IQNA

Qafqaz Müsəlmanları İdarəsinin sədri İƏT-in Baş katibi ilə görüşüb

23:40 - March 25, 2023
Xəbər sayı: 3493910
Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Məlumata əsasən, İƏT-in Ciddədəki mənzil-qərargahında keçirilən görüşdə QMİ-nin sədri təşkilatın uzun illər davam edən Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəklədiyini bildirib. O qeyd edib ki, ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq üzrə İƏT-lə sıx əməkdaşlıq edib, bu sahədə bir sıra mötəbər beynəlxalq tədbirlər keçirib. Bu yaxınlarda Bakıda keçirilən islamofobiya ilə qlobal mübarizəyə həsr olunmuş konfrans bunun bariz nümunəsidir.

İƏT-in Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin möhkəmlənməsində müstəsna xidmətlərini qeyd edib, ölkəmizin bu sahədə böyük uğurlar əldə etdiyini vurğulayıb. O əlavə edib ki, təşkilatın Baş katibliyi QMİ və Azərbaycanın digər uyğun qurumları ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. (şafaqna)

captcha