IQNA

18:24 - August 01, 2020
Xəbər sayı: 3487784
“Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlərin əmirinin köməkçisi Əbülfəth Fərruxzad Axsitan özünə rəva görmüşdür. Allah onun hakimiyyətini ucaltsın”.

Bibiheybət məscidini Şirvanşah II Fərruxzad inşa etdirmişdir. Məscidin portalındakı kitabədə onun miladi tarixlə 1281-1282-ci illərdə Fərruxzad ibn II Axsitan ibn III Fərzburzun əmri ilə memar Mahmud ibn Səidin tikdiyi yazılmışdır.

Kitabədə belə bir qeyd də vardır: “Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlərin əmirinin köməkçisi Əbülfəth Fərruxzad Axsitan özünə rəva görmüşdür. Allah onun hakimiyyətini ucaltsın”.

XIX əsrdə burada olmuş tədqiqatçı B. Dorn Səfəvi şahlarından I Şah Təhmasib, I Şah Abbas və Şah Hüseynin müxtəlif tarixlərdə ziyarətgahla bağlı verilmiş on fərmanının surətini çıxarmışdır. Hətta 1858-ci ildə Bakıda olmuş məşhur fransız yazıçısı Aleksandr Düma da ziyarətgahdan təsirlənmiş və bu barədə qeydlərini yazmışdır.

Bibiheybət ziyarətgahı sovetlərin ilk illərində repressiyaya məruz qalmış, 1934-cü ildə tamamilə dağıdılmışdır.

Arxiv sənədlərinə görə, 29 avqust 1935-ci ildə Mərkəzi İcra Komitəsinin qərarı ilə bu müqəddəs ziyarətgah bağlanmış, sentyabrın 25-də sökülməsi haqqında qərar verilmiş və 1937-ci ildə məscid partladılmışdır. Bundan sonra burada Zəfər alaqapısı tikilmişdir.

1990-cı ildə hökumət orqanlarına xahişlə müraciət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çətinliklə də olsa, məscid tikintisi üçün torpaq sahəsi ayrılmasına nail olmuşdur. Nəhayət, 1991-ci ildə darmadağın edilmiş məscidin bünövrəsi aşkar edilmişdir. 1995-ci ildə isə Zəfər alaqapısı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazımın (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edilmişdir.

Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əlirza oğlu Əliyev 1997-ci il İyulun 23-də, Həzrət Məhəmməd Peyğəmbərin (s) mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, 1998-ci il İyul ayının 12-i yenə də Peyğəmbərin (s) mövludu günündə məscidin açılış mərasimində iştirak etmişdir.

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilmişdir. Ziyarətgahın əsas korpusunun açılışından düz on il sonra - 2008-ci il İyul ayının 12-də əsaslı yenidənqurma və təmir işləri tam olaraq yekunlaşdığı vaxt məscidin bütöv bir kompleks olaraq açılış mərasimi olmuşdur.

Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə оlaraq muzey zəvvarların ixtiyarına verilmişdir. Məsciddə eyni vaxtda təxminən üç min nəfərin namaz qılması mümkündür. Birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq ornamentləri öz əksini tapmışdır. Məscidin günbəzi də mükəmməl şəkildə işlənmişdir. Burada smaltadan, rəngbərəng şüşə materiallarından istifadə edilərək Qurani-Кərimdən “ən-Nisa”, “əl-Kövsər” və “əl-İxlas” surələri yazılmışdır. 

 Bakıdan 4-5 km aralıda, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscidi Azərbaycanda mövcud olan müqəddəs ziyarətgahlardan biridir. Burada İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs qəbri yerləşir.

Mənbələrdə göstərilir ki, təqiblərdən qurtulmaq məqsədilə Bakıya pənah gətirən və hazırda “Bibiheybət” adlanan yerdə məskunlaşan Xanım Həkimə (digər oxunuşa görə Hükeymə) heç vaxt ailə həyatı qurmamış, bütün ömrünü qardaşı uşaqlarına həsr etmişdir. Deyilənə görə, Bakıda o Xanımın (ə) etibar etdiyi yeganə adam Hacı Bədir adlı bir şəxs olub. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş. Elə “Bibiheybət” sözünün də onun adı ilə bağlı olduğu bildirilir. Belə ki, Hacı sözünün birinci hərfi ərəb dilində “hə” ilə başlayır. Bədir sözünün birinci hərfinin adı isə “bə”dir. Necə ki, “əlifba” sözü ərəb dilində birinci və ikinci hərfin adından ibarətdir (əlif və ba). Beləliklə, Hacı Bədirin adının baş hərflərinin oxunuşu ilə “Heybə(t)” adı ərsəyə gəlib. Xanım Həkiməyə (ə) insanlar “bibi” deyə müraciət edirdilər. Sonralar bu məscid "Bibiheybət" adı ilə ziyarətgah kimi tanınmışdır.

Xanım Həkimə (ə) dünyasını dəyişdikdə, elə indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn edilib. Hacı Bədir - Heybət isə öz arzusu ilə o Xanımın (ə) ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin İmamın (ə) qızına olan sədaqət və məhəbbətinin təzahürü idi.

Bu məkan əsrlər boyu Əhli-Beyt (ə) aşiqlərinin müqəddəs ziyarət yerinə çevrilmişdir.

“Pir” kimi tanınan ziyarətgahın adı ilə bağlı günümüzə qədər gəlib çatan bir çox rəvayətlər nəql edilmişdir. Rəvayətlərdən birinə görə, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının şairə qızı Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olarsa, pirə yol çəkdirəcək və bir müddət sonra xanımın nəziri qəbul edilir, o, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla pirə gəlir.

Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun başdaşı Tarix Muzeyində saxlanılır.

 

File:Усыпальница1.jpg

 

 

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: