IQNA

İslamın əqidə prinsipləri; Məad / 21

Ölümün növləri

22:57 - May 15, 2023
Xəbər sayı: 3494177
Ölümün zehni oyadan növləri var.

Ürəyin ölümü

  Quran laqeyd ruhlu və qəddar qəlbliləri ölülər siyahısına salır və peyğəmbərinə buyurur: "Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!"  (Nəml, 80; Rum, 52).

Həzrət Əli (ə) dünyaya bağlı olan şəxs haqqında buyurur: “Dünya onun qəlbini öldürmüşdür”.

“Nəhcül-bəlağə”də oxuyuruq: "O kəslər ki, fitnə-fəsad və pis əməlləri müşahidə edib heç bir reaksiya göstərmirlər, nəinki əlləri və sözləri ilə onlara mane olmurlar, hətta qəlbləri də günahdan narahat olmur. Bunlar dirilər arasında olan ölülərdirlər".

  Əgər qəbiristanlıqda ölülər üfüqi şəkildə yatıblarsa, bu laqeyd insanlar şaquli şəkildə olan və özlərini diri kimi göstərən ölülərdirlər. “Deməli onlar dirilərin ölüləridirlər”. (Nəhcül-bəlağə, Hikmət 374).

  Dualarda da belə oxuyuruq: "İlahi! Böyük günahlar ürəyimi öldürmüşdür".

Cəmiyyətin ölümü

Hərəkətsiz, laqeyd, asılı, diqqətsiz insana ölü deyildiyi kimi hərəkətsiz, inkişaf etməyən, fitnə-fəsada biganə, acı-şirin hadisələrə biganə, iqtisadiyyat və mədəniyyətdən asılı olan cəmiyyətə də ölü cəmiyyət deyilir.

  Quran buyurur: "Ey ağıl sahibləri! Sizin üçün qisasda həyat var" (Bəqərə, 179).

  Bəli, məzlumun haqqı zalımın əlindən alınmayan bir cəmiyyətdə bu cəmiyyət ölüb. Yaxşılığı əmr edib, pislikdən çəkindirmək, tənqid etmək, azadlığı və ədaləti olmayan cəmiyyət ölüb.

  Həzrət Əli (ə) buyurur: “Əsl ölüm, zəlil və alçaldıldığınız zamandır. Sizin həyatınız isə müqəddəs məqsədlərinizdə qalib gəldiyiniz zamandır” (Nəhcül-bəlağə, xütbə 51).

  Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) buyurur: "Yoxsulluq böyük ölümdür". Deməli, asılı, hərəkətsiz və gücsüz cəmiyyət ölü cəmiyyətdir.

Qırmızı ölüm

İslamda ölməyin ən gözəl yolu Allah yolunda şəhid olmaqdır. İslamın şəhadətə verdiyi dəyəri heç bir məktəbdə görməyəcəksiniz. Quranda şəhadət və şəhidlərin əzəməti haqqında çoxlu ayələr var. Elə ki, camaata buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur” (Ali-İmran, 169).

  Yaxud buyurur: “Biz onların günahlarından keçirik” (Ali-İmran, 195). "Onlara çox böyük mükafat verərik" (Nisa, 74).

İslamın bütün rəhbərləri bu və ya digər şəkildə şəhid olublar. İmamlarımızın tərbiyəsini almış şəxslər də hamısı şəhidliyi seviblər. Kərbəlada İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) 13 yaşlı yeniyetməsi Həzrət Qasimdən (ə) soruşdu: Sənin gözündə şəhadət necədir? O, əmisinin cavabında dedi: Allah yolunda şəhid olmaq mənim üçün baldan daha şirindir. Necə ki, Əli Əkbər (ə) atası İmam Hüseynə (ə) demişdir: "Yolumuz haqdırsa, bizim şəhidlikdən zərrə qədər də qorxumuz yoxdur".

Peyğəmbər (s) buyurur: "Hər yaxşı şeydən daha da yaxşı bir şey var. Allah yolunda şəhid olmaqdan daha yaxşı bir şey yoxdur".

  Bu məqamı da xatırlatmaq lazımdır ki, əgər insan məsum rəhbərin xəttində qalsa, acılı-şirinli hadisələr onu azdırmasa və zalımların, onların hədə-qorxularının, şirnikləndirmələrinin, təbliğatlarının heç biri ona təsir göstərməsə və o halda ölsə, qanı yerə tökülməsə də şəhiddir. Çünki bir ömür ürəyinin qanını yeyib, məsum rəhbərin arxasınca getməkdən əl çəkməyib və onu qoruyub saxlayıb. Necə ki, Həzrət Əli (ə) buyurmuşdur: “Şübhəsiz sizin hər biriniz Allahın, Onun Rəsulunun və məsum imamların haqqına sadiq qaldığı halda yatağında ölsə, şəhid dünyadan gedib və onun mükafatı Allah yanındadır” (Nəhcül-bəlağə, xütbə 232).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha