
Quranı təkcə ibadət və əxlaq kitabı hesab edən bəzi insanların fikirlərinin əksinə olaraq, bilməliyik ki, bu ilahi kitabın yalnız on ikidə biri, yəni beş yüzə yaxın ayəsi fiqhlə bağlıdır. Əksəriyyəti isə müxtəlif ailə, sosial, siyasi, hərbi, tarixi, dini və mədəni mövzula aiddir.
Birlik, məşvərət, korrupsiya ilə mübarizə, nizam-intizam və təhlükəsizliyin bərqərar olması kimi sosial məsələlərə bu qədər önəm verən hansı kitabı tanıyırsınız?
Quran tərbiyə metodunda həm plan, həm də Peyğəmbər (s) (Əhzab, 21), İbrahim (ə) (Mumtəhənə, 4) və Fironun həyat yoldaşı (Təhrim, 11) kimi nümunələr göstərən bir kitabdır.
Əlbəttə ki, Allahın kəlamlarının təsiri yalnız öz nəfsini yersiz təəssübkeşliklərdən, xudbinlikdən, təkəbbürdən, inadkarlıqdan, nifrətdən və elmin qarşısında duran digər maneələrdən təmizləyənlər üçündür. Quran sözü ilə desək, onlar təqvalı və haqqı sevən şəxslərdirlər.
Quran elm kitabı olmamışdan əvvəl inkişaf kitabıdır. Onun hekayələri əyləncə deyil, dərsdir. Onun tarixi təkcə əvvəlki xalqların tarixi deyil; Bu, xalqların süqutu və ya xilas olmasının fəlsəfəsinin ifadəsidir. Quran dünya inkişaf etdikcə sirləri daha çox açılan bir kitabdır. Quran asan, aydın və səlis ifadələrə malik bir kitabdır.
Quran insanı torpaqdan Allaha çatdıran və onu maddədən mənaya yüksəldən bir bələdçidir.
Quran insana tutarlı bir səbəblə bəsirət verən, peyğəmbərlərin və ümmətlərin tarixini nəql etməklə insana üsul verən, savab və təşviqlə insanı səy göstərməyə yönəldən bir kitabdır.
Adətən insanlara öyrətmək üçün xəyali hekayətlərdən istifadə edirlər, lakin Quran bu məqsədə çatmaq üçün real hekayələrdən istifadə etmişdir.
Quran hidayət kitabıdır: «ذلك الكتاب لا ریب فیه هدى للمتّقین» (Bəqərə, 2).
Quran dərdlərə şəfa və müalicə kitabıdır:
«و ننزّل من القرآن ما هو شفاء و رحمة للمؤمنین» (İsra, 82(.
Quran müjdə və öyüd-nəsihət kitabıdır:
«لینذر الذین ظلموا و بشرى للمحسنین» (Əhqaf, 12).
Quran yaxşılarla dostluq kitabıdır: «انّ اللّه یحبّ المحسنین» (Bəqərə, 195).
Quran yaxşı işlər görməyi əmr edən kitabdır:
«و بالوالدین احساناً... و قولوا للنّاس حسنا» (Bəqərə, 83).
Quran bir düşüncə və təfəkkür kitabıdır:
«انّا انزلناه قرآنا عربیّا لعلكم تعقلون» (Yusif, 2).
Quran əməl etməyə dəvət edən bir kitabdır: «لِمَ تقولون ما لا تفعلون» (Səff, 2), «أتأمرون النّاس بالبرّ و تنسون انفسكم» (Bəqərə, 44).
Quran cihad və mübarizə kitabıdır: «انّ اللّه یحبّ الذین یقاتلون فى سبیله» (Səff, 4(.
Quran təbiəti öyrənməyə və onu tanımağa dəvət edən bir kitabdır:
«أفلا ینظرون الى الابل كیف خلقت و الى السماء كیف رفعت و الى الجبال كیف نصبت و الى الارض كیف سطحت» (Ğaşiyyə, 17-20).
Bu kitabda həm insanın Allahla əlaqəsi (ibadətlər), həm də insanın insanlar ilə əlaqəsi (təlim və tərbiyə, əfv və sədəqə, fədakarlıq və əməkdaşlıq və s.) və insanın təbiətlə əlaqəsi (abadlaşdırmaq və dirçəliş və israfçılıqdan uzaq bəhrələnmək) bəyan olunur.
Bu kitabda insanın müxaliflərlə və münafiqlərlə münasibəti bəyan edilir. Onları hikmətlə, moizə və gözəl dəlillə haqqa dəvət edir. Məhrum təbəqənin haqqı qəbul etməsinə mane olan yolda tikan kimi fitnə-fəsadçılarla vuruşur. Cəmiyyətin üsyançılarına qarşı mübarizə aparır.
Quran siyasət və hökumət kitabıdır:
«انّا انزلنا الیك الكتاب بالحق لتحكم بین الناس بما أراك اللّه» (Nisa, 105).
“Din siyasətdən ayrıdır” deyənlərin sözlərinin mənası budur ki, Quranın ayələrinin bir hissəsini silməliyik!
Bu ilahi kitabda insanlarla ünsiyyətdə olmaq, hər cür xurafata qarşı mübarizə aparmaq, siyasi, iqtisadi və hərbi müqavilələrə sadiq qalmaq, ailə hüquqlarına riayət etmək, ər-arvad və ya övlad və valideyn arasında qarşılıqlı hörmət açıq şəkildə bəyan edilmişdir.
Bu müqəddəs kitabda ictimai təhlükəsizliyi pozan peşəkarların cinayətinə qarşı mübarizə aparmaq, silah və ya şayiələrlə isti və soyuq müharibə yaradan, ictimai iffətə xələl gətirən, başqalarının malına və namusuna təcavüz edənlərlə bağlı qətiyyətli və aydın göstərişlər verilmişdir.
Bu səmavi kitab insanlarda elə bir baxış və inanc yaradır ki, onlar özlərini hər an hər şeyi bilən Allahın nəzarəti altında hiss edirlər.