
Əmr be məruf” yaxşılığa əmr etmək və ya yaxşı işlərə dəvət etməkdir. “Nəhy əz münkər” isə başqalarını pis işlərdən çəkindirmək deməkdir. Bu məsələ başqalarının işinə qarışmaq deyil, daha çox sosial məsuliyyət hissini gücləndirmək üçün ictimai borcdur.
İslam dini insanların qrup və kollektiv həyatı və əqli inkişafı üçün yaxşılığa əmr edib, nəhy əz münkər pis işlərdən çəkindirmək məsələsini vurğulayır. Əgər bir cəmiyyətin insanları bir-birinə qarşı laqeyd olsalar, cəmiyyəti və o cəmiyyətin insanlarını böyük zərərlər təhdid edər. Bunlardan ən əsası nizamsızlıq və təhlükəsizliyin itirilməsidir.
Əmr be məruf və nəhy əz münkər Qurani-Kərimdə cəmiyyətin üzvlərinin bir-birlərinə yaxınlığının amillərindən biri kimi təqdim edilmişdir. Çünki cəmiyyətin üzvləri bir-birlərinə qarşı məsuliyyət hissi daşıyırlar. Bu hiss nə qədər güclü olarsa, cəmiyyət üzvləri arasında ünsiyyət daha güclü olar. Allah Qurani-Kərimdə buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Tövbə, 71).
Əmr be məruf və nəhy əz münkər müxtəlif yollarla edilir. Yaxşı əməlləri göstərməyin ən mühüm və əsas yolu öz rəftarımızdır.
Başqalarını xeyirxah işlərə sövq edən, amma dediyini etməyən adamın sözünün heç bir təsiri olmaz. Odur ki, əmr be məruf və nəhy əz münkərin təsirli olması üçün ilk növbədə öz rəftarımızı islah etməliyik. Məsələn, mən başqalarına desəm ki, yerə zibil atmayın, amma bunu özüm etsəm, nəinki sözümün təsiri olmayacaq, həm də şəxsiyyətimiz sorğu-sual olunacaq.
Qurani-Kərim də yaxşılığa əmr edən, lakin öz rəftarına əhəmiyyət verməyən insanlara xəbərdarlıq edir: "Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?" (Bəqərə, 44).