Rusiyanın hüquq-mühafizə orqanları ölkə ərazisində qadağan edilən “Nurçular” ekstremist təşkilatının fəaliyyətinin qarşısını alıb.
IQNA-nın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya DİN mətbuat mərkəzindən bildirilib.
“Paytaxt regionu ərazisində qadağan edilmiş “Nurçular” beynəlxalq ekstremist təşkilatının idarəetmə mərkəzinin fəaliyyəti dayandırılıb. Əldə edilən məlumatlara əsasən, sözügedən təşkilatın üzvləri öz radikal ideologiyalarının Rusiya ərazisində yayılmasını nəzərdə tutan çoxtəbəqəli sistemin qurulması üçün ciddi səylər göstəriblər. Bu məqsədlə onlar xüsusən Moskvanın tələbə kontingenti arasından yeni üzvləri seçib və ələ alıblar,”, – məlumatda deyilir.
İstintaqın əldə etdiyi materiallara əsasən, “nurçular” xarici ölkələrin birində yerləşən dini mərkəzdə təlim keçmək üçün gənclər toplayıblar. Bundan əlavə Rusiya regionlarındakı özəklər də məhz bu mərkəzdən idarə edilib.
Moskva və vilayətdə 12 ünvanda axtarışlar aparılıb, bir neçə nəfər saxlanılıb.