IQNA

"Nur" təfsiri Quranı asan başa düşmək üçün yazılıb

13:09 - September 09, 2022
Xəbər sayı: 3492889
"Nur" təfsiri Qurani-Kərimin bütün surələrini əhatə etmişdir. Müəllifin fikrincə, bu təfsiri tərtib etməkdə məqsəd Qurandan cədvəl və mesajlar şəklində dərslər çıxarmaq olmuşdur.

Qədim dövrlərdə İslam dünyasının təfsirçiləri tərəfindən yazılan əsərlər alim və mütəxəssislərin auditoriyası üçün idi. Lakin müasir dövrün bəzi təfsirçiləri və Quran alimləri Quranın geniş oxucu kütləsi üçün əsərlər təqdim etməyi düşünürdülər. Belə ki, Quranla maraqlananlar Qurani-Kərimin ayələrini başa düşmək üçün sadə və yığcam mətn əldə edə bilsinlər.

Bu motivlə tərtib olunmuş əsərlərdən biri də Höccətül-İslam vəl-müslimin Möhsin Qəraətinin yazdığı “Nur” təfsiridir.

Höccətül-İslam vəl-müslimin Möhsin Qəraəti haqqında

Möhsin Qəraəti 1945-ci ildə İranın Kaşan şəhərində anadan olub. Qəraəti on dörd yaşında Kaşan hövzəsinə daxil oldu və bir ildən sonra Qum və Nəcəf hövzələrinə getdi. Qəraətinin şöhrətinin böyük hissəsi 1359-cu ildə İranın milli telekanalının birində yayımlanmağa başlayan və bu günə qədər davam edən "Quran dərsləri" verilişində iştirakı ilə bağlıdır.

Möhsin Qəraəti müəlliflik sahəsində məhsuldardır və indiyədək onun müxtəlif mövzularda 60-dan çox müəllif əsəri nəşr olunub: Din və həyat ayələrinin şərhi, İslami idarəçilikdə 300 nöqtə, Quranın gənclər üçün təfsiri, inkişaf yolu, Qurani-Kərimdən min bir nöqtə və Qurandan yüz əlli mövzu və hədislər bu əsərlərdən bəziləridir.

"Nur" Təfsirinin yazılma üsulu

"Nur" Təfsiri Seyyid Cavad Behişti, Mahmud Mütəvəssil, Həsən Dehşiri və Rəhmətullah Cəfəri də daxil olmaqla bir qrup tədqiqatçının əməkdaşlığı ilə yazılıb. "Nur" Təfsirinin yazılması və redaktəsi üsulu ondan ibarətdir ki, başlanğıcda müəllifin bir neçə həmkarı bəzi təfsirlərin ayə barədəki fikirlərini çıxarırlar. O şərhləri yazılı surətdə müəllifə baxması üçün verirlər. İstifadfə olunan o təfsirlər bunlardır: Fi-Zilal-il-Quran (müəllifi Seyyid Qütb), Məraği, Təfsir Kəbir (Fəxr Razi), Təfsir Qurtobi, Məcməul-Bəyan, Nurus-Səqəleyn, Safi, Əl-Mizan, Nümunə, Kəşşaf, Ətyəbul-Bəyan və Furqan.

Müəllif onları mütaliə edərkən həm də tədqiq aparıb. O, cəmiyyətin dini ehtiyaclarını nəzərə alaraq Quranın bugünkü nəsil üçün strateji mesajlarını ayənin məqamları və mesajları şəklində, sadə və səlis nəsrlə, ədəbi-bədii nəsrlə qələmə almışdır. bəzi hallarda öz fikirlərini o sahənin bəzi böyükləri ilə bölüşür, müzakirə edir, fikir mübadiləsi aparırdı. Onun yazıları "Ayineye vəhy" radio proqramında təqdim edildikdən sonra redaktə edildi. Nəşr olunmazdan əvvəl yekun rəy verildi.

"Nur" təfsirinin üstünlüklərindən biri də ondan ibarətdir ki, burada texniki, ədəbi, fiqhi, teoloji və fəlsəfi terminlərdən istifadə olunmur. Yalnız Qurandan dünya dillərinə tərcümə oluna bilən mesajlar formasında dərslər verilir.

Digər bir məqam ondan ibarətdir ki, mesajların və dərslərin əksəriyyəti şiə və sünni təfsirlərinin mətnlərindən istifadə olunub. Bəzi məqamlar isə müəllif və ya həmkarları tərəfindən qeyd olunub. Bu əsərin daha bir özəlliyi ondan ibarətdir ki, qısa olmasına baxmayaraq, aktual müzakirələrə də malikdir.

Bu təfsir bir cümlə ilə sadə və xalqın istifadə edə biləcəyi səlis bir dildə yazılmışdır. Qurani-Kərimin bütün ayələrini özündə ehtiva edir. Ən mühüm xüsusiyyəti həyat yolunu açan qısa və əməli mesajlardır. O, digər dillərə rahatlıqla tərcümə oluna bilər.

Ayələrin təfsir üsulu

Təfsir etmə üsulu ondan ibarətdir ki, məzmun dörd hissəyə bölünür. Mətnin birinci hissəsində bir və ya bir neçə əlaqəli ayə onların tərcüməsi ilə birlikdə verilir. İkinci hissədə tərcümədən sonra ayələrin bəzi məqamları, o cümlədən ayənin problemli sözlərinin mənşəyi və tərcüməsinin izahı, ayənin məzmununun başa düşülməsində mühüm olan ayənin nazil olma səbəbi qeyd olunur. Ayə ilə bağlı Quranın tematik başa düşülməsinə təsir edən digər ayələr və rəvayətlər bəyan olunur. Ayə ilə bağlı bu bölmədə rəvayətlərin çox olmasına görə yalnız nümunələr qeyd edilir.

Üçüncü bölmədə bu təfsirin müəllifinin əsas məqsədi olan ayələrin mesajları da yazılıb. Dördüncü hissədə ayə və rəvayətlərin ünvanı, ayə ilə bağlı məqam və xəbər şəklində ifadə oluna bilməyən məzmunlar qeyd olunan haşiyələr daxildir.

captcha