qarşı-qarşıyadır.

İnsanda hələ erkən yaşlarından baş qaldıran bu hissin əsas səbəbkarlarından biri, valideynlərdir. Yəqub peyğəmbərin on iki oğlu var idi. Yəqub anaları dünyasını dəyişmiş kiçik övladları Yusif və Binyamini daha çox sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini gücləndirmişdi. «Yusif» surəsinin 8-ci ayəsində Yusifin (ə) qardaşlarının dili ilə belə buyurulur: «...Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir».

Şübhəsiz ki, kiçik övladlarına daha çox məhəbbət göstərən Yəqub, heç bir xətaya yol verməmişdi. Onun məhəbbəti bu iki övladın fövqəladə ağıl və düşüncəsinə əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu cinayətə sürükləyər. Bəzən valideynlər övladın pərişanlığını aradan qaldırmaq üçün həkimə müraciət edir, övladın məhəbbətə ehtiyacı olduğunu anlamırlar. İmam Baqir (ə) buyurur: «Mən bəzən bir övladımı dizim üstə oturdub, ona şirniyyat verirəm. Hansı ki, o biri övladım buna daha çox layiqdir. Belə etməyimin səbəbi, onun o biri övladlarıma qarşı çıxmasının qarşısını almaqdır»[60].

 

 

Sual: Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?

 

Cavab: İnsan dəmir maşın deyildir ki, durmadan işləsin. Əslində, maşının da hissələri işlədikcə qızır, soyuması və yağlanması lazım gəlir. İnsan isə maşından fərqli olaraq cisimlə yanaşı, ruha da malikdir. İnsanın gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran ən gözəl vasitə – sağlam əyləncədir. Təcrübədə sübut olunmuşdur ki, ruh yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır.

Həzrət Əli (ə) buyurur: «İmanlı insanın günü üç hissədən ibarətdir. Günün bir hissəsini mənəviyyatla məşğul olub ibadət edən insan, günün ikinci hissəsini maddi ehtiyaclarının təminatına sərf etməlidir. Günün üçüncü hissəsi halal ləzzətlərə sərf olunmalıdır»[61].

Başqa bir hədisdə isə, günün əyləncəyə sərf olunan hissəsinin digər iki hissəyə kömək etdiyi bildirilir.

İmam Sadiq (ə) buyurur: «Təbukdan qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib gəldi»[62].

İslamda sağlam əyləncəyə o qədər əhəmiyyət verilmişdir ki, hətta bəzi müsabiqələrdə şərt də bağlamaq halaldır. Bu müsabiqələr Həzrət Peyğəmbərin (s) dövründə bəzən onun hakimliyi ilə keçirilərdi. At çapmaq, ox atmaq – uyğun halal müsabiqələrdəndir.

Lakin unutmaq olmaz ki, İslam dini yalnız sağlam müsabiqəni qəbul edir. İnsanın cisminə və ruhuna zərərli əyləncələr cəmiyyətdə inkar olunur.

İkinci bir tərəfdən, əyləncə insanın həyat idealına çevrilib, onu ruzi qazanmaq və ibadətdən saxlamamalıdır. Əgər əyləncəyə aludə olmuş insan namazın vaxtını ötürürsə, bu sayaq əyləncəni heç vəchlə məqbul hesab etmək olmaz.

 

 

Sual: Ən gözəl səbir hansıdır?

 

Cavab: Ayə və hədislərdə möminlər üçün zəruri hesab edilən sifətlərdən biri də, səbirdir. Üzücü hadisələr qarşısında dözüm göstərib, bədbinliyə qapılmamaq, insan şəxsiyyətinin ucalığına bir dəlildir. Oğlu Yusifin qanlı köynəyini görən Yəqub, «Mənə, yalnız tükənməz, dözümlü səbir gərəkdir»[63] deyir.

Kiçik gölməçənin suyunu zəif bir külək dalğalandırdığı bir halda, əzəmətli Sakit okean tufanlar qarşısında öz müvazinətini itirmir. Bəzən insan zahirən dözümlülük göstərsə də, danışdığı sözlərdən naşükrlük və səbirsizlik duyulur. Lakin həqiqi imana malik insanlar, heç zaman sarsılıb, bədbin sözlər danışmırlar. Ən gözəl səbir də elə budur.

Bəs nə üçün Yəqub peyğəmbər oğlu Yusifə görə gözləri kor olanadək ağladı? Nə üçün başqalarına ağlamamağı tövsiyə edən İslam Peyğəmbəri (s), oğlu İbrahimi itirdiyi zaman göz yaşları axıtdı? Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurur: «Göz ağlayır, qəlb pərişan olur, amma dilimə Allahı qəzəbləndirəcək bir söz gəlmir»[64].

İnsanın sinəsikdəki daş yox, qəlbdir. Ağlamaq təbiidir. Gözdən yaş gəlməsi yox, Allahı qəzəbləndirəcək söz deyilməsi eyibdir.

 

 

Sual: Allahın kölgəsində olmaq nə deməkdir?

 

Cavab: Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və Ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtuluş qeyri-mümkündür. Allah Təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər.

Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «Yeddi dəstə insanı Allah Təala Öz ərşinin kölgəsində yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan və onlardan ayrıldıqda belə, ruhən onlarla olan şəxs; Allahın adı çəkiləndə, gözündən yaş gələn şəxs; gözəl qadının dəvəti qarşısında «mən Allahdan qorxuram» deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs»[66].

 

 

Sual: Cəmiyyətdəki ictimai-siyasi dəyişikliklərin səbəbkarı kimdir? İnsan, yoxsa Allah?

 

Cavab: Allah Təala buyurur: «Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz»[67].

Ayədən göründüyü kimi, bütün millətlərin taleyi, onların öz əllərindədir. Onların xoşbəxtlik və bədbəxtliklərinin ilkin səbəbkarı – özləridir. Öz xoşbəxtliyi üçün çalışmayan millətin Allah Təaladan nə isə gözləməsi – əbəsdir.

Ayə və hədislərin göstərişlərinə əsasən, cəmiyyətdəki bədbəxtlikləri aradan qaldırmaq istəyən millət, ilk əvvəl öz düşüncəsində inqilab etməlidir. Öz imanı, əxlaqındakı zəif nöqtələri tapıb, xalis bir tövbə ilə çirkinlikdən təmizlənməyən cəmiyyətin səadətə çatması mümkünsüzdür.

«İnsanın xoşbəxtliyi və bədbəxtliyində Allah təsirsizdir» demək də düzgün deyildir. Allah Təala hər bir insanı təqib edib, qoruyan mələklər qərar vermişdir. Onlar doğru yol seçənlərə yardım göstərərlər. Azğınlığı seçənlərin isə, əzabı artırılar. Məsələn, ədalət və həqiqət uğrundən canından keçən millətlər, ədalətli hakimlə mükafatlandırılır, günah və azğınlığa meyilli millətlər isə, zalım hakimlə cəzalandırılırlar.

 

 

Sual: Məsəl çəkməyin hansı faydaları var?

 

Cavab: Hər hansı bir məsələnin izahı üçün məsəl çəkməyin faydası inkar edilə bilməz. İnsanlar müxtəlif səviyyəli istedada malik olduqlarından, dinlədikləri mövzunu anlamaya da bilərlər. Məsəl çəkildiyi zaman iti ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.

Qurani-Kərim bütün bəşəriyyətə ünvanlandığından, onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir.

Bəs Qurani-Kərimdə müxtəlfi mövzuların izahı üçün çəkilmiş məsələlərin konkret hansı faydaları vardır?

1. Adətən, hiss üzvləri ilə inanan insan, bəzi mürəkkəb əqli məsələləri anlamaqda çətinlik çəkir. Çəkilmiş məsəl onun düşüncəsinin mümkün qədər əqli həqiqətlərə yaxınlaşdırır. Bir növ hisslər ən uca nöqtədən baxmağa başlayır.

2. Çəkilmiş misallar bir məsələnin sübutu üçün gətirilmiş dəlillərin təsirini gücləndirir.

3. Məsəl çəkmək bir növ elmi dilin sadələşdirilməsidir.

4. Məsəl mövzunu əql dilindən hiss dilinə tərcümə edir.

5. Mövzu məsəl qəlibinə töküldükdən sonra höcət insanların bəhanəsi kəsilir.

 

 

Sual: Behiştin neçə qapısı vardır?

 

Cavab: Ayə və hədislərdən məlum olur ki, behişt müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, heç də bir qapıdan daxil olmağın çətinliyi deyildir. Bu qapılar hər hansı tayfa və təbəqə üçün də nəzərdə tutulmamışdır. Bir çox saraylarda qapıların çoxluğunda məqsəd tamam başqadır.

Rəvayətlərdə nəql olunur ki, behiştin müxtəlif adlı qapıları vardır. Bu qapılardan biri «mücahidlər qapısıdır». Bu qapıdan din yolunda vuruşmuş mücahidlərin behiştdə daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.

İmam Sadiq (ə) buyurur: «Behiştin səkkiz qapısı vardır və onlardan hər biri eni qırx illik yol uzunluqdadır». Hədisdən aydın olur ki, behişt qapısı bizim düşündüyümüz qapı anlamında deyildir.

«Hicr» surəsinin 44-cü ayəsində cəhənnəmin yeddi qapıya malik olması bilindirməklə, səadətə daha çox yol olduğuna işarə vurulur.

 

 

Sual: Fəsad nədir?

 

Cavab: Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad – əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad – günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir.

Qurani-Kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:

«Yer üzündə fəsad törədər və islah olmazlar»[69].

«Allah Təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir»[70].

«İslah ol və fəsad törədənlərin ardınca getmə»[71].

«İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq»[72].

Müxtəlif ayələrdə fəsad törətmək – Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli, hər cür azğınlıqa aid edilir.

Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun»[73].

Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik»[74].

 

 

Sual: Şimşəyin faydası varmı?

 

Cavab: Bildiyimiz kimi, şimşək mənfi və müsbət yüklü iki buludun bir-birinə yaxınlaşmasından yaranır. Bu hadisə, mənfi və müsbət yüklü iki naqilin bir-birinə toxunduqda qığılcım yaranmasının oxşarıdır. Bütün təbiət hadisələrində istər cəmiyyət, istərsə də təbiət üçün faydalar olduğunu bilirik. Bəs şimşəyin faydası nədir? Qurani-Kərimdə buyurulur: «Sizə qorxu və ümid məqsədi ilə şimşək göstərən, ağır buludları yaradan da Odur»[75].

Ayədən göründüyü kimi, şimşəyin ilkin faydası – insanları Allah Təalanın əzəmətindən xəbərdar etməkdir. Buludla yer arasında yaranan belə şimşəkləri «saiqə» adlandırmışlar. Müsbət yüklü bulud həmişə mənfi yüklü yerə yaxınlaşdıqda, saiqə yaranır. «Allah onların vasitəsi ilə istədiyini vurar» ayəsində saiqə nəzərdə tutulur.

«Təbiətin zarafatı» adlandırılan şimşəyin, bir sıra təbii faydaları da vardır. On beş min dərəcə santiqrad istilik yaradan şimşəklər, havanı yandırır və bunun ardınca havanın təzyiqinin dərhal enməsi nəticəsində buludlardan yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü mikroböldürücü xüsusiyyətə malikdir.

Yüksək temperaturda yaranmış yağış damlalarının tərkibində karbon turşusu olduğundan, bu yağış həm də torpaq üçün gübrə funksiyasını daşıyır.

 

 

Sual: Quran «hamı səcdədədir» buyurarkən, nəyi nəzərdə tutur?

 

Cavab: Bütün hadisələr iki mümkün mahiyyətdən birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşriidir (iradi). Səcdə – təvazö, təslim əlamətidir. Əql mülkü ilə mükafatlandırılmış bəşəriyyət, Allahın səcdəsinə dəvət edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir. Amma təbiətdə baş verən hadisələr təkvinidir. Yəni onun iradəsindən asılı deyil.

«Rəd» surəsinin 15-ci ayəsində belə buyurulur: «Göylərdə və yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, nəzərdə tutulan səcdə təşrii yox, təkvinidir. Bəs bu hansı səcdədir?

Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup təfsirçinin fikirincə, ayə bütün kainatda İlahi qanunların hökm sürdüyünə bir işarədir.

Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni xatırladır.

 

 

Sual: Haqqı nahaqdan necə fərqləndirmək olar?

 

Cavab: Haqq və nahaqı tanımaq bəzən o qədər çətin olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. Ayədə oxuyuruq: «...Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək məqsədi ilə insanların od üzərində qızdırıb əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar»[76].

Həqiqət həmişə saf su kimi həyatvericidir. Batildə isə heç bir fayda yoxdur. Batil zahirdə təkəbbürlü, məqampərəst, səs-küylü, daxildə isə puçdur.

Həqiqət özünə güvəndiyi halda, batil həqiqətin hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir. Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?! Əgər qızıl olmasaydı, qızıl suyuna salınmış dəmirə kim aldanardı?!

Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Əgər batil həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün aşkarlanacaq. Əgər həqiqət batil qatqısından qurtulsa, sözbazların ağzı yumulacaq».

Batil qatışıqlığa, özbaşınalığa tərəfdardır. Çöl-biyabanı ağuşuna alan sel nə qədər ki, hərəkətdədir, ona qatışmış zir-zibil gözə dəymir. Elə ki, suda sakitlik yaranır, zir-zibil suyun dibinə çöküb, saf sudan ayrılır.

Həqiqət səhnədə görünən kimi, batil səhnəni tərk etməyə məcburdur. Ona görə də, həqiqət həmişə hərəkətdə olub, yerini batilə verməməlidir.

 

 

Sual: Alın yazısını pozmaq olarmı?

 

Cavab: Qurani-Kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır»[77].

«Əsil kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-Kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.

Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ Lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.

Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.

İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»[78].

Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ Lövhi-məhfuz və lövhi-məhv və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.

 

 

Sual: «Allahın günləri» hansı günlərdir?

 

Cavab: Qurani-Kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlat, bunda səbir və şükür edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik»[79].

«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?

İmam Baqir (ə) buyurur: «Allahın günləri – İmam Mehdinin (ə.f) qiyam günü, rəcət günü və Qiyamət günüdür»[80]. Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü göstərilmişdir.

Böyük günlərin xatırlanması, millətlərin əhval-ruhiyyəsində dərin iz salır. Dünyadakı əksər millətlər diktator rejimindən qurtulub, hürriyyət qazandıqları günü əzəmətlə qeyd edirlər.

Allah günləri xatırlanması isə, insanı rəzil hisslərdən uzaqlaşdırır, onu Allah, vətən və xalq qarşısında öz vəzifələrini yerinə yetirməyə vadar edir. Ölümü, Qiyamət sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə günaha batması qeyri-mümkündür.

 

 

Sual: «Təvəkkül» nədir?

 

Cavab: «İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!».

«Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət.

Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir.

Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah Təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsil səbəbkar Allahı bilir.

Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-Kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq:

«Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı»[81].

«...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et»[82].

«O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar»[83].

Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək – şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır.

 

 

Sual: Kəşf və ixtira üçün İlahi mükafat varmı?

 

Cavab: Əgər kəşf və ixtiralar tarixinə nəzər salsaq, alimlərin bu yolda çəkdikləri üzücü zəhmətlərə şahid olarıq. Onlar min bir əzab-əziyyətə qatlaşaraq, öz yenilikləri ilə bəşəriyyətə böyük faydalar vermişlər. Məşhur fizik Edisson elektrik cərəyanının kəşfi yolunda nəinki əziyyət çəkmiş, hətta həyatını qurban vermişdir. Nəticədə, dünyanın qaranlıq gecələri işıqlanmış, zavod və fabriklər hərəkətə gəlmiş, bir sözlə, həyat yeni rəng almışdır.

Ortaya belə bir sual çıxır: necə ola bilər ki, həyatını bəşəriyyət yolunda fəda etmiş bir insan imanı olmadığı üçün cəhənnəmə, əlini ağdan qaraya vurmamış bir müsəlman isə, behiştə getsin?

İmam Kazim (ə) buyurur: «Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu vardı. Kafir qonşu öz imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını dəyişdi. Mömin qonşusu ilə yaxşı rəftarlarına görə, axirətdə onu oddan qoruyacaq bina ilə mükafatlandırıldı»[84].

Çox olub ki, məscid və ya mədrəsə tikən bir şəxsin niyyəti Allahı razı salmaq yox, hansısa şəxsi mənafelər olub. Əksinə, imkansız bir şəxs sırf Allahın razılığı üçün çox kiçik bir iş görüb. İslam dinində bütün əməllər niyyətin saflığı ilə ölçüldüyü üçün, ikinci şəxsin kiçik işi daha üstündür.

Əgər alim maddi təmənnaya, vəzifə və şöhrətə görə əziyyət çəkmişsə, heç bir İlahi mükafat gözləməməlidir. Onun gördüyü iş günah hesab olunmur, amma savabı da yoxdur.

 

 

Sual: Uzun-uzadı, əlçatmaz arzular bizə nə verir?

 

Cavab: Ümid və arzu – insan fəaliyyətinin əsas amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum olsa, yaşayış nizamı pozular. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ümid, mənim ümmətimin mərhəmət mayasıdır. Əgər ümid nuru sönsəydi, heç bir ana övladına süd verməz və heç bir bağban fidan əkməzdi»[85].

Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi aşıb ifrata vararsa, uzun-uzadı, əlçatmaz arzulara çevrilər. Ayədə buyurulur: «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər»[86].

Ayədə zikr edilən arzu-ümid – həmin məhvedici uzun-uzadı arzulardır. Bütün həyatı boyu hücumlara hədəf olan insan yalnız ayıq-sayıq olarsa, qoruna bilər. Uzun-uzadı arzular isə insanın başını qatıb, onu yuxuya verir.

Həzrət Əli (ə) buyurur: «Camaat! Sizin üçün çox təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət və uzun-uzadı arzular. Nəfs istəkləri sizi həqiqətdən uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan çıxarar»[87].

«Kumeyl» duasında oxuyuruq: «Uzun-uzadı arzular məni gerçək faydalardan məhrum etdi».

El arasında gözəl bir deyim də var: «Çox istəyən, azdan da qalar».

 

 

Sual: Quranı təhrif etmək mümkündürmü?

 

Cavab: Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə İlahi kitab – Qurani-Kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur.

«Hicr» surəsinin 9-cu ayəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Quranın bu sayaq ciddi qorunmasının əsas səbəbi – əvvəlki İlahi kitabların kafirlər tərəfindən təhrif olunmasıdır. Ötən on dörd əsrdə uyğun təcavüzlərə dəfələrlə məruz qalmış Qurani-Kərim, vəd olunduğu kimi qorunmuşdur.

Böyük alimlərdən olan Seyid Mürtəza deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?! Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və II dünya müharibələrinə kimdə şəkk var?! Deyilənlər haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-şübhəyə yer qoymur. Qurani-Kərim də belədir. Onun hər bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün şübhələri aradan qaldırır, təcavüzlərin qarşısında keçilməz sədd çəkir».

 

 

Sual: Şeytanları (lən) qovan «şihab» nədir?

 

Cavab: Allah Təalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir. İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».

Səmadakı bürclər – Günəş və Ayın mənzillərinə bir işarədir. Müxtəlif fəsillərdə yerdən baxarkən Günəş və Ay müəyyən bir bürcə yaxın görünür. Bu vaxt məsələn, «Günəş filan bürcdədir» deyirik. Allah Təalanın varlığına şəhadət verən bu nizam-intizam qarşısında kafir qövm yenə də öz küfründən əl götürmür.

Uyğun surənin 14-cü ayəsində oxuyuruq: «Əgər onlara göydən bir qapı açsaq və durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar».

18-ci ayəsində isə belə buyurulur: «Lakin şeytanlardan kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) təqib edər».

Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların səmada əks olunduğu və şeytanın bu məlumatları əldə etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların fikirincə, «şihab» – onları təqib edib, qovan meteorlardır.

 

 

Sual: Cinlər nə üçün gözə görünmür?

 

Cavab: «Cin» – insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.

Qurani-Kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini görə bilmir. Quran ayələrinə əsasən də, cin insan kimi mömin və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq»[88].

Allah Təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.

Qurani-Kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:

«Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq»[89].

«Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman, ona iman gətirdik»[90].

«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da»[91].

Son nəticə olaraq bunu deyə bilərik ki, İblis (lən) cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir.

 

 

Sual: İnsan meymundan yarana bilərmi?

 

Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bugünkü formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki birhüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.

İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bugünkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.

Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.

Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.

Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq, yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.

Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?

Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun əqli və ya təcrübi dəlilə malik deyil. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yəni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.

İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil.

 

---------------------------------------------------------

[22] «Ənfal» surəsi, ayə 15.

[23] «Ənfal» surəsi, ayə 65.

[24] «Ənfal» surəsi, ayə 60.

[25] «Ali-İmran» surəsi, ayə 145.

[26] «Ali-İmran» surəsi, ayə 122.

[27] «Ənfal» surəsi, ayə 16.

[28] «Nurus-Səqəleyn», 2-ci cild səh.139.

[29] «Ənfal» surəsi, ayə 27.

[30] «Mühasin», səh. 57.

[31] «Tövbə» surəsi, ayə 108.

[32] «Tövbə» surəsi, ayə 30.

[33] «Nurus-Səqəleyn», 2-ci cild, səh.205.

[34] «Tövbə» surəsi, ayə 33.

[35] «Məcməül-bəyan».

[36] «İkmalid-din».

[37] «Vəsailuş-şiə», 6-cı cild, səh.144.

[38] «Vəsailuş-şiə», 6-cı cild səh. 4.

[39] «Tövbə» surəsi, ayə 103.

[40] «Tövbə» surəsi, ayə 124-125.

[41] «Yunis» surəsi, ayə 5.

[42] «Rəd» surəsi, ayə 28.

[43] «Yunis» surəsi, ayə 62.

[44] «Nəhcül-bəlağə».

[45] «Yunis» surəsi, ayə 98.

[46] «Yunis» surəsi, ayə 99.

[47] 2-ci cild, səh.334.

[48] «Hud» surəsi, ayə 112.

[49] «Məcməül-bəyan», 5-ci cild, səh.199.

[50] «Əl-mənsur».

[51] «Hud» surəsi, ayə 112.

[52] «Nuh» surəsi, ayə 10-12.

[53] «Nəhcül-bəlağə».

[54] «Hud» surəsi, ayə 43.

[55] «Hud» surəsi, ayə 46.

[56] «Hud» surəsi, ayə 106, 108.

[57] «Nurus-Səqəleyn», 2-ci cild, səh. 398.

[58] «Nəhcül-bəlağə».

[59] «Biharul-ənvar», 14-cü cild, səh. 411.

[60] «Biharul-ənvar», 74-cü cild, səh.78.

[61] «Nəhcül-bəlağə».

[62] «Səfinətül-bihar», 1-ci cild, səh.596.

[63] «Yusif» surəsi, ayə 18.

[64] «Biharul-ənvar», 22-ci cild, səh.157.

[65] «Yusif» surəsi, ayə 29.

[66] «Səfinətül-bihar», 1-ci cild, səh. 595.

[67] «Rəd» surəsi, ayə 11.

[68] «Ali-İmran» surəsi, 59.

[69] «Şüəra» surəsi, ayə 152.

[70] «Bəqərə» surəsi, ayə 220.

[71] «Əraf» surəsi, ayə 142.

[72] «Sad» surəsi, ayə 27.

[73] «Yunis» surəsi, ayə 91.

[74] «Yusif» surəsi, ayə 73.

[75] «Rəd» surəsi, ayə 12.

[76] «Rəd» surəsi, ayə 17.

[77] «Rəd» surəsi, ayə 38-39.

[78] «Əl-mizan» 11-ci cild, səh.419.

[79] «İbrahim» surəsi, ayə 5.

[80] «Nurus-Səqəleyn», 2-ci cild, səh.526.

[81] «Ali-İmran» surəsi, ayə 173.

[82] «Ali-İmran» surəsi, ayə 159.

[83] «Nəhl» surəsi, ayə 99.

[84] «Biharul-ənvar», 3-cü cild, səh.377.

[85] «Ali-İmran» surəsi, ayə 159.

[86] «Hicr» surəsi, ayə 3.

[87] «Nəhcül-bəlağə».

[88] «Zariyyat» surəsi, ayə 56.

[89] «Cinn» surəsi, ayə 11.

[90] «Cinn» surəsi, ayə 13.

[91] «Cinn» surəsi, ayə 14.

deyerler.orq

 

 

 

 

 

Ad:
E-poçt:
* Comment: