IQNA

"Bərəkət" nemətləri artıran məfhumdur

14:37 - August 21, 2022
Xəbər sayı: 3492764
Bu dünyada hər şeyin bəzən az, bəzən də çox olan bir ölçüsü və miqdarı vardır. Lakin az və ya çox olmaq daha yaxşı olmaq üçün səbəb deyil. Çünki bəzən kiçik miqdarlar çox nəticə verir və əksinə, böyük məbləğlər az nəticə verir. Bu, onlarda olan “bərəkət”dən asılıdır.

“Mübarək” və “bərəkət” sözləri ümumi müsəlman mədəniyyətində tamamilə tanınmışdır. Bunlar qeyri maddi şəkildə çoxalmaq, artırmaq və daha çox qazanc əldə etmək mənasını verən sözlərdir. Həmçinin dini mədəniyyətdə xeyirlər Allah tərəfindən insanlara hiss olunmadan təqdim edilirsə və bu, insanlara bəlli olursa, onların bərəkət sahibi olduqlarını söyləyirlər.

Mərhum Əllamə Təbatəbai “Əl-Mizan”da bu sualları bəyan edir: Bərəkət yaradılış sistemində ilahi sünnənin pozulmasına səbəb olurmu? Bərəkət səbəblər zəncirini pozurmu? Hər bir şeyin bir tutumu var. Bir şey necə öz tutumundan daha çox fayda verə bilər? O, qısa bir cavabda deyir: "Allahın bərəkəti yaratmaqda iradəsi səbəblərin şaquli silsiləsində qərar tutur (maddi işlərdən üstün səbəb yaratmaq), nə üfüqi (maddi işlərin təsiri). Deməli, bərəkətin mənası dəyər artımı və daha çox qazanc deməkdir.

Allah hər şeyə bərəkət verdi; Bu, çiçəklənməyə ehtiyacı olan bir istedad kimidir. Məsələn, vaxt bütün insanlar üçün bərabərdir, lakin vaxtdan necə istifadə edəcəyinə insanlar qərar verir; Bəziləri onu mənasız və nəticəsiz fəaliyyətlərə həsr edir. Bəziləri isə başqalarının yaddaşında qalacaq fəaliyyətlərə və ya qalıcı işlər görməyə çalışır.

Allah bəzi insanların həyatına bərəkət verir; Məsələn, insan 70 il yaşayır, amma həyatı o qədər bərəkətlidir ki, 700 illik fayda verir. Elə insanlar olub ki, qısa ömür yaşayıblar. Lakin onlar öz həyatlarında əsrlər boyu insanların həyatına təsir edən böyük və qalıcı işlər görüblər.

Bərəkət məfhumu zamanla yanaşı, məkana da aid olur. Bəzi yerlərdə müsbət enerji, xeyirxahlıq və humanitar fəaliyyətlər aparılır. Bəzi yerlərdə isə bu dəyər və etibar yoxdur. Qurani-Kərimdə mübarək yerlərdən də bəhs edilir: “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra, 1). Ya başqa yerdə buyurur: “(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!” (Qəsəs, 30).

Maddi gəlir, ömür, yer və ya başqa bir şeyin bərəkətli olması insanın və ya insanların fəaliyyətindən asılıdır. Əgər əllərində olan hər şeyi yaxşı və xeyirli şeylər üçün istifadə etmək arzusu varsa, Allah da onlara kömək edəcək, imkan və güclərinə bərəkət verəcəkdir.

3814366 

captcha