İnsan həyatındakı bəlaların fəlsəfəsinin müxtəlif cəhətləri var. İnsanların başına gələn bütün müsibət və bəlaların eyni səbəbi yoxdur.
Bəzi müsibətlər var ki, zahiri və batini bəladır. Bəziləri yalnız bəla görünüşünə malikdir, amma əslində nemətdir. Bəziləri nemət kimi görünür, amma əslində ən təhlükəli növ olan bəladır. Başımıza gələn bu müsibətin kateqoriyasını müəyyən etmək asan məsələ deyil.
Bəzi müsibətlər bizim pis əməllərimizin nəticəsidir. Məsələn, insanların bir çox sosial və hətta iqtisadi problemləri günahın cəmiyyətdə görünməsi ilə birbaşa bağlıdır. Günahkar insanlar, günah və itaətsizlik nəticəsində, adətən, sıxıntılı və narahat bir həyat yaşayırlar. Onlar bu bəlaların yaranmasına özləri səbəb olurlar.
İnsan davamlı olaraq günah işlətdikdə onun aqibətini gözləməlidir. Amma eyni müsibət müxtəlif formalarda ola bilər. Yəni bəzən müsibət şəklində olur. Lakin bəzən Allah günahkardan o qədər qəzəblənir ki, ona bəlanı bir nemət şəklində verir. Allahın onu sevdiyini zənn edər. Bu səbəbdən də əsla həqiqəti dərk etmir.
Daxildə fəlakət, zahirdə isə nemət olan bu bəla Qurani-Kərimdə “istidrac” adlanır. “İstidrac” yavaş-yavaş ilahi əzaba yaxınlaşmaq deməkdir. Bu, heç vaxt Allaha üz gətirməyən və günahdan əl çəkməyən günahkarların xüsusiyyətidir. Bu insanlar adətən bir növ qürur hissi keçirirlər. Hətta Allahın onlara olan sevgisinə görə onlara çoxlu nemətlər verdiyini düşünürlər.
Allah belə insanları yavaş-yavaş, dərəcə-dərəcə, fəlakətə doğru aparır. Zahirdə nemətlər verir, amma sevdiyindən deyil, başlarına hansı bəlanın gələcəyini anlamamaqları üçün belə edir. Necə ki, Qurani-Kərimdə buyurulur: "Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq" (Əraf, 182).
Deməli, hər nemət əslində nemət deyil və hər bəla əslində bəla deyil.
Peyğəmbər (s) həmçinin buyurur ki, bəlaların müxtəlif səbəbləri vardır: Mömin imtahan edilir, səbri ölçülür, günahları paklanır və ya gördüyü bu bəlaya görə möminin məqamaı artır. Odur ki, bəla qarşısında ən yaxşı iş səbir edib Allaha həmd etməkdir ki, Onun mükafatından bəhrələnə bilək.