IQNA

9:54 - September 12, 2020
Xəbər sayı: 3488096
Aşura gününün qələbəsindən məst olan İbn Ziyad qüdrətini nümayiş etdirmək üçün Kufədə öz sarayında oturub hamıya daxil olmaq üçün icazə verdi.
Aşura gününün qələbəsindən məst olan İbn Ziyad qüdrətini nümayiş etdirmək üçün Kufədə öz sarayında oturub hamıya daxil olmaq üçün icazə verdi. İmam Hüseynin (ə) başını gətirib onun qarşısına qoymağı tələb etdikdən sonra o Həzrətin qadın və uşaqlarının gətirilməsinə də göstəriş verdi. Xanım Zeynəb (s.ə) tanınmaz şəkildə məclisə daxil oldu və bir kənarda əyləşdi. İbn Ziyad soruşdu: "Bu qadın kimdir?" Cavab verdilər:
 
هذِهِ زَیْنَبُ بِنْتُ عَلِیٍّ
 
"Bu qadın Əlinin qızı Zeynəbdir."
 
İbn Ziyad xanım Zeynəbə (s.ə) üzünü tutub dedi: "Allaha şükürlər olsun ki, sizi rüsvay etdi və sizin verdiyiniz xəbərlərin düzgün olmadığını göstərdi."
 
Xanım Zeynəb (s.ə) cavab verdi:
 
إِنَّما یَفْتَضِحُ الْفاسِقُ، وَ یَکْذِبُ الْفاجِرُ وَ هُوَ غَیْرُنا
 
"Yalnız fasiq rüsvay olar və günahkar yalan danışar. O da biz deyilik, başqalarıdır."
 
İbn Ziyad dedi:
 
کَیْفَ رَأَیْتِ صُنْعَ اللهِ بِأَخیکِ وَ أَهْلِ بَیْتِکِ
 
"Qardaşın və xanədanına qarşı Allahın işini necə gördün?"
 
Həzrət Zeynəb (s.ə) (mətinliklə) cavab verdi:
 
ما رَأَیْتُ إِلاّ جَمیلا، هؤُلاءِ قَوْمٌ کَتَبَ اللهُ عَلَیْهِمُالْقَتْلَ فَبَرَزُوا إلى مَضاجِعِهِمْ، وَ سَیَجْمَعُ اللهُ بَیْنَکَ وَ بَیْنَهُمْ، فَتُحاجُّ وَتُخاصَمُ، فَانْظُرْ لِمَنِ الْفَلْجُ یَوْمَئِذ، ثَکِلَتْکَ اُمُّکَ یَابْنَ مَرْجانَةَ
 
"Mən gözəllikdən başqa bir şey görmədim! Onlar elə bir dəstə idilər ki, Allah-Taala onlar üçün şəhadəti müqərrər etdi və onlar da aramlıq yerlərinə tələsdilər. Tezliklə Allah-Taala (Qiyamət günü) onlarla səni bir araya gətirəcək və sizin aranızda hakimlik edəcəkdir. Həmin gün kimin qalib gələcəyinə nəzər sal. Ey Mərcanənin oğlu! Anan yasında otursun!"
 
Übeydullah ibn Ziyad bu sözləri eşidib qəzəbləndi və o xanımı öldürmək fikrinə düşdükdə, Əmr ibn Hüreys ona dedi: "Ey əmir! O, qadındır və qadını da söylədiklərinə görə cəzalandırmazlar!"
 
(Öz acizliyini başa düşən) İbn Ziyad sözlərinə davam etdi: "Allah-Taala Hüseyni və sənin xanədanını öldürməklə qəlbimə şəfa verdi."
 
Həzrət Zeynəbi-Kübra (s.ə) buyurdu:
 
لَعَمْری لَقَدْ قَتَلْتَ کَهْلی، وَقَطَعْتَ فَرْعی، وَاجْتَثَثْتَ أَصْلی، فَإنْ کانَ هذا شِفاؤَکَ فَقَدِ اشْتَفَیْتَ
 
"Canıma and olsun, mənim böyüyümü öldürdün, ömrümün budağını kəsdin və mənim kökümü yerindən çıxardın. Əgər bu iş sənin qəlbinin şəfa tapmasına səbəbdirsə, onda arzuna çatmısan."
 
Cavab tapa bilməyən İbn Ziyad dedi: "Bu qadın daima qafiyəli sözlər danışır. Onun atası da şair idi."
 
Xanım Zeynəb (s.ə) buyurdu: "(Müsibət görmüş və qəlbi dağlanmış) qadın hara, qafiyəli sözlər danışmaq hara?" ("Məlhuf” (Lühuf), səh.200-202.)
 
Şeyx Müfidin nəqlinə əsasən, xanım Zeynəb (s.ə) buyurdu:
 
ما لِلْمَرْأَةُ وَالسَّجاعَةُ؟ إِنَّ لی عَنِ السَّجاعَةِ لَشُغْلا، وَلکِنْ صَدْری نَفَثَ بِما قُلْتُ
 
"Qadının qafiyə ilə nə işi? Mənim qafiyə ilə işim olmaz, dilimə gələn sözlər qəlbimin alovlanmasından yaranan sözlər idi." ("İrşad", Müfid, səh.473; “Təbəri tarixi", c.4, səh.349-350.)
 
Həqiqətən, insan belə bir şücaət və qüdrətin müqabilində nə deyəcəyini bilmir?! İnsan Əli ibn Əbutalibin (ə) qızı, bu böyük xanımın əzəməti qarşısında diz çöküb etiraf etmək istəyir ki, o xüsusi şəraitdə və İbn Ziyad kimi qaniçən və rəhmsiz birinin qarşısında bu bir neçə cümlədə gizlənən əzəmət və böyüklüyü bəyan etməkdə söz və cümlələr acizdir və "Həqiqətən, sən Əmirəlmöminin Əlinin (ə) qızı və Hüseynin (ə) bacısısan!" (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.577-578.)
 
Maide.az – Maarif bölümü
 
Teqlər: Aşura ، İbn Ziyad ، Kufə
Ad:
E-poçt:
* Comment:
* captcha: