IQNA

23:51 - April 07, 2020
Xəbər sayı: 3487039
Tehran (IQNA) - İstisnasız olaraq bütün İslam firqələri “axır zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvürə malikdir.

İstisnasız olaraq bütün İslam firqələri “axır zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvürə malikdir.

Peyğəmbərin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünni alimləri tərəfindən kitablar yazılmışdır.

Həmin rəvayətlər müəyyən məzhəbə xas olmayaraq, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Hətta “vəhhabi” kimi ən təəssübkeş firqə də onu qəbul edir və bu hədislərin “mütəvatir” olduğunu təsdiqləyir.

Tarixi mənbələrdə göstərilir ki, o Həzrət (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir və hal-hazırda yaşayır.

Adı “Muhəmməd”, künyəsi “Əbülqasim”, ləqəbi “Mehdi”, “Sahibəzzaman” və “Qaim”dir.

O Həzrət həyatda olduğu halda, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır.

Һörmәtli atası on birinci imamımız İmam Həsən Əskəri (ə), anası isə Rum imperatorunun oğlu Yəşuanın qızı Nərgis xatundur.

İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:

1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü təvəllüdündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.

2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti  əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:

a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri-qəməri ilində İmam Həsən Əskərinin (ə) şəhadətə çatması ilə İmam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o Həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri ilinə qədər, təxminən, 70 il davam etdi.

b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri ilindən başlamışdır və Allahın əmri və iradəsi ilə zühur edəcəyi günə qədər davam edəcək.

Qeyd etmək lazımdır ki, şiələr kiçik qeyb dövründə xüsusi nümayəndələr vasitəsilə İmamla (ə) əlaqə saxlayır, ilahi vəzifələrini öyrənib, həyatlarını da İmamın (ə) göstərişləri istiqamətində tənzim edirdilər. Ancaq böyük qeyb dövrünün başlanması ilə bu əlaqə kəsilir.

Bundan sonra möminlər dini vəzifələrini əldə etmək üçün İmamın (ə) ümumi nümayəndələrinə üz tutmalı olurlar. Bu nümayəndələr təqvalı və imanlı din alimləri, böyük “mərcəi-təqlidlər”dən ibarətdirlər. Bu aydın yol İmam Mehdinin (ə) yazdığı məktubda ifadə olunmuşdur. İmamın ikinci xüsusi nümayəndəsi tərəfindən çatan bu məktubun bir hissəsində belə buyurulur:

وَ أَمّاَ الْحَوادِثُ الْواقِعَة فَارْجِعوا فيها إِلى رُواةِ حَديثِنا فَإِنَّهُم حُجَّتى عَلَيكُم وَ أَنَا حُجَّةُ اللهِ عَلَيهِم

...
“Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm...” (”Kəmalud-din”, c. 2, fəsil 45, hədis 3, səh.236.)


3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə) Allahın icazəsi ilə zühur edəcək və dünyanı gözəllik və ədalətlə dolduracaqdır. Heç kim onun nə vaxt zühur edəcəyini bilməz. Rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.Qeyd etməliyik ki, əhli-sünnə məzhəbində Mehdi adlı dünya xilaskarına etiqad fürui-dindən sayıldığı halda, şiə məzhəbində üsuli-dindən hesab edilir. İmamiyyə şiələrinin əqidəsinə əsasən, on iki imam silsiləsi onunla sona yetir və o, vəsilərin sonuncusudur.

Bəzi İslam tədqiqatçıları əhli-sünnə vasitəsilə İmam Mehdi (ə) barəsində nəql olunan hədislərin iki yüz, şiə vasitəsilə nəql olunan hədislərin isə minə yaxın olduğu qeyd edilmişdir. Bu hədislər əhli-sünnə nəzərində “mütəvatir” adlansa da, şiə nəzərində “məzhəbin zəruri məsələsi” hesab edilir.

Bu hədislərdə vəd edilmiş böyük xilaskarın – İmam Mehdinin (ə) aşağıdakı xüsusiyyətlərə sahib olmasını aydınlaşdırır:

1. O, İslam Peyğəmbərinin (s) xanədanı və övladlarındandır;

2. İmam Hüseynin (ə) sülaləsindəndir;

3. İslam Peyğəmbərindən (s) sonra on ikinci rəhbərdir;

4. İmam Həsən ibn Əli Əskərinin (ə) övladıdır;

5. Dünyanı haqq-ədalətlə dolduracaqdır;

6. Bütün dünyaya rəhbərlik edəcəkdir;

7. Onun dövründə zəiflər, məzlumlar və istismara məruz qalanlar azadlığa çıxacaq, müharibələrə son qoyulacaq və dünyaya sülh və əmin-amanlıq hakim olacaq.

Bu hədislərə əsasən, İmam Mehdi (ə) Allahın izn verdiyi vaxt zühur edəcək və onun cahanşümul vəzifələri aşağıdakılardan ibarətdir:

–İnsanların dünyagörüşündə yüksəliş;

–elm və sənayedə tərəqqi;

–müxtəlif peşə və sahələrdə inqilab;

–hər bir din və məzhəb ardıcıllarını bir bayraq altında toplamaq;

–sərvətlərin ədalətli bölgüsü;

–iqtisadiyyatda rövnəq (belə ki, dünyada yoxsul belə tapılmayacaq);

–hər bir haqqın bərpası;

–yer üzünü abadlaşdırmaq;

–əmin-amanlıq;

–yerüstü və yeraltı sərvətləri üzə çıxarmaq...

Bütün bunlar tarixdə görünməyən böyük inqilabın əlamətləridir.

Amma dünya hələ də zülm, haqsızlıq, təcavüzkarlıq və ayrı-seçkiliyin qurbanıdır. Dünyada baş vermiş müharibələrin vurduğu ziyan və zərərləri hesablamaq qeyri-mümkündür. Hələ də fironluq edənlər az deyil və hər gecə milyonlarla insan ac yatır və zindanlar günahsız insanlarla dolur. Bir sözlə, dünya zülm və haqsızlıqdan partlamaq üzrədir. Məhz o zaman parlaq günəş buludlar arxasından görünəcək! O zaman buludlar tamamilə çəkiləcək! Dnya həmin günün intizarındadır və deyəsən, sübh yaxındır!

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment:
* captcha: