IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 6

Habil, paxıllığın qurbanı olmuş layiqli insan

20:11 - August 31, 2022
Xəbər sayı: 3492840
Qabil və Habilin hekayəsi tarixdə bir-birləri ilə heç bir problemi və ya ixtilafı olmayan ilk qardaşların ibrətamiz hekayəsidir. Lakin birdən fikir ayrılığı, nifrət və paxıllıq odu elə alovlanır ki, bu, tarixin ilk qətli ilə nəticələnir. Tarixdə Habilin adı ilk öldürülən və ilk zülm olunan olaraq qeyd edilir.

Habil Adəm və Həvvanın ikinci oğludur. Habilin adı Quranda qeyd olunmasa da, İslam rəvayətlərində və digər müqəddəs kitablarda eyni adla çəkilir. Qabil və Habillə bağlı hadisələr də oxşardır, lakin təfərrüatlarda fərqliliklər var. Bu mənbələrə görə, ata Qabildən daha layiqli olan Habili öz canişini kimi təqdim etmək qərarına gəlir. Bu məsələ Qabilin paxıllıq etməsinə və qardaşını öldürməsinə bəhanə oldu.

Habil təqvalı və mömin bir insan idi. Bu səbəbdən də atasının Allahın əmri ilə onun canişini təyin edilmişdir. Amma Qabilin etirazına görə, onların ikisi arasında müsabiqə keçirilir. Bu rəqabətə əsasən, onların hər biri əllərində olan məhsullardan Allaha bir qurban kəsməli idilər. Çobanlıq edən Habil ən yaxşı qoyunlarından birini qurban kəsir. Onun qurbanı qəbul edilir və canişinliyi təsdiqlənir. Qabil məğlub olur və Habili öldürəcəyinə and içir.

Qurani-Kərimə görə, Qabil Habili öldürmək niyyətində olduqda, Habil ona nəsihət edir və onu gözləyən aqibəti qardaşına çatdırmağa çalışır: "Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!” (Maidə, 28 və 29).  

Lakin Qabil planını həyata keçirir və Habili başına vuraraq öldürür. Bəzi tarixi mənbələrdə Habil öldürüləndə 20 yaşında idi.

Bəzi mənbələr bunun Məkkə yaxınlığındakı Həra aşırımında baş verdiyini, bəzi mənbələr isə Habilin öldürüldüyü yerin Suriyanın Dəməşq şəhəri yaxınlığındakı dağlardan biri olan Qassion dağı olduğunu güman edir. Qassion dağında bir daş var ki, onun üzərində bəzi tarixçilərə görə Habilin qanının izləri qalır. Buna görə də bu daşın yaxınlığında yerləşən mağara Qan Mağarası kimi tanınır. İndiki dövrdə Şam şəhərindən 40 kilometr aralıda, Livanla sərhədə yaxın yerdə, Habilə aid edilən bir türbə var. Qassion dağı Habilə aid edilən türbədən çox da uzaqda deyil.

captcha