Şueyb (ə) Allahın peyğəmbərlərindən və İbrahimin (ə) nəslindəndir. O, Quranda adı keçən üçüncü ərəb peyğəmbəridir.
Şüeybin (ə) atası Mədin ibn İbrahim, anası isə Lutun övladlarındandır. Bəziləri atasının adını Nəvib, Mədini isə onun babası hesab etmişlər. Tövratda adı hallanan Musanın (ə) qayınatası “Yetron”un həmin Şüeyb peyğəmbərin olub-olmaması barədə bəziləri arasında fikir ayrılığı var.
Tövratda Şüeyb və onun qövmünün əhvalatı qeyd olunmur. Şüeyb haqqında qeyd olunan yeganə məsələ budur ki, Musa (ə) Misirdən Mədyənə qaçandan sonra orada “Əvuil Kahin Mədyan” (din alimi) adlı bir şəxsin adı çəkilmişdir. Onun Şüeyb olduğu bildirilir.
Qurani-Kərimdə beş Əraf, Hud, Şüəra, Ənkəbut və Qəsəs surələrinin 40-dan çox ayəsində Şüeybin həyat tərzi qeyd olunur. Lakin Şüeyb kəlməsi Quranda cəmi 11 dəfə təkrarlanır. Bu surələrin əksər ayələri idarəçilik, cəmiyyətin hüquqları, əxlaq, tövhid mədəniyyətinin təbliği, iqtisadi islahatlar kimi mövzularla Şüeybin missiyasından bəhs edir. Bu ayələrdə həmçinin Şüeybi inkar edənlərin vəziyyəti və onlara verilən əzablar araşdırılır.
Şüeyb, Yusif ibn Yəqubdan sonra, Musa ibn İmrandan əvvəl və onlarla eyni zamanda peyğəmbər oldu. O, Quranda hekayətləri qeyd olunan üçüncü ərəb peyğəmbəri sayılır.
“Mədyən” və ya “Mədyən-i Şüeyb” Hicaz torpağında (indiki Ərəbistanın bir hissəsi) Əqəbə körfəzinin şərqində bir şəhərdir. Əvvəlcə Şüeyb bu şəhərdə yaşamışdır. O, Mədyən xalqından Allaha ibadət etmələrini və pis işlərdən çəkinmələrini istəmişdir. Lakin onlar bundan imtina edərək Şüeybi və tərəfdarlarını Mədyəndən qovmuşlar. Şüeyb onları lənətlədi. Allah onları zəlzələ ilə cəzalandırdı, şəhəri və əhalisini məhv etdi.
Şüeyb daha sonra Əykə qəbiləsinə tərəf getdi. Bu şəhər Mədyənin yaxınlığında yerləşirdi ki, bu gün Təbuk (Ərəbistanda şəhər) kimi tanınır. Quranda Əykə əhlinin küfrə və şirkə üz tutduqları və Şüeybin nəsihətini qəbul etmədikləri qeyd edilir. Allah onlar üçün yeri 7 ya 9 gün qızdırdı, sonra onların üzərinə od yağdı və hamısı öldü.
Qurani-kərim "Əraf" surəsinin 85-ci ayəsində buyurur: "Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!". Mədyən əhalisi ticarət və alqı-satqı qaydalarına məhəl qoymayaraq tərəzidə az verir və malları baha satırdılar. Şüeyb onları düzəltmək üçün ticarətdə mal ölçmə vasitələrini qərar verdi. Lakin onlar qəbul etmədilər. Bəziləri bu fikirdədirlər ki, tərəzi və mal ölçmə cihazları Şüeybin təşəbbüsüdür.